Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Rezidenturaya hazırlaşanlar üçün “Baza fənləri üzrə test toplusu” nəşr edilib

22.02.18, 12:00
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən rezidenturaya hazırlaşanlar üçün “Baza fənləri üzrə test toplusu” vəsaitinin təkmilləşdirilmiş variantı nəşr edilib. DİM-dən bildirilib ki, baza tibb təhsili əsasında rezidenturaya qəbul imtahanlarına hazırlaşanlar üçün nəzərdə tutulmuş vəsait onların tədris prosesində əldə etdikləri biliklərinin operativ yoxlanılması və qiymətləndirilməsi, testlərlə işləmək vərdişlərinin möhkəmləndirilməsi, tədris olunan mövzuları daha yaxşı mənimsəmələri işinə kömək məqsədilə hazırlanıb.
DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə nəşrə yazdığı “Ön söz”də bildirib: “Rezidentura yüksəkixtisaslı tibb mütəxəssislərinin hazırlanmasında mühüm mərhələdir. Odur ki, Dövlət İmtahan Mərkəzində rezidenturaya qəbul üçün müasir qiymətləndirmə üsullarının tətbiqinə yönəlmiş sistemli tədbirlər həyata keçirilir, qəbul imtahanına hazırlaşanlara elmi-metodik kömək göstərilməsi həmişə diqqət mərkəzində saxlanılır. Qəbul proqramları, qəbul qaydaları, test tapşırığı nümunələri, qəbul imtahanında istifadə olunmuş bəzi test tapşırıqlarının izahı, onlara aid tövsiyələr və digər zəruri materiallar mütəmadi olaraq dərc edilərək namizədlərin istifadəsinə verilir. Ötən illər ərzində DİM rezidenturaya qəbul imtahanlarına hazırlaşanlara kömək məqsədilə bir çox elmi-metodik vəsaitlər, o cümlədən “İnsan anatomiyası” və “Bioloji kimya” adlı vəsaitləri nəşr edib. İndi isə sizə “Baza fənləri üzrə test toplusu” adlı vəsaitin təkmilləşdirilmiş və əlavələr edilmiş yeni nəşrini təqdim edirik. Vəsaitdə baza fənləri (insan anatomiyası, histologiya, insan fiziologiyası, patologiya (patoloji anatomiya və patoloji fiziologiya), mikrobiologiya, farmakologiya, biokimya) üzrə test tapşırıqları verilir. Bu tapşırıqlar qəbul proqramı çərçivəsində hazırlanmış və ekspertizadan keçirilib. Tapşırıqlar ayrı-ayrı fənlər üzrə qəbul proqramına daxil olan mövzuları əhatə etməklə, hər bir mövzu daxilində çətinlik dərəcəsinə (sadədən mürəkkəbə) görə sıralanıb. İnsan fiziologiyası və patologiya fənləri üzrə əvvəlcə çoxseçimli, sonra isə açıq tipli test tapşırıqları təqdim olunub. Toplu test bankındakı tapşırıqların bütün modellərini əhatə edir və onların 20 faizinin gələcəkdə imtahanlarda istifadə olunması istisna olunmur”.
M.Abbaszadə qeyd edib ki, bu toplu nəinki rezidenturaya hazırlaşanlar üçün, ümumiyyətlə, testologiyaya maraq göstərən hər kəs üçün dəyərli mənbə rolunu oynayacaq, müvafiq fənlər üzrə test tərtibi ilə məşğul olan mütəxəssislərin sayının artmasına təsir göstərəcək. Eyni zamanda, fənn müəllimləri vəsaitdən tədris prosesində biliyin qiymətləndirilməsi üçün istifadə edə biləcəklər. Tələbələr isə tədris zamanı əldə etdikləri bilikləri bu test tapşırıqları vasitəsilə yoxlamaq imkanı qazanacaqlar. Test tapşırıqları üzərində iş imtahana psixoloji hazırlıqda da əhəmiyyətli rol oynayacaq. Nəzərə almaq lazımdır ki, rezidenturaya qəbul imtahanında biliklə yanaşı, mühakimə qabiliyyəti də vacıb şərtdir. Bu baxımdan topludakı test tapşırıqları qəbul proqramını mənimsəmiş namizədlərin həm biliklərini müstəqil surətdə yoxlaya bilmələri, həm də idrakı bacarıqlarını inkişaf etdirmələri üçün əvəzsiz mənbədir. Test toplusunda tapşırıqların düzgün cavabları da verilib. Bunda məqsəd namizədlərə testlərlə müstəqil surətdə işləmək imkanının yaradılmasıdır.

Bu xəbər oxundu
- - -