Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Qarabağ xanlığında təsərrüfatlar və əhalinin sosial tərkibi

16.03.18, 12:11
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

2-ci yazı
Müsəlman ruhaniləri: axundlar və mollalar uşaqlara savad öyrətməklə dini ayinlərin icrasından, könüllü sədəqələrdən bəhrələnirdilər. Kəndlərdə mollaların xeyrinə hər evdən 2 çanaq (1 çanaq 15 1/2-dən 24 funta qədər buğda, 12 l/2-dən 21 funta qədər arpa idi) buğda və 1 çanaq arpa və zəkat alırdılar. Xanlıqda 207 müsəlman ruhani ailəsi qeydə alınmışdı: 2 qazı, 2 axund, 5 əfəndi, 22 ağamir, 26 seyid, 114 şiə mollası və 36 sünnü mollası. Minbaşı hərbi rütbə olub, müharibə aparılan zaman min nəfərlik hərbi dəstəyə başçılıq etmək, dinc dövrdə isə min kəndlini idarə etmək hüququna malik idi. Yüzbaşı hərbi rütbə olub, hərbi münaqişələr dövründə yüz döyüşçüyə başçılıq edirdi, sülh dövründə isə kəndxuda funksiyasını yerinə yetirirdi. Kəndləri idarə etmək üçün kəndlilər öz aralarından kəndxudalar seçirdilər. Təcrübədə bu seçkili vəzifə irsi vəzifəyə çevrilmişdi. Kəndxudalar öz mövqelərindən sui-istifadə edərək icma torpaqlarının məhsuldar hissələrini özlərinə götürürdülər.
Tarix elmləri doktoru Zemfira Hacıyevanın araşdırmasında vurğulanır ki, bütün yuxarıda göstərilən şəxslər vergi və mükəlləfiyyətlərdən azad idilər. Xanlar kənd məmurlarının saxlanılması xərclərini kəndlilərin hesabına həyata keçirirdilər. Xanlığın təsərrüfat və hərbi işlərini həyata keçirən xan məmurları xəzinədən məvacib almırdılar. Məvacib yerinə xanlar onlara idarə etdikləri kəndlərin gəlirlərinin bir hissəsini verirdilər. Kəndlilərin əsas kateqoriyası «rəiyyətlər» («rəiyyət» - ərəbcə «əsl, xalis» deməkdir) adlanırdı və onları dörd qrupa bölmək olar: İrsən özünün şəxsi mülkiyyətində, torpaqlarmda yaşayan, torpaq üçün renta ödəməyən, yalnız xəzinəyə onda bir vergisini ödəyən kəndlilər; xəzinəyə məxsus torpaqlarda yaşayıb, onda bir vergisi ilə yanaşı torpaq üçün renta ödəyən kəndlilər; sahibkar torpaqlarına irsən keçən icarədarlar kimi yaşayan kəndlilər. Onlar xəzinəyə onda bir vergisi ödəməklə yanaşı torpaq sahibinə öz məhsullarının onda bir hissəsini, barama məhsulunun beşdə bir hissəsini, odun və s. verirdilər. Xanların ruhanilərə və bəylərə bağışladığı torpaqlarda yaşayan kəndlilər bütün dövlət vergilərini, yaxud onun bir hissəsini həmin ruhanilərə və bəylərə verirdilər. Rəiyyətlər şəxsən azad, iqtisadi cəhətdən isə torpaq mülkiyyətçisindən asılı idilər.
İğtişaşların qarşısını almaq və sabitliyi qorumaq üçün xan icma üzvlərinin törətdiyi cinayətlərə və iğtişaşlara görə, ümumi məsuliyyət qaydası tətbiq etmişdi. İcma iğtişaşların səbəbkarlarını və cinayətkarları təslim etməli, yaxud xan xəzinəsinə cərimə, qan pulu ödəməli idi. Kənd icmasının başında demokratik qayda ilə seçilmiş kəndxuda, ya da kovxa dururdu. Kəndlərdə şəriət məhkəməsi və dini idarələr vardı. İcmanın bütün üzvlərinin mənafelərinə toxunan məsələlər icma üzvlərinin ümumi yığıncağında həll olunurdu. Mübahisəli məsələlər isə icma ağsaqqalları tərəfindən araşdırılırdı. Bir sıra hallarda ağsaqqallar qarağacın altındakı kölgəlikdə qoyulmuş daşların üstündə oturaraq mübahisələri həll edirdilər. Çanaqçı kəndində daşlar qoyulmuş böyük qarağac gövdəsi var idi. Bu adət tədqiqatçının yazdığına görə, Fransada yayılmış mühakimə üsuluna çox oxşayır. Orada yolun kənarında bitən qarağacların kölgəsi altında senyorial məhkəmə aparılırdı, daha qədim zamanlarda isə orada icma məhkəməsi aparmaq üçün qoca kişilər qarağacm altına toplaşardılar.
