Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Ermənistan Azərbaycan ərazilərinin işğalını davam etdirdikcə müharibə təhlükəsi də qalacaq”

01.03.18, 10:11
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Musa Qasımlı: “Bunun da başlıca təqsirkarı İrəvandır”


Böyük Britaniyada mənzillənmiş nüfuzlu “Chatham House” analitik mərkəzinin eksperti Stanislav Pritçin Dağlıq Qarabağ münaqişəsinin perspektivi ilə bağlı proqnozlar verib. Stanislav Pritçin Ermənistan mətbuatına müsahibəsində bildirib ki, Ermənistan status-kvonun saxlanılmasında maraqlıdır, Azərbaycan isə yox.
Ekspert bu qənaətdədir ki, hər iki tərəfin mövqeyi Qarabağ münaqişəsinin həllini çətinləşdirir, üstəgəl Azərbaycan Dağlıq Qarabağa bitişik 7 rayonu da itirməsi vəziyyəti bir az da qəlizləşdirir. “Həm də Dağlıq Qarabağ münaqişəsi dünyanın əsas oyunçuları üçün prioritet deyil. Nə qədər ki, xarici nüfuzlu oyunçular bu münaqişəyə sərmayə qoymayacaqlar, bu konflikti nizama salmaq çətinləşəcək”-deyə o əlavə edib. Stanislav Pritçinin fikrincə, Azərbaycan indi daha böyük çəkiyə malik olduğu üçün belə situasiya onun üçün əlverişsizdir.
“Buna görə də Azərbaycan belə bir siyasi xətti qəbul edib ki, beynəlxalq ictimaiyyətə status-kvonun rəsmi Bakı üçün əlverişsiz olduğunu bəyan etsin. Bu, nizama salma prosesində Azərbaycanın proseslərə təsir edən yeganə mexanizmlərindən biridir. Ümumiyyətlə hər iki tərəfin (Azərbaycan və Ermənistan) ritorikası heç bir güzəştin olmayacağının göstəricisidir”.
Analitik hesab edir ki, tərəflər Madrid prinsiplərinin imzalanmasına yaxın idi və bu sənəd nizama salma prosesinin əsas mexanizmini müəyyənləşdirir. “Bu, uyğunlaşdırılmış, çox yoxlanılmış mövqedir və əlaqələrin normallaşması üzrə çoxillik addımları özündə ehtiva edir. Həmçinin bir qədər güzəştlər də nəzərdə tutulur, amma biz tərəflərdə bu kompromisləri yenidən görmürük”- o əlavə edib.
Politoloq ABŞ Milli Kəşfiyyat İdarəsinin 2018-ci ildə Dağlıq Qarabağda genişmiqyaslı hərbi əməliyyatlar başlayacağına dair açıqlamasını da şərh edib. Onun sözlərinə görə, Qarabağ cəbhəsində müharibənin başlanması üçün həqiqətən də risklər mövcuddur.
Cəbhədə isə hər gün atəşkəs pozulur. Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 126 dəfə pozub.
Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qaymaqlı, Məzəm kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Politoloq Vasif Əfəndiyev deyib ki, Dağlıq Qarabağın işğaldan azad olunması istiqamətində aparılan bütün danışıqlar nəticəsiz qalmaqdadır: “Əslində Azərbaycan tərəfi bu danışıqları belə adlandırır. Qarşı tərəf olan Rusiya və Ermənistan isə bu danışıqları zəbt etdikləri ərazilərdə möhkəmlənən danışıqlar kimi qiymətləndirirlər”. Onun sözlərinə görə, son 25 ildə tərəflər arasında münaqişənin nizamlanması istiqamətində müxtəlif səviyyələrdə 100-dən artıq görüş keçirilib: “Görüşlərdə əldə olunan razılaşmalara baxmayaraq hər növbəti görüş sanki tərəflərin ilk görüşüdür kimi təəssüratı bağışlayır. Cenevrədə baş tutan görüş öncəsi ATƏT-in Minsk qrupuna sədrlik edən Fransa XİN-in məlum bəyanatı bizi daha radikal addımlar atmağa sövq etməlidir. Hələ indiyə qədər bu səviyyədə diplomatik səriştəsizlik və ya konkret olaraq hakim rolunda olan tərəfin münaqişə iştirakçıların birinin açıq mətnlə tərəfini tutması faktı olmamışdı. Böyük ehtimalla danışıqlarda irəliləyiş olmayacaq. Mart və aprel aylarında region ölkələrində keçirilən prezident seçkiləri münaqişənin həlli istiqamətində aparılan danışıqların mahiyyətini kəskin azaladacaq”.
