Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Kitabi-Dədə Qorqud” dastanında qəhrəman və cəmiyyət münasibətləri

28.02.18, 9:06
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

1-ci yazı

Qəhrəman və cəmiyyət münasibətləri, ümumiyyətlə, geniş və mürəkkəb problemdir. Məsələnin genişliyi və mürəkkəbliyi tarixi, etnik, sosial və mədəni amillərin vəhdətindən yaranır. Əvvəla, qəhrəman və cəmiyyət münasibətləri tarixən dəyişən hadisədir. Tarixin hər bir dövründə cəmiyyətin öz qəhrəmanları olur və onların münasibətləri dastan yaradıcılığında da əks olunur. “Kitabi-Dədə Qorqud” oğuzların epik abidəsidir. Bu dastandakı bütün qəhrəmanlar və onları birləşdirən, ümumiləşdirən tipoloji model oğuz cəmiyyətinin qəhrəman haqqında düşüncə və təsəvvürlərini əks etdirir. Oğuzlar bir türk xalqı kimi çox qədim tarixə malikdirlər. Oğuz cəmiyyətində çoxlu qəhrəmanlar olub, onlar xalqın, elin, yurdun və oğuz dövlətinin yolunda möhtəşəm qəhrəmanlıqlar göstərib, oğuz elini məhv olmağa qoymayıblar. Oğuzlar göstərdikləri igidliklər sayəsində nəinki özlərini qoruyub, eyni zamanda tarix səhnəsində böyük dövlətlər qurublar. Oğuz cəmiyyəti daim öz qəhrəmanlarını sevmiş, onların haqqında şeirlər, mahnılar, dastanlar qoşublar. “Kitabi-Dədə Qorqud” da bir qəhrəmanlıq dastanı kimi belə qəhrəmanlıq nəğmə və əhvalatlarından yoğrularaq möhtəşəm dastan halına gəlib.
Oğuz cəmiyyətinin bütün qəhrəmanlıq tarixi, digər oğuznamələrlə yanaşı, “Kitabi-Dədə Qorqud” dastanında öz əksini tapıb. Buradan aydın olur ki, dastandakı oğuz qəhrəmanları və onların mənsub olduğu oğuz cəmiyyəti tarixən inkişaf etdikcə bu dəyişikliklər özünəməxsus şəkildə qəhrəman obrazında öz təcəssümünü tapıb. Elə bu səbəbdən də dastandakı qəhrəman tipi və onun cəmiyyətlə münasibətlərinə sabit, dəyişməz, donuq bir hadisə kimi baxmaq olmaz. Bu münasibətlərdə oğuz cəmiyyətinin qəhrəman haqqında düşüncə və təsəvvürləri bütün tarixi koloriti, poetik əlvanlığı ilə əks olunub.
Qəhrəman və cəmiyyət münasibətlərinin epik genişliyi və mürəkkəbliyi həm də etnik, sosial və mədəni amillərlə şərtlənir. Belə ki, hər bir dastan qəhrəmanı öz tipi etibarilə mənsub olduğu xalqın etnopsixologiyasını əks etdirir. Yəni dünya xalqlarının epos qəhrəmanlarını birləşdirən ümumi cəhətlər olduğu kimi, fərdi milli cəhətlər də var. Məsələn, oğuz-türk eposu qəhrəman obrazlarını möhtəşəmlik, humanizm, alicənablıq, rəhmdillik və s. kimi insani-psixoloji keyfiyyətlər birləşdirir. Lakin bu keyfiyyətləri ermənilərin epik qəhrəmanlarında görmək mümkün deyil. Onlar baxmayaraq ki, öz folklorlarını, əsasən, Azərbaycan və türk folkoru əsasında formalaşdırıblar, ancaq bununla yanaşı, türk eposu qəhrəmalarına məxsus ali insani cizgilər ermənilərin qəhrəman obrazının poetik xarakterinə nüfuz edə bilməyib. Çünki ermənilər türk kimi geniş və uca humanitar təfəkkürə malik olmadıqları, daim cılız antiinsani keyfiyyətlərlə yaşadıqları üçün türk qəhrəman obrazının ali humanitar keyfiyyətlərini mənimsəyə bilməyiblər. Elə buna görə də erməni nağıl və dastanlarının qəhrəmanları onların özləri kimi cılız, mənəvi cəhətdən cır, hər cür monumentallıqdan məhrum obrazlardır. Təsadüfi deyil ki, ermənilər keçən əsrin 30-cu illərində Azərbaycan “Koroğlu” dastanını mənimsəyərək, özlərinə möhtəşəm bir epos yaratmaq istədilər. Lakin onların bu cəhdi heç bir səmərə vermədi. Onlar axırda mənimsəmək istədikləri eposun Azərbaycan dastanı olduğunu etiraf etməyə məcbur oldular. Azad Nəbiyev yazır ki, bizim “Azərbaycanda Koroğlu nəşrləri” məqaləmizdə V.Xuluflunun 1933-34-cü illərdə “Koroğlu”nin 14 