Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Dünyada münaqişələr artacaq”

15.03.18, 14:19
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda keçirilən VI Qlobal Bakı Forumu çərçivəsində “Güc anlayışı: böyük güclər və digərləri” paneli keçirilib.
Panel Serbiyanın sabiq prezidenti (2004-2012) Boris Tadiçin moderatorluğu ilə keçirilib.
Boris Tadiç böyük güclər dedikdə ABŞ, Rusiya və Çinin nəzərdə tutulduğunu bildirib: "Biz ABŞ, Rusiya və Çin kimi böyük güclərin xarici siyasət strategiyalarının qlobal balansa necə təsir etməsi barədə danışacağıq".
Nizami Gəncəvi dəyərlərinin daha geniş təşviq olunmasının zəruriliyini vurğulayan Türkiyənin baş naziri Binəli Yıldırım deyib ki, dünya inkişaf etdikcə ölkələr arasında məsafələr qısalır: "Silahlı münaqişələr, müharibələr, terror hamının probleminə çevrilib. Heç bir ölkə sadaladıqlarıma qarşı təkbaşına mübarizə apara bilməz. Terrora qarşı ortaq mövqedən çıxış etmək lazımdır".
Türkiyənin Suriya və İraqla həmsərhəd olduğunu xatırladan Binəli Yıldırımın sözlərinə görə, adı çəkilən ölkələrlə sərhəddə terror təhlükəsi böyükdür: "Biz sərhədlərimizi keçərək İŞİD terror təşkilatına qoşulmaq istəyən şəxslərin qarşısını alırıq. Türkiyə indiyə kimi 4000-dən çox İŞİD döyüşçüsünü zərərsizləşdirib. Bu terrorçular zərərsizləşdirilməsə, onlar Avropada terror aktları törədəcəkdilər. Bizim Afrində apardığımız hərbi əməliyyatlar ölkəmiz üçün ciddi problemə çevrilən terrorla mübarizədir. Suriyada 7 ildən çoxdur ki, sülh bərqərar olmur. Çünki böyük güclər regionda münaqişənin həllinə dəstək vermək əvəzinə, bir-birləri ilə rəqabət aparırlar. Bunun da altını günahsız insanlar çəkir".
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) həmsədri, Latviyanın sabiq prezidenti (1999-2007) Vayra Vike-Frayberqa qeyd edib ki, insanların yaşama istəyinə hörmət edilərsə, konfliktlər baş verməz.
“Gryphon Partners və Halilzad Associates”in prezidenti, ABŞ-ın BMT-dəki sabiq səfiri (2007-2009) Zalmay Xəlilzad deyib ki, Çin artıq ikinci böyük iqtisadi gücə malikdir və onun hərbi qüdrəti gündən-günə artır: “Lakin Çin Asiyada əsas dominant gücə çevrilə bilmir. ABŞ-ın təhlükəsizlik və hərbi strategiyalarında isə xüsusən güclərin tarazlaşdırılmasına xüsusi önəm verilir. Belə olan halda, ABŞ öz hərbi gücünü artırır. Rusiyanın iqtisadi gücü azalsa da, prezident Vladimir Putin Rusiyanı, prezident Donald Tramp isə ABŞ-ı böyük gücə çevirmək istəyirlər. Belə olan halda hansı əməkdaşlıqdan söhbət gedə bilər? Təəssüf ki, konfliktlər azalmayacaq, əksinə, onların sayı artacaq”.
Rusiyalı politoloq, Xarici və Müdafiə Siyasəti Şurası Rəyasət Heyətinin fəxri sədri, Rusiya Ali İqtisadiyyat Məktəbinin Dünya siyasəti fakültəsinin dekanı Sergey Karaqanov bildirib ki, Qərb dünyası 500 ildir dünyada dominantlıq edir, Rusiya isə XVI əsrdən hərbi gücün hesabına dominantlıq etməyə başlayıb: “Hazırda ikiqütblü dünyanı bərpa etməyə çalışırlar. Bir müddət sonra dünyada iki super güc olacaq. Bir tərəfdə ABŞ-Avropa, digər tərəfdə isə Avrasiya birliyi. Hansı ki orada Çin, Rusiya, Türkiyə, İran, Hindistan fəal olacaqlar. Belə olan təqdirdə xüsusən kiçik millətlər manevr imkanları qazanacaq və onlar daha azad olacaqlar. Mən gələcək barədə nikbinəm”.
Xarici Əlaqələr üzrə Çin Xalqlar İnstitutunun sabiq prezidenti, Çinin Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunun vitse-sədri Mey Caoran dünyada əhəmiyyətli hadisələrin baş verdiyini vurğulayıb: "Ölkələrin qarşılıqlı əlaqələri inkişaf edir. Bununla belə, terrorizm, iqlim dəyişikliyi də baş verir. Biz bunları ya qarşılıqlı əməkdaşlıq çərçivəsində, ya da münaqişə zəminində həll etməyə qərar verməliyik”.

Bu xəbər oxundu
- - -