Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Türkmənlərin Novruz adətləri

16.03.18, 7:48
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Türk xalqlarının etnik-mədəni yaddaşında ən əzəmətli bayramlardan olan Novruz onun ritual simvolikası, mövsüm mərasimləri sistemində yeri və s. haqqında çox deyilib, çox yazılıb. Bu bayramın da tarixi kökləri lap qədimlərə gedib çıxır. Tədqiqatçı-mifoloqların, folklorşünasların, etnoqrafların əsərlərindən ortaya çıxan başlıca fikir isə bundan ibarətdir ki, Novruzun yaşı minilliklərin o üzündən (ən azı 5 min il bundan öncədən) boylanmaqdadır. Belə mülahizələr heç də əsassız ortaya qoyulmur. Çünki onlarla bağlı çoxsaylı məlumatlar mənbələrin yaddaşında daşlaşmaqdadır.
Novruzla bağlı nəinki türk mənbələrində faktlara rast gəlirik, həm də Firdovsi, Hafiz, Sədi, Cami kimi təfəkkür sahibləri fikirlər söyləyiblər. Burada biz, əlbəttə, Novruzun mənşəyi ilə bağlı qənaətlər səsləndirməkdən kənarıq. Lakin onu qeyd etməyi zəruri hesab edirik ki, Novruzun ümumiyyətlə, Yaradılış, Dirçəliş, Oyanış bayramı kimi dərk olunması düşüncəmizə daha yaxındır.
“Avesta”dan da qədim dövrə gedib çıxan Novruz həm də başqa tərəfdən ruhların ziyarət edilmə bayramı kimi yaddaşlarda oturub. Səsləndirilən nəzər nöqtələrində Novruzun turanlılarla bağlılığı bizi daha çox məmnun edir. Lakin bir sıra hallarda Novruzun dinlə bağlanması iddiaları ortada olsa da, belə fikrin real əsasının olmadığı daha çox təsəvvürlərimizə yardımçı olur. Bir qədər irəli gedərək qeyd edək ki, belə yanaşma türkmənlərin də Novruzla bağlı mövqeyini əks etdirməkdədir. Bununla belə Novruzun türkmənlərdəki törənləri həm də bizim ənənələrə çox yaxındır. Çünki tarixi baxımdan bir-biri ilə bağlı olan türk xalqlarının taleyində adət və ənənələrin üst-üstə düşməsi daha çox rast gəlinən məqamlardandır. Belə ki, Novruz bayramı qeyd edilərkən hər bir türkmən ailəsinin üzvü dəstərxan ətrafında toplaşaraq, bir-birinə rahatlıq, şadlıq, əmin-amanlıq, bolluq, rifah, xoşbəxtlik, uğur, xoş arzu, istəklər diləyir, nəsihətlər söyləməkdən xüsusi həzz alıblar.
Dövrümüzə gəlib çatan xeyli şifahi və yazılı mənbələr var ki, burada türklərin və türkmənlərin əxlaq prinsiplərinin məhz bu ənənə və adətlərdə əks olunduğunu sübut etməkdədir. Türkmən alimi Oraznadat Ekyayaevə görə arxeoloji tədqiqatlar nəticəsində müasir Türkmənistan ərazisində Böyük Balkanlar və onun hissəsində, axınında qədim Günəş məbədləri olub ki, burada zərdüştiliyin Şərq xalqları arasında yayılması müəyyənləşdirilib. Bu da Günəş ayininin Od ayini ilk sıx əlaqədə olduğunu sübut etməkdədir. Zərdüştilik islam ortaya çıxandan sonra onunla birləşməklə mövcudluğunu bir qədər fərqli şəkildə davam etdirmişdi. Bunu sübut edən xalq yaradıcılığı nümunələri də kifayət qədərdir. Məlum olduğu kimi, Azərbaycanda, İranda, Orta Asiyada zərdüştiliyin yüksək şəkildə inkişaf etdiyindən burada yaşayan etnoslar oda magik, əfsunlayıcı qüvvə kimi