Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Novruz dəyərləri bütün zamanlar üçün aktual olaraq qalacaq

15.03.18, 7:31
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

5-ci yazı

Qədim türklərə görə, Su Yerin bacısı idi. Kosmoqonik düşüncəyə əsasən, əvvəlcə təkcə su varmış. Suya baş vurmuş səma ördəyi dəryadan torpaq götürüb. Səma ördəyinin götürdüyü torpaqdan Yer yaranıb. Qədim türklərin suya müqəddəs baxmalarının kökündə suyun həyat elementi olması dururdu. Su həyatdır. Onsuz həyatın inkişafı, intişarı yoxdur. Turanlılar odu Tanrının nəfəsi, günəşin oğlu hesab edirdilər. Türklər o düşüncə də idilər ki, od tanrısı yerdə yaşasa da, öləndən sonra tüstü şəklində göylərə qalxmasını ata-babaya qovuşması düşüncəsində idilər. Türklər yazın tez gəlməsi üçün Günəşə üz tutub odu, istini diləyiblər. «Odun, istinin bəlgəsi çırağı-odu yandırırlar və bununla inanırdılar ki, od çevrəni, torpağı qızdıracaq, onu əkinə hazırlayacaq, otu bitirəcək».
İnsanlar suya dirilik-əbədilik mənbəyi kimi baxıblar. Suya olan bu münasibət onu digər ünsürlərdən tamamilə üstün tutulduğunu göstərir. Günəş-Tanrının Yerdən olan oğludur. Türklər Günəşi yaradıcı kimi qəbul ediblər. «Günəşin yaradıcı olması onu ilk yaz bayramı ilə ilişgiləndirib. Bayram deyildiyi kimi, Günəş və Ay bayramı adlandırılıb. Deyəsən, bu bayramın adındakı Ay, aydan daha çox, inamla bağlıdır. Bir çox türk xalqlarında Ayın yaradıcı, insan yaradan, Tanrı anlamı var. Deməli, Günəş-Ay bayramı deyərkən, yaradıcı Günəş, Tanrı Günəş təsəvvür edilmişdir. Belə izahat ağlabatandır. Yaz da yaradıcıdır, Günəş də».
M.Seyidov «Qam-Şaman və onun qaynaqlarına ümumi baxış» kitabında Günəş tanrısı ilə bağlı Çin mənbələrində özünə yer almış diqqətçəkən bir mifdən danışır. Novruzun əsas komponentlərindən olan Günəşlə bağlı olduğundan həmin mifin məğzinə nüfuz edək. V yüzilliyin 40-cı illərində Co qəbiləsindən ayrılmış Tuqyular cənubi Altayda yaşayırdılar. Yetmiş qardaş olmuş Tuqyuların böyük qardaşı Nişidunun anası qurd olmuşdur. Nişidu istədiyi vaxt külək əsdirə, yağış yağdıra bilərmiş. Nişidunun anası qurd-Günəşlə ilişgəli olduğundan onda mifik keyfiyyətlər var idi. Nişidu Yayın və Qışın qızları ilə evlənmişdi... Bizcə, Nişidunun Yayın və Qışın qızları ilə evlənməsi də Günəş mifi və dual təşkilat qanunları, əksliklər görüşü ilə bağlıdır. Əksliklərin qarşı-qarşıya duran uclarında yerləşən yay və qış fəsilləri bir kökdəndirlər Günəşlə ilişgəlidirlər».
Günəşə türklərin qutsal, müqəddəs inamı olub. Günəşin doğmasını türklər mərasimlərlə qeyd ediblər. Bu ayin haqqında bir qədər sonra danışacağıq. Qədim türklər dualarını, diləklərini üzü göylərə ediblər. Hunlar da çadırlarını üzü gündoğana tərəf tikiblər.Ay, Göy-Tanrının Yerdən olan qızı sayılırdı. Türk mifində Aya ikili münasibət bəslənilib. Bu münasibət günümüzə qədər dəyişməyib, eləcə qalıb. Aya həm qadın, həm də kişi simvolu kimi baxılıb. «Ulu Toyon» mifində qadın, «Oğuz kağan»da isə kişi obrazında canlandırılıb. Oğuz Kağanın oğlanlarından birinin adı Ay (xan) idi. «Yetim qız» əfsanəsində deyilir ki, Ay çalılar arasında Su aparan yetim qıza acıyıb, çalıya qızın göyə gətirilməsini əmr edib. Çalı ata dönərək qızı Ayın yanına - göyə aparıb. Ay ona aşiq olub. Şəkildən-şəklə düşməsinin səbəbi də bu sevgidir».
