Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Azərbaycan dünya birliyini Ermənistanı işğalçılıq siyasətindən çəkindirməyə çağırır“

15.03.18, 14:52
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

"Hazırda dünyada etnik separatizmin güclənməsi regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasına, bəşəriyyətin sülh və əmin-amanlıq şəraitində yaşamasına mənfi təsir göstərən ən əsas mənfi amillərdəndir. Azərbaycan Respublikası da iki yüz ildən çoxdur ki, ermənilərin etnik təmizləmə və soyqırımı siyasətinə məruz qalaraq onun doğurduğu qanlı faciələrdən və müharibədən əziyyət çəkir”
Bunu VI Qlobal Bakı Forumu çərçivəsində “Çoxluqlar azlıqlara qarşı” mövzusunda keçirilən panel iclasında Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.
Onun sözlərinə görə, azərbaycanlıları öz tarixi torpaqlarından qovmaqla onlara məxsus ərazilərdə ermənilərin uydurduqları “Böyük Ermənistan” dövləti yaratmaq bu siyasətin əsas məqsədini təşkil edir. Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı ilə bağlı BMT Təhlükəsizlik Şurası 7 bəyanat və 4 qətnamə qəbul etmişdir. Bu sənədlərdə Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan ərazilərini qeyd-şərtsiz tərk etməsi tələbi qoyulmuşdur. Buna baxmayaraq, Ermənistan hələ də BMT-nin bu tələblərini yerinə yetirməkdən imtina edir", - Prezidentin köməkçisi bildirib.
Əli Həsənov vurğulayıb ki, münaqişənin bilavasitə həlli məqsədilə yaradılmış ATƏT-in Minsk qrupunun qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı və suverenliyinin bərpasının zəruriliyi bəyan edilib: "Avropa Şurasının Parlament Assambleyası qəbul etdiyi sənədlərində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT-nin qətnamələrində əksini tapmış tələblərin yerinə yetirilməsinin vacib olduğunu göstərmişdir. Avropa İttifaqı da Azərbaycanın ərazi bütövlüyü çərçivəsində münaqişənin həllinə tərəfdar olduğunu bildirmişdir. NATO-nun müxtəlif illərdə keçirilən sammitlərində qəbul olunmuş sənədlərində Azərbaycanın ərazi bütövlüyü prinsipi öz əksini tapmışdır. Beynəlxalq təşkilatlar içərisində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə ən ədalətli, obyektiv münasibət İslam Əməkdaşlıq Təşkilatı (İƏT) tərəfindən göstərilmişdir. İƏT Ermənistanı birmənalı şəkildə təcavüzkar dövlət kimi tanıyan və təcavüzə son qoyulmasını tələb edən ilk beynəlxalq təşkilatdır. BMT, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktını təsdiqləsələr də, beynəlxalq hüquqa zidd olduğunu qeyd etsələr də, lakin bu halı birmənalı formada pisləməkdən və beynəlxalq təsir mexanizmləri vasitəsilə işğalçı dövləti BMT-nin qətnamələrindəki tələbləri yerinə yetirməyə məcbur etməkdən çəkinirlər. Ən yaxşı halda, BMT, ATƏT və Avropa Birliyi, o cümlədən sülhyaratma prosesinə cəlb olunmuş Minsk qrupunun həmsədrləri “iki ölkə arasında kompromis mövqelər axtarmaq” və “onların özlərinin ortaq nöqtələr tapması” yolu ilə gedərək, münaqişəni birtəhər aradan qaldırmağa çalışırlar ki, bu da faktiki olaraq status-kvo vəziyyətini neçə illərdir uzadır. Digər tərəfdən Minsk qrupu çərçivəsində aparılan danışıqlarda Ermənistanın qeyri-konstruktiv mövqeyindən əl çəkməməsi, eləcə də qrupun üzvü olan böyük dövlətlərin problemə münasibətdə yekdil mövqedən çıxış edə bilməmələri münaqişənin dondurulmuş vəziyyətdə qalmasına səbəb olur. Bəzi beynəlxalq təşkilatlar hesab edir ki, münaqişəni “iki tərəf” həll etməlidir, onlarsa bu işdə “əldə olunacaq razılığın pozulmazlığına” təminat verməlidirlər. Nəzərə alınsa ki, Azərbaycan üçün münaqişənin həlli onun ərazi bütövlüyünün təmin olunması və bu ərazilər üzərində suveren dövlət hüquqlarının tanınması hesab