Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Xocalı soyqırımından ibrət dərsi almaq lazımdır”

14.03.18, 8:50
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Yaqub Mahmudov: “24 ildir ki, BMT-nin qəbul etdiyi 4 qətnamə yerinə yetirilmir”

Elmira Süleymanova: “Böyük Ermənistan dövlətinin yaradılması ideyası bu gün də davam etdirilir”

Zaur Məmmədov: “31 mart soyqırımı ermənilərin azərbaycanlılara qarşı törətdiyi ilk qırğın deyildi”

Ermənilər azərbaycanlılara qarşı dəfələrlə soyqırım aktı törədiblər. Bunlara misal olaraq ən son hadisələrdən Xocalı və Qaradağlı soyqırımlarını göstərmək olar. Amma bu son dövrlərə aid soyqırım aktlarıdır. Traix boyu belə faktlar dəfələrlə təkrarlanıb. Bu ay həmçinin mart soyqırımının 100 ili tamam olur.
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov deyib ki, əslində bütün dünya, böyük dövlətlərin başçıları, siyasət aləmi azərbaycanlılara qarşı soyqırımın törədildiyini bilir: “Lakin Qərbin bəzi dairələri Azərbaycan həqiqətlərini eşitmək və görmək istəmir”.
O qeyd edib ki, terror təşkilatlarını böyük dövlətlər yaradır: "Düşünürəm ki, tarixdən, tarixi hadisələrdən, o cümlədən Xocalı soyqırımından ibrət dərsi almaq lazımdır. 24 ildir ki, BMT-nin qəbul etdiyi 4 qətnamə yerinə yetirilmir. Beynəlxalq hüquq yoxdur, beynəlxalq güc var. Gəlin, tariximizə sahib çıxaq, birləşək və güclənək".
Y.Mahmudov əlavə edib ki, bu gün konfliktlərin hamısı türk-islam coğrafiyasında baş verir: "Terrorun İslamla əlaqələndirilməsinin əleyhinəyik. Azərbaycan və Türkiyənin terror təşkilatı yoxdur, amma ermənilərin yüzlərlə terror təşkilatı var. Soyqırımlar, terror xaç yürüşləri zamanı Avropadan başlayıb. Böyük coğrafi kəşflər zamanı Avropadan yürüdülən siyasət nəticəsində Amerika və Asiyanın qədim xalqları məhv edilib və dünyanın bir çox xalqları yer üzündən silinib. İki Dünya müharibəsi Avropadan başlayıb. Avropa faşizmin vətənidir, ilk faşist rejimləri orada yaradılıb, antisemitizmin vətəni Avropadır və bu gün də İslama qarşı bütün hərəkatlar Avropadan başlayır”.
Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova bildirib ki, Böyük Ermənistan dövlətinin yaradılması ideyası bu gün də davam etdirilir. Onun sözlərinə görə, beynəlxalq tələblərə əhəmiyyət verməyən Ermənistan təcavüzü davam etdirir: “Ümid edirəm ki, beynəlxalq aləm bunlara reaksiya verəcək və bu təcavüz yekunlaşacaq. İstər Xocalı soyqırımı, istərsə də 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırım beynəlxalq aləm tərəfindən tanınmalıdır”.
E. Süleymanova qeyd edib ki, son illərdə beynəlxalq birlik tərəfindən Azərbaycana göstərilən dəstəklərin sayının artması Dağlıq Qarabağ münaqişəsinin həllinin vaxtının çatdığını göstərir.
1918-ci il soyqırımının Azərbaycanın tarixinə qanlı səhifə kimi düşdüyünü deyən ombudsmanın sözlərinə görə, cəmi 23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti, azərbaycanlılara qarşı törədilən soyqırımlarla bağlı sənədləri beynəlxalq aləmə təqdim etmək lazımdır.