Tanrının azman gücünü duyan türklər kainat-planet, təbiət-cəmiyyət vəhdətini qorumaq naminə Tanrı qarşısında özlərini borclu saydıqlarından ona sitayiş məqsədi ilə müxtəlif mərasim-rituallar keçirirdilər. Bu mərasim-rituallar Göy-Tanrı ilə birbaşa əlaqədar olan kosmik təfəkkürlə bağlıdır. Çin mənbələrinə görə, hunlar və göy türklər ildə üç dəfə qurban verib, bayram keçirirdilər. Qurbankəsmə mərasim və bayram törənləri ilin birinci, beşinci və doqquzuncu aylarında - 22 martda (yaz), 22 iyunda (yay) və 24 sentyabrda (payız) qeyd olunurdu. İyunun 20 və 22-nə təsadüf edən qurbanvermə mərasimi müqəddəs dağda, Ötüken dağında Tanrıya qurbankəsmə və bayram törənləri şəklində həyata keçirilirdi.
Bu mərasimlər son dərəcə təntənə ilə qeyd edilibdir. Tanrının şərəfinə qurban mərasimi açıq havada keçirilirdi. Əcdad kultu ilə bağlı olan törənlər mağaralarda gerçəkləşdirilirdi. Bu mərasimlər adi qada-bala qurbanları deyildi. Təntənəli qeyd edilən günlərə bir daha diqqət yetirək: 22 mart, 22 iyun və 24 sentyabr. Hər üç təqvim günü Novruz sisteminin tərkib hissələridir. Bəllidir ki, 22 mart ilin başlanğıcı - yazın gəlməsi, 22 iyun yayın gəlişi, 24 sentyabr isə payızın ilkin günüdür. Bu təqvim günləri barədə bir qədər sonra ətraflı danışacağıq.
Tək Tanrıyla bağlı ayinlər haqqında ilkin məlumatlar Çin qaynaqlarında qorunub saxlanılıb. Çin təqviminə görə, beşinci ayın üçüncü on günündə Tukyular Tanrıya qoyun və at qurban kəsərdilər. Bu tarix indiki təqvimlə iyunun 5-10 arasına təsadüf edir. Digər mənbələrdə bu tarix 30 iyun göstərilir. Əslində, bu qızmar yayın gəlməsi ilə bağlı keçirilən mərasim olduğundan, çox güman ki, iyunun 20-22-də reallaşdırılıb. Mənbələrdəki bu fərqin səbəbini yalnız subyektivlikdə görmək doğru olardı. Böyük ehtimalla demək olar ki, bu yanlışlıq Çin mənbələrindən irəli gəlir. Bu ayinlərin təntənəli keçirilməsində qədim türklər Göy-Tanrıdan ruzi-bərəkət, bolluq, soy və tayfalarının, nəsillərinin davam etməsini, dövlətlərinin sülh və əmin-amanlıqla yaşamasını diləmək idi. Yeri gəlmişkən, Göy türklərin qurbankəsmə mərasimi barədə qədim Çin mənbələrinin verdiyi məlumatlara toxunmaq istərdik. Mənbələrdə göstərilir ki, əski türklər Tanrının şərəfinə çay kənarında qurban kəsirdilər. Qurbanvermə mərasiminin çay-su kənarında keçirilməsi təsadüfi deyil. Su Novruz sisteminə daxil olan dörd əsas ünsürdən biridir. Bu tipli mərasimlər qutsal guşə sayılan uca dağlarda keçirilib.
Ötükenin qərbində yerləşən Budun İlli vardı ki, bunun da anlamı elin, dövlətin mühafizəçisi, qoruyanı deməkdir. Türk dünyagörüşünə görə, kainat və planetdə boş, mənasız heç nə yoxdur. Bütün yaranış təbiət və cəmiyyətdə müəyyən məqsəd üçün, nəyinsə naminə yaradılıb, yaradılmışın hər biri nəyəsə gərəkdir. Fikrimizcə, türklər Tanrıya qutsal, müqəddəs, saf və pak bir məkanda, uca dağlarda qurban verməklə, bir daha Tanrı ucalığını, Tanrı müqəddəsliyini qoruyublar. Bu uca dağlar qoynunun digər simvolik mənası dağ ucalığında, dağ yüksəkliyində Tanrıya qovuşmaq niyyətinin güdülməsidir. Qurbanvermə ritualında elə ən böyük məram Tanrıya ruhən, mənən qovuşmaq idi. Tanrıya qurbankəsmə mərasimində dualar oxunur, niyyət edilir, dilək dilənirdi. Qurbankəsmə ayini də göstərir ki, Göy-Tanrı inamının da nüvəsində Novruz sisteminin komponentləri dayanır. Bir daha vurğulayaq ki, dünyada mövcud olan dinlərin hamısı Novruz sistemindən əsaslı şəkildə faydalanıblar. Bunun başlıca səbəbi Novruz sisteminin hərtərəfli və kamil olmasıdır. Novruz sistemində təbiət və cəmiyyətin dialektikası üçün icrası vacib olan inkaredilməz dəyərlər (qanunlar) özünə yer alıb. Qədim türklər dünyanın yaranması, dünya-insan, göy-yer, yaradan və yaradılan münasibətləri barədə mifik olduğu qədər də, gerçək təsəvvürə malik olublar. Türklər