yanaşırdılar. Türkmənlər belə bir mülahizədə bulunmaqdadırlar ki, Novruz Göytürklərin (onlar Göytürklərə Göytürkmənlər deyirlər) intibah etdiyi dövrdə yaranıb. Onların fiklrincə məhz həmin vaxt Göytürklər dəmir dağı əritməklə dörd dağ arasından azadlığa çıxa biliblər. Azad olunmanı isə yenidən doğulma kimi qeyd etməklə, bu hadisəni bayram kimi təntənə ilə keçiriblər. Dağı odun köməyi ilə əritmə və ondan sonra Göytürklərin dörd qaya arasında düşmənlərdən xilas edilib doğulmasını onların etnik düşüncəsinin məhsulu “Ergenekon” dastanı sübut etməkdədir. Bununla bağlı yazılmış məqalə və əsərlər məhz Novruzun bayram edilməsini bu mənbəyə də bağlamaqdadır.
Hər bir xalqın Novruzu qarşılamaq adətləri olduğu kimi türkmənlərdə də bu bayramın keçirilməsinin öz xüsusiyyətləri mövcuddur. Türkmənlər əski ənənələrə daha yaxından bağlı xalq kimi Novruz ərəfəsində bütün kənd, el-oba yaşıl çəmənliyə və tarlalara çıxır, qoyun, keçi və inəklərdən sağdıqları süddən yeni qurduqları ağ çadırlarda müxtəlif südlü yeməklər bişirib süfrələrə qoyardılar. Qızlar evdə analarına təsərrüfat işlərində kömək edər, axşamlar isə təbiət qoynuna çıxıb nəğmələr oxuyardılar. Bu nəğmələrin sırasında “lalə” nəğməsini onlar dodaqlarda və boğazda ifa (zümzümə) edib xüsusi melodik səslər yaratmaqla oxuyurdularsa, axşamlar yeniyetmə qızlar və gənc qadınlar “muncuqatdı” adlanan müxtəlif rəngli muncuqların köməyi ilə mərasim oyunlarına daha çox yer verərdilər. Eyni zamanda “muncuqatdı”nın başqa bir dəyəri və mahiyyəti onda idi ki, türkmən qızları muncuğun köməyi ilə gələcəkdə taleyin onlara nə qismət edəcəyini də gözləyərdilər. Qızlar muncuqatdı oyunu üçün adətən kişilərin gözündən bir qədər gizlin yerlər seçərdilər. Bu oyunda əsasən gəlinlər, yaşlı qızlarla yanaşı, bəzən ahıl yaşına çatmış müdrik qadınlar da iştirak edərdilər. Oğlanlar bu oyunda iştirak etməşələr də, elə igidlər də olurmuş ki, onlar oyun oynanılan tərəflərdə yaxın bir yerdə gizlənib qızların onlar haqqında nə dediklərini eşitmək istəyirdilər. “Muncuqatdı” oyununda türkmən qızları “yar” sözündən istifadə etməyə özlərində daha çox cəsarət tapar, sevdiyi igidin adını deməkdən çəkinməzdilər.
Yeri gəlmişkən qeyd edək ki, türkmən qızlarının “muncuqatdı” mərasim oyununun azərbaycanlıların vəsf halları ilə uyğunluğu və yaxınlığı da nəzərə çarpmaqdadır. Çünki hər iki xalqın Novruz adətlərində bu tipli oyunlar həyata keçirilərkən qızlar və qadınlar öz talelərindən xəbərdar olmaq istəyirdilər. Buna görə də bu oyunlarda istifadə edilən nəğmələr həm də kiminsə taleyindən xəbərvermə kimi səslənərdi. Aşağıda gətirəcəyimiz parçalarda, heç şübhəsiz ki, xeyli yaxınlığın və uyğunluğun olması görünməkdədir. Burada türkmən və Azərbaycan nümunələrində fərq yalnız ondan ibarət olacaq ki, türkmən qızları piyalənin içinə yalnız muncuqlar qoyurdularsa, Azərbaycan qızları oyunu həyata keçirərkən muncuq, üzük, sancaq və başqa əşyalardan istifadə edirdilər.