Politoloq Zaur Məmmədov diqqətə çatdırıb ki, 31 mart soyqırımı ermənilərin azərbaycanlılara qarşı törətdiyi ilk qırğın deyildi: “XX əsrin əvvəllərindən başlayaraq onlar azərbaycanlılara qarşı soyqırım siyasəti həyata keçirirdi”.
Politoloq qeyd edib ki, 1905-1906-cı illərdə “Daşnaqsütyun” partiyasının liderləri “erməni məsələsi”ni həll etmək, “Böyük Ermənistan” xülyasını reallaşdırmaq üçün bütün yerli təşkilatlara göstəriş göndərərək tələb etmişdi ki, İrəvan, Gəncə və Qarabağ mahallarında olan bütün türk kəndlərini viran qoysunlar, bu kəndləri yerli əhalidən, yəni azərbaycanlılardan birdəfəlik təmizləsinlər: “1905, 1918, 1992-ci ildə baş vermiş soyqırımlarda azərbaycanlılar silahlı və hərtərəfli hazırlıqlı “dığalar” qarşısında adətən silahsız və qırğın qarşısında gücsüz idilər”.
Z. Məmmədovun sözlərinə görə, Azərbaycan kəndlərinin dağıdılması təbii ki, şimaldan gələn aktiv dəstək nəticəsində həyata keçirilirdi: “Rus məmurları da milli ədavəti qızışdırmaqla bir tərəfdən canlanmaqda olan azadlıq hərəkatının boğulmasına, digər tərəfdən də boşaldılmış müsəlman kəndlərində xristianların məskunlaşmasına imkan yaradırdılar”.
Politoloq əlavə edib ki, istər Rusiya, istərsə də Vatikan, daha sonra London və digər Qərb ölkələrinin paytaxtları tez-tez erməni kartından müsəlman və türk əhaliyə qarşı istifadə edirdilər. Məqsəd bəllidir, bölgədə vassal dövləti yaratmaq istəyirdilər: “XXI əsrdə Azərbaycan xalqı bütün bu hadisələrdən dərs alıb. Artıq biz ayıq olmalıyıq. Biz başa düşməliyik ki, ermənilər kimliyindən asılı olmayaraq bundan sonra da azərbaycanlılara qarşı bu siyasətlərini davam etdirəcəklər. Ona görə də bütün platformalardan istifadə etməklə tarixi ədalətin bərpası istiqamətində işlər aparmalıyıq”.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, tarix elmləri doktoru, millət vəkili Musa Qasımlı 31 mart soyqırımı ilə bağlı tarixi faktlara diqqət çəkib: “Martın 30-da axşam saat 5-də Bakıda ilk atəş açıldı. Bakı Sovetinin qüvvələri ilə yanaşı, qırğın başlananadək özlərinin bitərəfliyini elan etmiş Daşnaksütyun və Erməni Milli Şurası, o cümlədən erməni kilsəsi Bakı Sovetini müdafiə etdi. Nəinki silahlı erməni əsgərləri, habelə erməni ziyalıları da Bakı Soveti tərəfindən döyüşə qatıldılar. Şaumyan bu hadisə ilə bağlı yazırdı ki, bizim süvari dəstəyə ilk silahlı hücum cəhdindən bəhanə kimi istifadə etdik və bütün cəbhə boyu hücuma keçdik. Bizim artıq 6 min nəfərə qədər silahlı qüvvəmiz var idi. Həmçinin Daşnaksütyunun 3-4 minə qədər milli hissələri var idi. Onlar da bizim sərəncamımızda idi. Daşnaksütyunun iştirakı vətəndaş müharibəsinə milli qırğın xarakteri verdi və bundan qaçmaq mümkün deyildi. Biz buna şüurlu olaraq getdik. Əgər onlar Bakıda qələbə qazansaydılar, şəhər Azərbaycanın paytaxtı elan edilərdi. Qırğın qəddarlıqla həyata keçirildi. Şəhər yerdən və havadan bombardman edildi. Dinc azərbaycanlı əhali diri-diri su və neft quyularına, yanar təndirlərə atılır, hamilə qadınların qarınları süngü ilə deşilir, körpə uşaqlar divarlara mıxlanır, qadınlar hörüklərlə bir-birinə bağlanaraq küçələrdə çılpaq gəzdirilirdi. Silahlı dəstələr uşaqlara, qocalara və qadınlara rəhm etmirdilər. Adamlardan siyasi mənsubiyyət soruşulmurdu. Öldürmək üçün “türk, müsəlman” olmaq kifayət edirdi. Mart soyqırımının şahidi olan Azərbaycan tarixçisi R.