Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

15 yaşlı Azərbaycan Mətbuat Şurası

14.03.18, 9:31
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Bu gün Azərbaycan Mətbuat Şurasının 15 yaşı tamam olur. Mətbuat Şurası 15 mart 2003-cü ildə ölkə jurnalistlərinin I qurultayında 180-dək aparıcı kütləvi informasiya vasitəsinin təsisçiliyi ilə yaradılıb. 170-ə yaxın KİV və jurnalist təşkilatını təmsil edən 400-ə yaxın nümayəndənin iştirak etdiyi qurultayda Mətbuat Şurasının rəhbər heyəti seçilib. Həmin il aprelin 24-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb.
Bu qurumun yaradılmasına ehtiyc vardımı?
Bəli, demokratik dövlətlərin təcrübəsinə əsaslanan belə bir qurumun yaradılması günün tələbi idi. Azərbaycan müstəqillik qazandıqdan sonra başqa sahələrdə olduğu kimi, kütləvi informasiya vasitələri (KİV) sahəsində də bir canlanma yarandı. Azərbaycanda azad və müstəqil mətbuatla yanaşı jurnalist təşkilatlarının sayı artdı. Mətbuat Şurası yeni yaradılan təşkilatlardan məqsədyönlü fəaliyyəti ilə seçildi.
Mətbuat Şurası yarandığı gündən mətbu məkanın saflaşdırılması olduğunu rəhbər tutaraq, ölkəmizdə söz azadlığının qoruyucusu kimi çıxış edir, jurnalistlərin hüquqlarının pozulmasının qarşısını alır, Şuranın Bakıda və bölgələrdə keçirdiyi tədbirlər jurnalistlərin peşəkarlığının artırılmasına xidmət edir.
Mətbuat Şurasının məqsədi jurnalistlərin öz peşə fəaliyyətlərində qanunvericiliyin tələblərinə, peşə prinsiplərinə əməl etməsinə ictimai nəzarətin həyata keçirilməsi, dövlət orqanları və ictimaiyyətlə mətbuat arasında əlaqənin və etimadın möhkəmləndirilməsi, söz, fikir və məlumat azadlığına daha geniş imkanlar yaradılmasından ibarətdir.
Onu da qeyd edək ki, Azərbaycan Mətbuat Şurası 2005-ci ildən Ümümdunya Mətbuat Şuraları Assosiasiyasının və Avropa Mətbuat Şuraları Alyansının üzvüdür. Şura sədri Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının İdarə Heyətində təmsil olunur. MŞ üzvləri bu qurumların hər il dünyanın müxtəli bölgələrində baş tutan illik toplantılarına qatılır, məruzə ilə çıxış edirlər.
Mətbuat Şurası possovet məkanının və Türkiyənin nüfuzlu media qurumları ilə sıx əlaqədədir. Bundan başqa qurum Avstriyanın, Böyük Britaniyanın və Hindistanın mətbuat şuraları ilə əməkdaşlıq edir. Şura ilə Türkiyə Qəzetəcilər Cəmiyyəti və Türkiyə Mətbuat Şurası arasında anlaşma memorandumu mövcuddur.
Bu gün ardıcıl və məqsədyönlü fəaliyyəti ilə seçilən Mətbuat Şurası Azərbaycanın aparıcı ictimai təşkilatları sırasında özünə layiqli yer tutub və cəmiyyətdə böyük nüfuz qazanıb. Jurnalistlərin mütləq əksəriyyətinin Mətbuat Şurasının fəaliyyətini yüksək qiymətləndirməsi bunu əyani şəkildə təsdiq edir.