Millət vəkili Musa Qasımlı Azərbaycan, Rusiya və Ermənistanda seçkilərdən sonra müharibənin ola biləcəyi barədə səsləndirilən fikirləri şərh edərkən deyib ki, Ermənistan Azərbaycan ərazilərinin işğalını davam etdirdikcə müharibə təhlükəsi də qalacaq. O qeyd edib ki, bunun da başlıca təqsirkarı İrəvandır. Deputat əlavə edib ki, əgər ATƏT-in Minsk qrupunun həmsədrləri müharibə istəmirlərsə, Ermənistanı Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindən və ətraf rayonlarından qoşunlarını çıxarmağa məcbur etməlidirlər.
Belə olan halda yenidən BMT-nin qətnamələri yada düşür. Onu qeyd edək ki, BMT-nin baş katibi Antoniu Quterreş BMT-nin ATƏT-in Minsk qrupunun həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair səylərini davamlı olaraq dəstəklədiyini təsdiqləyib.
Millət vəkili, politoloq Rasim Musabəyov deyib ki, ümumiyyətlə, BMT Baş Assambleyası Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasını ATƏT-in Minsk qrupu həmsədrlərinə həvalə edib. Politoloqun sözlərinə görə, hazırda da ATƏT-in adından Minsk qrupu çıxış edir: “BMT Baş Assambleyası üçün əsas odur ki, müharibə olmasın və qan tökülməsin. Bu baxımdan Minsk qrupu vəziyyəti nəzarətdə saxlayır. Hesab edirəm ki, buna o qədər də əhəmiyyət verməyə dəyməz. BMT belə şeylərə çoxdan öyrəşib. Bunlar üçün əsas odur ki, konkret bu məqamda, vaxtda qan tökülməsin”. R.Musabəyov bəzi qeyri-hökumət təşkilatlarının Azərbaycana qarşı sərgilədiyi anti-Azərbaycan kampaniyasında da münasibət bildirərək deyib ki, bunların apardığı siyasətin heç bir önəmi yoxdur.
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı bildirib ki, ümumiyyətlə ATƏT-in Minsk Qrupu BMT-nin layihələrindən biridir: “Ona görə də Minsk qrupunun fəaliyyətini ört-basdır etməyə çalışırlar”. Onun sözlərinə görə, əgər BMT-nin baş katibi Antoniu Quterreş obyektiv mövqedən çıxış etsəydi, əslində narazı qalmalı idi: “Çünki Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurası 1993-cü ildə qısa fasilələrlə 822, 853, 874 və 884 saylı qətnamələr qəbul edib. Amma bunların heç biri yerinə yetirilmir. Bu qətnamələrin yerinə yetirilməsində Minsk qrupunun fəaliyyəti ortada olmalı idi. Təəssüf ki, bunların heç biri ortada yoxdur. Ona görə də hesab edirəm ki, BMT ən azından qeyri-səmimi mövqedən çıxış edir. Ya da məqsədləri budur ki, bir-birlərini tərifləməklə işi, vaxtı uzatsınlar. Düşünürəm ki, BMT-nin açıqlaması ondan xəbər verir”. A.Nağı əlavə edib ki, Azərbaycan qarşı xarici təşkilatlar tərəfindən aparılan anti-Azərbaycan kampaniyası hamıya məlumdur: “Onlar Azərbaycanı zəiflətmək istəyirlər. Təbiidir ki, beynəlxalq təşkilatların əksəriyyəti müəyyən böyük dövlətlər tərəfindən idarə olunur. Onlar Ermənistana başqa Azərbaycana münasibətdə isə tamam başqa mövqe sərgiləyirlər. Hesab edirəm ki, onlar regionda Azərbaycanın mövqeyinin güclənməsindən çəkinirlər”.
Politoloq Elxan Şahinoğlu vurğulayıb ki, BMT məsuliyyəti boynundan atır. Halbuki, Ermənistan BMT-nin 4 qətnaməsini yerinə yetirmir: “BMT bunun səbəbini Ermənistan hakimiyyətindən soruşmaq əvəzinə hər zaman topu ATƏT-ə atır və "biz ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyirik" ifadələri ilə kifayətlənir”. Onun sözlərinə görə, əslində bu məsələdə BMT baş katibini günahlandırmaq da olmur: “Çünki, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən 3-ü Minsk Qrupunun həmsədridir və əgər onlar istəyərlərsə Dağlıq Qarabağ məsələsini Təhlükəsizlik Şurasının gündəliyinə daxil edə bilər. Sadəcə, onlar bunu istəmirlər, ayrıca Ermənistan hakimiyyətinə də təzyiq etmirlər ki, bölgədə ədalətli sülh bərpa olunsun. Bu bir daha onu göstərir ki, münaqişəni özümüzdən başqa kimsə həll etməyəcək”.

Əli

Bu xəbər oxundu
- - -