Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Ermənistan rəsmiləri, siyasiləri və ekspertləri özləri etiraf etdilər ki...”

12.03.18, 11:04
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Mübariz Əhmədoğlu: “Ermənistan dövləti Türkmənçay müqaviləsinədək mövcud olmayıb”

“Türkmənçay sülh müqaviləsi 1828-ci ilin fevralın 10-da imzalanıb. Bu müqavilənin 190 illik yubileyinə dair Bakıda tədbirlər Azərbaycan və Rusiya mütəxəssislərinin iştirakı ilə təxminən fevralın əvvəli və ortalarında keçirildi. Yerevanda belə müzakirələr martın 6-da keçirildi”. Bunu Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib. Onun sözlərinə görə, təxminən bir ay yubanmanın səbəbini Ermənistan hakimiyyətinin Türkmənçay müqaviləsinin 190 illik yubileyinin keçirilməsinə müqavimət göstərməsi ilə izah etmək olar: “Nəhayət ki, Rusiyanın Ermənistandakı səfiri Volınkinin iradəsi qalib gəldi. Gecikmə ilə də olsa Türkmənçay müqaviləsinin 190 illiyinə həsr olunmuş “Türkmənçay sülhü -190 il: Tarix və Müasirlik” adlı beynəlxalq elmi-praktik konfrans keçirildi. Rusiya tərəfinin bir qırağa qoyaq. Tədbirdə iştirak edən Ermənistan rəsmiləri, siyasiləri və ekspertləri özləri etiraf etdilər ki, Ermənistan dövləti Türkmənçay müqaviləsinədək mövcud olmayıb. Bu həqiqətdir. Rus imperiyası İranla ikinci müharibədən sonra İrəvan və Naxçıvan xanlıqlarını da öz tərkibinə qatdı. 1813–cü ildə imzalanmış Gülüstan sülh müqaviləsinə görə digər xanlıqlarla yanaşı Qarabağ xanlığı Rusiya imperiyasının tərkibinə qatılmışdı. “İrəvan”, “Naxçıvan”, “Qarabağ” və “xanlıq” terminlərinin erməni dilinə zərrə qədər aidiyyəti yoxdur. Çar Rusiyası işğal etdiyi torpaqlarda ilk olaraq “Kiçik Ermənistan” yaratdı. Məqsədi siyasi idi. Rus imperiyası İranla haqq-hesabı çürütdükdən sonra Osmanlı imperiyasının tərkibində olan erməniləri özünə tərəf çəkmək kursunu götürmüşdü. Sonrakı hadisələr təkcə mütəxəssis tarixçilərə deyil, daha geniş təbəqəyə bəllidir. Türkmənçay müqaviləsində xüsusi olaraq göstərilən maddələrdən biri İrandakı ermənilərin İrəvan və Qarabağ xanlıqlarına köçürülməsinə İranın maneə etməməsi ilə bağlı idi. Nəticədə, 140 min erməni ailəsi İrəvan və Qarabağ xanlıqlarına köçürüldü. Adicə hesablama göstərir ki, indi Cənubi Qafqazda yaşayan ermənilər həmin 140 min ailənin törəməsidir. Xüsusi olaraq bir faktı qeyd edək ki, İranla Çar Rusiyası arasında müharibələr zamanı İranda azərbaycanlılar (Qacarlar) hakimiyyətdə idi.
İrəvanda keçirilən bu tədbir hər halda bu ölkədə olan bütün diplomatik korpusun diqqətini cəlb etdi. Ən azı, məşhur amerikalı diplomat, ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri Metyu Brayzanın bu tədbirlə təxminən eyni vaxtda analoji fikir səsləndirməsi də rezonans effekti yaratdı. Metyu Brayza 1897-ci ildə Çar Rusiyasının apardığı siyahıya alınmanın nəticələrini diplomatik qaydada açıqladı. Bu siyahıya alınmaya görə İrəvanda əhalinin böyük əksəriyyəti azərbaycanlı imiş.
