Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Ədəbiyyat İnstitutunda 31 mart - Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub

14.03.18, 12:07
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Martın 13-də AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan “Azərbaycan ədəbiyyatında soyqırımı və deportasiyaların bədii əksi: reallıqlar və çağırışlar” mövzusunda elmi sessiya keçirilib. AMEA-nın məlumatına görə, AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli elmi sessiyanın dövlətimizin başçısının “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 2018-ci il 18 yanvar tarixli Sərəncamına əsasən təşkil olunduğunu diqqətə çatdırıb. Akademik qeyd edib ki, azərbaycanlıların kütləvi qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli ağrılarındandır. 1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik birləşmələrinin Azərbaycanın müxtəlif bölgələrində törətdikləri amansız qətliamların əsas məqsədi azərbaycanlıları milli etnos kimi yer üzündən silmək, onların tarixi torpaqlarına yiyələnmək olub.
Bildirilib ki, ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra bu məsələyə prinsipial yanaşma nümayiş etdirilib, erməni millətçilərinin xalqımıza qarşı illərlə reallaşdırdıqları soyqırımı və deportasiya siyasətinin mahiyyəti bütünlüklə açıqlanıb və ifşa olunub. Ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə xalqımıza qarşı törədilmiş ağır cinayətlərə hüquqi-siyasi qiymət verilib. Bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi altında erməni təcavüzünün nəticələrinin aradan qaldırılması, respublikamızın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması, aparıcı dünya dövlətləri və nüfuzlu beynəlxalq dairələr tərəfindən ölkəmizin ədalətli mövqeyinin etiraf olunması və müdafiəsi istiqamətində ardıcıl və məqsədyönlü işlər görülür.
Sonra Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Asif Rüstəmlinin “Azərbaycanlılara qarşı (1918-ci il mart) soyqırımının bədii ədəbiyyatda inikası” mövzusunda məruzəsi dinlənilib. Tədbirdə Ədəbiyyat İnstitutunun şöbə müdirləri, professorlar Şirindil Alşanlı və Tahirə Məmməd, filologiya elmləri doktoru, professor Alxan Bayramoğlu, filologiya elmləri doktoru Baba Babayev, filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babayeva və başqaları erməni millətçilərinin təcavüzkar siyasəti nəticəsində təkcə XX əsrdə azərbaycanlıların dəfələrlə soyqırımına və etnik təmizləmələrə məruz qaldıqlarını vurğulayıblar. Bildirilib ki, 1918-1920-ci illərdə ermənilər tərəfindən törədilmiş kütləvi qırğınların Bakı, Quba, Şamaxı, Kürdəmir və Lənkəranla yanaşı, Şuşada, İrəvan quberniyası ərazisində, Zəngəzurda, Naxçıvanda, Şərurda, Ordubadda, Qarsda və başqa bölgələrdə davam etdirilməsi nəticəsində yüz minlərlə azərbaycanlı amansızlıqla qətlə yetirilib. Sonda erməni daşnakları tərəfindən törədilmiş mart qırğınının dəhşətlərindən bəhs edən slayd nümayiş olunub.

Bu xəbər oxundu
- - -