Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Narkoloji Dispanserdə dəhşətli yanğın

02.03.18, 12:55
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

30-a yaxın insan yanaraq ölüb

Dünən Bakıda güclü yanğın baş verib. FHN-dən verilən xəbərə görə, yanğın Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi 13 ünvanında yerləşən Respublika Narkoloji Dispanserində baş verib.
Hadisə yerinə 10-dan çox yanğınsöndürən və təcili yardım briqadası cəlb edilib. Yanğın səhər saatlarında söndürülüb.
Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 43 maşını və 160 nəfər şəxsi heyəti cəlb olunub. Yanğınsöndürənlər 7 dəqiqəyə hadisə yerinə çatıb.
Respublika Narkoloji Dispanserində yanğın zamanı 30-dan artıq pasiyent binadan çıxarılıb. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Həmçinin bildirilib ki, yanğın zamanı xəsarət almış şəxslərdən üçü xəstəxanalara yerləşdirilib.
Respublika Narkoloji Dispanserinin yanan 2-ci korpusundan 1 nəfərin meyiti çıxarılıb.
Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzində baş verən yanğın zamanı ölənlərin sayı dəqiqləşdirilir.
Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən bildirilib ki, ilkin məlumata əsasən, 30 nəfərədək şəxs ölüb.
Hadisə zamanı xəsarət alan 4 nəfər isə xəstəxanaya yerləşdirilib. Onlardan üç nəfər 1 saylı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsində, bir nəfər 3 saylı şəhər Klinik Xəstəxanasındadır.
Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin həkim-toksikoliqu Mahir Məmmədov deyib ki, Respublika Narkoloji Mərkəzində baş vermiş yanğın zamanı zəhərlənmiş şəxslər bu gün (dünən) səhər saat 07:10, 07:18 və 08:48 radələrində bizim şöbəyə təcili yardım maşınlarında gətirilib.
Onun sözlərinə görə, xəstələr 48 yaşlı Vüqar Kərimov , 35 yaşlı Kamal Nadirov və 35 yaşlı Rafiq Qafarov olub: "Hər 3 xəstənin vəziyyəti kafi olub. Onların hər 3-də yüngül dərəcəli tüstüdən zəhərlənmə olub. Xəstələrə ilkin tibbi yardım göstərilib və evə buraxılıb".
Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində baş vermiş yanğınla bağlı rəsmi məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, martın 2-də səhər saatlarında güclü külək nəticəsində Respublika Narkoloji Mərkəzinin binasında qısa qapanma nəticəsində yanğın baş verib.
"Hadisə yerinə yanğınsöndürmə maşınları və Səhiyyə Nazirliyinin 10-a yaxın təcili tibbi yardım briqadası cəlb edilib. Xəstəxananda müalicə alan və tibbi personaldan ibarət 200 nəfərə yaxın adamı vaxtında təxliyə etmək mümkün olub.
Təxliyə olunan şəxslərə lazımi tibbi və psixoloji yardım göstərilir. Həyata keçirilmiş bütün zəruri tədbirlərə baxmayaraq, yanğının nisbətən güclü sahəsində 24 nəfərin həyatını xilas etmək mümkün olmayıb".
Respublika Baş prokurorluğu, Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri yanğın barədə birgə məlumat yayıb.
Məlumatda deyilir ki, 2018-ci il mart ayının 2-si, saat 06.10-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin taxta konstruksiyalı bir mərtəbəli korpusunda yanğın baş verib.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi, texnikası, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım xidmətləri cəlb edilmişdir. Ərazinin mühafizəsi və xilasedicilərin maneəsiz fəaliyyəti Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının və Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən təmin olunub.
Operativ surətdə həyata keçirilmiş tədbirlərlə korpusda olan 55 nəfərdən 34-ü xilas edilib, onlardan 3-ü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib. Saat 09.13-də yanğın söndürülüb. Hadisə yerinin müayinəsi zamanı 24 nəfərin meyiti aşkar edilib.
Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən, fakt üzrə Baş Prokurorluq tərəfindən dərhal cinayət işi başlanılmış, həmçinin Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
Hadisə ilə bağlı cinayət işi bir başa Azərbaycan Respublikasının Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Zakir Qaralovun rəhbərliyi ilə həyata keçiriləcək.
Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib ki, hazırda cinayət işi ilə bağlı müvafiq sənədlər hazırlanır. Qarşıdakı zamanda ictimaiyyət cinayət işi ilə bağlı məlumatlandırılacaq.
Həyata keçirilən tədbirlər ölkə Prezidentinin nəzarətindədir.
İlkin araşdırmaların nəticələrinə görə yanğın binanın elektrik şəbəkəsində yaranmış nasazlıq səbəbindən baş verib.
