Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Söyüş və zorakılıq olan yerdə siyasət bitir

09.03.18, 13:48
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

İstər xaricdə yaşayan, istərsə də ölkə daxilində yaşayanlar olsun, insanlar anlamalıdır ki, siyasətdə etiket və etik qaydalar var. Əxlaq qaydalarını aşmaq və qırmızı cizgiləri pozmaq olmaz.
Milli Məclisin üzvü, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa son dövrlər xaricdə yaşayan və daha çox anti-milli mövqedən çıxış edərək Azərbaycan hökuməti, ictimaiyyət nümayəndələri, ziyalıların təhqir edilməsi hallarını şərh edərkən deyib.
Deputat bildirib ki, təhqirə gedən, qeyri-əxlaqi davranış nümayiş etdirən insanlar bilməlidir ki, siyasətdə etiket qaydalarını pozmaq olmaz:
“İlk olaraq üç qaydanı hər kəs bilməlidir. Birincisi, hər bir kəsin şəxsi fəaliyyəti onun özünə aiddir. Onu hansısa şəkildə tənqid etmək, bəyənməmək olar. Amma şəxsin ailəsinin siyasətə qatılması, hədəfə gətirilməsi qeyri-əxlaqi davranışdır və yanlış tendensiyadır. Bu, hamı üçün dəyişməz qayda kimi qəbul edilməlidir”.
Fazil Mustafa əlavə edib ki, onun özü uzun illər siyasi mübarizə içində olan siyasətçidir: “Biz hakimiyyətə qarşı ən sərt mübarizə aparmışıq. Amma heç vaxt ailə və təhqir zəminində təhqirlə qarşılaşmamışıq. Bu, olduqca önəmlidir. Çünki bu hal insanların siyasətə hədsiz kinini yükləməyə imkan tanımır, qeyri-əxlaqi davranışları rədd edir. Eləcə də rəqibə amansız münasibət formalaşdırmır. Bolşevizm haradan doğdu? Sözsüz ki, amansız nifrətin doğurduğu növbəti vəhşilik idi ki, insanlıq tarixinə daxil olub. Odur ki, bizim kimi bir qədər də Şərq mentalitetində olan toplumlar üçün yuxarıda qeyd edilən şərtə xüsusi əməl edilməlidir.
İkincisi, Qərb dünyasında siyasətdə mədəni və əxlaqi davranış kimi qeyd etdiklərim daha ciddi qəbul edilir. Siyasətin dilində söyüşü önə çəkmək təhlükəli addımdır. Bu söyüş həm də özü ilə zorakılığı gətirir. Söyüş söyən sabah fikrini zorakılıqla qəbul etdirməyə çalışan siyasi obraza çevrilməyə başlayır. Söyüşlə problem həll edilməz. Dünyada, müxtəlif parlamentlərdə insanlar bir-birini qəbul etmir, fikirlərini həzm edə bilmirlər. Amma üslubu qoruyaraq fikirlərini bir-birinə çatdırırlar. Bu olmayanda, yumruq davası baş verir. Bu da narahatçılıq yaradır. Odur ki, söyüşü siyasətin içindən çıxarmaq lazımdır. Bunu edənlər dayanmalıdır”.
Partiya sədri əlavə edib ki, xaricdə yüzlərlə azərbaycanlı var ki, öz vətəninə xeyir verə bilər: “Elə soydaşlarımız var ki, olduqları toplumda özlərinə nüfuz və hörmət qazanıblar. O insanlar söyüş və təhqirə keçir ki, yaşadığı topluma öz dəyərini qəbul etdirə bilmir. Buradan getmisənsə, orada önə çıx. Əgər bura qayıdıb Avropada olan mədəni üslubu tətbiq edə bilmirsənsə, deməli, heç nə öyrənməmisən. Söhbət budur. Bir çoxları deyir ki, biz