olunur, Ermənistan və separatçı Dağlıq Qarabağ rejimi üçünsə Dağlıq Qarabağın Azərbaycandan qopardılması, o zaman bu münaqişənin həllində qarşılıqlı kompromislərin nədən ibarət olacağını hələ ki, heç bir ekspert müəyyən edə bilmir. Ermənistanın rəsmi şəxsləri dünya birliyinin bu münaqişəyə "ikili standartlar" prinsipindən yanaşmasını, BMT və ATƏT kimi beynəlxalq təşkilatların öz öhdəliklərini və qəbul etdikləri qərarları həyata keçirmək üçün konkret addımlar atmaq iqtidarında olmadığını düşünərək, danışıqlar prosesini bilərəkdən ləngidir və mövcud status-kvonu davam etdirməyə çalışırlar".
"Beynəlxalq hüquq baxımından milli azlıqların öz müqəddəratlarını təyin etməsi başqa dövlətlərin ərazi bütövlüyünü pozmaq və müstəqillik almaq formasında reallaşa bilməz. Çünki müstəqil dövlətin ərazisində neçə-neçə milli azlıqlar yaşayır və onlar belə bir hüquqa malik deyildir. Xalqların öz müqəddəratını təyinetmə ideyası beynəlxalq hüququn ərazi bütövlüyü prinsipini pozmağı və bu prinsiplə ziddiyyət təşkil etməyi inkar edir. Digər tərəfdən hər bir xalqa öz müqəddəratını istədiyi qədər təyin etmə hüququ verilərsə, müasir dünyada etnik separatizm qarşısıalınmaz prosesə çevrilər və əksər ölkələrdə saysız-hesabsız etnik münaqişələr, müharibələr baş verər. Hətta bu gün ikili standartlar siyasəti aparan polietnik dövlətlərin özləri belə dəhşətli etnik separatizm dalğasına məruz qala bilər. Bir dövlətin beynəlxalq hüquq normaları ilə təsbit edilmiş ərazisi daxilində başqa bir dövlətin yaradılması və bu məqsədə nail olmaq üçün milli, etnik zəmində parçalanmaya əl atılması yolverilməzdir. Ermənilərin etnik separatizmə bəraət qazandırmaları üçün öz müqəddəratını təyinetmə prinsipini bəhanə etməsi BMT-nin Nizamnaməsində və ATƏT-in Helsinki Yekun Aktında əksini tapmış prinsiplərin - dövlətlərin suveren bərabərliyi, zor tətbiq edilməməsi, sərhədlərin toxunulmazlığı, dövlətlərin ərazi bütövlüyü, mübahisələri dinc yolla nizama salmaq, başqa dövlətlərin daxili işlərinə qarışmamaq, beynəlxalq hüquqi öhdəlikləri vicdanla yerinə yetirmək və s. - kobud şəkildə pozulması deməkdir. Nəzərə alınmalıdır ki, Dağlıq Qarabağ bölgəsinin erməniləri başqa ölkələrdə yaşayan ermənilər kimi Azərbaycanda yaşayan milli azlıqlardan biridir və onların ərazi iddiaları irəli sürməsi beynəlxalq hüquqi normalara uyğun deyil. Bu məsələdə Azərbaycanın mövqeyi ondan ibarətdir ki, azərbaycanlılar Dağlıq Qarabağa, öz əzəli torpaqlarına geri dönməli, ermənilər isə onlarla birlikdə həmin ərazidə yaşamalıdırlar. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə öz çıxışlarında Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını təyin etmək hüququ ilə bağlı irəli sürülən iddiaların beynəlxalq hüquqa zidd olduğunu, ermənilərin artıq öz müqəddəratını təyin etdiyini və Ermənistan adlı müstəqil dövlət yaratdıqlarını bildirmişdir. Azərbaycan Prezidentinin dediyi kimi, ermənilər yaşadıqları bütün digər ölkələrdə öz müqəddəratını təyin etmək fikrinə düşsələr, dünyada hansı vəziyyətin yaranacağını və hadisələrin baş verəcəyini söyləmək çox çətindir. Azərbaycan dünya birliyini Dağlıq Qarabağ münaqişəsinin regionda törədə biləcəyi təhlükələr haqqında xəbərdar edərək təsirli tədbirlər görməyə və Ermənistanı işğalçılıq siyasətindən çəkindirməyə çağırır. Hesab edirik ki, təcavüzkarın qarşısı alınmazsa, beynəlxalq dairələrin dünyada sülhün və sabitliyin bərqərar edilməsinə yönəlmiş səyləri nəticəsiz qalacaq, etnik münaqişələrin miqyası dünyamızda getdikcə daha da genişlənəcək. Bu da bəşəriyyətin arzu etdiyi dinc dünya nizamı üçün son dərəcə təhlükə yaradacaq", - Prezidentin köməkçisi qeyd edib.

Bu xəbər oxundu
- - -