Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Putin seçkiqabağı “kampaniya”sını Dağıstanda “həyata keçirdi”

06.03.18, 9:58
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Moskva üçün Dağıstan müsəlman aləmi ilə Rusiyanı bağlayan əsas qapıdır və regionda nizam-intizamın formalaşdırılması üçün hakimiyyət strukturları möhkəmləndirilir.
Bu sözləri sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq az qala nəzarətdən çıxacaq Dağıstanda aparılan hazırkı kadr dəyişikliklərinin bu prosesi müəyyən qədər tənzimləyəcəyini düşünür:
“Dağıstan çox mürəkkəb regiondur və burada 32-dən çox millətin nümayəndəsi yaşayır. Əsas aparıcı etnoslar avarlar və ləzgilərdir ki, onlar arasında da daim hakimiyyət uğrunda mübarizə gedir. Dağıstan bu gün sonradan hakimiyyətə gətirilən ləzgi mənşəli Abdulatipovun idarəetmədə verdiyi ciddi səhvlərin ağır nəticəsini yaşayır. Abdulatipov 3 ilə yaxın vəzifədə oldu və bu dövrdə ölkədə avarların qızışdırdığı narazılıq həddindən artıq genişləndi. Bu fonda Moskvaya saysız-hesabsız şikayətlər gedirdi. Səhv və ya düz, Putin Rusiyaya narkotik maddələrin Dağıstand keçib gəldiyini düşünürdü. Ancaq Moskvanı ən çox narahat edən bölgədə silahlı qruplaşmaların meydana çıxması idi. Moskva hesab edirdi ki, vəhhabilik hərəkatı Dağıstana Çeçenistandan keçib. Rusiya bu zəmində də İŞİD terror qruplaşmasının gizli yollarla regionda cəmləşməsini özünə ciddi təhdid hesab edirdi. Milliyyətcə rus olan indiki rəhbər Vladimir Vasilyevin prisipial surətdə korrupsiya və qeyri-qanuni silahlı dəstələrə qarşı başlatdığı mübarizə artıq nəticəsini verir. Təbii ki, bu işdə mərkəz Vasilyevə yaxından kömək göstərir. Açığı, Moskva üçün Dağıstan müsəlman aləmi ilə Rusiyanı bağlayan əsas qapıdır və regionda intizamın formalaşdırması üçün hakimiyyət strukturları möhkəmləndirilir. Hər halda, Rusiyanın Dağıstanda korrupsiya əleyhinə başlatdığı mübarizənin nəticəsi göz qabağındadır”.
Politoloq onu bildirib ki, Rusiya prezidentinin Dağıstanı seçməsi təsadüf deyildi: “Putin bir növ seçkiqabağı kampaniyasında rüşvət və korrupsiyaya qarşı mübarizə apardığı imicini yaratmaq istəyir”.
Qeyd edək ki, bundan öncə Dağıstanda aparılan araşdırmalar zamanı baş nazir, müavinləri və keçmiş təhsil naziri həbs edilib.
Federal Təhlükəsizlik Xidməti Dərbənddə narkotacirlərə qarşı da əməliyyata başlayıb.

Bu xəbər oxundu
- - -