Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“UEFA Azərbaycandakı kimi düşünmür”

28.02.18, 12:03
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Sabiq FİFA referisi, “Neftçi” klubunun keçmiş vitse-prezidenti Tahir Süleymanovun apasport.az saytına müsahibəsi
- UEFA-nın avrokuboklar formatını dəyişməsindən sonra Azərbaycan çempionunun işinin çətinləşəcəyi bildirilir. Çempionlar Liqasının Çempionlar yolundan qrupa artıq 5 deyil, 4 komandanın yüksəlməsi təmsilçimizə necə təsir edəcək?
- İllər öncə Avropada ayrı-ayrılıqda üç yarış təşkil olunurdu: Çempionlar Kuboku, Kuboklar Kuboku, UEFA Kuboku. İdman prinsipinə tam uyğun idi. 80-ci illərin sonlarından başlayaraq, futbola böyük pullar axmağa başladı. Azarkeş marağı bütün dövrlərdə yüksək idisə, sponsor, teleyayım, reklam şərtləri artırdı. Böyük klublar daha çox vəsait qazanmaq istəyirdi. UEFA 90-cı illərin əvvəlində Çempionlar Liqası layihəsini həyata keçirdi. Avropanın nəhəng klubları öz maraqlarını güdür, hər zaman UEFA-ya təzyiq edir. Onların maraqları nəzərə alınır. Çünki gəliri gətirən aparıcı klublara olan maraqdı. UEFA Azərbaycandakı kimi düşünmür, səviyyəni qorumaq üçün köklü klubların tələbləri yerinə yetirilir, qorunur, hesablaşırlar. "Real", "Barselona", "Bavariya", "Çelsi", "Yuventus", PSJ, "Millan", "Mançester"siz Çempionlar Liqasının durumunu təsəvvür edin. Heç bir ciddi maraq, gəlir olmaz. Ona görə də ildən-ilə ikinci, üçüncü dərəcəli futbol ölkələrinin sayını azaldırlar. Bu yarışın adı Çempionlar Liqasıdı. Reallıqda isə aparıcı Avropa klublarının nüfuzlu turniri ilə yanaşı, çox böyük kommersiya gəlirləri deməkdi. Hər il çempion olmayan onlarla klub bu yarışda iştirak edir. Onların adı Azərbaycan kimi ölkələrin çempionlarından qat-qat üstün tutulur. Səviyyə, şərait, maliyyə maraqları şərtləri diktə edir.
- Çempionlar Liqasındakı iştirakçımız qrupa düşmək üçün əvvəl 3 təsnifat mərhələsi keçməli idisə, indi 4 mərhələ adlamalıdı...
- Süni, eyni zamanda səviyyə fərqinə uyğun maneələr yaradılır. Gücün varsa, elitaya can at, 4 mərhələni keç və nəhənglərlə oynamağa layiq ol. Düşüncə budu. Təbii ki, Azərbaycan çempionunun işi çətinləşəcək. Əsasən də, hazırlıq baxımından problemlər yarana bilər. Komanda elə hazırlıq dönəmi keçməlidi ki, pley-offa pik formada yetişsin. "Qarabağ"ın reytinqi yüksəkdi. Rəqiblər də münasib olacaq. Əsas o deyil, ölkə çempionatında rəqabətsizlikdi. Bunun fəsadları Avropada özünü göstərə bilər və göstərəcək də.
- UEFA dəyişikliklərin səbəbi kimi Çempionlar Liqasının qrup mərhələsindəki rəqabəti daha da gücləndirmək istədiyini göstərir. Amma eyni zamanda, zəif futbol ölkələrinin komandalarının şansı azalır. Buna münasibətiniz necədi?
- Qeyd etdiyim kimi, aparıcı klublara və UEFA-nın özünə də zəif klublar sərf etmir. Etiraf etməliyik ki, klublarımız qruplarda autsayder rolunda çıxış edirlər. Futbol səviyyəsinin fərqi ilə yanaşı, kəskin maliyyə, yaşayış səviyyəsi, fərqi də var. Qrup oyunlarına bizdə bilet satışı 1-2 avrodusa, Avropada klublar hər oyundan milyonlar qazanır. Sponsor, televiziyalara da bu durum sərfəli deyil. Onlar vəsait xərcləyib, gəlir əldə etmək istəyirlər. Futbolla yanaşı, alıcılıq qabiliyyəti, yaşayış səviyyəsi aşağı olan ölkələr onların maraqlarına uyğun gəlmir. Futbol çoxdan idman oyunu anlayışını aşıb. Dəfələrlə şahidi olmuşuq ki, böyük klublar uzaq səfərlərdən şikayətlənir, Azərbaycan, Qazaxıstan kimi ölkələrə getmək istəmirlər. Futbolçulara 100 milyonlarla vəsait ödəyirlər. Nə onları, nə də qazanclarını riskə atmaq istəyirlər.
- Maraqlıdı ki, UEFA bir tərəfdən zəif futbol ölkələrinin Avropa çempionatına vəsiqə qazanmaq şansını artırmaq üçün Millətlər Liqasını yaradır, digər tərəfdən isə Çempionlar Liqasında belə ölkələrin klublarının şansını azaldır...