İsmayılov yazırdı: “İş o yerə çatmışdı ki, daşnaklar “biz, bolşevik, sosialist bilmərik, müsəlmansan, kifayətdir”, – deyə hətta müsəlman sosialistlərini belə qırdılar...”. Kütləvi qırğının gedişində azərbaycanlılara məxsus ictimai binalar, milli rəmzlər və mədəniyyət ocaqları dağıdıldı. "Açıq söz", "Kaspi" qəzetlərinin redaksiyaları, fəaliyyətini bütün Cənubi Qafqaza yayan və müharibə zamanı Qafqaz cəbhəsində hərbi əməliyyatlar meydanında böyük iş aparan, azərbaycanlıların ictimai hərəkatında mühüm rol oynayan Müsəlman Xeyriyyə Cəmiyyətinin yerləşdiyi "İsmailiyyə" binası yandırıldı. Təzəpir məscidinin minarələri zədə aldı. Qüvvələr bərabər deyildi. Bina görə də martın 31-də azərbaycanlılar döyüşü dayandırdılar. Buna baxmayaraq, azərbaycanlıların öldürülməsi davam edirdi. Qırğınlar yalnız aprelin 2-də dayandırıldı...“.
Millət vəkili Tahir Kərimli soyqırımın unudulmaması, nəsillərdən-nəsillərə ötürülməsi üçün görülməsi vacib olan məqamlara da toxunub.
T. Kərimli deyib ki, bu azərbaycanlılara qarşı vəhşicəsinə törədilən kütləvi qırğın idi. Şamaxıdakı qırğınları, insanların kütləvi şəkildə qətlə yetirilməsini, şəhərlərin yandırılmasını, insanların gözlərinin çıxarılıb dərisinin soyulmasını, müsəlmanların göstərdiyi müqavimət nəticəsində işə düşən Lenin diplomatiyasından danışan millət vəkili hesab edir ki, 1918-ci ilin 31 martında baş vermiş soyqırımın öz tarixi qiymətini layiqincə alması üçün soyqırımı bütün gerçəkliyi əks etdirən möhtəşəm kompleks yaradılmalıdır: “Mən Milli Məclisdə təklif etmişəm ki, elə bir soyqırımı kompleksi yaradılsın ki, orada millətimizin başına gətirilən müsibətlər, öz torpağımızda bizə qarşı olan genosid əks olunsun, muzey kompleksləri yaradılsın. Və Bakıda yaradılacaq bu kompleks Ermənistandakı yalançı, uydurma soyqırımı abidəsindən fərqli olaraq həqiqəti – Azərbaycan xalqının başına ermənilər tərəfindən gətirilən faciələri, soyqırımları əks etdirməlidir. Ermənilərin Azərbaycan xalqını kütləvi şəkildə qırdığını, nənələrimizi, babalarımızı, nəslimizi yer üzündən silmək niyyətində olduqlarını bəyan edən bir abidə olmalıdır. Elə olmalıdır ki, insanlar ona baxıb bir nəticə çıxarsınlar. Keçmişini unudan gələcəyini qura bilməz. Çox təəssüf ki, bizim humanizmimizdən irəli gələn unutqanlığımız var. Amma bu cür faciələri unutmaq olmaz. Bundan başqa, bu faciəni gənc nəslin unutmaması, yaddan çıxarmaması üçün tarixi faktlar bütün dərsliklərə salınmalı, məktəblilərin ziyarət edəcəyi böyük bir kompleks yaradılmalıdır”.

Əli

Bu xəbər oxundu
- - -