məclisdən ibarət daha bir mükəmməl mətni üzərində çalışdığı və eposun üçüncü nəşrini də çapa hazırladığı qeyd edilib. V.Xuluflunun həbsinin əsas səbəblərindən biri, istintaq materiallarından məlum olduğu kimi, onun “erməni “Koroğlu”sunu öz adına çıxmaq istəyi” ilə bağlanıb. O da məlumdur ki, həmin mətn rəy üçün Matandarana göndərilib. Ancaq əlyazmanın sonrakı taleyi ilə bağlı elə bir məlumat yoxdur. Məlum olan budur ki, V.Xuluflunun güllələnməsindən sonra – 1941-ci ildə “Koroğlu”nun erməni variantı nəşr edildi. Burada nəşrə hazırlanan qolların çoxunun erməni qusanlarının repertuarından yazıldığı göstərilirdi. Bütün informatorlarla bağlı məlumatlar saxtalaşdırılmışdı. Nəşrə ön söz yazan erməni tədqiqatçısı X.Samuelyan mətni xeyli təriflədikdən sonra fikrini qısa və lakonik ifadə etmişdi: “...Erməni xalqının “Koroğlu” eposu yoxdur, bu, Azərbaycan aşıqlarının repertuarındakı dastandır”. Həmin mətn Ermənistanda uzun illər təkrar çap olunmadı.
Göründüyü kimi, tarixən türk mədəniyyətini mənimsəyib-saxtalaşdırmağın mahir ustadı olan ermənilər “Koroğlu” eposunu özününküləşdirməkdə “düyünə düşüblər”. Bu “düyün”, əslində, eposun milli mahiyyəti ilə bağlıdır. Çünki hər bir epos, obrazlı şəkildə demək istəsək, öz poetik orqanizminin son hüceyrələrinədək onu yaradan xalqın milli həyat, milli düşüncə tərzinin güzgüsüdür. Fil.ü.e.d. Seyfəddin Rzasoyun tədqiqatlarında göstərildiyi kimi, hər bir dastan onu yaradan xaqlın milli şüurunu əks etdirir. O yazır: “Epik mətn epik düşüncəni inikas edir: mətnin strukturu epik dünya modelini proyeksiyalandırır. Epik dünya modeli epik mətndə proyeksiyalanaraq onda həm mövcud olur, həm də qorunur. Beləliklə, dastan mətninin struktur elementləri eyni zamanda epik düşüncənin struktur mexanizmləridir. Dastan mətnindəki hər hansı element, mexanizm, hərəkət formulu dastanın proyeksiyalandırdığı epik düşüncədə (dünya modelində, şüurda) uyğun olaraq şüur elementi, şüur mexanizmi, şüur formuludur. Demək, mətn bir tərəfdən şüurun proyeksiyası olmaqla onun paradiqması, digər tərəfdən şüurun işləmə sahəsidir. Başqa cür desək, insan şüuru bir tərəfdən əks olunduğu modeldə konservasiya olunaraq yaşayır, o biri tərəfdən mətn vasitəsilə funksionallaşır. Mətn olmasa, şüur donar. Şüurun bütün varlığı informasiya mübadiləsinə bağlıdır. Bu halda mətn informasiya mübadiləsinin gerçəkləşmə vasitəsidir”.
Müəllifin bu fikrinə əsaslansaq, aşağıdakı nəticələrə gələ bilərik:
“Koroğlu” dastanı bir epik mətn kimi Azərbayaacan-türk epik düşüncəsini inikas etdirir;
“Koroğlu” dastanı mətninin quruluşu Azərbaycan-türk epik dünya modelini əks etdirir;
Azərbaycan-türk epik dünya modeli “Koroğlu” dastanı mətnində əks olunaraq onda həm mövcud olur, həm də qorunur;
“Koroğlu” dastanı mətninin poetik quruluş elementləri eyni zamanda Azərbaycan-türk epik düşüncənin struktur mexanizmləridir;
“Koroğlu” dastanı mətnindəki hər hansı element, mexanizm, hərəkət formulu dastanın proyeksiyalandırdığı Azərbaycan-türk epik düşüncəsində (dünya modelində, şüurda) uyğun olaraq şüur elementi, şüur mexanizmi, şüur formuludur. Beləliklə, məkrlə “Koroğlu” dastanını ələ keçirən ermənilər dastanın iç dünya¬sına, poetik dəyərlər sisteminə, obrazlar aləminə nüfuz edib, onu saxtalaşdıra bilməyiblər. Çünki bu, heç bir halda mümkün hadisə deyil. Azərbaycan dastanı Azərbaycan xalqının milli şüurunun məhsuludur və onu nə qədər saxtalaşdırmaq istəsən, dastanın hər bir poetik elementi, xüsusilə dastanın ən əlahiddə hadisəsi olan qəhrəman obrazı bütün poetik varlığı ilə Azərbaycan varlığından xəbər verəcək.
