Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Erməni terroru hər zaman olub və bu gün də mövcuddur”

28.02.18, 10:02
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Rövşən Rzayev: “Bu hər dəfə müxtəlif formalarda özünü göstərir”


Sumqayıt hadisələrindən 30 il keçir. Hadisələr erməni millətçiləri tərəfindən təşkil edilib. İğtişaşların baş verməsində Sumqayıt əhalisi arasına yerləşdirilən və Azərbaycan dilini təmiz bilən ermənilərdən ibarət təxribatçı qruplar xüsusi rol oynayıb.
Bu hadisələr SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin ermənilərlə birgə təşkil etdiyi və həyata keçirdiyi ssenarinin tərkib hissəsi idi. Sumqayıtda bu hadisəni təşkil etmək üçün seçilmiş şəxs də erməni - iki dəfə məhkum olunmuş Eduard Qriqoryan olub. Sumqayıt hadisələrinin təşkilatçısı kimi azərbaycanlı Əhməd Əhmədov güllələnmə cəzasına məhkum edilsə də, şahid ifadələri əsl günahkarın əslində erməni Eduard Qriqoryan olduğunu sübut edir.
Sumqayıt faciəsi zamanı yüzlərlə azərbaycanlı ailəsi həyatlarını təhlükə qarşısında qoyaraq, erməni qonşularını qəzəblənmiş kütlənin təhlükəsindən xilas edib.
Sumqayıt hadisələrinə dair aparılmış istintaq araşdırmaları nəticəsində bu hadisələrin təşkil olunmasında SSRİ xüsusi xidmət orqanlarının da əlinin olduğu yəqinləşib. Bu barədə şübhələr və məlumatlar hələ 1989-1990-cı illərdə aparılmış istintaq zamanı ortaya çıxıb. Belə ki, o vaxt başlanmış cinayət işinin materiallarında Sumqayıtda talanlar törətmiş qrupa rəhbərlik edən, ermənilərin öldürülməsində, zorlanmasında, əmlaklarının məhv edilməsində fəal iştirak edən erməni Eduard Qriqoryanın kütləvi iğtişaşlar ərəfəsində şübhəli şəxslərlə görüşməsi, onlardan Sumqayıtda yaşayan ermənilərin siyahısını alması, hadisələr zamanı öz qrupunun üzvlərinə spirtli içkilər və psixotrop preparatlar paylaması barədə kifəyət qədər ifadələr olduğu halda, bu məlumatlar SSRİ Prokurorluğunun istintaq qrupu tərəfindən araşdırılmayıb, əksinə, kütləvi iğtişaşların təşkilatçılarını aşkara çıxara bilən məlumatlar və dəlillər ört-basdır edilib. Həmçinin Sumqayıtda baş vermiş iğtişaşlar zamanı saxlanılmış erməni soyadı daşıyanların barəsində heç bir araşdırma aparılmayıb, onlar dərhal "zərərçəkən" tərəf kimi buraxılıb və bir çoxları məsuliyyətdən kənarda qalıb.
Bu hadisələrin Moskva tərəfindən törədildiyini SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin o vaxtkı sədri Vladimir Kryuçkov da etiraf edib. SSRİ DTK-sının himayə etdiyi həmin qruplar şəhərin müxtəlif yerlərində qətliamlar törədib. Erməni millətindən olan 26 nəfərin qətlini məhz bu dəstələr həyata keçirib.
Şəhərə yeridilən general Krayevin rəhbərlik etdiyi ordu hissələri isə bunları kənardan izlədikdən sonra - fevralın 29-da hadisələrə müdaxilə edib. Nəticədə 6 azərbaycanlı tankların tırtılları altında qalaraq həlak olub, 400 nəfər xəsarət alıb, 200 mənzil talan edilib, 50 mədəni-məişət obyekti dağıdılıb, 40-dan çox avtomobil yararsız hala salınıb.