Azadinform.az-ın baş redaktoru Niyaz Niftiyev:
-Ötən müddət ərzində Azərbaycan Mətbuat Şurası media-dövlət-cəmiyyət üçbucağında çox uğurlu bir strategiya müəyyənləşdirib. Bu strategiya nəticəsində mediaya qarşı olan məhkəmə çəkişmələrinin sayı azalıb, jurnalistikanın peşəkarlığı artıb, ictimaiyyətin bütövlükdə mətbuata inamı daha da yüksəlib. Mətbuat Şurası hər qurultayda jurnalistlər tərəfindən səsləndirilən təkliflərin növbəti qurultayadək həllinə nail olub. 2003-cü ildən başlayaraq bir sıra KİV-lərə qarşı açılan məhkəmə çəkişmələri qarşılıqlı anlaşma şəraitində müsbət həll olunub, məhz Mətbuat Şurasının təklifi ilə jurnalistlərin mənzil-məişət şəraiti yaxşılaşdırılıb və bu proses davam edir. Ötən müddətdə Mətbuat Şurası həm də maraqlı tərəflərin etimadını qazanmağa çalışıb. Şuraya daxil olan müraciətlərin statistikası belə deməyə əsas verir ki, media ilə problemi olan bütün maraqlı tərəflər məsələnin həlli yolunu ilk öncə Mətbuat Şurasında görürlər. Şurada fəaliyyət göstərən komissiyalar həm paytaxt, həm də region mətbuatının inkişafı üçün səlahiyyətləri daxilində dəstək göstərirlər. Bu günlərdə keçirilən sonuncu – VII Qurultayda qəbul edilən qərarların da Azərbaycanda söz və mətbuat azadlığının möhkəmlənməsinə xidmət edəcəyini düşünürəm. İstər Prezident İlham Əliyevin Qurultay iştirakçılarına ünvanladığı təbrik məktubunda, istər Prezidentin köməkçisi Əli Həsənovun çıxışı zamanı səsləndirdiyi fikirlərdə, istərsə də ayrı-ayrı jurnalistlərin irəli sürdüyü təkliflər və sonda qəbul edilən Yekun Qərarda bütövlükdə medianın real mənzərəsi, qayğıları əks olunurdu.
NəzərMedia.az-ın rəhbəri Nəzərbəy Hacıağayev:
-Mətbuat Şurasının təsis edilməsi ölkə mətbuatının inkişafı yollunda atılmış ən mütərəqqi addımlardandır. Çünki biz bu qurumun təsis olunduğu dövrlərə nəzər salsaq görərik ki, həmin dövrlərdə mətbuatımızda vəziyyət necə də acınacaqlı idi. Biz bu gün Mətbuat Şurasının fəaliyyətinə nəzər salsaq , görərik ki, hüquq-mühafizə orqanları ilə işbirliyi nəticəsində bəzi işbazlar ifşa olunub, bir çoxu həbsə məhkum ediliblər. Bundan əlavə bu qurum həm də jurnalistlərin hüquqlarını yüksək şəkildə müdafiə edir. Şura mətbuat işçilərinin informasia almaq və onu cəmiyyətə yaymaq hüqunun qorunmasında və bu hüququn bəzi məmurlar və ya iş adamları tərəfindən tapdalanmasını qarşısını alır.
