Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Azərbaycan türklərinin mifologiyası

06.03.18, 10:01
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

2-ci yazı

Mifoloji düşüncə Azərbaycan türklərinin mentalitet stereotiplərini, kökə bağlanan qırılmaz telləri üzə çıxardır, eləcə də mifoloji düşüncənin rituallaşmış formaları insanların davranışlarını tənzimləyir. Mərasimlərlə sintezləşən folklor nümunələri mifik düşüncənin əsas daşıyıcılarından biri olmaqla yanaşı yeni yaradıcılıq meyllərinin və bədii formaların da meydana gəlməsinə təkan vermişdir. Çoxaspektli təhlil əsasında məlum olur ki, mifoloji personajlar, spesifik süjet və motivlərin kompleksi tükənməz xalq yaradıcılığının struktur-semantik əlamətlərini mədəni kodlarla zənginləşdirib.
Türk mifologiyası tədqiqatda Azərbaycan mifoloji mətnləri əsasında araşdırılıb bərpa edilir, mifik dünya modeli və təsnifat məsələlərinə aydınlıq gətirilir, Azərbaycan-türk mifoloji-epik təfəkkürünün arxetipləri öyrənilir, mifoloji strukturlar daşıyan mətnlərin təsnifat prinsipləri hazırlanır və bu əsasda onun klassifikasiyası aparılır. Mifologiyanın milli mədəniyyətin əsasında durmasını, ümummilli mədəni dəyərlərin mifoloji dəyərlərin tarixi şüur kontekstində transformasiyası olduğunu nəzərə alsaq, ümumiyyətlə, mifologiyanın öyrənilməsi təkcə Azərbaycan folklorşünaslığı problemləri baxımından deyil, bütövlükdə milli-humanitar düşüncənin araşdırılması və üzə çıxarılması baxımından vacib və zəruridir. Tədqiqatda mətnləri tutuşdurma aspektindən (qədim yazılı mənbələrlə çöl təcrübəsi materiallarının) istifadə edilməsi Azərbaycan mifologiyasının modellərini ümumtürk ibtidai düşüncəsinin mühüm tərkib hissəsi şəklində götürməyə imkan verir və onun fərqli cəhətlərini üzə çıxardır.
Mif və Azərbaycan xalqının tarixi milli etnik-mədəni sistemin siyasi-ictimai mövcudluq kodu ilə onun düşüncə kodunun uzlaşdırıcı modellərinin tapılmasına söykənir. Mifoloji düşüncənin genezisi ağır və çətin elmi problemlərdəndir. Ona münasibətdə gerçəkləşdirilmiş düşüncə modelləri dinamizmi ilə əlamətdardır. Dünyanın mənimsənilməsinin arasıkəsilməz şəkildə verdiyi məlumatlar mifogenezin mahiyyətinə baxışları radikal şəkildə dinamikləşdirməkdədir. Bu mənada mifik görüşlərin xalqın məişəti, qədim tarixi, fəlsəfi, dini baxışı, adət-ənənələri, bayram və mərasimləri, dili və elmi fəaliyyəti ilə əlaqələndirilməsi maraqlı nəticələr əldə edilməsinə imkan verib. Bu problemin qoyuluşu dünya mifoloji fikrinin daha çox sabitləşmiş aksioloji parametrlərinə söykənir. Məsələlərin kateqorial aparat səviyyəsində işləməsi onun kosmoqonik düşüncənin ölmdə mövcud struktur modellərini mənimsədiyini əyani olaraq göstərir. Azərbaycan türklərinin mifologiyası hər bir mifoloji düşüncə kimi öz arxetipik simvollarına malikdir.
İlkin mifoloji anlayışların (zaman, məkan və kəmiyyət), sakrallaşmanın, arxetipik simvolların bədii yaradıcılığın, mədəniyyət növlərinin rüşeymləri olduğu əsaslandırılır. Mifin sakral strukturunun qabardılması milli mədəniyyətimizin funksional strukturu baxımından ciddi əhəmiyyətə malikdir. Müqəddəs ilə adinin, sakral ilə profanın mədəniyyətdə yaratdığı total metastruktur öz invariantı səviyyəsində mifdən başlanır.