Kəndlilərin ikinci kateqoriyasını elatlar təşkil edirdi. Onlar əksər hallarda vergilərdən azad idilər. Elatlar qışlaqdan yaylağa qalxarkən və yaylaqdan qışlağa enərkən ətraf əhaliyə müəyyən zərər dəyirdi. Onların heyvanları bəzən əkinlərdə otlayır, bəzi elatlar qarətlə məşğul olurdular. Bununla belə, onlar xan ordusunda xidmət etməli idilər. Bəzən elatlar xana, yaxud hər hansı mülkədara məxsus olan mal-qaranı, ilxını otarırdılar. Onlar yeri gəldikdə əldə olunan məhsulu Şuşaya daşımaq üçün nəqliyyat vasitələri ayırmalıydılar. Bir sıra elatlar isə xana məxsus əkin sahələrinin şumlanmasında və yetişmiş məhsulun toplanmasında iştirak etməli idilər.
Oymaqlarda qaydalar kənd icmalarındakı qaydalardan bir qədər fərqli idi. Otlaq xəzinəyə məxsus olduqda izafi məhsul xanın, feodala məxsus olduqda isə feodalın xeyrinə daxil olurdu. Elatlar hərbi qulluğa getmək, odun daşımaq, köç zamanı ağaya xidmət etmək, onun heyvanını saxlamaq, heyvandarlıq məhsullarını və s. ağaya çatdırmaq və onu emal etmək kimi bir sıra mükəlləfiyyətlər də yerinə yetirməli idilər.
İstehsal münasibətləri ictimai və ailə münasibətlərinə təsir göstərirdi. Ailəyə ata başçılıq edirdi. Ailənin bütün üzvləri: oğlanlar, qızlar, gəlinlər ondan asılı idilər. Ata hər bir ailə üzvünün vaxtını və məşğuliyyətini müəyyənləşdirir, bütün məsələlər üzrə təkbaşına qərarlar qəbul edir və hətta hər bir kəsin hərəkət azadlığını belə təyin edirdi. Bir sözlə, o ailənin tam hakimi idi. Çox nadir hallarda oğlanlar atanın sağlığında ailədən ayrılırdılar. Adətən ata öldükdən sonra oğlu ailədən ayrılırdı. Bu zaman ailənin başçılığı böyük oğula keçirdi. Əmlak bölgüsündə meydana çıxan ixtilafları həll etmək üçün qanun nümayəndəsini (qazını), kəndin nüfuzlu sakinlərini çağırırdılar. Onlar püşkatma yolu ilə əmlakı oğullar arasında bölürdülər. Əmlak bölüşdürüldükdən sonra ana istədiyi oğlunun yanında qala bilərdi və adətən üstünlük böyük oğula verilirdi. Qadının əmlak almaq hüququ yox idi.
Ailədə ananın böyük nüfuzu və hörməti vardı. Adətən o, ərzaq ehtiyatına, mətbəxə nəzarət edir, işi gəlinlər, qızlar, böyük nəvələr arasında bölüşdürürdü. Böyük ana ailənin gənc nəslini tərbiyə edir, onlara dindarlıq, təvazökarlıq, qayğıkeşlik, böyüklərin işinə qarışmamağı təlqin edirdi. Ev həyatı səhər tezdən başlayır və yeknəsəq şəkildə davam edirdi. Qışda kişi əkinçilik alətlərinin hazırlanması və təmiri ilə, müxtəlif sənətlərlə məşğul olur, qadın xalça, palaz, xurcun, corab toxuyur, paltar tikirdi. Yazın gəlməsi ilə kəndli ailəsi bütünlüklə kənd təsərrüfatı işlərinə cəlb olunurdu, səhər tezdən axşam şər qarışanadək sahədə işləyirdi. Qadınlar kişilərlə birgə çalışırdılar. Bostanın suvarılmasını, üyütmə işlərini bütünlüklə qadmlar həyata keçirirdi. Yaylaqda qadınların qayğısı daha da artırdı. Onlar su gətirir, yemək hazırlayır, yanacaq tədarük edir, heyvandarlıq məhsullarını emal edirdilər. Kişi mal-qaranı otarır, onu qarətçilərdən və oğrulardan qoruyur, otlaqlara nəzarət edir, həmçinin arana düşərək, süd məhsullarını taxıla, duza, qovun-qarpıza, meyvəyə və s. dəyişirdi.
