Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Novruz dəyərləri bütün zamanlar üçün aktual olaraq qalacaq

14.03.18, 7:44
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

4-cü yazı

Türk təfəkküründə dualizmin yaranması da birbaşa təbiətin diktəsidir. Qədim insan dünyaya ilkin göz açanda ətrafında təbiəti görüb, təbiətin qoynunda yaşayıb, onun isti-soyuğunu «dərisində» duyub, qarını-şaxtasım canında, qanında hiss edibdir. İnsanın əyani şəkildə görüb-duyduğu, müşahidə etdiyi, canlı şahidi olduğu dəyişilməz və təkrarlanan təbiət hadisələri dualizmi yaradıb. Bu gün Novruz kimi tanıdığımız dünyanıdərk sisteminin özülündə əsasən dualizm dayanıb. Novruz adlandırdığımız dünyagörüşünün ən vacib məramı təbiəti duymaq, onu dərk etmək və ona qovuşmaqdır. Novruzun bir çox komponentlərinə, atributlarına şamanzimdə açıq-aydın rast gəlirik. Qədim türklər qəbilə və soyda xüsusi biliyi, fərasət və hərəkətləri ilə seçilənlərə kam-qam (şaman) deyiblər. Şamanlar-qamlar xüsusi paltarlar geyir, dəf çalır, nəğmə oxuyur, rəqslər və digər mütəhərrik hərəkətlər etməklə özlərini ekstaz vəziyyətinə gətirirdilər. Qeyri-adi hala çatmış qam-şamanlar adi durumdan çıxdıqdan sonra ruhlarla əlaqəyə girirdilər. Yakutların oyun tanğası adlandırdıqları qam paltarı maral və ağ qoyun dərisindən olurdu, papağı qırmızı parçadan hazırlanırdı və çevrəsinə üç dənə düymə tikilirdi, müxtəlif onqan heykəlləri asılırdı. Diqqəti cəlb edən paltarlar geyinmək, nəğmə oxumaq, rəqs etmək, dəf çalmaq kimi komponentlər Novruzun da əsas ünsürlərindəndir. Şamanlar göyü və yeri müqəddəs biliblər. Gələcəkdə şaman olacaq şəxsin birinci sınağı su kənarında üzüüstə torpağa yıxılmasıdır. Buna təsadüfi baxmaq olmaz. Bu inanc su və torpaq inancının başlanğıcıdır. Yer türklərdə ana (qadın), göy kişi (ər) rəmzində qəbul olunub. Göylərin yağışı yerləri mayalandırıb - ot bitib, taxıl yetişib. Bu dünyagörüş - yerlə göyün vəhdəti şamançılıqdan çox-çox əvvəl türklər arasında geniş yayılıb.
Qədim türk düşüncəsinə görə, yuxarıda göy, aşağıda yer yarandıqdan sonra onların arasında insan övladı əmələ gəlib. Göy üzündəki Günəş türklər arasında əlahiddə ilahi məna daşıyıb. Türk xaqanının çadırı həmişə üzü Şərqə-gündoğan tərəfə qurularmış. Günəş müqəddəsliyinin mayasında təbiətin bir çox komponentləri durur. Günəş qurd, aslan bəlgəsi olmaqla yanaşı, təbiətin əsas yaradıcı ünsürlərindən olan odun da gerçək simvolu və özü idi. Odun insan tərəfindən əldə edilməsi bütövlükdə bəşəriyyətin həyatında əsaslı dönüşə səbəb olub. Təbiətin ən vacib olan dörd ünsürü (od, su, torpaq, hava) barədə qabaqda danışacağımızdan burada söhbət açmağı lüzum bilmirik. Ona görə ki, qədim türklər şamançılıqdan sonra dünyanı dərkin ali məqamı sayılan Tanrıçılıq məqamına yüksəliblər. Tanrıçılığa gələn yol şamançılıqdan keçir. Şamançılığın özündə də Tanrıya-ruha qovuşma mərkəzi yer tuturdu. Qədim türklər qəlbən, mənən Tanrıya bağlı olublar. Həyatlarının yalnız Tanrıdan asılı olacağını, gələcək günlərinin təminatını da Tanrıda görüblər. Tanrıçılıq inancı eradan əvvəl Sayan, Altay, Orta və Mərkəzi Asiyada, Qıpçaq düzlərində, Oafqazın şimal və cənubunda geniş yayılmışdı. Qədim türklərdə Allah-Tenqrı, Tenqri xan adlandırılırdı. Məşhur fransız türkoloqu və dinşünası Yan Pol Runun düşüncəsinə görə, e.ə. türklərdə «İnsan - Göy», «İnsan - Günəş» Tenqri (Tanrı) sitayiş obyekti olub. Çin tarixçiləri də Tenqri Allahının meydana gəlməsini e.