Rəsulzadənin yolunu gedirik. Rəsulzadənin yolunu getdiyini deyənlər bir onun həyatını vərəqləsin. Rəsulzadədən çox təhqirə məruz qalan olmayıb. Amma Rəsulzadənin leksikonunda söyüş tapmaq mümkündürmü? Odur ki, bu cür qeyri-əxlaqi davranışlar, söyüş və təhqirlər, ələlxüsus siyasətə ailənin qatılması yolverilməzdir. Siyasətin dili həssasdır və onu söyüşə çevirmək olmaz. Söyüş və zorakılıq olan yerdə siyasət bitir. Siyasət və diplomatiya dili ona görə seçilir ki, hər şey zorakılıq və söyüşlə həll edilməsin. Üstəlik xaricdə yaşayanın söyüş və zorakılığı bumeranq effekt verir. Odur ki, buna rəvac verən hər hansı bir addım atılmamalıdır”.
Fazil Mustafa əlavə edib ki, son günlər mühacirlərdən birinin atasının məzarının təhqir edilməsinə dair xəbərlər yayılıb:
“Çox yaxşı haldır ki, hakimiyyət orqanları vaxtında məsələni araşdıraraq açıqlama verdi ki, belə bir hal olmayıb. Əgər kimlərsə buna cəhd edibsə, onları da cəzalandırmaq lazımdır. Yaxşı ki, dövlət orqanları bu bəhanəni aradan qaldıran açıqlama verdilər. Siyasətçinin hansı cinahda olmasından asılı olmayaraq, onun ailəsi, uşaqları haqqında böhtan və yalan şeyləri gündəmə gətirmək qeyri-əxlaqi davranışdır. Bunu etməmək lazımdır”.
Müsahibimiz deyir ki, son dövrlər sosial şəbəkələrdə söyüş və təhqiri əsas şüara çevirən və bununla da ölkənin imicinə zərbə vuran, əxlaq qaydalarını pozanların çoxu siyasətçi deyil:
“Özünütəsdiqin fərqli yolları var. Mənim xaricdə hörmət etdiyim azərbaycanlı uğurlu iş adamı, bələdiyyəyə seçilən, olduğu şəhərdə tanınan və qəbul olunan azərbaycanlılardır. Azərbaycanlı həmin ölkənin vətəndaşlığını da qəbul edə bilər, hətta Azərbaycanı bəyənməsin, tənqid etsin. Amma söyüşə keçməsin. Problemin kökü budur. Biz heç kimə demirik ki, sənin mövqeyin belə olsun. Amma etik davranış qaydalarına əməl edilməlidir. Qeyri-etik hərəkətlər heç kimə başucalığı gətirmir. Məsələn, belə hallar bizdə sosial şəbəkələrdə eyni qaydada gedir. Görünməyən yerdə insanların mədəniyyətsizliyi və ədəbsizliyi üzə çıxır. Fikirləşir ki, sosial şəbəkədədir və kimi istəyirsə söyə bilər. Sonra baxırsan ki, bunun özünün ailə dəyəri yoxdur, 5 nəfərin yanında ləyaqətli adam kimi tanınmır. Amma sosial şəbəkədə tribuna yaradıb hamını söyə, təhqir edə bilir. Bəlkə də zamanında vətən, torpaq, müharibə və s. kimi məsələləri düşünməyib. Lakin mənəvi “haqq” tapıb ki, xoşu gəlməyən insanları söyə bilər. Niyə, sən kimsən ki, məni söyəsən? Buyur tənqid elə. Tarixi və ya başqa mövzularda bir fikir deyirsən, dərhal bir gerizəkalı sürü ortaya çıxır və başlayır söyməyə. Özünü tapmayan və təsdiq etməyən söyüşə keçir. Bu da qınanılası addımdır. İnsanların kinli şəkildə öz dövlətinə qarşı çevrilməsi dəhşətlidir. Bunun yumşaldılmasına ehtiyac var. Xaricdə yaşayan yüzlərlə ləyaqətli və duruş insan var”.

Bu xəbər oxundu
- - -