Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“SOCAR Karbamid” zavodunda tikinti işləri sona çatmaq üzrədir

28.02.18, 12:37
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkətin vitse-prezidentlərinin iştirakı ilə “SOCAR Polymer” zavodunda nümayiş və sınaq məqsədi ilə ilk dəfə polipropilen məhsulunun istehsalı həyata keçirilib. Şirkətdən verilən məlumata görə, Sumqayıta işgüzar səfəri çərçivəsində, SOCAR-ın prezidenti “Azərikimya” İB, “SOCAR Karbamid” və “SOCAR Polymer” müəssisələrində baxışlar keçirib, yeni zavodlarda istismarın başlanması ərəfəsində hazırlıq işlərinə dair təlimatlar verib. SOCAR-ın “Azərikimya” İB-də hazırda texnoloji qurğuların yenilənməsi üzrə işlər davam edir. Bununla yanaşı müəssisədə yeni qurğuların və yardımçı sahələrinin inşası işləri aparılır. Azərkimya İB üzrə yenidənqurma işlərin tamamlanması 2019-cu ildə nəzərdə tutulur.
“SOCAR Karbamid” zavodunda tikinti işləri sona çatmaq üzrədir və bir aydan sonra artıq sınaq-sazlama işlərinə başlanılacaq. Zavodda ilk məhsul -ammonyakın istehsalı bu ilin avqust ayında planlaşdırılır. Cari ilin oktyabr ayında isə zavodun yekun məhsulu - azot gübrəsi (karbamid) istehsal olunacaq. İstehsal ediləcək karbamidin təxminən 150 min tonu daxili tələbatı tam təmin edəcək və nəticədə Azərbaycanda gübrənin idxalına illik sərf olunan 55 milyon dollar vəsait ölkə daxilində qalacaq. Məhsulun qalan 450-500 min tonluq həcmi isə ixrac üçün nəzərdə tutulur, bu da ölkəyə əlavə valyuta vəsaitinin gətirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib ki, Sumqayıtda kimya sənayesinin dirçəlişi ölkəmiz üçün yeni və dayanıqlı gəlir mənbəyi deməkdir. "Bu il emal və kimya sənayesində SOCAR-ın 3 böyük layihəsi tamamlanmaq üzrədir. “SOCAR Karbamid”, “SOCAR Polymer”, Türkiyədə STAR Neft Emalı Zavodunun bu il ərzində istismara verilməsi ilə milli sərvətimizə əlavə dəyər qatan böyük missiyanın növbəti mərhələsinə qədəm qoyulacaq.”
Son illərdə regionda tikilən ən böyük kimya müəssisələri “SOCAR Polymer” və “SOCAR Karbamid” artıq cari ildə istismara veriləcək. SOCAR-ın kimya sənayesində həyata keçirdiyi layihələrin bir xüsusiyyəti də bundan ibarətdir ki, bu müəssisələr SOCAR-ın digər müəssisələri ilə dəyər zəncirində birlik təşkil edəcək. Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu “Azərikimya” İB-nin Sumqayıtdakı Etilen-polietilen zavodu və “SOCAR-Polymer”in iki qurğusu ilə dəyər zənciri üzrə calaşdırılacaq, bu da istehsalatın daha da səmərəli təşkil olunması üçün zəmin yaradacaq. Həmçinin Türkiyədəki STAR Neft Emalı Zavodu SOCAR-ın digər strateji aktivi olan Petkim kompleksinin xammal təchizatına töhfə verməklə hər iki müəssisəni vahid dəyər zəncirində birləşdirəcək.

Bu xəbər oxundu
- - -