Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Türkiyə ordusu Afrində riskli addımlardan çəkinməsi səbəbindən gecikir”

13.03.18, 12:03
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Fazil Mustafa: “Əks halda Türkiyə ordusunun əlində Afrin əməliyyatını bitməsi çox xırda işdir”

Afrində “Zeytun budağı” əməliyyatı çərçivəsində məhv edilən terrorçuların sayı açıqlanıb. Bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Məlumata görə, əməliyyatın 53-cü günündə PKK/KCK/PYD-YPG və İŞİD terror təşkilatlarına məxsus 3393 terrorçu zərərsizləşdirilib. Qeyd edilir ki, “Zeytun budağı” əməliyyatı planlandığı kimi uğurla davam etdirilir.
Əlavə edək ki, Türkiyə Silahlı Qüvvələri (TSQ) “Zeytun budağı” hərəkatı çərçivəsində Afrinin Basilhayə yüksəkliyində terrorçulara məxsus qalanı məhv edib. Terrorçuların alınmaz saydığı qala ilk hücumda yerlə yeksan edilib.
Dünən səhər saatlarında Afrin şəhər mərkəzi ələ keçirilib.
Qeyd edək ki, TSQ Baş Qərargahı Afrin şəhər mərkəzinin bombalandığını açıqlamışdı.
Afrindən sonra isə türk ordusu Menbiçə doğru irəliləyəcək. Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib ki, Menbiçin taleyi oranın əhalisindən asılı olacaq. Tutaq ki, burada əhalinin 90 faizi ərəbdirsə, şəhəri ərəblər idarə edəcək. “Heç bir halda YPG-nin burada möhkəmlənməsinə icazə verilməyəcək. Bizim tələbimiz budur! Bu siyasəti ABŞ-la birlikdə həyata keçirəcəyik. Menbiçdə bir model yaradacağıq və daha sonra bunu başqa bölgələrə də tətbiq edəcəyik. YPG terror təşkilatı Menbiçdən çıxdıqdan sonra oranın təhlükəsizliyini ABŞ və Türkiyə hərbçiləri təmin edəcək”, - Çavuşoğlu bildirib.
Qeyd edək ki, ABŞ Dövlət katibi Reks Tillerson Türkiyəyə səfəri zamanı Menbiçdə Ankara ilə birgə təhlükəsizliyə nəzarət etmək barədə təklif irəli sürmüşdü.
Onu da əlıavə edək ki, Türkiyə ordusu PKK-nı birdəfəlik yox etməyi planlaşdırır. Suriya ilə yanaşı terrorçuların yuvalandığı İraqda da əməliyyatlara başçlanılacaq.
Türkiyə ordusunun İraqda PKK-ya qarşı həyata keçirəcəyi əməliyyatların detalları məlum olub. “Star” qəzetinin araşdırmasına görə, Türkiyə İraqda mayın 12-də baş tutması gözlənilən parlament seçkilərindən sonra hərəkətə keçəcək. Əməliyyat zamanı Türkiyə havadan, İraq ordusu isə qurudan terrorçu hədəflərini vuracaq.
İlk mərhələdə PKK üçün mühüm əhəmiyyət daşıyan Sincar bölgəsinə zərbə endiriləcək. Daha sonra isə Kandil əməliyyatı başlayacaq. Bu əməliyyatda Türkiyənin pilotsuz uçan aparatları vasitəsilə PKK hədəflərini darmadağın edəcəyi bildirilib.
Millət vəkili Fazil Mustafa bildirib ki, Türkiyənin Afrində apardığı əməliyyatlar təxminən iki aydır ki, davam edir: “Ancaq bölgənin kiçik olmasına baxmayaraq, əməliyyatlar hələ də yekunlaşmır. Bu da Afrin əməliyyatları ilə bağlı müəyyən sualların ortaya çıxmasına səbəb olur”.
Onun sözlərinə görə, əməliyyatlar Türkiyə ordusunun Afrində riskli addımlardan çəkinməsi səbəbindən gecikir: “Afrinda uzunmüddətli istehkamlar və müdafiə səngərləri yaradılıb, həmçinin bölgədə minalanmış sahələr çoxdur. Hərbidə isə minalanmış sahələrdə irəliləmək böyük problemdir. Gecikmənin əsas səbəbi budur, əks halda Türkiyə ordusunun əlində Afrin əməliyyatını bitməsi çox xırda işdir.
Bundan başqa, yerli əhali ilə problemlər müəyyən dərəcədə həll olunmalıdır. Çünki əməliyyatlarla terrorçuların sıradan çıxarılması məqsədi güdülür və bu fonda yerli əhaliyə xəsarət dəyməməlidir. Bütün cəhdlər bunun üzərində qurulub. Türk ordusu çalışır ki, həmçinin əsgərlər də az zərər görsün. O ki qaldı xarici faktorlara, bu, prosesdə elə çox rol oynamır”.

Əli

Bu xəbər oxundu
- - -