Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Bu il yaz mövsümü daha erkən başlayıb

06.03.18, 12:44
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Tofiq Məmmədov: “İqlim şəraitindəki kəskin dəyişiklik bitkilərin bioritm prosesinin pozulmasına gətirib çıxarır”

Təqvimdə martın əvvəli olsa da, bioloqların dediyinə görə, bu il yaz ənənəvi vaxtından 10-15 gün qabaq gəlir. Qışın qarsız, havaların mülayim keçməsi bitkilərdə oyanmaya səbəb olub. Fəsillərdəki bu cür dəyişiklik bağbanlara, bitki həvəskarlarına xeyli qayğılar gətirib. Bu sahədə Abşeron yarımadasının da xeyli özəllikləri var. Azərbaycan Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvi Tofiq Məmmədov bu barədə danışarkən deyib: “Respublikamızda temperatur şəraitinin dəyişməsi indiki dövrdə daha çox özünü göstərir. İqlim şəraitindəki kəskin dəyişiklik bitkilərin bioritm prosesinin pozulmasına gətirib çıxarır.
Bu il yaz mövsümü daha erkən başlayıb. Yazın gəlişi ilə əlaqədar olaraq zərərverici həşəratlar oyanır. Onlar torpağın alt hissəsində, ağacın qabığında yuva salır və havanın temperaturu yüksələn kimi fəaliyyətə başlayır. Ona görə də ilin bu vaxtı bitkilərin dibini yumşaltmaq, qurumuş budaqları kəsmək, bitkilərə forma vermək və s. işləri yubanmadan görmək lazımdır. Ağacların gövdə hissəsini əhənglə ağardılması ən mühüm məsələlərdən biridir. Əhəng təkcə zərərvericilərə qarşı deyil, eyni zamanda, həm də bitkini ətraf mühitin təsirlərindən qoruyur. Bu məqsədlə efir yağları və fitonsidlərlə zəngin olan bitkiləri bir çox dekorativ bəzək bitkilərinin yanında əkmək çox yaxşı səmərə verir. Həmin bitkilərin dibinə kofein, pivə və dəmlənilmiş çay qalıqının tökülməsi də qoruyucu rol oynayır. Yaz vaxtı bitkilərə gübrə verilməsi də çox vacibdir. Bitkilər üçün ən yaxşı gübrə mal və quş peyini hesab olunur”.
Direktor söhbətinə davam edərək deyib: ”Abşeronda iqlim şəraiti xeyli dərəcədə dəyişib. Son dövrlərdə dendrofloranın artırılması, yaşayış yerlərinin, yeni park və bağların salınması, həmin ərazilərdə suvarılmanın nisbətən artırılması, buxarlanmanın çoxalması nəticəsində Abşeron yarımadasında Aralıq dənizi florasına məxsus bitkilərin 80, Asiya florasının 37 faizi bitir. Etiraf edək ki, Abşeron torpaqlarında bitən əncir, şanı, qarpız, yemiş və digər məhsullardan əvvəlki təamları almaq mümkün deyil. Torpaqda qələviliyin miqdarı xeyli artıb, şoranlıq azalıb. Vaxtilə Abşeronda bitən bitkilərin yerini təzə növlər tutmağa başlayıb. Son vaxtlar Aralıq dənizi ölkələrindən Azərbaycana 800 yaxın bitki növü gətirilib və onların çox böyük əksəriyyəti yerli şəraitə uyğunlaşır. 1939-cu ildə Abşeron yarımadasında 4, 1952-ci ildə 345 ocaq və kol bitkisi var idisə, indi 1610 ağac və kol bitkisi yetişdirilir”.
Yarımadada bitən ayrı-ayrı bitkilərin xüsusiyyətinə toxunan mütəxəssis qeyd edib ki, azot, fosfor, kalium gübrələrinin çatışmazlığı bitkilərdə müəyyən xəstəliklərə səbəb olur. Onun dediyinə görə, ərik və şaftalı regionda yaxşı məhsul versə də, onların ömrü 3-5 ildən artıq olmur. Bunun səbəbi ağacın kökləri torpağın dərin qatlarına işlədikcə lazımi qida maddələri ilə təmin olunmaması ilə əlaqədardır. Bitkinin biologiyası, morfoloji əlamətləri və fərdi xüsusiyyətlərini nəzərə almadan onu əkib-becərmək olmaz. Məsələn, Abşeron yarımadasında evkalipti qələmlə çoxaldarkən onun inkişaf etmiş zoğları 18-27 santimetr uzunluğunda kəsilib əkilməlidir. Region xüsusiyyətlərini nəzərə alaraq onu kanal suyu ilə suvarmaq daha məqsədyönlüdür. Ağacın toxumla əkilməsi zamanı ondan 80, qələmə ilə 60-65 faiz məhsuldarlığa nail olmaq mümkündür. Abşeronda bir sıra meyvələr 5-8 yaşına qədər yaxşı inkişaf edir və sonra kök sistemindən başlayaraq xəstəliyə məruz qalır. Bu, əsasən torpaqda olan qida elementlərinin çatışmazlığından əmələ gəlir. Ona görə də həmin bitkiləri vaxtaşırı dərmanlamaq lazımdır.

Bu xəbər oxundu
- - -