Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Bakı İranın məşhur “Şahab” raketini ala bilərmi?

23.02.18, 9:12
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Bu gün bilavasitə hərbi əməliyyatlar keçirən ermənilərin İran silahı ilə məhv edilməsi mənəvi psixoloji cəhətdən düşmənə daha çox zərbə vuracaq.
Bu sözləri millət vəkili Zahid Oruc deyib. O bildirib ki, İran müdafiə nazirinin Azərbaycana səfəri və iki ölkə arasında hərbi əlaqələrin möhkəmlənməsi regional təhlükəsizlik baxımından çox önəmlidir:
“Söhbət ilk növbədə 90-cı illərdən bu yana böyük dəyişikliyə uğrayan münasibətlərdən gedir. O dövrə qayıtsaq, şahidi olarıq ki, həmin illərdə bu məkanda Azərbaycanın orta texniki xarakteristikalı silahları belə almasında kimsə maraqlı deyildi. Bunun ən önəmli səbəbi təkcə Ermənistanla apardığmız savaşda qalib gələcəyimiz təqdirdə ambisiyalarımızın güclənəcəyi ilə əlaqəli sayıla bilməzdi. Daha artıq dərəcədə hər bir dövlət özü üçün müəyyən bir təhlükə görürdü. O üzdən 90-cı illər Rusiyası və İranının regional siyasətində ölkəmizə böyük basqıları görməkdəydik, yaxud da düşmən cinahına dəstək ifadə olunurdu”.
Millət vəkili qeyd edib ki, Amerikanın regiona yönəlik siyasətindən asılı olmayaraq və ya Tehran-Vaşinqton münasibətlərinə baxmayaraq, regional kontekstdə bu ölkələr arasındakı münasibətlər qonşular üçün çox əhəmiyyətlidir:
“Bir tərəfdən nəzərə almalıyıq ki, Ermənistan İranla əlaqələri iqtisadi, siyasi və hərbi cəhətdən oksigen balonu kimi sümürür. Deməli, Azərbaycan-İran əlaqələri mahiyyət etibarilə Ermənistanın o siyasətinə də zərbə vurur. Yəni Tehran üzərindən Bakıya təzyiq xətti arzuolunan effekti vermir. Deməli, Azərbaycanın bu siyasətə qarşı dirəniş göstərmək imkanı olur”.
Millət vəkilinin sözlərinə görə, ikinci tərəfdən İrandan mühüm silahların alınmasında özümüz üçün yaxşı bir bazar əldə edə bilərik:
“Söhbət qitələrarası “Şahab-2”, “Şahab-3” raketlərindən getmir. Çünki Azərbaycan bu cür qlobal hədəfləri qarşısına qoymayıb, daha artıq bölgədə yürütməyə çalışdığı mövqelər var və ona görə də bu raketlər bizə lazım deyil. Lakin gələcəkdə bölgənin təhlükəsizlik arxitekturasını qurarkən hər bir baxış qalib gələ bilər. İndiki reallıqda Silahlı Qüvvələrimizin müdafiə sisteminin qurulmasında hansı model müasir elektron sistemlərə, hərbi texnologiyalara malik olmağın vacibliyi müəyyənləşdirilib və onun əsasında da qərarlar verilib”.
Z.Oruc Azərbaycan-İran əlaqələrinin Amerikanın müəyyən sanksiyaları altına düşəcəyini və bunun siyasi maraqlarımızı zədələcəyini düşünmür:
“Bu siyasətimizi Qərb əleyhinə bir mövqe kimi həyata keçirmirik, yaxud da buradan çıxış edərək xarici siyasət kursumuzu dəyişmirik. Ən önəmli xəttimiz ondan ibarətdir ki, biz bu regionda əldə etdiyimiz resurslar hesabına həqiqətən də bir təhlükəsizlik qurşağını formalaşdırmağa çalışırıq. Belə olan təqdirdə nəzərə almalıyıq ki, Rusiya və İranla yaxşı münasibətlər qurmadan Qarabağa qayıtmaq çox çətin olacaq. Zatən, bunu Azərbaycanın sıravi vətəndaşı da, yüksək çinli nümayəndələri də dərk edir. Ümumən siyasətin vəzifəsi ilk növbədə özünə dostlar qazanmaqdır, düşmənlər deyil. 90-cı illərdə zədələnmiş münasibətləri Ulu öndər Heydər Əliyevin müdrikliyi hesabına tənzimləyə bildik. O biri yandan İranın içərisində elə dairələr var idi ki, regionlara basqı etməyə və bu bölgəni idarə etməyə çalışırdılar. O xətti də ortadan götürmək üçün xeyli çalışmalarımız oldu. Ancaq ümumilikdə bu gün bilavasitə hərbi əməliyyatlar keçirən ermənilərin İran silahı ilə məhv edilməsi mənəvi-psixoloji cəhətdən düşmənə daha çox zərbə vurar və bir müddət sonra görərsiniz ki, anti-rusiyaçılar anti-İran mövqeyinə keçdilər. Bu, erməni cəbhəsini parçalamaq, onların siyasi-ictimai mühitində şok effekti doğurmaq baxımından da çox önəmlidir və yalnız əsgərimizin gücünü artırmır, eləcə də mühüm maraqlarımızı həyata keçirməyə imkan verir”.
Qeyd edək ki, İranın Müdafiə və Silahlı Qüvvələrə dəstək naziri Əmir Hatəmi ötən gün Azərbaycana səfər edib. Prezident İlham Əliyevlə, Müdafiə naziri Zakir Həsənovla və Müdafiə Sənayesi naziri Yavər Camalovla önəmli görüşlər keçirən Əmir Hatəmi İranın Azərbaycanın müdafiə qabiliyyətinin artırılmasında və bu sahədə istənilən yardımı göstərməkdə maraqlı olduğunu bildirib.

Bu xəbər oxundu
- - -



___

Tehrandan Bakıya dil uzadanlar – Azərbaycandan düşmən yaratmaq onların nəyinə lazımdır?(ardı...)