Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Qərb Putini təkləyib

16.03.18, 9:14
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Hazırlanması və istifadəsi beynəlxalq səviyyədə qadağan olunmuş çox təhlükəli kimyəvi silah olan “Noviçok”un hücum aləti kimi seçilməsi və onun Britaniya kimi bir dövlətin ərazisində az qala göstərilə-göstərilə tətbiq olunması önəmli məqamdır.
Bu sözləri politoloq Şahin Cəfərli deyib. Politoloq bildirib ki, “Noviçok”un 2 qramı ilə 500 adamı öldürmək mümkündür:
“Sui-qəsd üçün başqa - daha sadə, daha ucuz üsul və vasitə də seçilə bilərdi. Aydındır ki, sifarişçi bu aktın böyük hay-küy və kəskin əks-reaksiya doğurmasını istəyib. Putin Qərbdə artıq çoxdan istifadəsi bitmiş və heç bir operativ önəmi qalmamış köhnə agenti niyə aradan götürmək istəsin? Qərblə münasibətlərin onsuz da gərgin olduğu bir vaxtda, Rusiyada seçki və futbol üzrə Dünya Kuboku kimi iki mühüm tədbirin keçiriləcəyi ərəfədə bu, Putinə lazım idimi? Məntiq heç də hər zaman bizi həqiqətlərə aparıb çıxarmır. Başqalarına məntiqsiz görünən bir addım müəllif, sifarişçi üçün həyati zərurət, yaxud məcburiyyət ola bilər. Ehtimal edilir ki, adları “Kreml hesabatı”nda olan və sanksiyalara məruz qalacaqları gözlənilən bəzi rusiyalı oliqarxlar və ya rəsmilər ABŞ-la əməkdaşlığa getməyi düşünürlər. Onlar Putin və ümumilikdə Rusiya hökuməti haqqında çox qiymətli informasiyalar təqdim etməyin əvəzində sanksiyalardan yayınıb, Qərbdə yaşamaq təminatı ala bilərlər. Skripal cinayəti ilə məhz bu şəxslərə mesaj göndərilib və onlara göz dağı verilib. Yəni “haraya qaçsanız, sizə əlimiz çatacaq və Britaniyanın ortasında kimyəvi hücum təşkil edə biliriksə, deməli, bizim üçün mümkünsüz heç nə yoxdur”.
Politoloq Skripal hadisəsinin Putinin iradəsi xaricində, ondan xəbərsiz, “dərin dövlət” tərəfindən törədilməsi versiyasının da ağlabatan göründüyünü qeyd edib:
“Burada iki bir-birinə zidd məqsəd ola bilər. Birincisi, olayı planlayıb həyata keçirənlər Putin və Qərb arasında bütün körpüləri yandırıb, mümkün güzəştləri, yumşalma və yaxınlaşma ehtimalını tamamilə yox etmək istəyirlər. İkincisi isə əksinə, Putinin ölkəni yanlış istiqamətdə apardığını düşünən çevrələr onun daha da dibə batmasına, az qala terrorçu imicinin formalaşmasına çalışaraq, ondan tezliklə qurtulmağa, beləliklə, Qərblə münasibətləri düzəltməyə zəmin hazırlayırlar”.
Ş.Cəfərli başqa bir versiyanı da istisna etməyib:
“Bu versiyaya əsasən sui-qəsdi ABŞ və ya Britaniya kəşfiyyatının özü təşkil edib ki, Rusiyaya qarşı basqıları daha da ağırlaşdırmaq üçün legitim əsaslar əldə olunsun. Çünki Almaniya, Fransa, İtaliya başda olmaqla, Avropa qitəsi Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi və uzunmüddətli xarakter almasında maraqlı deyil. Hətta Almaniya Rusiya ilə birlikdə yeni enerji layihəsi həyata keçirir və “Şimal axını-2” kəmərini reallaşdırmağa çalışır. Avropalıları bu niyyətlərindən vaz keçirmək üçün təkcə Donbas münaqişəsinin həllolunmaz qalması faktı kifayət etmir, Putini daha da şeytanlaşdırmağa və toksikləşdirməyə ehtiyac var ki, hər kəs ondan uzaq dursun”.
Qeyd edək ki, martın 5-də Rusiya Hərbi Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və onun qızı Yuliya huşsuz və ağır vəziyyətdə Britaniyada parkların birində tapılıb. Britaniya Sergey Skripal və qızının zəhərlənməsi olayında Rusiyanı ittiham edib.
Britaniya Baş naziri Tereza Mey parlamentdə çıxışında 23 rus diplomatın ölkədən departasiya olunacağını açıqlayıb.
Britaniya həmçinin olayı BMT TŞ-nin toplantısında müzakirəyə çıxarıb.
Fransa, ABŞ, Almaniya, Polşa isə Britaniya ilə həmrəy olduqlarını bildiriblər.

Bu xəbər oxundu
- - -