Hər bir dastan kristal kimi möhkəm quruluşa malik olur. “Kristallıq” dastanın poetik quruluşunun hər bir ünsürünə aid olur. Məhərrəm Cəfərli yazır ki, dastan başdan-ayağa formullar əsasında qurulur. Bu formullar daşlaşıb, donuq düsturlardır. Həmin düsturlar onu yaradan etnosun ilkin, qədim dünyagörüşləri ilə bağlı olmaqla irimiqyaslı zaman hüdudlarında biçimlənmə prosesi keçirib. Bu baxımdan məhəbbət dastanı (o cümlədən qəhrəmanlıq dastanı) mətnində bədii epik mətnlərə (yəni yazılı ədəbiyyata məxsus epik əsərlərə, məsələn, romana, povestə, hekayəyə və s.) məxsus olan hərəkət istiqamətlərinin dinamika sərbəstliyi qətiyyən yoxdur. Dastanın çox sərt pozulmaz strukturu var və heç bir dastançı bu strukturdan qırağa çıxa bilməz. Məhz bu baxımdan bütün məhəbbət dastanları süjet strukturu baxımından, sadəcə olaraq bir-birlərini təkrarlayırlar. Bu təkrarçılıq, əslində, hərfi təkrarçılıq deyil. Yəni bir dastançı dastan yaradarkən artıq mövcud olan başqa bir dastanın süjet strukturunu sadəcə təkrar etmir. Burada məsələnin mahiyyəti tamamilə başqa cürdür. Dastançı ənənəvi formullarla işləyir. O, bütün yaradıcılığını, bütün istedadını məhz bu formulların bütün dastanlarda təkrarlanan statik strukturu, donuq çərçivəsi əsasında nümayiş etdirməlidir. O, dastan formullarının düzülüş sırasını (dastanın sintaktik strukturu) dəyişməkdə sərbəst deyil. Dastanın strukturunda o, heç bir formulun yerini dəyişə bilməz. Ona görə ki, bu formulların ənənəvi düzülüş sırası var. Həmin düzülüş sırasına dəyişiklik etmək dastançının heç ağlına da gəlmir. Bunun səbəbləri məhz folklor adlanan hadisə ilə bağlıdır və həmin səbəblər bir kompleks şəklində yazılı ədəbiyyatda özünü göstərmir. Yazılı süjetin strukturunda bu cür statiklik, donuqluq, sabitlik yoxdur. Təbii ki, yazılı ədəbiyyat süjetinin də özünəməxsus süjet qəlibi var. Ancaq məhəbbət dastanlarındakı süjet qəlibi ilə, tutaq ki, romanın süjet qəlibi heç müqayisəyə gəlmir. Dastanın süjet qəlibi ilə müqayisədə romanın süjet qəlibi görünmür, ümumiyyətlə, yox təsiri bağışlayır.
Bu fikrə əsaslanıb belə bir nəticə çıxarmaq olar ki, “Kitabi-Dədə Qorqud” datanında qəhrəman və cəmiyyət münasibətləri sabit münasibət modelləridir. Ozan bu münasibətləri istədiyi kimi dəyişə bilməzdi. O, hər hansı improvizasiya etdikdə belə, yenə də dastan yaddaşına müraciət edir, M.Cəfərlinin yazdığı kimi, bu yaddaşda yaşayan “ənənəvi formullarla işləyir, bütün yaradıcılığını, bütün istedadını məhz bu formulların bütün dastanlarda təkrarlanan statik strukturu, donuq çərçivəsi əsasında nümayiş etdirirdi”.“Kitabi-Dədə Qorqud”un Drezden nüsxəsi, bildiyimiz kimi, on iki boydan ibarətdir. Hər bir boy oğuz qəhrmanlarının göstərdiyi müxtəlif igidliklərlə doludur. İlk baxışda bu hadisələri ümumiləşdirmək, tipikləşdirmək çətindir. Lakin hadisələri tipoloji oxşarlıqlar baxımından çeşidlədikdə mənzərə get-gedə aydınlaşır və qəhrəman və cəmiyyət manasibətlərinin elmi ədəbiyyatlarda dəfələrlə qeyd olunan, vurğulanan sabit formulları üzə çıxır. “Kitabi-Dədə Qorqud” dastanını bu istiqmətdə nəzərdən keçirdikdə görürük ki, əsərdə qəhrəman və cəmiyyət münasibətləri, əsasən, aşağıdakı xətləri əhatə edir:
– Qəhrəman dövlət başçısı kimi: xanlar xanı
– Qəhrəman sərkərdə kimi: bəylər bəyi
– Qəhrəman ata kimi
– Qəhrəman oğul kimi
– Qəhrəman ər, ailə başçısı kimi
– Qəhrəman qardaş kimi
– Qəhrəman dost kimi
– Qəhrəman elin oğlu kimi.
Bütün bu göstərilən manasibət modelləri dastanda özünü konkret nümunələrlə göstərir. Onlara ardıcıllıqla nəzər salaq.

Aynur Fərəcova
filologiya üzrə fəlsəfə doktoru

Bu xəbər oxundu
- - -