Erkən din sistemlərində, arxaik rituallarda və əski inanclarda işlənən mifoloji anlayışlar qruplaşdırılıb təhlil edilir. Rituallar milli mədəniyyətin başlanğıcından tutmuş bugünə qədər onu diaxron və snxron səviyyədə təşkil etməkdədir. Təqvim miflərinin yazqabağı ritmi mütləqləşdirilməklə mifoloji-kosmoqonik dövriyyənin mühüm elementlərindən biri kimi öyrənilir. Səciyyəvidir ki, problem həm faktoqrafik, həm də təhlil səviyyəsində normal kontekstə reallaşdırılır. Azərbaycan türklərinin mifologiyasına onun diaxron dinamikası səviyyəsində baxılır. İlkin dünyagörüşü sistemləri, ibtidai dini formalar olaraq totemizm, şamanizm və s. nəzərdən keçirilir. Dinin arxetipik formalarından olan mifoloji şüurun konkret strukturunu təşkil edən türk totemizmi öz təsdiq işarəsini alır. Türk totemizminin Türkiyədə və Azərbaycanda müəyyən tədqiqatlarda inkar olunmasını nəzərə alsaq, Azərbaycan türklərinin mifoloji düşüncə tarixinə totem mifləri kontekstində yanaşılması bu kateqoriyanın movcudluğunu nümayiş etdirir. Totem strukturu mifoloji-folklor mətninin poetik strukturu səviyyəsində bərpa edilir. Qeyd edək ki, türk totemizmi problemini inkar edənlərin həmin məsələni heç də bütün hallarda profesional səviyyədə qoya bilmədiklərini, o cümlədən bu cür nəhəng problemə münasibətdə öz fikirlərini, demək olar ki, fraqmentar şəkildə irəli sürdüklərini hesaba alsaq, bizim yanaşma öz aktuallığı ilə bərabər, problemin həlli yolunda atılmış konkret elmi addımdır.
Azərbaycan mifoloji mətnləri etioloji-kosmoqonik, təqvim və esxatoloji miflərə ayrılır. Əsas bölgünün, ənənəvi olaraq, kosmoqonik, etnoqonik və təqvim mifləri istiqamətlərində aparıldığını nəzərə alsaq, qeyd etməliyik ki, bu yanaşma mifoloji mətn fondunun ümumtəsnifat strukturundan qırağa çıxmır və ona fərqli baxışı reallaşdırır. Etioloji-kosmoqonik mif tipi «dünyayaratma» kateqoriyası səviyyəsində, təqvim mifləri «dünyanın yaşarlığı» anlayışı kontekstində, esxatoloji mifləri «dünyanın sonu» kontekstində götürülür. Beləliklə, ulu əcdad gerçəkliyə addım-addım, pillə-pillə alışıb və təbiətdə baş verən hadisələrlə, yaranan varlıqlarla miflərin dili ilə danışa-danışa ilkin peşələri: ovçuluğu, bağçılığı, maldarlığı mənimsəmişdi; onlar miflərin dilini bilməsəydilər, nə əkib-becərə, nə toxuya, nə daş alətlər və silahlar qayıra, nə də dünyanın sirlərinə bələd olardılar; onlar göyü sakrallaşdırmasaydılar, təbiətə tapınmasaydılar, nə bir nəğmə qoşar, nə rəqs edər, nə də oyun-tamaşalar qurardılar. Mifologiyanı bəşəriyyətin şüurlu həyatının astanasında duran düşüncə tərzi və kortəbii yaradıcılıq hadisəsi kimi götürüb arxaik rituallardan ayırmaq çox çətindir. Faktlar göstərir ki, Azərbaycan türk mifologiyasının təkamülü əsasən dörd mərhələdən keçib:
a) təbiətə tapınma – totemçilik;
b) təbiətlə ünsiyyətə girmə - şamançılıq;
c) varlıqların bir-biri ilə əbədi mübarizə aparmasına inam – atəşpərəstlşik və
d) dünyanın Vahid yaradıcı tərəfindən idarə olunması ideyasına gəliş – tanrıçılıq və islam.
Sonuncu ümumiləşdiricilik funksiyasını yerinə yetirmiş, əvvəlkilərin işıqlı, uğurlu tərəflərini öz içərisində əritməklə Yaradıcının qüdrətinə sığınmağı təbliğ edib. Əslində islam mərhələsi sırf dini, ictimai-siyasi mahiyyətli mərhələ olub, «super müsəlman» etnosunun formalaşmasına xidmət etdiyi üçün Azərbaycan türklərinin özünüdərkinə müəyyən mənada əks təsir göstərib, dünyaanlamını ümumtürk axarından ayırıb ümumşərq, ümumərəb, ümumislam konteksinə yönəldib.

Ramazan Qafarlı, professor

Bu xəbər oxundu
- - -