“Azərişıq” ASC-dən məlumat verilib ki, Respublika Narkoloji Mərkəzində yanğın binanın daxilindəki elektrik xətlərində olan problem nəticəsində baş verib.
Qurumdan bildirilib ki, “Azərişıq” sayağaca qədər gələn elektrik xətlərində baş verən hər hansı qəzaya cavabdehlik daşıyır: “Binanın daxilindəki xətlərə nəzarət etmək bizim səlahiyyətimiz çərçivəsində deyil. Hazırda məsələ ilə bağlı araşdırma aparılır. Araşdırmalar başa çatandan sonra yanğının dəqiq səbəbi bilinəcək”.
Respublika Narkoloji Mərkəzdə baş verən yanğının səbəbləri məlum olmağa başlayıb.
Yanğın baş verən bina taxtadan olub, pəncərələr isə dəmir barmaqlıqlarla çərçivələnib. Axşam həkimlər 2-ci korpusun qapısını arxadan bağlayaraq gediblər. Elə bu səbəbdən də kütləvi ölüm halı baş verib. Onu da qeyd edək ki, 2-ci korpusda həm narkomanlar, alkoqolizimdən müalicə alan xəstələr olub.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, daxili işlər naziri Ramil Usubov, baş prokurorun birinci müavini Rüstəm Usubov, Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov hadisə yerinə gediblər.
Prezident İlham Əliyev də Bakının Xətai rayonunda Respublika Narkoloji Mərkəzində baş verən yanğınla əlaqədar hadisə yerinə gəlib.
Azərbaycan prezidenti İlham Əliyev Bakı şəhərinin Xətai rayonundakı Respublika Narkoloji Mərkəzində baş verən yanğının nəticələrinin tezliklə aradan qaldırılması ilə bağlı tapşırıq verib.
Hadisə yerinə gələn dövlət başçısı yanğının səbəblərinin araşdırılması ilə bağlı təxirəsalınmaz tədbirləri görməyi tapşırıb.
Prezident İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısına və səhiyyə nazirinə həlak olanların ailə üzvlərinə kömək göstərilməsi və zərərçəkənlərə təcili olaraq lazımi tibbi yardım edilməsi ilə bağlı göstərişlər verdi.
Səhiyyə Nazirliyindən verilən məlumatda bildirilib ki, Respublika Narkoloji Mərkəzinin yeni binasının yaxın zamanlarda istifadəyə verilməsi nəzərdə tutulub.
Sabunçu rayon Maştağa qəsəbəsində Respublika Narkoloji Mərkəzin yeni binası inşa edilib. 4 korpusdan və 300 çarpayıdan ibarət olacaq.
Yeni Narkoloji Mərkəz müayinə və müalicə işini ən yüksək səviyyədə qurmaq üçün ən yeni müasir avadanlıqlarla təchiz ediləcək.
Narkoloji asılılıqdan müalicə alan insanlar yeni Mərkəzdə müalicə alacaq.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Aydın Mirzəzadə Respublika Narkoloji Mərkəzində baş vermiş yanğından sarsıldığını bildirib.
Sosial şəbəkədə öz fikirlərini bölüşən deputat deyib:
“Bu gün Respublika Narkoloji Mərkəzində baş verən faciədən çox sarsıldım. Ölənlərin yaxınlarına dərin hüznlə başsağlığı verirəm”.
Onu da xatırladaq ki, dünya ölkələrində də Narkoloji dispanserlərdə dəhşətli yanğınlar baş verib. Adətən, belə yanğınlar qəsdən, yaxud təhlükəsizlik qaydalarının kobud pozulması nəticəsində baş verib.
Dünya ölkələrinin narkoloji dispanserlərində baş verən dəhşətli yanğınlarla bağlı insindetləri yada salırıq.
Narkoloji dispanserlərdə baş verən ən dəhşətli facilərdən biri 2006-cı il dekabrın 8-dən 9-na keçən gecə Moskvada 17 saylı narkoloji xəstəxanada baş verən yanğındır. Hadisə zamanı 46 nəfər həlak olmuş, 9 nəfər isə ağır yanıq xəsaərtləri almışdı. Xəstəxanadan 214 pasiyent xilas edilmişdi. Yanğınsöndürmə xidməti faciə zamanı ətarfdakı insanların yardım çağırmaq əvəzinə, hadisə yerində foto və video çəkməklə məşğul olmaqlarını qınamışdı.
Hadisəyə əsas səbəbin naməlum şəxs tərəfindən etil spirit ilə yanğın törədilməsi olub. 17 saylı xəstəxanada baş verən yanğın 1977-ci ildə “Rossiya” mehmanxanasındakı yanğından sonra şəhərdə qeydə alınan ən dəhşətli yanğın idi.
2009-cu il sentyabrın 12-də Qazaxıstanın Taldıkorqan şəhərində narkodispanserdə baş verən yanğın zamanı 38 nəfər həlak olmuş, 40 nəfər isə xəsarət almışdı. Gecə saatlarında baş verən yanğın zamanı qurbanların sayının çox olması dispanserin gözətçisinin hadisədən önxə otaqların və dəhlizin açarlarını özləri ilə götürməsi idi. Nəticədə yanğın zamanı insanların çoxu öz otaqlarında girov halında qalıb və yanğından qurtula bilməyib.
2013-cü il mayın 17-də isə Rusiyanın Saratov vilayətinin Engels şəhərində baş verən yanğın zamanı 4 nəfər həlak olmuş, 3 nəfər, o cümlədən Narkoloji Mərkəzin baş həkimi ağır yanıq xəsarətləri almışdı. Həmin hadisənin təqsirkarı isə 35 yaşlı işsiz kişi olub.
Cavid

Bu xəbər oxundu
- - -