Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Hərb variantının mümkünlüyü nəzərə alınır”

16.03.18, 13:11
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Artur Rasizadə: “Ordumuzun maddi-texniki təminatı gücləndirilir, müasir silah və sursatla təmin olunur”


Milli Məclisin plenar iclası keçirilib. İclasda hökumətin hesabatı dinlənilib. Baş nazir Artur Rasizadə Milli Məclisdə Nazirlər Kabinetinin 2017-ci il üzrə fəaliyyəti haqqında hesabatını təqdim edib. O deyib ki, dövlət başçısının ötən ilin yekunlarına dair keçirdiyi iclasda ölkəmizdə sosial-iqtisadi vəziyyəti dolğun şəkildə təqdir edib, əsas prioritetlər müəyyənləşdirilərək qarşıda duran ən mühüm vəzifələrin icrası ilə bağlı konkret tapşırıqlar verib: “Nazirlər Kabinetinin 2017-ci ildəki fəaliyyəti haqqında hesabat həmişəki kimi Milli Məclisə əvvəlcədən təqdim edilib. Yəqin ki, deputatlar hesabatla tanış olublar”.
Baş nazir bildirib ki, Azərbaycanda bu il növbəti president seçkiləri keçiriləcək: “Seçkiləri ərəfəsində olduğumuza görə, bugünkü çıxışımı ölkə rəhbərliyinin son 14 ildə rəhbərliyi altında əhalinin rifah halınlın yaxşılaşdırılmasına, əldə olunan əsas fəaliyyətə toxunmağı mühüm hesab edirəm. Bu dövrdə ümumi daxili məhsul 3,2 dəfə, sənayə məhsulunun istehsalı 2,6 dəfə, kənd təsərrüfatı məhsullarının istehsalı 1,7 dəfə, əsas kapitala yönəldilmiş investisyalar 3 dəfə, əhalinin adambaşına düşən gəlirləri 7,2 dəfə, orta aylıq əməkhaqqı 6,8 dəfə, banklardakı əmanətlər 30 dəfə artıb. 1 milyon 900 mindən çox yeni iş yerləri açılıb. Yoxsulluğun səviyyəsi 44,7 faizdən 5,4 faizə enib. Dövlət büdcəsinin gəlirləri 13,5 dəfə, dövlət sosial müdafiə fondunun xərcləri 9 dəfə çoxalıb. Ölkənin strateji valyuta ehtiyatları 26,6 dəfə artaraq ötən ilin sonuna 42 milyar ABŞ dolları təşkil edib”.
Artuz Rasizadə qeyd edib ki, prezident İlham Əliyevin apardığı qətiyyətli və uzaqgörən siyasət sayəsində bizim dünyada əks-səda doğurmuş Bakı-Tibilisi-Ceyhan və Bakı-Tibilisi-Ərzurum neft kəmərləri, Cənub Qaz Dəhlizi, Bakı-Tibilisi-Qars dəmiryolu xətti mühüm əhəmiyyət daşıyır: “Şübhəsiz ki, sadalanan uğurların əldə olunmasında, ölkədə dayanıqlı ictimai sabitlik və əminamanlıq mühitlərinin yaradılması prezidentin səmərəli siyasətinin xalq tərəfindən dəstəklənməsi başlıca amillərdəndir”.
Baş nazir deyib ki, neft-qaz sənayesinin aparıcı rolu ölkənin nüfuzunun artmasına öz töhfəsini verəcək və digər sahələrin inkişafına kömək edəcək: "Əhalinin təbii qazla təmin edilməsi kimi sosial problemin həlli ilə bağlı davamlı tədbirlər qazlaşmasının səviyyəsinin 51 faizdən 93 faizə yüksəldilməsini təmin edib. Elektrik enerjisi ilə təminat iqtisadi siyasətin ən prioritet istiqamətlərindən olub”.
Baş nazir həmçinin bildirib ki, dövlət başçısı hamımızın ağrılı yeri olan bu məsələni gündəlik diqqətdə saxlayır: “Təəssüflə qeyd edirəm ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həlli istiqamətində ciddi dönüşə nail olunmayıb”.
