Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

SSRİ-nin dağıntıları altında: cəzasız cinayət

06.03.18, 10:05
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Daniil Preobrajenski KM.RU-da (Rusiya) keçmiş Sovetlər Birliyinin dağılma ərəfəsində Dağlıq Qarabağdakı vəziyyət, ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklərdən söz açıb.
Müəllif yazır ki, Dağlıq Qarabağ Muxtar Vilayəti və Şaumyan rayonu Xalq Deputatları şuralarının 1991-ci il sentyabrın 2-də keçirilmiş birgə sessiyasında “Dağlıq Qarabağ Respublikası”nın yaradıldığı elan olunub. Heç kəsin tanımadığı bu qondarma qurum təkcə Dağlıq Qarabağ Muxtar Vilayətini deyil, həm də vilayətə daxil olmayan Şaumyan rayonu və Xanlar rayonunun bir hissəsini “tərkibinə daxil edib”.
SSRİ-nin dağılması dərin idarəetmə böhranı fonunda baş verirdi. Respublika və mərkəzi hakimiyyət orqanları arasında səlahiyyətlərin bölüşdürülməsi ətrafında gedən qızğın mübarizə “qanunların müharibəsi”nə çevrilmişdi. Köhnə sovet partiya alətləri sıradan çıxır, SovİKP nüfuzdan düşür, ölkəni kütləvi tətil və mitinqlər bürüyürdü. Cəmiyyətin kriminallaşması təhlükəli həddə çatmış, güc strukturları müxalif KİV-in təzyiqi altında idi.
Tezliklə Sovet İttifaqı süquta uğradı. Lakin Sovet ordusunun bölmələri postsovet məkanındakı köhnə dislokasiya yerlərində qalmaqda idi. NATO-nün mümkün zərbələrinin qarşısının alınması üçün toplanmış silah anbarları da yerində idi. Hərbi potensialın miqyasını təsəvvür edirsiniz?
Əvvəl bunun hamısı Moskvadan idarə ounurdusa, SSRİ-nin süqutundan sonra Rusiya digər ərazilərdəki hərbi əmlakla bağlı hər hansı sərəncam vermək hüququndan məhrum olmuşdu.
SSRİ-nin hərbi irsinin qanuni bölünməsi prosesini təşkil etmək məqsədilə MDB ölkələri Birləşmiş Silahlı Qüvvələr təsis etmək barədə razılığa gəlmişdilər. İlk komandan da SSRİ-nin keçmiş müdafiə naziri, aviasiya marşalı Şapoşnikov idi. Bu, bir müddət Moskvanın keçmiş Sovet ordusuna nəzarət etməsinə imkan verirdi.
Lakin artıq Rusiyanın digər respublikalardakı hərbi birləşmələrə nəzarət etmək imkanı SSRİ zamanında olduğundan, o zamankı müdafiə nazirləri və ölkə rəhbərlərinin imkanlarından çox məhdud idi.
Beləliklə, bütün bunların və keçmiş SSRİ ölkələrinin demək olar ki, hamısını bürümüş ümumi sosial-iqtisadi xaosun, kriminallaşmanın fəsadları gözlənilən idi. Hərbi anbarlardan silahlar daşınmağa başlamışdı. Qeyd edək ki, sonralar postsovet dövlətlərinin orduları da SSRİ Daxili Qoşunlarının bazasında qurulub.
O zaman Dağlıq Qarabağ Ali Sovetinin sədri, faktiki isə tanınmamış separatçı bölgənin hakimi “Daşnaksutyun” partiyasının təmsilçisi Artur Mkrtçyan idi. Xocalı şəhərinin dinc azərbaycanlı sakinlərinin kütləvi qətliamı məhz onun hakimiyyəti dövründə baş verib.
Qarabağ yaraqlıları Xocalını üç tərəfdən mühasirəyə almışdı. 1992-ci il fevralın 26-na keçən gecə azərbaycanlı yerli özünümüdafiə dəstəsi və “omonçu”lardan ibarət kiçik bir bölmənin qoruduğu şəhərə hücum başlayıb.
Şəhərdə döyüşlər başlayanda Xocalı sakinləri kütləvi şəkildə yeganə açıq dəhlizə tərəf üz tutub. Bu zaman onları yalnız bir qrup “omonçu” qoruyurdu və qaçan insanlar yenicə xilas olduqlarını düşünən zaman, dağların ətəklərində pusqu qurmuş erməni yaraqlılarının atəşinə məruz qalıb.