dünyanın yaradılmasında Tanrı Qara xanın güc və qüvvətinə inanırdılar. Türk inamına görə, Yerin yaranması Tanrı Qara xanla bağlıdır. Dünyanın yaranması haqqında türk inamının təfərrüatına varaq: «Bir zamanlar yalnız Tanrı Qara xan və su var. Qara xandan başqa görən, sudan başqa görünən yox idi. Ağ Ana göründü. O, Qara xana «yarat» deyib yenidən suya qayıtdı. Bunu eşidən Qara xan bir kişi yaratdı. Qara xanla kişi intəhasız suyun üstü ilə iki qara qaz kimi uçurdular. Lakin halından məmnun olmayan kişi, Qara xandan daha yüksəkdə uçmaq istəyirdi. Onun istəyini bilən Qara xan kişidən uçmaq qabiliyyətini aldı. Kişi dibsiz suya yuvarlandı. Boğulurdu. Elədiyinə peşman olub, Tanrı Qara xandan bağışlanmasını xahiş etdi.
Tanrı Qara xanın göstərişi ilə sudan bir ulduz çıxdı. Kişi həmin ulduzun üstünə çıxıb xilas oldusa da, Qara xan onun bir daha uça bilməyəcəyini nəzərə alıb, dünyanı yaratmaq qərarına gəldi. Kişiyə buyurdu ki, suyun dibinə dalaraq torpaq çıxarsın. Şər düşüncədən əl çəkməmiş kişi torpaq gətirərkən fikirləşdi ki, özü üçün gizli bir dünya da yaratsın. Ona görə də torpağın bir hissəsini ağzında saxladı. Elə ki, ovcundakı torpağı su üzərinə səpdi, Tanrı Qara xan torpağa «böyü» deyə buyurdu. Torpaq böyüyüb dünya oldu. Lakin kişinin ağzında saxladığı torpaq da böyüyüb onu boğmağa başladı, Qara xan ona «Tüpür!» deməsəydi, boğulub öləcəkdi.
Tanrı Qara xan dümdüz bir dünya yaratmışdı, lakin kişi tüpürəndə ağzından axan torpaq bataqlıqlar, təpələr əmələ gətirdi. Hirslənən Qara xan itaətsiz kişiyə «Erlik» (şeytan) adını verib, özünün işıqlı dünyasından qovdu. Sonra yerdə doqquz budaqlı bir ağac bitirdi, hər budağın altında bir adam yaratdı ki, bunlar doqquz insan irqinin ataları oldular. Erlik insanların gözəlliyini, xoş həyatını görüb, Tanrı Qara xandan xahiş etdi ki, həmin insanları onun ixtiyarına versin. Qara xan vermədi. Lakin Erlik istədiyindən dönmədi, insanları öz tərəfinə çəkməyə başladı. Qara xan insanların azğınlığını, Erliyə aldanmalarını görəndə acıqlandı. Onları öz ümidlərinə buraxdı. Erliyi isə yer altındakı qaranlıq dünyanın üçüncü qatına qovdu. Özü isə göyün on yeddinci qatını yaradıb, oraya çəkildi. Mələklərindən birini insanları qorumaq üçün yer üzünə göndərdi.
Erlik, Tanrı xanın qərar tutduğu gözəl göyü görüb, ondan icazə istədi ki, özü üçün bir göy yaratsın, icazə alıb yaratdı və aldatdığı şər ruhları öz göyündə yerləşdirdi. Lakin Qara xan görəndə ki, Erliyin təbəəsi onunkundan daha yaxşı yaşayır, mələklərdən birini göndərib həmin göyü dağıtdırdı. Göy yıxılıb dünyaya düşdü, dağlar, dərələr, ormanlar meydana gəldi. Acıqlanmış Tanrı Qara xan Erliyi yenidən yerin ən aşağı qatına göndərdi. Buyurdu ki, günəşsiz, aysız, ulduzsuz yerdə dünyanın sonuna qədər qalsın. Tanrı Qara xan göyün on yeddinci qatında oturub kainatı idarə etməkdədir. Ondan bir qat aşağıda Bay Ölgün Altun dağda qızıl bir taxt üstündə oturub. Göyün yeddinci qatında Gün Ana, altıncı qatında Ay Ata oturublar».
Bu mifdə Novruz sisteminin əsas elementlərinin - dünyanın Tanrı tərəfindən yaradıldığının, ona tabe olmayan şər qüvvələrin simvolu olan şeytanın şər əməllərinin, kainatın işıq mənbələri olan Günəş və Ayın yerləşmə məkanı haqqında məlumat verilir. Türklər Tanrını cümlə-cahanın və özlərinin Yaradanı kimi qəbul ediblər. «Oğuz Kağan» dastanında deyilir: «...Oğuz bir gün Tanrıya yalvararkən göydən bir işıq düşdü. Yüyürüb gördü ki, işığın ortasında gözəl bir qız oturub. Qızı sevib aldı. Qızın Oğuzdan üç oğlu oldu. Oğlanlara Gün, Ay və Ulduz adlarını qoydular». Mifikləşmiş düşüncədə həyat gerçəklikləri daşlaşıb. Türklər yaxşı dərk ediblər ki, üzərində yaşadıqları yerin enerjisi birbaşa Göy-Tanrı, Günəş, Ay və ulduzlarla bağlıdır. Bu əlaqə olmasa, yerdə həyatın davamı mümkün deyil.

X.Göyyallı

Bu xəbər oxundu
- - -