Artur Rasizadə qeyd edib ki, münaqişənin sülh yolu ilə həlli yanaşı, hərb variantının da mümkünlüyü nəzərə alınaraq, ordumuzun hərbi gücü artırılır: “Ordumuzun maddi-texniki təminatı gücləndirilir, müasir silah və sursatla təmin olunur. 2016-cı ilin aprel döyüşlərində Azərbaycan Ordusu bir daha gücünü göstərdi. Müdafiə sənayesinin inkişafı istiqamətində mühüh addımlar atılıb. Müdafiə Sənayesi Nazirliyinin müəssisəslərində 1200-dən çox məhsul istehsal olunur. Bu gün Azərbaycanda istehsal olunan hərbi təyinatlı məhsullar xarici ölkələrə də ixrac olunur”.
Daha sonra millət vəkilləri hökumətin hesbatını müzakirə ediblər.
Deputat Zahid Oruc deyib ki, hökumət bir aydan sonra istefa verəcək.
O bildirib ki, prezident seçkilərindən sonra Azərbaycan hökuməti istefa verəcək və yenidən formalaşacaq: “Yeni hökumətin formalaşması isə son bir ilin kontekstində deyil, ən azı 5 ilin yekunlarına görə olacaq. Yeni hökumət formalaşarkən siyasi, iqtisadi təhlükəsizlik məsələlərinə diqqət veriləcək və buna tələblərə cavab verən şəxslər komanda da yer alacaq”.
Deputat deyib ki, prezident seçkiləri ərəfəsində ölkədə sabitliyin ölçüsü hamını qane edir. Bununla belə o qeyd edib ki, xaricdəki kəşfiyyat təşkilatları tərəfindən himayə edilən qüvvələr Azərbaycan əleyhinə kampaniya aparır: “Mən dövlətimizin möhkəmliyinə xələl gətirmək istəyənlərə cavab vermək istəyirəm. Hesab edirəm ki, bu, tək dövlətə qarşı deyil, Azərbaycanın hər bir insanına qarşıdır. İlk növbədə, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadəyə müraciət edirəm. Şeyx hər zaman Azərbaycan dövlətçiliyinə xidmət edib. Ona görə Şeyx başda olmaqla hər kəsi - ziyalıları, mədəniyyət xadimlərini mübarizə aparmağa çağırıram. Biz ölkə əleyhinə kampaniya aparanlara qarşı etirazımızı bildirməliyik”.
Deputat Elmira Axundova Nazirlər Kabinetinin fəaliyyətini əsasən qənaətbəxş hesab edib: “Amma əvvəl mən qəzalı vəziyyətdə olan və sökülməsi nəzərdə tutulan keçmiş Sovetski küçəsində və onun ətrafında yerləşən binalar haqqında bir neçə kəlmə demək istəyirəm. Son illərdə dolların məzənnəsinin qalxdığını və Azərbaycan manatı devalvasiyaya olunduğunu nəzərə alaraq gözləmək olardı ki, hökumətimiz sökülən evlərin kompensasiyasını bir qədər qaldıracaq. Lakin hal-hazırda eşitdiyimə görə yenə də əvvəlki illərdə hesablanan məbləğ təklif olunur. Yəni 1500 manat. Nəzərə alsaq ki, bu ərazilərdə kiçik həcmli evlər kifayət qədərdir, yaxşı olardı ki, onların sahiblərinə pul əvəzinə təzə tikilən binalarda hazır evlər verilsin. Artıq belə təcrübədən uğurla istifadə olunub. Özü də bildiyimə görə dövlət hesabına tikilən belə evlərin 1 kvadrat metri, təmirlə birlikdə 500 manata başa gəlir, yəni dövlət hər kvadrat metrdə 1000 manata qədər qənaət edə bilər. Nəticədə ölkə büdcəsində xeyli miqdarda vəsait qalacaq, həm də insanlar razı olacaqlar. O ki qaldı nisbətən iri həcmli evlərin sahiblərinə, yəni 60-80 kvadrat metrdən yuxarı, bunların kompensasiya həcmi manatın inflyasiyası nəzərə alınmaqla, heç olmasa 2000 manata çatdırılmalıdır. Düşünürəm ki, bu sosial cəhətdən ədalətli olardı...