Öldürülən ermənilərin, demək olar ki, hamısı erməni terror fondlarına pul keçirməkdən imtina edənlər olub. Eduard Qriqoryan Sumqayıt hadisələri zamanı 5 ermənini şəxsən öldürüb, 8 erməni qadını zorlayıb. Lakin erməni təşkilatları bu cür cinayətlər törətmiş E.Qriqoryanı ağır cəzadan qurtara bilib. E. Qriqoryana 12 il iş verilib və o, bir neçə ildən sonra azadlığa buraxılıb. Digər təqsirləndirilən şəxs azərbaycanlı Əhməd Əhmədov isə Moskvada keçirilmiş məhkəmənin hökmü ilə güllələnməyə məhkum edilib və hökm icra olunub.
Bundan başqa, iğtişaşlara görə 3 minə yaxın günahsız Sumqayıt sakini həbs olunub. Onlardan 400-ü inzibati məsuliyyətə cəlb edilib, 94 nəfər barəsində isə cinayət işi açılıb.
Ermənilər bu gün də Sumqayıt hadisələrindən öz məqsədləri üçün yararlanmağa davam edirlər. Onlar Sumqayıt hadisələri haqda dünya ictimaiyyətində yanlış rəy formalaşdırmağa, antiazərbaycan əhval ruhiyyəsi yaratmağa çalışırlar.
2011-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıt hadisələri ilə bağlı cinayət işinin istintaqının yenilənməsi barədə tapşırıq verib. İstintaq qrupuna Baş prokurorun müavini başçılıq edir. Bu yenilənmədən sonra istintaq qrupu tərəfindən Sumqayıt hadisələrinin çoxsaylı şahidləri, SSRİ prokurorluğunda istintaq qrupuna daxil olan müstəntiqlər dindirilib. Araşdırmalar bu hadisələrin sifarişçiləri və təşkilatçılarının sovet rəhbərliyində təmsil olunan ermnənipərəst dairələr, erməni millətçiləri və separatçılarının olduğunu təsdiqləyir.
1988-ci ildə Sumqayıt şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin sədri, daha sonra isə şəhərin icra başçısı vəzifəsində işləmiş Təvəkkül Məmmədov hadisə ilə bağlı fikirlərini Modern.az-la bölüşüb.
Təvəkkül Məmmədov Sumqayıt hadisələrinin 1988-ci il fevralın 27-si günün ikinci yarısında başladığını bildirib. “Ermənilərdən ibarət xüsusi təyinatlı qüvvələr Sumqayıta gəlmişdi. Onlara xüsusi tapşırıqlar verilmişdi. O zaman şəhərin birinci katibi də məzuniyyətdəydi. Mənə dedilər ki, camaat dəniz kənarına yığışıb. Getdim dəniz kənarına, orada heç kimi görmədim. Daha sonra gördüm ki, Ordu Klubunun qarşısına yığılıblar. Fevralın 28-də klubun qabağına ermənilər daha çox yığışdı. Bundan sonra isə şəhərdə hay-küy qalxdı. Sumqayıt hadisələrinə Qriqoryan və bir neçə xüsusi olaraq hazırlanmış ermənilər rəhbərlik edirdi. Qriqoryanın birbaşa iştirakı ilə Sumqayıtda 7 nəfər erməni öldürülmüşdü. O, iki dəfə xuliqanlıq üstündə məhkum olunmuşdu”.
Təvəkkül Məmmədov deyib ki, Sumqayıt hadisələri planlı şəkildə həyata keçirilib. “Belə hadisələri törətmək üçün aylarla kəşfiyyat orqanları məşğul olur, lazımi qüvvələri cəlb edir, maddi vəsait ayırır, xüsusi təxribatçı qruplar hazırlayır və sair. Qriqoryan icraçı idi, təşkilatçı yox. Bir fakti da qeyd edim ki, təxribatçı ermənilərdə Sumqayıtda yaşayan ermənilərin konkret siyahısı vardı. Bu, Sumqayıtda yaşayan və “Krunk” cəmiyyətinə aylıq üzvlük haqqını ödəməkdən imtina edən ermənilərin siyahısı idi. Həmin evlərə də hücum oldu, insanlar qətlə yetirildi, evlər yandırıldı, mənzillər qarət olundu. Təşkilatçılar isə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi, Ermənistanın xüsusi xidmət orqanları idi. Onlar hadisələrdə iştirak edən ekstremist qrupunu məharətlə