Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Burada əsas məsələ Rusiyadır”

14.03.18, 9:39
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Toğrul İsmayıl: “ABŞ-Rusiya münasibətlərində sərtləşmə özünü büruzə verəcək”

Elxan Şahinoğlu: “Tramp Tillersonun son dərəcə müstəqil hərəkət etməsindən narahat idi”

ABŞ prezidenti Donald Trampın dövlət katibi Reks Tillersonu vəzifədən azad etməsi dünya mətbuatının əsas müzakirə mövzularından birinə çevrilib. Amerikanın “New York Magazine” nəşri yazıb ki, Tillersonun işdən çıxarılması Britaniyada Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal və onun qızı Yuliya Skripalın zəhərlənməsi ilə bağlıdır. Məlumata görə, Ağ Ev administrasiyası, o cümlədən Donald Tramp keçmiş casus və qızının Rusiya tərəfindən zəhərlənməsi iddiasını qəbul etmirdi. Lakin Reks Tillerson bu mövqeni sərgiləməyib. Belə ki, o, "Skripalı zəhərləyənin Rusiya olduğu dəqiqdir" ifadəsini işlədib.
Trampın mövqeyi isə rəsmi Vaşinqtonun öz tarixi müttəfiqi Britaniyaya dəstəyini əsirgəməsi kimi iddiaların ortaya çıxmasına səbəb olub.
Qeyd edək ki, Böyük Britaniyanın baş naziri Tereza Mey Sergey Skripalın Rusiya tərəfindən zəhərləndiyini deyib.
O, hadisəyə görə, Rusiyaya qarşı sanksiyaların tətbiq olunacağına işarə edib. Kreml isə ittihamlarla razılaşmır.
Onu da xatırladaq ki, Donald Tramp dövlət katibi postuna Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mayk Pompeonu təyin edib.
Donald Tramp Tillersona təşəkkürünü bildirib və Pompeonun yeni vəzifədə “fantastik işlər görəcəyinə” ümidvar olduğunu ifadə edib.
Ankarada yaşayan azərbaycanlı siyasi şərhçi, professor Toğrul İsmayıl ABŞ Dövlət katibi Reks Tillersonun istefaya göndərilməsi və onun yerinə Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Mayk Pompeonun gətirməsini şərh edərkən deyib ki, Donald Tramp daha güclü və daha sərt komanda ilə hərəkət etməyə çalışır: “Məncə, burada əsas məsələ Rusiyadır və ABŞ-Rusiya münasibətlərində sərtləşmə özünü büruzə verəcək”.
Qeyd edək ki. Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mayk Pompeo Türkiyəyə qarşı olan bir insan kimi tanınır. Bu səbəbədən də yeni təyinatın Trükiyə-Amerika münasibətlərinə necə təsir edəcəyi də müzakirə olunur.
Türkiyənin Baş naziri Binəli Yıldırım Bakı səfərindən öncə Hava limanında mətbuat konfransı təşkil edib və jurnalistlərin suallarını cavablandıran Yıldırım Tillersonun vəzifədən azad edilməsinə də münasibət bildirib. O qeyd edib ki, Türkiyə-ABŞ münasibətləri hər hansı şəxslərə bağlı bir şey deyil: “ABŞ prezidentinin verdiyi qərarı bizim müzakirə etməyimiz gərəksizdir. Kim gəlirsə gəlsin, Türkiyənin mövqeyi bəllidir və açıq şəkildədir. Gələn nazirin Türkiyə üçün nə düşündüyünün bizim üçün çox da əhəmiyyəti yoxdur. Ümid edirəm ki, bundan sonra daha sağlam münasibətlər yaranar”.
Qeyd edək ki, Türkiyənin Baş naziri Binəli Yıldırım bu gün xanımı Semiha Yıldırım, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar, sabiq TBMM başçısı Hikmet Çetin və digər nümayəndə heyəti ilə Bakıya rəsmi səfərə yollanıb.
Politoloq bildirib ki, istefadan öncə Tillerson Ankarada səfərdə olub, ABŞ-Türkiyə münasibətləri müzakirə edilib və bəzi qərarlar verilib:
