Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Afrində məhv edilən terrorçuların sayı 3 mini keçib

09.03.18, 11:46
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Türk ordusu Afrinin mərkəzinə çatıb

Türk Silahlı Qüvvələrinin və Azad Suriya Ordusunun Suriyanın Afrin şəhərində birgə həyata keçirdikləri "Zeytun budağı" əməliyyatı davam edir. Əməliyyat zamanı 3149 terrorçu məhv edilib.
Hazırda Türkiyə Silahlı Qüvvələri əməliyyat çərçivəsində Suriyanın Afrin bölgəsinin 60 faizini terrorçulardan təmizləyib. Artıq Afrinin 6 bölgəsindən 5-i - Cinderes, Raco, Şeran, Bülbül və Şeyx Hadid terrorçulardan azad edilib. TSQ sonuncu bölgə olan Mabadlını PKK-dan azad etmək üçün hazırlıqlara başlayıb. Birləşmiş qüvvələr İŞİD, PKK terror qruplaşmasına qarşı mübarizə aparır.
Qeyd edək ki, "Zeytun budağı" əməliyyatı yanvarın 20 - də başlayıb.
Qeyd edək ki. Afrin əməliyyatı Ankara-Vaşinqton gərginliyi fonunda aparılır. Vaşinqton beynəlxalq hüququ tapdalayaraq NATO-dakı müttəfiqinə qarşı çıxır və terror təşkilatına silah yardımı edir, həmçinin hərbi-siyasi dəsətk verməklə beynəlxalq cinayətə imza atmış olur.
ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Noyert Əsəd rejiminin Türkiyəyə müdaxiləsi ilə bağlı suala cavab verə bilməyib. O, jurnalistin "PKK-PYD terror təşkilatı Əsəd rejimi ilə birləşib Türkiyəyə hücum etsə, sizin mövqeyiniz nə olacaq" sualını cavablandırmaqda çətinlik çəkib. "İki, hətta üç ehtimala dayanan bir suala cavab verməyəcəyəm", - Noyert bildirib.
Trükiyəni təhdid edən ABŞ Türkiyənin Rusiyaya məxsus "S-400" zenit-raket komplekslərini almaqdan imtina edəcəyinə ümid bəslədiyini bildirib. Belə bir açıqlama ilə NATO-nun Avropadakı Birləşmiş Hərbi Qüvvələrinin baş komandanı, Amerika generalı Kertis Skaparrotti çıxış edib. General əks təqdirdə Vaşinqtonla Ankara arasında müdafiə sahəsində əməkdaşlığın kəsiləcəyi ilə hədələyib. "Biz Türkiyə ilə onların istifadə edə biləcəyi Hava Hücumundan Müdafiə tədbirlərini və sistemlərini müzakirə edirik. Düşünmürəm ki, bu, başa çatmış sövdələşmədir. Düşünürəm ki, vaxtımız var və mən işi bu aspektdə davam etdirmək istəyirəm ki, onları həmin sistemin NATO standartlarına uyğun gəlmədiyini əmin edə bilim", - deyə general bildirib.
Demokrat senator Cek Rid isə bildirib ki, Türkiyənin "S-400" raketlərini əldə etməsi ABŞ və Türkiyə arasındakı müdafiə sahəsində əməkdaşlığa potensial təhlükə törədir.

Bu arada isə Türkiyə ordusunun əməliyyat planı açıqlanıb. Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu “Zeytun budağı” hərəkatında strateji bölgə sayılan Cinderesi terrorçulardan azad etməklə Afrinin mərkəzinə doğru 3 mərhələli planla irəliləyir. Türk ordusu şimal, cənub və qərbdən əvvəlcə şəhərə hücum edəcək, havadan terrorçuların mövqeləri bombalanacaq, daha sonra isə şəhərin tam təmizlənməsi başlanacaq. Birinci mərhələdə türk ordusu ASO ilə birlikdə hərəkət edəcək. İkinci mərhələdə türk qırıcıları, son mərhələdə isə TSQ-nın xüsusi təyinatlıları əsas rol oynayacaq.
Suriya Demokratik Qüvvələri adlandırılan qrupun nümayəndəsi Ömər İdlibi danışıb ki, türk ordusunun hücumları nəticəsində Afrində ağır itki verən terrorçulara Suriyanın digər ərazilərindən kömək göndəriləcək.
“Afrini müdafiə etməyə məcburuq. İndiyə qədər 1700 döyüşçümüzü Afrinə göndərmək qərarı aldıq. Bizim isə 6 min döyüşçümüz var”, - İdlibi bildirib.
Qeyd edək ki, SDQ Afrinə dəstək üçün Deyr əz-Zordan 1700 terrorçunun döyüş bölgəsinə göndərilməsinə qərar vermişdi. Növbəti mərhələdə isə Rakkadakı terror ünsürlərinin də türk ordusunun qarşısının alınması üçün Afrinə göndərilməsi nəzərdə tutulur.
Onu da əlavə edək ki, Türkiyə Silahlı Qüvvələrinin (TSQ) və Azad Suriya Ordusunun (ASO) Afrində ardıcıl uğurları PKK/YPG terrorçularını ciddi təşvişə salıb. Yaşayış sahələrinin müntəzəm olaraq azad edilməsi qruplaşmada gərgin psixoloji durum yaradıb. Müttəfiq ordularının qarşısında tab gətirə bilməyən terrorçular geri çəkildikdə ABŞ-dan aldıqları xeyli silah-sursat da ələ keçirilir. Bəzi mənbələrin məlumatına görə, Türkiyə ordusu Afrində YPG-nin ABŞ silahlarını saxladığı ən böyük cəbbəxanasını tapıb.
NTV isə xəbər verir ki, türk ordusu Afrinin mərkəzi hissəsinin sərhədlərinə çatıb. Afrin mərkəzi bölgəsinin tabeliyində olan Şavariqat Əl-Caviz və Melkiyə kəndləri terrorçulardan təmizlənib.
Türkiyə Silahlı Qüvvələrinin əməliyyatı nəticəsində Arfin yaxınlığındakı Böyük Halobu kəndi terrorçulardan azad edilib. Kəndin azad edilməsi ilə Afrinlə Azezi içməli su ilə təmin edən bənd ordu qüvvələrinin nəzarətinə keçib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, yanvarın 20-dən indiyə qədər Türkiyə ordusunun müxalif Azad Suriya Ordusu ilə birgə Suriyanın Afrin bölgəsində həyata keçirdiyi "Zeytun budağı" əməliyyatı nəticəsində 3089 terrorçu zərərsizləşdirilib. Türkiyə prezidenti bildirib ki, Afrin bölgəsində 800 kvadratkilometr ərazi terrorçulardan təmizlənib. Türkiyə "Fərat qalxanı" əməliyyatı nəticəsində 2 min kvadratkilometr ərazini terrorçulardan azad edib. "Zeytun budağı" əməliyyatı nəticəsində də 2 min kvadratkilometr olan Afrin bölgəsi PYD/YPG terrorçularından təmizlənəcək. Nəticədə Afrinə ən azı 140-150 min, bəlkə də 200 min insan qayıdacaq.

Əli

Bu xəbər oxundu
- - -