Rusiya səfiri Volınkinin belə addım atması onun fərdi təşəbbüsü deyil. Xəstə erməni millətçiliyi indi artıq həm də Rusiyaya qarşı yönəlib; Ermənilər Apostol dininin dayışıcıları olmaqları barədə ideyaları şişirtməklə rus pravoslavlığını aşağılayırlar. Ermənilərin fikrincə, ruslara pravoslavlıq dinini gətirən erməni qadındır. Ermənilər olmasaydı, guya ümumiyyətlə rus sivilizasiyası olmazdı. SSRİ-nin dağılmasında ermənilərin iştirakı belə mövzularda ermənilərin zarafat etmədiklərini göstərir. Rusiyanı strateji müttəfiq adlandıran prezident Serj Sərkisyan ermənilərin SSRİ-nin dağılmasında iştirakını etiraf etdi. Həm də bunun səbəbini SSRİ-nin ermənilər üçün “cəhənnəm” olması ilə izah etdi.
Görünür, ermənilər əvvəlcədən uzaqgörən imişlər. Onları İran və Osmanlı imperiyasından sonu “cəhənnəm” olan indiki yaşadıqları ərazilərə köçürən A.Qriboyedovu Türkmənçay sülh müqaviləsindən düz 1 il sonra, 1829–cu ilin fevralın 11–də öldürdülər. Üstündən 160 il keçdikdən sonra SSRİ-ni dağıtdılar. İndi də Rusiyanı Qərbə satmaq kursu götürüblər. Rusiya bunları görür və tarixi yada salmaqla ermənilərə bu regiona necə gəldiklərini nümayiş etdirmək istəyir”.
Mübariz Əhmədoğlu Türkmənistan və Azərbaycan arasında əlaqələrə də toxunub. Politoloqbildirib ki, Türkmənistan və Azərbaycan arasında əlaqələrdə intensivlik var. Onun sözlərinə görə, Türkmənistan prezidentinin müşaviri Yaxşıgəldi Kakayev "Cənub Qaz Dəhlizi"nin Məşvərət Şurasının Bakıda keçirilən iclasında iştirak etdi: "Azərbaycanın energetika naziri P.Şahbazov Türkmənistan-Əfqanıstan sərhədində yerləşən Sərhədabad şəhərində TƏPH-in Əfqanıstan hissəsinin təməlqoyma mərasimində iştirak etdi. Türkmənistan və Azərbaycanın enerji və kommunikasiya sahəsində birgə fəaliyyət potensialı çox böyükdür, faydalıdır. Bu iki ölkə dünyanın müxtəlif regionlarına enerji kommunikasiyaları çəkmək işində təcrübəlidirlər və maliyyə imkanlarına malikdir. Türkmənistan və Azərbaycan əməkdaşlığı dərinləşdirməklə, təcrübə və maliyyə ehtiyyatlarından səmərəli istifadə etməklə enerji, kommunikasiya layihələrini iri dövlətlərin təsirindən asılılığını azaldar və bununla da özlərinin faydasını artıra bilərlər. P.Şahbazovun fikrincə, Türkmənistanın "Cənub Qaz Dəhlizinə" qoşulma ehtimalı çox böyükdür. Eləcə də Azərbaycan TƏP-in Əfqanıstan və Pakistan ərazisində tikintiyə qoşula bilər. Azərbaycan Əfqanıstandakı sülhməramlılarını TƏPH-in Əfqanıstan hissəsinin mühafizəsinə cəlb edilməsi mövzusunu NATO qarşısında qaldıra bilər.
Bakıda Azərbaycan və Türkmənistan arasında energetika sahəsində əməkdaşlığa dair birgə işçi qrupunun iclası keçirildi. Bu iclasda tərəflər həm də Xəzər dənizinin dibinin bölünməsi məsələlərini müzakirə ediblər. Yayılan məlumata görə tərəflər 2017-ci ilin sonunda Moskvada Xəzərin statusuna dair əldə olunmuş razılaşmaların hər iki ölkənin marağına cavab verdiyini bildirdilər. Xəzərin statusuna dair sənədin imzalanma ehtimalı çox böyükdür.
Bu, Türkmənistan və Azərbaycan arasında ən böyük ehtimali gərginlik mənbəyinin aradan qalxması deməkdir. Nəticədə Xəzər dənizinin geoiqtisadi parametrləri dəyişir və dənizin qərb sektoru, bəlkə də bütün ərazisi xoş maraqların arenasına çevrilir. Regiondankənar investisiya axını həm Azərbaycanın, həm də Türkmənistanın imkanlarını daha da genişləndirəcək".

Bu xəbər oxundu
- - -