ə. 5-ci əsrə aid ediblər. Bu gün bizim Tanrı kimi qəbul etdiyimiz Allaha buryatlar Tenqri, monqollar Tenqer, Çuvaşlar Tura desələr də, məna-məzmun eynidir. Tanrı - işıq, ruh, şəxsləndirilmiş kişi ilahi başlanğıcı məzmununu daşıyıb. Burada onu da qeyd etmək yerinə düşərdi. Bir çox şumer ədəbiyyatında şumerlərin Tanrıya (Allaha) dinqir dedikləri göstərilir. Ümumiyyətlə, Tanrı sözünü işlədən xalqlar onu göy üzü, səma ilə bağlayıblar. M.Seyidovun gəldiyi qənaət belədir: tenqri əski türklərə aiddir. Tenqri, Tanrı kosmik miqyasda, kainat parametrində düşünülüb. Göyün-kainatın, yerin-planetin, ümumən, canlı-cansız aləmin taleyini Tanrının müəyyənləşdirdiyini qəbul ediblər. Tanrıya şəxsləndirilmiş kişi bəlgəsi kimi də inanıblar. Doğum ilahəsi olan Umay Tanrının xanımı imiş. Umay gözəllik və artım ilahəsi imiş. Umay adına Orxon-Yenisey abidələrində də rast gəlirik. Qədim türk mənbələri göstərir ki, xaqan, onun ordusu Tanrı ilə Umaya, adətən, birlikdə ibadət edər, döyüşlərdən zəfərlə qayıtmaq niyyəti ilə onlardan yardım diləyərmişlər.
Bu dövr Tanrının mifikləşdirildiyi dövr idi. Uzun illərin təfəkkür dəyişikliyindən sonra Tanrı mif dövrünü başa vurur, birdəfəlik göylərə yüksəlir. Dünyaya meydan oxuyan türk xaqanının özü Tanrıya sığınır. Tanrıçılıq dininin formalaşması və yayılmasında türk xaqanları xüsusi rol oynayıblar. Türklər göyü doqquz qata bölüblər. Hər bir qatda dixotomiyanı (ikiyə bölünmə) təsəvvür edirdilər: işıqlı və qaranlıq, xeyir və şər və s. Yakutlarda xeyir Allahı-Ayn-Toyon (və ya Aar Toyon), yeraltı şər qocası Allara Ohonyor (və ya Arsan Duolay) adlandırıb. Altay türklərində işıq allahı Ulgen, şər ilahəsi Erlik sayılırdı. Tam əminliklə demək olar ki, «Avesta», sırf türklərin dünyagörüşünün məhsulu olan Tanrıçılıqdan gen-bol bəhrələnib. Dualizm-təbiət və cəmiyyətin qanunauyğunluğudur. Bu əzəli-əbədi qanun təbiət və cəmiyyətin simmetriyasıdır. Kainat və planetin, təbiət və cəmiyyətin gözlə görünməz harmoniyasını dualizm tənzimləyir. Dualizm, ən başlıcası, həyatın dinamikasıdır. Elə bu məqamda onu da vurğulamaq istərdik ki, Novruz sisteminin də mərkəzində dualizm durur. Bundan başqa bütün dünya dinlərinin nüvəsində Novruz sisteminin komponentləri dayanır. Novruz sistemi həyatın inkişaf qanunlarının məcmusudur. Tanrıçılıq dininin də bazasında Novruz təfəkküründən süzülüb gələn ideyalar durur. Monqollar göydə müəyyən ulduzlar və ulduz bürclərinin yaranması ilə əlaqədar Tenqri xana müxtəlif ləqəblər vermişdilər. İlin müxtəlif vaxtlarında Göy-Tanrının başqa-başqa adı olurdu. Ona görə ki, göydə, ümumən, həyat və təbiətdə olduğu kimi, vaxtlı-vaxtında dəyişikliklər baş verirdi.
Bu gün Novruz kimi qəbul etdiyimiz sistemin mərkəzində dünyanı dərk dururdu. Buna ilk dəfə qədim türklər nail olublar. Bu dərketməni müxtəlif fonetik dəyişmələrlə şumerlərin Dingir (tanrı) deyimindən başlamış Tengeri (Altay), Tanrı (Azərbaycan və Türkiyə), Teniri (qazax), Tenre (başqırd), Tenri (uyğur), Tangrı (özbək), Tenir (qaraqalpaq), Tura və ya Tora (çuvaş), Tenir (qırğız) və b. türk xalqlarının təfəkküründə uzun bir proses keçdiyinin şahidi oluruq.
Bəşəriyyətin sonrakı mədəni inkişafı bir daha əyani formada türklərin dünyanı dərk təfəkkürünün böyüklüyünü təsdiqlədi. Alman alimi Q.Dörfer Tenqri barədə qədim məlumatlar əldə edib, Tenqri anlayışının erkən, hələ şamanlardan başlamış, onu dini inkişafın ən ali pilləsinədək təşəkkülünü ardıcıl izləyib. Tədqiqatçının fikirincə, Tanrıçılıq bəşəriyyətin ilk monoteist dinlərindəndir. D.Banzarovun təbirincə desək, göy üzü hər zaman yerdəki düzənin, ədalətin, qanunun qoruyucusu missiyasını öz üzərində daşıyıb. Türk mifik düşüncəsinə görə, göy üzü bütün canlılara həyat, yer isə forma, şəkil verir.
