Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Putinin mitinqinə rusları adambaşına 9 dollara yığıblar

05.03.18, 9:52
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Britaniya mətbuatı Rusiya prezidenti Putinin mitinqinə də diqqət ayırıb.
"The Guardian" yazır ki, prezident Vladimir Putinə daha bir prezidentlik müddəti verilməsinə böyük dəstəyin ifadəsi üçün Moskvadakı nəhəng Lujniki stadionunu adamla doldurmaq üçün təkcə Vladimir Vladimiroviçə "hüdudsuz el sevgisi" kifayət etməyib.
Polisin verdiyi məlumata görə, stadiona 80 min adam toplaşmışdı və daha 50 min adam mitinqə stadionun həndəvərlərində qurulmuş böyük teleekranlara baxırdı.
Amma çoxsaylı media xəbərlərindən görünür ki, şənbə günü keçirilən dəstək tədbirinə on minlərlə rusu "zorla" yığıblar. Bura zorla gətirilənlər, əsasən, universitet tələbələri, dövlət qulluqçuları, büdcə təşkilatlarının və özəl şirkətlərin işçiləri olublar.
Məsələn, Moskvada yerləşən şirkətlərdən biri öz işçilərinə belə bir təlimat verib: "Dörd nəfərdən az olmayaraq, qruplar təşkil edin. Stadiona gələndə selfinizi çəkin. Plakatlarınızı götürməyi unutmayın". Həmin işçinin dediyinə görə tədbirə gəlməyənləri maaşlarının tutulacağı ilə hədələyiblər.
Putinin kampaniya meneceri Andrey Kondraşov adamların mitinqə zorla gətirildiklərinə dair iddiaları rədd edir.
Amma şənbə günü stadionun yaxınlığında olanlar belə bir mənzərinin də şahidi ola bilərdilər. Ortayaşlı bir kişi dostları ilə stadionun fonunda selfi çəkdirdikdən sonra deyir: "Uşaqlar, gəlin gedək, mən Putini dəstəkləyirəm, amma bütün günümü burda itirmək fikrində deyiləm".
Bir başqalarına "xalq dəstəyinə" qoşulmaq üçün pul vəd etmişdilər.
Məşhur saytlardan birində yazılmışdı: "20-55 yaşları olan qadınların və kişilərin nəzərinə. "Güclü Rusiya üçün" Putinə dəstək məqsədilə martın 3-də keçiriləcək konsert-mitinqə gəlin. Adambaşına 500 rubl (9 dollar) alacaqsınız".
Bu, elə-belə elan deyildi. Bu elanı oxuyub gələnləri stadionun yaxınlığında Rodion adlı kişi gözləyirdi. Rodion Rusiya Ekoloji Partiyasını təmsil edirdi. Amma partiyanın bura yığdığı adamların heç birinin bu təşkilata dəxli yoxdu.
"Əvvəl hamımız bir nəfər kimi stadiona giririk, mitinqdən sonra burda görüşürük. Pulu da onda alacaqsınız…" -Rodion deyirdi.
Pul vəd olunmuşlardan biri - gənc oğlan deyir: "Nə olsun ki, ekoloji partiyanın üzvü deyiləm. Əslində heç Putini də dəstəkləmirəm".
"The Guardian" yazır ki, bu mitinqdə xüsusilə fəallıq edənlər millətçi təşkilatların üzvləri və fəalları idilər.
Polis Putinin əleyhinə şüar deyən müxalifətçiləri cəld yaxalayırdı. Məsələn, anti-Kreml fəalı Yelena Zaxarovanı stadionun yanında əlindəki plakata görə tutmuşdular. Bu plakatda Rusiyanın Suriya müharibəsibnə müdaxilə etməsinə etiraz bildirilirdi. Doğrudur, belələrini az sonra buraxırdılar.
Stadionun içində isə şaxtadan üşüyənləri davakar və millətçi çağırışlarla qızındırır və qızışdırırdılar.
"Biz müharibə edən ölkəyik, bunu yaddan çıxarmayın. Bizim ali baş komandanımız var. O, torpaqlar əldə edir, müharibələrdə qalib gəlir, yeni silahlar düzəldir. Heç müharibədə olan ölkə də ali baş komandan dəyişdirər?" - deyə biznesmen İqor Aşmanov qışqırırdı.
Əksinə, Putinin öz çıxışı çox qısa və aşağı enerjili oldu. O, 2012-ci ildə bu stadionun necə olduğunu xatırlayırdı.
"The Guardian" yazır ki, ümumiyyətlə seçki kampaniyalarını xoşlamayan Putinin bu kampaniyadakı könülsüzlüyü diqqəti dərhal cəlb edir. O, nəinki teledebata qoşulmayıb, heç özünün seçki proqramını da elan etməyib. Buna baxmayaraq, dövlətin keçirdiyi rəy sorğusu ona dəyişməz olaraq 69 faiz dəstək göstərir.

Bu xəbər oxundu
- - -



___

Tehrandan Bakıya dil uzadanlar – Azərbaycandan düşmən yaratmaq onların nəyinə lazımdır?(ardı...)