Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Yollara uzanan gün...”

22.02.18, 15:04
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Novruz Nəcəfoğlunun ssenarisi əsasında çəkilən filmin təqdimat mərasimi keçirilib

... Gecə qapı döyülür. Sabah bu evdən “Vağzalı” sədaları altında gəlin köçəcək, toy səsi eşidiləcək. Toya bir gün qalmış gəlin köçən qızın qardaşı Şahin cəbhədə şəhid olur. Hərbi komissarlığın işçiləri çıxış yolu axtarırlar: sabah qızı gəlin köçən Rəhmana oğlunun şəhid olması xəbərini necə çatdırsınlar? Qərara gəlirlər ki, bu dəhşətli xəbəri ataya gəlini yola salandan sonra desinlər.
Bu səhnə Beynəlxalq Mətbuat Mərkəzində təqdimat mərasimində “Yollar uzanan gün...” filminin ən təsirli və yaddaqalan kadrları kimi iştirakçıları həyəcanlandırıb.
Novruz Nəcəfoğlunun ssenarisi əsasında çəkilən filmin təqdimat mərasimini Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov açıb.
Xocalı soyqırımı, ümumən Qarabağ uğrunda döyüşlərdə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Rejissor Ceyhun Şüküroğlu film haqqında qısa məlumat verdikdən sonra “Yollar uzanan gün...” filmi nümayiş olunub.
Nümayişdən sonra çıxış edən şəhid atası, professor İzzət Rüstəmov filmin mövzusunun aktuallığı, onun rejissor həlli və aktyor oyunun təbiliyindən danışıb.
Gənc yazıçı Pərvin isə diqqəti daha çox Novruz Nəcəfoğlunun “Ağ qayadan atılan güllər” povesti əsasında çəkilən filminin ssenarisinə cəlb edib: “Müəllif “Çarəsiz yolçu”, “Nağıl adam” əsərlərində əsl Kişi obrazı yaratmağa cəhd edib. Buradakı şəhid atası da həmin mövzunun davamı və müəllifin axtardığı həmin obrazdır. Filmdə şəhid atası Rəhman müəllifin əvvəlki əsərlərində inkişaf edən həmin Kişi obrazını təbii boyalarla canlandırır. Əsərdə uzaqlarda gedən Qarabağ müharibəsinin ağrısı və göynərtisi çox təsirli şəkildə verilib. Yaxşıdır ki, filmin finalı uğurlu sonluqla bitir: ikinci oğlunu hərbi xidmətə yola salan Rəhman kişi leysan yağışı altında ovunur...”
Filmin redaktoru Aydın Tağıyev, prodüseri Fikrət Nuriyev, baş rolun ifaçısı Təvəkkül Əhmədov çıxış edərək əsərin ayrı-ayrı məziyyətlərindən danışaraq filmdə Qarabağ müharibəsinin ailələrin, insanların taleyində buraxdığı qanlı izləri ekran vasitəsilə canlandırmağa çalışdıqlarını söyləyiblər.

Bu xəbər oxundu
- - -