Bir məsələ də Respublikanın müxtəlif regionlarında, xüsusi ilə Abşeron yarımadasında vətəndaşlar tərəfindən kənd təsərrüfatı təyinatlı torpaqlarda kompakt şəkildə inşa edilən yaşayış məntəqələri ilə bağlıdır. Elə ərazilər var ki, insanlar artıq 20-30 ildir ki, orada inşa etdikləri fərdi evlərdə yaşayırlar, qanunsuz da olsa, salınmış bu yaşayış məntəqələrinin əksəriyyəti kommunikasiya xətləri ilə təchiz olunub, sakinlər rabitə xidmətlərindən, işıq, su, qaz və s. kommunal xidmətlərdən istifadə edirlər, bu xidmətlər üçün haqq ödəyirlər. Tikililərin bir çoxuna Bələdiyyə və İcra Hakimiyyətləri tərəfindən sənədlər verilmişdir. Lakin kompleks yanaşma olmadığından, bu ərazilərin torpaqları hələ də rəsmi sənədlərdə “kənd təsərrüfatı təyinatlı” torpaqlar olaraq qeydiyyatdadır. O səbəbdən də insanlar 20 ildən artıqdır ki, yaşadıqları evlərə qeydiyyata düşə bilmirlər. Xahiş edirəm bu məsələni nəhayət həll edəsiniz”.
Deputat Azər Badamov vurğulayıb ki, Bakıda şəhər mərkəzində çoxmərtəbli binaların tikintisinə qadağa qoyulmalıdır. O bildirib ki, belə bir hal beynəlxalq praktikada da mövcuddur. “Çoxmərtəbəli binaların şəhərin mərkəzində tikintisi həm tıxacların yaranmasına gətirib çıxarır, həm də digər problemlərə yol açır. Odur ki, belə binaların tikintisinə qadağa qoyulsa daha yaxşı olar”. Deputat hesab edir ki, bunun əvəzində şəhərin kənarında yeni yaşayış massivləri salına bilər. “Bu, eyni zamanda tıxacların aradan qaldırlmasına kömək edər”.
Deputat Fazil Mustafa vurğulayıb ki, hökumətin hesabatının forma və məzmunu dəyişməlidir: “Hesabatda ayrı-ayrı sahələr üzrə hədəf göstəriciləri də burada göstərilməlidir. Yalnız bu zaman nəticə əsaslı hesabat ola bilər”.
Deputat bildirib ki, inkişafla yanaşı tənqidlər də səsləndirilməlidir ki, bu problemlər aradan qaldırılsın: “Bundan başqa, deputatların təkliflərinə bəzi hallarda ya cavab verilmir, ya da uyğun cavab verilmir. Məsələn ötən il nazirliklərin təmiri ilə bağlı ayrılan 10 milyon manat vəsaitlə bağlı sualımıza adekvat cavab verilməyib. Əgər 10 milyon böyük rəqəm deyilsə, bunu məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılmasına yönləndirməliyik. Bu gün hərbçilərin evində belə məcburi köçkünlər yaşayır. Biz müharibə şəraitində yaşayan ölkəyik. Məcburi köçkünlərin hamısı mənzillə təmin edilməlidir ki, hərbçilərimizin də mənzil problem həll edilsin”.
Fazil Mustafa təhsil işçiləri ilə səhiyyə sistemi arasında maaş məsələsində kəskin fərq olmasının da narahatedici məqam olduğunu deyib: “Bu iki sosial sahə arasında belə fərq olması doğru deyil. Bunun ağır nəticəsini vətəndaş çəkir. Bundan başqa təklif edirəm ki, diaqnostik qiymətləndirmə ilə yüksək nəticə göstərən müəllimlərin maaşları digərlərindən fərqləndirilməlidir. Bir sıra ölkələrdə südlə benzinin qiyməti eynidir. Bizdə benzin 90 qəpik, süd isə 1 manat 50 qəpikdir. Süd uşaqların inkişafı üçün önəmlidir, bir sıra ölkələrdə bununla bağlı məktəblərdə aksiyalar keçirilir”.

Əli

Bu xəbər oxundu
- - -