Novruz sisteminin bazisində Tanrıçılıq durur. Novruzdakı Tanrı-Göy (Kosmos) - Planet (Yer) harmoniyası, işıq-zülmət, xeyir-şər qarşılıqlı (dualizm) və s. anlayışlar Tanrıçılıqdan qidalanır. Bu günün özündə də Tanrı inamı və inancı yaşayır. Hər şeyi Tanrının umuduna buraxmaq bu günün özündə hələ də şüuraltında qalmaqdadır. Bu gün də deyirik: «Hər şeyin yaxşısını Tanrı bilir», «Tanrı bilsin», «Qoy Tanrı özü cəzasını versin» və s.
Qədim türklər Tanrının yeganə güc mərkəzi olduğunu, onun ədalətsizlik edənləri, günah işlədənləri - Göy-Yer, Kainat-Planet qayda-qanunlarının əleyhinə gedənləri cəzalandırdığına inanırdılar. Türk mifoloji düşüncəsinə görə, dünyanı on yeddi ilahə idarə edir: Göy-Tanrı, Yer-Sub, Humay, Erlik, Yer, Su, Od, Günəş, Ay, Ulduz, Hava, Bulud, Külək, Qasırğa, Şimşək və İldırım, Yağış, Göy qurşağı. Monqollar isə dünyanı 99 iİahənin idarə etdiyinə inanırdılar. Göy-Tanrı baş Tanrı olduğundan 17 ilahəni xəlq edəndir. Bu mifikləşdirilmiş 17 Tanrı Novruz sisteminin ən əsas komponentləridir. Bu ünsürlərsiz kainat və planet, təbiət və cəmiyyət, bütövlükdə bəşəriyyət yoxdur. Yer-Sub türklər üçün gözlə görünən bütün aləm demək idi. Türklər, üzərində yaşadıqları vətəni - torpağı Yer-Sub anlayışında qəbul edirdilər. Onlar vətənə Tanrı haqqı kimi baxırdılar. Elə bu təfəkkürün nəticəsi idi ki, türklər vətənə xəyanətdən qorxardılar. Onların düşüncəsinə görə, Yer-Subun halallığı olmadan insan yer üzərində xoşbəxt ola bilməzdi. İkinci ilahə Humaydır. Onun adına ilk dəfə Gültəkin abidəsində rast gəlinibdir: «Umay təq öq im katun kutınqa inim Kültiqin ərat boltı» (On yaşda olanda Humay tək anam Xatunun şərəflnə kiçik qardaşım Kültigin igid adı qazandı).
Tonyuquq abidəsində də Umay adına rast gəlinir. Humay- Umay Göy-Tanrının zövcəsidir. Humay-Umayın Göydə yaşadığına inanılır. O, insanlara işıq, şüa salır. Belə bir inam hasil idi ki, bu şüa-işıq insanların bədəninə daxil olur və ömrünün axırına qədər qalır. Bu, ilahi (kosmik) enerjidir. Qədim türklər Yer ilahəsini də Göy-Tanrının tərəf-müqabili - qadını simvolunda qəbul ediblər. Türklərin düşüncəsinə görə, Göy-Tanrı yerləri mayalayır. Yağış yağır, yer canlanır, ot-ələf bitir, canlılar onlardan qidalanır. Qədim türklər dağı, torpağı yaradıcı saymışlar. Türk tayfalarının bir çoxu əcdadlarının dağda, mağarada yaranmasına inanıblar. Əcdadlarımız olan türk tayfalarının bəziləri insanın torpaqdan yarandığını qəbul ediblər. Fikrimizcə, türklər digər həyat ünsürləri kimi, yeri- torpağı da canlı qəbul etmişlər. «Torpağın ana olması inamı daha bir görüşlə səsləşir. Bir çox əski xalqların, eləcə də türk xalqlarının ulu babaları inanırmışlar ki, Günəş hər nəsnənin yaradıcısıdır. Deyəsən, əski türk insanı inanmış ki, Günəşdən torpağa gələn yaruq - şüa onun da yaranmasında ata rolunu oynayıb». Türklər bu düşüncələrində də ağıllı və haqlı idilər. Günəş şüası olmadan yer üzərində canlı aləmin mövcud olması mümkün deyil. Ümumən, türklər bu düşüncə də idilər ki, yer ana kimi insanları doyurur. Bu işıqlı dünya ilə vidalaşanda da yer ona əbədilik yiyə durur. Yer (torpaq) türk düşüncəsində əzəli-əbədi müqəddəs tutulub.


Xeybər Göyyallı

Bu xəbər oxundu
- - -