Alla meni quş etsin (Tanrı məni quş eylə),
Çanatym kümiş etsin (Qanadım gümüş eylə),
Bivepa yalançyya (Dar eldə, dar küçədə),
İkimizi duş etsin (Yarı mənə tuş eylə)!

Novruz bayramı ərəfəsində türkmən gəlinləri, qadınları, nənələr süzmə, ayran, yağ və digər süd məhsullarından çoxsaylı yeməklər hazırlayıb yeni günü, yeni ili bayram edərdilər. Baharın gəlişini insanlar əsasən təbiət qoynunda keçirməyə daha çox can atırdılar. Təbiətə çıxan insanlar rəngbərəng çadırların və ağ arabaların düzümündən istifadə edib sanki onları yazın gəlişinə oxşadırdılar. Qazanlar qaynayar, dadlı yeməklər ortaya qoyulardı. Uşaqlar və gənclər üçün müxtəlif rəngli parçalardan hündür yelləncəklər qurular, at yarışları, qoç və it döyüşləri keçirilərdi. “Göreş” (yəni “güləş”) yarışları təşkil olunardı.
Azərbaycanlılarda olduğu kimi türkmənlərdə də Novruzun ən mühüm atributlarından biri “səməni” hazırlama və “novruz yarma” olmuşdur. Səməninin hazırlanmasını türkmənlər azərbaycanlılardan bir qədər fərqli edərdilər. Onlar lazım olduğu qədər buğdanı isladıb bir qaba töküb isti yerdə saxlayar, 2-3 gün keçib, buğdalar cücərti verdikdən sonra onu taxtanın üzərinə tökər, boy verəndə isə buğdanı tez-tez sulayar, on gündən sonra bütöv cücərmiş buğdanı taxta qaba qoyub üstünü ağır metalla bağlayarmışlar ki, şirəsi qazana çıxanda üstünə su, un və qənd əlavə etsinlər. Əlbəttə, səməninin hazırlanmasını heç də hamıya həvalə etməzlərmiş. Səməni qaynayanda onu kəndin ən nüfuzlu qadınlarından biri açarmış. Türkmən inanclarına görə kim qazanın ağzını birinci açsaymış, o, o andaca Bibi Fatimənin barmağının istisini hiss edə, görə bilərmiş. Türkmənlərin “Novruz yarma” yeməyinə gəldikdə isə bu ət və digər ərzaqların qarşığından olub iri qazanlarda hazırlanarmış.
Azərbaycanlılarda olduğu kimi türkmənlərdə də Novruz ərəfəsində ağacəkmə olduqca geniş yayılıb. Bununla belə ənənə eləymiş ki, Novruz günlərində hətta quru ağacların belə qırılmasına heç kimin əli qaldırmazmış. Həmin günlərdə tut, əncir və şabalıd ağaclarının əkilməsinə daha çox yer verilərmiş. Kim ev tikmək tədarükünə Novruzda başlasaymış, onun işləri daha uğurlu olarmış.
Bundan başqa türkmənlərdə azərbaycanlılarda olduğu kimi “üzərlik” paklıq və qoruyuculuq simvolu kimi geniş yayılmaqda, o insanları gözdəymədən, mənfi enerjidən, yükdən qoruyan ot kimi tüstüsünü insanlara verib onları pis gözdən hifz etmə adətləri də varmış ki, insanlar həmin tüstünü içlərinə çəkməklə xilas ola bilərmişlər.
Novruz günlərində türkmənlər də yaxınlarının məzarlarını ziyarət edib, onlara dualar oxutdurar, rəhmət diləyərlərmiş. Novruz ərəfəsində insanlar çölə çıxıb tarlalara, çəmənliklərə yağış arzulayarmışlar. İnsanların yalvarışları, duaları ilə yağış yağdırdıqda onlar deyər, gülər, şənlənər, məmnun olarmışlar.
Bütün qeyd etdiklərimiz göstərir ki, türkmənlərin Novruz adət-ənənələri ilə azərbaycanlıların adət-ənələrində xeyli üst-üstə düşən məqamlar və nöqtələr var. Bu gün müstəqillik yolu ilə mətin addımlayan bitərəf Türkmənistanda, siyasi, iqtisadi və mədəni arenada öz mövqeyini ortaya qoyan Azərbaycanda bu ənənələrin ortaq, yaxın və fərqli xüsusiyyətlərinin müqayisəli-qarşılaşdırıcı müstəvidə öyrənilməsinə ehtiyac var. Çünki, Novruz hər iki xalqın ulu və əzəli milli bayramı kimi belə bir aspektdə ətraflı araşdırılmaya tamamilə layiqdir.

Nizami Tağısoy
filologiya üzrə elmlər doktoru, professor

Bu xəbər oxundu
- - -