“İndi çoxları düşünür ki, Tillersonun vəzifədən getməsi ilə bu razılaşmalar da sual altına düşüb. Mən hesab edirəm ki, Amerikada bir kadrın vəzifədən çıxarılması, yerinə başqasının təyin edilməsi ümumilikdə mexanizmləri dəyişmir. Amerika tarixi dövlətdir, onun maraqları və istəkləri var. Dövlət də özünün maraqları əsasında hərəkət edir. Başqa sözlə, əldə edilən razılaşmalar davam edəcək. Sadəcə olaraq hesab edirəm ki, Amerika-Türkiyə arasında bəzi məsələlərdə razılıq əldə edildiyi görüntüsü olsa da, hələlik ciddi anlaşmalar mövcud deyil. İndi tərəflər vəziyyətə baxacaq”. Mayk Pompeonun Türkiyəyə qarşı sərt mövqedə olduğu haqda deyilənlərə gəldikdə Toğrul İsmayıl deyib ki, fərdi mövqelər bəzən ikili münasibətlərə təsir edə bilir: “Lakin Ankara-Vaşinqton münasibətləri onsuz da gərgindir. Bunun sonunun necə olacağı gələcəyin işidir. Bölgədəki durum, ABŞ-Rusiya münasibətləri sözsüz ki, Vaşinqton-Ankara əlaqələrinin gələcək trayektoriyasına öz təsirini göstərəcək. Amma mən inanmıram ki, ABŞ bölgədə Türkiyə kimi ölkə ilə sərt davransın, siyasətini daha da sərtləşdirsin. Bu Amerikanın maraqlarına əsla xidmət etməz. İndi söhbət ondan gedir ki, Tramp komandasını sərt xətti dəstəkləyənlərlə gücləndirir. Onsuz da Tramp prezident seçkiləri zamanı radikal mövqeyini ortaya qoyurdu. Amma Trampın öz şəxsi keyfiyyətləri də fərqlidir. O, dəyişik xarakterə sahibdir. Odur ki, təyinatlarının nə zamana qədər davam edəcəyini gözləmək lazımdır. Tramp kadrlarını çox tez-tez dəyişir”.
Toğrul İsmayılın fikrincə, bundan sonra Moskva-Vaşinqton münasibətlərində gərginlik qabarıq şəkildə üzə çıxacaq: “Rusiya prezident seçkiləri ərəfəsindədir. Qənaətimcə, seçkilərdən sonra Putin də sərt siyasətə üstünlük verəcək. Onsuz da seçki öncəsi Putin gövdə nümayiş etdirdi. Tramp da silahlanmaya böyük maliyyə ayırmışdı. Bbu münasibətlər getdikcə gərginləşəcək. Və sözsüz ki, ABŞ-Rusiya gərginliyi regionu narahat duruma salacaq. Müxtəlif regionlarda bunun təsiri hiss edələcək”. Müsahibimiz əlavə edib ki, Tillersonun hansı səbəbdən istefaya göndərildiyi haqda konkret fikir yürütmək doğru olmazdı: “Mən Tillersonu uğurlu diplomat kimi təqdim etməzdim. ABŞ-ın son dövrlər yürütdüyü siyasətdə ciddi uğur olmayıb. Bu Tillersonla əlaqəli deyil. Son illər ABŞ əsasən güc siyasətinə üstünlük verir. Bu da uğurlu siyasət deyil”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu diqqətə çatdırıb ki, ABŞ prezidenti Donald Tramp Reks Tillersonu dövlət katibi vəzifəsindən niyə çıxarması sualı hazırda çoxlarını maraqlandırır: “Fikrimcə, Tramp Tillersonun son dərəcə müstəqil hərəkət etməsindən narahat idi”. Onun sözlərinə görə, həqiqətən Tillerson siyasi çəkisinə görə Trampdan geri qalmırdı: “Belə baxanda böyük neft şirkətinin rəhbəri olan Tillersonun pulu keçmiş tikinti maqnatı Trampın pulundan çox idi. Elə dövlət katibi vəzifəsində də Tillerson müstəqil qərarlar verməyə çalışırdı, ancaq Ağ Ev administrasiyası onun qərarlarından sanki qıcıqlanırdı. Trampın müşaviri və kürəkəni Kuşner də Tillersonla razlaşdırmadan xarici siyasətlə məşğul idi. Bu da Tillersonun xoşuna gəlmirdi. Bir sözlə iki qoçun başı bir qazanda qaynamadı. Trampın Amerika prezidenti olduğu müddət bir ildən bir az artıqdır, ancaq öz kabinetində istefaya göndərdiyi məmurların sayı-hesabı yoxdur. Bu ondan irəli gəlir ki, Donald Trampın daxili və xarici siyasətdə sistemli yanaşması yoxdur. Bir neçə gün əvvəl iqtisadi məsələlər üzrə müşaviri də Ağ Ev sahibinin Avropa Birliyi dövlətlərinə qarşı tətbiq edilən yeni iqtisadi qaydalarla razılaşmayaraq istefa vermişdi”.

Əli

Bu xəbər oxundu
- - -