Xocalıda qətlə yetirilmiş və yaralanmış insanların sayı müxtəlif mənbələrdə fərqli göstərilir. “Human Rights Watch Bloodshed in the Cucasus” hesabatında 300 meyitin aşkarlandığını bildirir. Lakin tamamilə əsaslandırılmış başqa qiymətləndirmələrə görə, ölənlərin sayı bundan xeyli çoxdur. Nəzərə almaq lazımdır ki, atəş altına düşənlərin bir qismi yaxınlıqdakı meşələrdə gizlənməyə çalışırdı və elə oradaca donvurmadan ölürdü. (Tomas de Vaal, “Qara bağ. Ermənistanla Azərbaycan sülhlə hərb arasında”. Siyasi Ensiklopediya, 2014. C.2009).
Tomas de Vaalın BBC-nin rəsmi saytında yerləşdirilmış kitabında Xocalıda baş verənlərin qiymətləndirilməsi zamanı misli görünməmiş həyasızlığın nümyaişi əksini tapıb: “Erməni hərbi rəhbər Serj Sarqsyandan Xocalının alınması haqda danışmasını xahiş etdikdə, o ehtiyyatla dedi: “Biz bu barədə ucadan danışmaq istəməzdik… Xocalı hadisələrinə qədər azərbaycanlılar düşünürdülər ki, bizimlə zarafat etmək olar. Onlar fikirləşirdilər ki, ermənilər dinc əhaliyə əl qaldırmağa qadir deyil. Biz bunu (stereotipi) aradan qaldıra bildik”.
Tomas de Vaalın istinad etdiyi erməni hərbi rəhbəri Ermənistanın hazırkı prezidenti Serj Sarqsyandır (onun səlahiyyət müddəti 2018-ci il aprelin 9-da başa çatacaq).
Hörmətli oxucular, Xocalıda baş verənlər Hitlerin cəza dəstələrinin Sovet İttifaqının işğal olunmuş ərazilərində törətdiklərini xatırlatmırmı? Nasist liderləri sonradan Nürenberqin müttəhimlər kürsüsündə oturubsa, bəlkə elə Xocalıda dinc sakinlərin qırğınında günahkar olanlar da belə bir beynəlxalq mühakiməyə layiqdir?
Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırım siyasəti Pakistan mətbuatında da işıqlandırılıb.
“THE NEWS” yazır ki, XX əsrin sonlarında erməni təcavüzkarları tərəfindən həyata keçirilmiş Xocalı soyqırımı dünyada törədilmiş ən dəhşətli cinayətlədən biridir. Bu soyqırım təkcə azərbaycanlılara qarşı yox, həm də bütünlükdə insanlığa, sivilizasiyaya qarşı törədilib.
Xocalı qətliamı Xatın, Lidiç, Oradur-sür-Qlan, Sonqmi, Ruanda və Srebrenitsa qətliamları kimi, dünyada baş vermiş ən dəhşətli faciələrdən biridir. Bu qətliamlar mülki vətəndaşlara qarşı cinayət kimi tarixə düşüb. Bu dəhşətli qətliam 1992-ci il fevralın 26-na keçən gecə törədilib. Erməni hərbi birləşmələri Xankəndidə yerləşən, keçmiş SSRİ-yə məxsus 366-cı motoatıcı alayın köməyilə Xocalı şəhərinin silahsız, müdafiəsiz əhalisinə hücum edib. Ermənilər ilk öncə bu şəhəri 4 tərəfdən mühasirəyə alıb, daha sonra oranı amansızcasına, böyük səylə artilleriya atəşinə tutub. Bu zaman hərbi texnikadan da istifadə edilib. Yerli əhali evlərini tərk etməyə, yaxınlıqda yerləşən dağlara və meşələrə qaçmağa məcbur olub.
Şəhəri işğal etmiş erməni hərbi birləşmələri orada talanlar törədib, evləri yandırıb, günahsız insanlara qarşı repressiya həyata keçirib. Qədim Xocalı şəhəri bir gecə ərzində yerlə-yeksan edilib. Soyuq və qarlı fevral gecəsi qadınlar, qocalar və uşaqlar girov götürülüb. Bir çox insan dağlara və meşələrə qaçmağa məcbur olub. Onlardan bəziləri orada donaraq həlak olub.
Erməni hərbi birləşmələrinin vəhşiliyi nəticəsində 613 nəfər öldürülüb, 487 nəfər əlil olub, 1275 nəfər girov götürülüb. Girov götürülmüş şəxslər təhqirlərə məruz qalıb. 150 nəfər haqda indiyədək heç bir məlumat yoxdur. Bu, əsl soyqırımdır.
Sirr deyil ki, bu cinayətə görə birbaşa Ermənistan rəhbərliyi məsuliyyət daşıyır. Onlar bu əməliyyatı planlı şəkildə həyata keçirib. Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan (2008-2016) bu faciənin fəal iştirakçılarından biri olub. O, həmin dövrdə 366-cı motoatıcı alayda zabit idi.