Ata uşaqların tərbiyə edilməsində iştirak etmirdi. Bu iş əsasən ananın üzərinə düşürdü. Oğlan uşaqlarına 6-7 yaşlarından kənd təsərrüfatı işlərinə, mal-qaraya baxmaq, onu otlağa və su içməyə aparmaq, biçin vaxtı valideynlərə kömək etmək öyrədilirdi. Qızlar təxminən elə bu yaşdan corab, palaz toxumağı öyrənməklə yanaşı ev işlərini görürdülər. Rəncbərlərin öz təsərrüfatları olmadıqda onlar feodalların, onların qohumlarının, qulluq adamlarının təsərrüfatlarında çalışırdılar. Onlar xanın təliqəsi ilə dünyəvi və dini feodalların təsərrüfatlarına təhkim olunur və bu təsərrüfatları tərk etmək hüququna malik deyildilər. Özlərinin torpaq sahəsi olmayan rəncbərlər feodalın təsərrüfatında çalışır və bunun müqabilində əldə olunan məhsulun - bir çox hallarda ipəyin yarısını, çəltik məhsullarının isə bir hissəsini alırdılar. «Feodallar rəncbərlərə qarşı qeyri-məhdud hakimiyyətə malik idilər. Xan təliqəsinə əsasən feodalın təsərrüfatına təhkim edilən rəncbərlərin öz ağalarının yanından getmək hüquqları yox idi. Feodallar rəncbərləri istədikləri adama vermək hüququna malik idilər».
Bəzi rəncbərlər müəyyən şəxslərə irsən, digərlərinə ömürlük verilir, üçüncülər isə hər hansı vəzifəni tutduqları zaman rəncbərlərin xidmətindən istifadə edirdilər. Vəzifə müddəti başa çatdıqdan sonra rəcbərlərin xidmətindən həmin vəzifəyə yeni təyin edilmiş şəxs istifadə edirdi. İslam hüququ təhkimçiliyi qadağan etsə də, rəncbərlər faktik olaraq təhkimli idilər. Xan və bəylər rəncbərləri bir-birlərinə bağışlayırdılar. Kəndlilərin bir qrupunu nökərlər təşkil edirdi. Sərhəd mühafizəçiləri, qulluqçu, xanın və başqa feodalların şəxsi qoruyucuları «nökər» adlanırdı. Nökərlik irsən keçirdi, xan fərmanı ilə hər hansı bir rəiyyət də öz ailəsi ilə birlikdə nökər ola bilərdi. Nökərlərin sayı çox deyildi. Onlar vergi və mükəlləfiyyətlərdən azad idilər. Xan nökərləri öz vəziyyətlərinə görə feodal silkinə aid idilər və bir sıra hallarda hətta bəy rütbəsi daşıyırdılar.
Rəiyyətlərin feodallardan müəyyən şəxsi asılılığı olsa da, onlar təhkimli deyildilər: onların almıb-satılması, bağışlanması heç bir faktla təsdiqlənmir. Ancaq rəiyyətlərin məskunlaşdığı kəndlər tiyul və ya mülk kimi hər hansı feodala verilə bilərdi. Verilmiş torpaqlarda məskunlaşan kəndlilər istədikləri zaman həmin torpağı tərk edə bilərdilər. Sadəcə, Azərbaycanda əkinə yararlı torpaqların azlığı kəndliləri bu prosesdən çəkindirirdi. Məhz xanlıqlar dövründə vəziyyət gərginləşir, xanlar öz xəzinələrinin gəlirlərini artırmağa çalışaraq qonşu xanlıqlardan kəndlilərin köçürülməsinə çalışır, bunun üçün hər cür vasitələrə (zorakılıqla köçürmə də daxil olmaqla) əl atırdılar. Bəzi hallarda kəndlilər daha yaxşı şərait vəd edən ağaların torpaqlarına üz tuturdular. Xanlar öz təbəələrinin digər xanlıqlara köçməsinin qarşısını almaq məqsədi ilə müəyyən məhdudlaşdırım tədbirlər görürdülər. Son nəticədə təhkimçilik şərtlərinin tətbiqi cəhdi nəzərə çarpsa da, bu, cəhd olaraq qalıb, qanuniləşdirilmiş təhkimçilik hüququ (əşya-hüququ) inkişaf etməyib.

Elçin Qaliboğlu

Bu xəbər oxundu
- - -