“Ədalət” qəzetinin informasiya şöbəsinin müdiri Ədil Ədilzadə:
-Azərbaycan Mətbuat Şurasının 15 illik tarixinə nəzər salanda aydın olur ki, müstəqil mətbuatın inkişafında bu qurumun misilsiz xidmətləri var. Hələ Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaranmamışdan öncə dövrü mətbuatın əsaslı problemlərini aidiyyatı qurumların nəzərinə çatdırılmasında, mətbuatın illərdən bəri yığılıb qalan ağır yükünün azaldılmasında və eyni zamanda Azərbaycan Jurnalistlərinin peşəkarlığının artırılmasında Mətbuat Şurası daim ön sırada olub. Mən özüm Mətbuat Şurasının dəstəyi ilə həyata keçirilən seminar və treninqlərdə dəfələrlə iştirak etmişəm. Düzünü deyim ki, bir jurnalist kimi formalaşmağımda bu treninq və seminarlar mühüm rol oynayıb. Eyni zamanda bu günün problemi olan reket jurnalistikasının qarşısının alınmasında bu qurumun xidmətlərini qeyd etmək istərdim. Jurnalistikanı hörmətdən salan reketlərin "İpinin yığılması" ölkədə jurnalistlərə olan dqqət və qayğını artırır və eyni zamanda cəmiyyətdə jurnalistin daha da hörmətli olmasına gətirib çıxarır. Dünyanın inkişaf etmiş ölkələrində jurnalistlərə böyük hörmət var. Bizdə isə reket jurnalistika qələm əhlini bu hörmətdən edibdir. Məhz bu yöndə olan problemlərin həlli ilə bağlı Mətbuat Şurasında Komissiyanın yaradılması hər il bu yolda olan qəzet və elektron informasiya portallarının "Qara siyahı"ya salınması görülən işlərə mühüm töfhə verir. Sonda isə onu qeyd etmək istərdim ki, bu yaxınlarda keçirilən jurnalistlərin VII Qurultayında səsləndirilən fikirlər, irəli sürülən təkliflər Azərbaycan Jurnalitikasının inkişafını şərtləndirir. Ümid edirik qurultayda səslənən fikir və təkliflər həyata keçirilər.
“Bakı-Xəbər” qəzetinin əməkdaşı İradə Sarıyeva:
- 15 rəqəmi kiçik görünsə də, əslində özündə böyük şərəfli yolu, amal və məqsədi ehtiva edir. Bu günlərdə 15 yaşını qeyd edəcək Azərbaycan Mətbuat Şurasının yaranması, fəaliyyəti çoxlarımızın gözləri qarşısında baş verib. Bu o zaman idi ki, Azərbaycan mətbuatı özünün ən təlatümlü, narahat dövrünü yaşayırdı. Milli mediamızın təssübkeşlərinin səyi nəticəsində gözəl bir mart günündə Azərbaycan Mətbuat Şurası yaradıldı. Mübağiləsiz deyə bilərəm ki, Şura yarandığı gündən mətbuatımızın qayğı və çətinliklərinin aradan qaldırılması işində aktiv iştirak edib. Bu qurumun iradəsi, səyi, təşəbbüsləri nəticəsində bir sıra problemlər dəf edilib. Sözsüz ki, MŞ-nın fəaliyyətindən danışarkən onu da qeyd etməliyəm ki, bu qurum hər zaman jurnalistlərin, media təmsilçilərinin yanında olub, bizə dəstək göstərib. 15 illik yol keçən Mətbuat Şurasının indiyə qədər gördüyü işlərin, həyata keçirdiyi layihələrin hər biri milli medianın inkişafına yönəlib. Zamanın tələbindən yaranan Şura bu gün də öz fəaliyyətini jurnalistlərə, KİV-lərə dəstək göstərmək, dayaq olmaq yönündə davam etdirir. Ölkə mediasının saflaşdırılması, dövlət və media münasibətlərinin qurulması məsələsi də qurumun həyata keçirdiyi işlər sırasında olub. Azərbaycan mediasının cəmiyyətdə, ictiamiyyətdə nüfuzunun artması yönündə də MŞ çox işlər görüb. 15 illik məsafə qət edən, dövlətə, xalqa, milli maraqlara, sözə, söz sənətinə sədaqət göstərən, milli mətbuatımızın öz simasını qorumasına yardımçı olan, jurnalist ənənələrin yaşadılmasına töhfələr verən Mətbaut Şurasının fəaliyyəti hamımızı qane edir. Mən Şuranın 15 yaşını təbrik edirəm, qurumun sədri Əflatun Amaşova və bütün əməkdaşlarına uğurlar, nailiyyətlər arzu edirəm. İnsanıram ki, bundan sonra da biz media təmsilçiləri Mətbuat Şurasını öz yanımızda görə biləcəyik.