- Millətlər Liqasının yaradılması da qeyd olunanların tərkib hissəsidi. Klub səviyyəsində də bu addım gözlənilir, yaxın illərdə ola bilər. Bir milyarda yaxın büdcəsi olan klublar 10-15 milyonluq komandalarla eyni stol arxasında əyləşmək istəmirlər. Bunu psixoloji baxımdan özlərinə sığışdırmırlar. Avropanın aparıcı 5-6 futbol ölkəsində aşağı büdcəsi olan klublar Sequnda, B seriyası, Çempionşip deyil, 3-5-ci dərəcəli liqalarda çıxış edirlər. İngiltərədə telayayım müqavilələri milyard dollarlarla ölçülür. Azərbaycanda teleyayımdan klublar nə qədər vəsait əldə edir? Müasir futbol artıq tək futbol oynamaq deyil, böyük, bütün sahələri özündə birləşdirən nəhəng industriyadı. Bu baxımdan zəif futbol ölkələri heç kiçik müəssisə qismində də deyil.
- Avropa Liqasında bütün çempionlara ikinci şansın verilməsi nə dərəcədə doğrudu? Yəni Çempionlar Liqasının istənilən təsnifat mərhələsində uduzan komanda mübarizəni AL-də davam etdirəcək. Bu, Avropa Liqasının nüfuzunun daha da aşağı düşməsi anlamına gəlmir?
- Bunun bir adı var: yerdəyişmə. Çempionlar Liqasının özəyini Almaniya, İspaniya, İngiltərə, İtaliya, Fransa klubları təşkil edir. Reytinqə uyğun Türkiyə, Rusiya, Portuqaliya və digər ölkələrin hərəsindən 1-2 klub əlavə edilir. Bu ölkələrdən qeyd etdiyim faktorlara görə çempion olmayan klublar imtiyaz qazanır. Onların Avroliqadakı yerləri lazım olmayan çempionlara verilir. Millətlər Liqasında olduğu kimi. Gedin bacardığınız futbolu öz aranızda oynayın, əl-ayağa dolaşmayın. Münasibət budu.
- Digər tərəfdən, Azərbaycan çempionu Çempionlar Liqasında mübarizəni dayandırıb, Avropa Liqasına yollananda orda ancaq ölkələrin çempionları ilə qarşılaşa biləcək. Bu isə çempionumuzun Avroliqanın qrupuna düşmək şansını artırır...
- Tamamilə doğru sualdı. Bu isə o deməkdi ki, "böyük beşlik” ölkələri arasında, ÇL-də sizə yer yoxdu. Maksimum futbol səviyyəniz Avroliqadı. Şərait yaradılır, gedin, orda oynayın.
- Yeni qaydalara əsasən, kuboku götürən komandamız da Avropa Liqasında mübarizəyə artıq birinci mərhələdən başlayacaq. Bu barədə nə düşünürsüz? Ümumiyyətlə, UEFA-nın dəyişiklikləri nəyə hesablanıb?
- UEFA özünün və nəhəng klubların maraqlarını həll etdikdən sonra nəticələrdən asılı olmayaraq, digərlərinin hamısını eyni yarışa, Avroliqa bayrağı altına almaqla münasibətini göstərir. Buna məcburdu. Yoxsa təzyiqlərə dözə bilməz, sponsor, teleyayım, reklam gəlirləri əldən çıxar. Digər tərəfdən, Avroliqa qalibinə növbəti ildə imtiyaz verməklə yenidən kənarda qalan aparıcı ölkə klublarına əlavə şans yaradır. Millətlər Liqasını xatırlatdız. UEFA hörmət əlaməti olaraq, liqaları rəqəmlərə bölmədi. Faktiki Azərbaycanın çıxış edəcəyi liqa Avropanın 4-cü liqasıdı. Əlavə bir yer, şans verməklə yanaşı, yerlərini göstərirlər, nəhənglərdən ayırırlar. Dördüncü liqadakı oyunlara televiziya, reklam, sponsor, azarkeş maraqlarını indidən göz önünə gətirin. Hətta uzaq səfərlər, əlavə xərclər olmasın deyə, bəzi milliləri öncədən ayırdılar. Son illərdə UEFA heç bir sponsoru olmayan yarış keçirəcək. Aparıcı millilər isə öz oyunlarında əlavə milyonlar qazanacaq. Onların bu baxımdan problemləri yoxdu. Əsas məqsədlərdən biri də budu. İllər keçdikcə bu fərq daha da artacaq. İlk addımlardı. Gələcəkdə klublar da liqalara bölünə bilər. İndidən bunları göz önünə gətirib, Azərbaycan klub səviyyəsi reytinqində Belçika kimi ölkələri nümunə götürməlidi. Böyüklər arasında olmaq üçün özün də böyüməlisən, böyük olmağa çalışmalısan. Azarkeşlər də baxımlı futbol istəyir. Buna sübut tək Avropa deyil. Azərbaycanda "İnter", "Çelsi", "Atletiko" ilə oyunlar dolu tribunalar qarşısında keçir. Daxili çempionata isə 3-5 min azarkeş gəlmir. Bunun səbəbi təşkilatçılıq, bölgə futbolunun olmaması ilə yanaşı, kəskin səviyyə fərqidi.

Bu xəbər oxundu
- - -