Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Xocalı şahidləri danışır” kitabının təqdimatı keçirilib

22.02.18, 11:59
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycan” qəzetinin nəşr etdiyi “Xocalı şahidləri danışır” kitabının təqdimatı keçirilib. Xocalıda dinc azərbaycanlı əhaliyə qarşı həyata keçirilən soyqırımı cinayətlərinin dünyada tanıdılması üçün mühüm mənbə olan kitab həmin faciəyə şahidlik etmiş xocalılıların acı xatirələrindən ibarət materialların toplusudur. İdeya müəllifi Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri, tarix elmləri doktoru, professor Əli Həsənov olan kitabın redaktoru Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, buraxılışa məsul Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini, tarix üzrə fəlsəfə doktoru Ərəstun Mehdiyev, tərtibçisi isə “Azərbaycan” qəzetinin şöbə redaktoru İxtiyar Hüseynlidir.
Kitab Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə nəşr olunub. Tədbirdə çıxış edən Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov kitabın əhəmiyyətini qeyd edərək bildirib ki, bu kitab bir tarixi sənəddir. G.Fərhadov vurğulayıb ki, Ermənistan zaman-zaman bizim torpaqlara göz dikib: "Böyük imperiyaların siyasəti nəticəsində ötən əsrlərdə ermənilər kütləvi şəkildə Dağlıq Qarabağ ərazisinə köçürülüb və o zaman bizim faciəmiz başlayıb. Ermənilər xalqımıza qarşı yüzlərlə terror hadisəsi törədib, on minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirib, talan yürüşləri həyata keçirib”.
O deyib ki, ermənilərin Azərbaycan torpaqlarının işğal etməsi nəticəsində bir milyondan artıq soydaşımız öz dədə-baba yurdundan didərgin salınıb, qaçqın və məcburi köçkün vəziyyətinə düşüb: “1992-ci ildə XX əsrin ən böyük faciəsi Xocalıda törədildi. Xocalı şəhəri hər tərəfdən atəşə tutuldu və şəhər darmadağın edildi. Bu, planlı surətdə və məqsədyönlü şəkildə həyata keçirilən soyqırım idi. Məqsəd xocalıların hamısını məhv etmək güdürdü. Bu vəhşilik təkcə Azərbaycan xalqına deyil, bəşəriyyətə qarşı yönəlmiş bir vəhşilikdir. Ən acınacaqlısı isə odur ki, bu vəhşilik XX əsrdə baş verib, ancaq bəşəriyyət buna susur. Bu, bəşəriyyətə bir ləkədir”.
Komitə sədrinin müavini bildirib ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində ölkəmizə 816 milyard dollardan çox zərər dəyib: “İnsanlarımıza çox böyük psixoloji və mənəvi zərər dəyib. Zaman keçdikcə maddi zərər öz yerini tutur, ancaq mənəvi və psixoloji ziyan iki əsr keçsə də düzəlməyəcək”. Daha sonra Xocalı sakinləri çıxış edərək ermənilərin Xocalıda törətdiyi vəhşiliklərdən danışıb. Qeyd olunub ki, ermənilər uşaqları, qocaları və qadınları vəhşicəsinə qətlə yetirib. Xocalı faciəsi insanlığa sığmayan bir vəhşilikdir.

Bu xəbər oxundu
- - -



___

Tehrandan Bakıya dil uzadanlar – Azərbaycandan düşmən yaratmaq onların nəyinə lazımdır?(ardı...)