Azərbaycan İnformasiya Mərkəzinin rəhbəri, www.azim.az internet portalının baş redaktoru Təbriz Vəfalı:
- Hər birimizə məlumdur ki, Azərbaycan müstəqillik qazandıqdan sonra ölkə mətbuatı çox ağır və çətin sınaqlardan keçib. Düzdür, bu sınaqlardan üzüağ çıxanlar və hər çətinliyə sinə gərən jurnalistlərimiz də oldu, gücsüzlük nümayiş etdirərək mətbuat aləmini tərk edən media mənsubları da. Ancaq bununla belə mətbuatımızın keçdiyi inkişaf yolu çox uğurlu yol olduğu Azərbaycan mediası təkcə MDB-də deyil, inkişaf etməkdə olan ölkələrin mediaları ilə müqayisədə öncül yerlərdən birini tutur. Təbii ki, bu qədər böyük bir nailiyyətin əldə edilməsində respublikamızda fəaliyyət göstərən bəzi yazılı və elektron KİV-lərin, o cümlədən bəzi media qurumlarının çox böyük və əhəmiyyətli rolu olub. Həmin qurumlardan biri də Azərbaycan Mətbuat Şurasıdır.
Mətbuat Şurasının 15 illik fəaliyyətinə nəzər salsaq görərik ki, yaşlı və gənc nəslin jurnalist təbəqələri arasında balansın qorunub saxlanılmasında, Azərbaycanda azad sözün, sərbəst fikrin, media və informasiya azadlığının yüksək səviyyədə təmin olunmasında, yaşlı jurnalistlərin medianın inkişafındakı xidmətlərinin layiqincə qiymətləndirilməsində, gənc jurnalistlərin peşəkarlaşmasında, bir sözlə, ölkəmizdə medianın inkişafında çox mühüm rol oynayıb. Fəaliyyətə başladığı gündən bu günə qədər Mətbuat Şurası istər qocaman, istərsə də gənc jurnalistlərlə bağlı çoxsaylı tədbirlər keçirib, qələm əhlinin kitablarının təqdimatını reallaşdırıb, müsabiqələr təşkil edib, jurnalistlərə mükafatlar və diplomlar təqdim edib və digər strimullaşdırıcı variantlardan istifadə etməklə jurnalistikamızın inkişafına öz misilsiz xidmətlərini göstərib. Digər uğurlardan biri isə Mətbuat Şurası tərəfindən «reket jurnalist»lərin «qara siyahı»sının tərtib olunmasıdır. Hamımıza yaxşı məlumdur ki, peşəkar və öz peşəsinə vicdanla yanaşan jurnalistlərdən fərqli olaraq «reket jurnalistlər» həm mətbuatımıza, həm də vicdanlı, peşəkar jurnalistlərin adlarına qara ləkə idi. Ona görə də sözügedən siyahının tərtib olunmasından sonra ictimaiyyət, xüsusilə də məmurlar mediaya və qələm əhlinə inanmağa və əməkdaşlıq etməyə başladılar…
Qrumun ölkə mətbuatının inkişafınakı xidmətləri sadalamaqla bitməz. Və əminəm ki, adıçəkilən qurumun həm hazırki jurnalistlərin peşə davranış qaydalarına əməl etməklə peşə borclarının vicdanla yerinə yetirilməsində, həm peşəkar jurnalist ordusunun yetişdirilməsində, həm Azərbaycan mediasının beynəlxalq aləmdə təbliğatında, həm də azad fikrin, söz və mətbuat azadlığının qorunmasında daha çox uğurlar qazanacaq, bundan sonrakı fəaliyyəti yenə də ümumdövlət və ümumxalq mənafeyinə xidmət edəcək.
“Xalq Cəbhəsi” qəzeti də Azərbaycan Mətbuat Şurasının 15 yaşını təbrik edir, gələcək fəaliyyətində uğurlar diləyir.

Cavid

Bu xəbər oxundu
- - -