Ermənistanın hazırkı prezidenti Serj Sərkisyan da həmin dövrdə erməni hərbi birləşmələrinin komandiri olub. O, britaniyalı jurnalistə Xocalının işğalı haqda danışarkən, erməni hərbi birləşmələrinin cinayətini etiraf edib. Sərkisyan müsahibəsində bildirib ki, “Xocalıdan əvvəl azərbaycanlılar fikirləşirdilər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməz. Biz bu stereotipi qıra bildik”.
Bu etirafdan sonra başqa dəlillərə ehtiyac varmı? Amma Xocalı soyqırımını törətmiş insanlar – Sarqsyan, Ohanyan, Koçaryan və digər erməni cinayətkarları indiyədək məsuliyyətə cəlb olunmayıblar.
Artıq bir sıra ölkələrin parlamenti Xocalı faciəsini soyqırım aktı kimi tanıyıb. Peru, Meksika, Kolumbiya, Kanada, Pakistan, Bosniya və Hersoqovina, Rumıniya və İordaniyanı buna misal göstərmək olar. Bununla yanaşı, ABŞ-ın 20 ştatı da Xocalı soyqırımını tanıyıb.
Əlbəttə ki, Azərbaycan bu uğurlarla kifayətlənməyəcək. Azərbaycan xalqı Xocalı faciəsini və bu mənfur cinayəti törətmiş şəxsləri heç vaxt unutmayacaq. Xocalı sakinlərinin qətlə yetirilməsində əli olan Serj Sarqsyan, Seyran Ohanyan, Robert Koçaryan və digərləri bu dəhşətli cinayətə görə beynəlxalq məhkəmə qarşısında məsuliyyətə cəlb olunmalıdırlar və gec-tez o gün gələcək.
“Əl-Muraqib əl-İraqi”də, (İraq) Azərbaycan üzrə mütəxəssis, yazar Dr. Mutəzz Muhy Əbdülhəmid isə yazır ki, o dövrdə zorakılıq dalğası Azərbaycanın paytaxtı Bakıdan başlamış, ölkənin hər tərəfini, demək olar ki, bütün kəndlərini əhatə etmişdi. Bu zaman yüzlərlə kənd dağıdılmış, yer üzündən silinmiş, Azərbaycanın minlərlə mülki sakini xüsusi vəhşiliklə qətlə yetirilmişdi. Bütün bunlarda məqsəd “Böyük Ermənistan” dövlətinin qurulması idi.
Ermənilər öz planlarını hələ Birinci Dünya müharibəsindən, eləcə də 1917-ci ildə Rusiyada baş vermiş fevral və oktyabr inqilablarından sonra yaranmış vəziyyətdən istifadə edərək, bolşevik inqilabı liderlərinin bayrağı altında həyata keçirməyə başlamışdılar. Onlar bunu “anti-inqilabi ünsürlərlə mübarizə” adı altında həyata keçirirdilər. 1918-ci ilin martında isə Bakı İnqilab Komitəsi azərbaycanlıların Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və başqa Azərbaycan bölgələrindən yox edilməsi məqsədi güdən planı həyata keçirməyə başlamışdı. Səbəb sadəcə, azərbaycanlıların etnik mənsubiyyəti, müsəlman olması idi. Məhz bu üzdən minlərlə azərbaycanlı məhv edilir, kəndlər yandırılır, milli-mədəni abidələr tamamilə dağıdılırdı...
Ermənilər bu vəhşi, zorakı siyasət, Rusiyanın onlara meyli, çox sayda Azərbaycan şəhərini ələ keçirməsinə kömək etməsi nəticəsində Rusiya Kommunist Partiyasına tabe olan Qafqaz Komitəsinin 1921-ci ildə keçirilən iclasında Dağlıq Qarabağ regionunu Ermənistana qatmağa müvəffəq olublar. Lakin bu qərar Azərbaycan tərəfinin kəskin etirazına səbəb olduğundan az sonra Kommunist Partiyası Mərkəzi Komitəsinin müdaxiləsilə ləğv edilib. Beləliklə, Qafqaz Komitəsi bu regionun Azərbaycanın tərkibində saxlanması haqda yeni qərar qəbul edib. Lakin bu zaman vilayətə muxtariyyət verilib və Şuşa şəhəri onun mərkəzi elan olunub. Bununla da Azərbaycan ərazisində yeni qondarma qurum yaradılıb. Üstəlik, buranın əhalisinə Ermənistanda yaşayan azərbaycanlıların malik olmadığı hüquqlar verilib. Bununla paralel olaraq, ermənilər bu vilayəti Azərbaycanda qopara bilməsə də, ərazilərini Azərbaycanın bir sıra digər şəhərləri, məsələn, Zəngəzur və s. hesabına genişləndirməyə nail olub. Amma onlar bu vilayətlə bağlı planlarından da əl çəkməyib.
Cavid

Bu xəbər oxundu
- - -



___

Tehrandan Bakıya dil uzadanlar – Azərbaycandan düşmən yaratmaq onların nəyinə lazımdır?(ardı...)