idarə edirdilər. Hadisələrdə iştirak edən yetkinləşmiş gənclərə narkotik və spirtli içkilər paylanılırdı. Bununla da həmin gənclərin ağlı başından alınırdı. Beləliklə də ermənilər öz məqsədlərinə çatmaqda davam edirdilər”. Müsahibimiz bildirib ki, Sumqayıt hadisələrində ermənilərin özləri də çox əziyyətlər çəkiblər. “Onlar qorxu içindəydilər. Onları qorumaq üçün bütün şəhər ayağa qalxmışdı. Şəhər əhalisi onların bir hissəsini qorumaq üçün evlərinə aparırdı. Özləri isə binanın girişində ağaclarla durudular. Əgər belə olmasaydı daha böyük faciələr baş verərdi. Biz isə şəhərdən erməniləri toplayırdıq. Topladığımız erməniləri Ordu Klubunun birinci mərtəbəsindəki zala yığırdıq. Onları maksimum qoruyurduq. Burada onlara yemək verilirdi. Nazirlər Sovetinin sədri ermənilərə bir maşın şokolad göndərmişdi. Mən bunu biləndə isə həmin şokaladları geri qaytardım. Dedim ki, onlara şokalad yox, yemək vermək lazımdı”. Təvəkkül Məmmədov həmçinin qeyd edib ki, artıq martın 1-də xarici ölkələrdə Sumqayıt hadisələri barədə videolar göstərilirdi. “Amma biz hələ təyin edə bilmirdik ki, bu nədir, Sumqayıtda nələr baş verir... Bizim əlimizdə heç nə yox idi. Deməli bu hadisələrin olacağı əvvəldən hazırlanmışdı. Həmin dövrdə videoları da artırmaq asan məsələ deyildi. Amma bunlar hazırlıqlar görüb, çəkilişlər aparmışdılar. Həmin videoları kino formasında xarici ölkələrdə göstərirdilər. Bununla da sübut etmək istəyirdilər ki, Sumqayıtda azərbayacanlılar erməniləri kütləvi şəkildə öldürüb. Amma həqiqət isə göz qarşısındadır. Sonda onu da qeyd edim ki, Sumqayıt şəhərində baş vermiş iğtişaşlar nəticəsində ermənilər tərəfindən 32 nəfər öldürülüb. Onlardan 26-sı erməni, 6-sı isə azərbaycanlı olub”.
Millət vəkili Rövşən Rzayev deyib ki, ümumiyyətlə erməni terroru hər zaman olub və bu gün də mövcuddur: “Bu hər dəfə müxtəlif formalarda özünü göstərir”. Onun sözlərinə görə, Sumqayıt hadisələrində də Azərbaycan vətəndaşları böyük siyasətin qurbanı olub: “Təbii ki, bunun da icraçısı erməni Qriqoryan olub. Bu şəxs SSRİ xüsusi xidmət orqanlarının tapşırığı ilə əməliyyat keçirən bir cani, cinayətkar olub. Bu gün də ermənilər onu özlərinə sərf edən istiqamətdə dünya ictimaiyyətinə çatdırırlar. Onlar Sumqayıt hadisələrindən öz məqsədləri üçün yararlanmağa davam edirlər. Sumqayıt hadisələri haqda dünya ictimaiyyətində yanlış rəy formalaşdırmağa, anti-Azərbaycan əhval ruhiyyəsi yaratmağa çalışırlar. Amma əsl həqiqətdə həmin cinayətkarın kim olduğunu dünya ictimaiyyətinə çatdırmaqdan ötrü gündəlik fəaliyyət göstərmək lazımdır. Hesab edirəm ki, müxtəlif qəzet, jurnal və s. bütün imkanlardan istifadə etmək lazımdır ki, bunu dünya ictimaiyyəti bilsin. Terrorçuları adı ilə çağırmaq və göstərmək lazımdır ki, onlar kimlərdir. Onlara da rəhbərlik edən həmin Qriqoryan hansı ki, Sumqayıtda yaşayan insanların başına terror hadisələri törədib və onları qətlə yetirib. Eyni zamanda bu Sumqayıtda yaşayan ermənilərin başlarına gətirilib”.

Əli

Bu xəbər oxundu
- - -



___

Tehrandan Bakıya dil uzadanlar – Azərbaycandan düşmən yaratmaq onların nəyinə lazımdır?(ardı...)