Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Ələtdəki yeni Bakı Limanına Aİ-dən dəstək

16.03.18, 13:19
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Martın 16-da Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən “Ələtdə yerləşən yeni Bakı Limanı əməliyyat imkanlarının genişləndirilməsinə Aİ-nin dəstəyi” adlı layihəyə start verilməsi ilə bağlı mərasim keçirilib. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov Bakı Limanının Avropa İttifaqının aparıcı limanları, nəqliyyat və logistika şirkətləri ilə əməkdaşlıq etdiyini və sözügedən layihənin icrası ilə əməkdaşlığın daha da sıx olacağını diqqətə çatdırıb. Bildirib ki, hazırda Bakı Limanı Belçika, Almaniya, Niderland, Rumıniya, Bolqarıstan, İtaliya və Sloveniya kimi dövlətlərin limanları ilə əməkdaşlıq edir. Avropa İttifaqının dəstəyi ilə reallaşdırılan bu layihə ilə dünyanın ən qabaqcıl təcrübəsini regionumuza gətirmək və mövcud əməliyyat sistemini təkmilləşdirməklə yenilikləri tətbiq etmək niyyətindəyik.
Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas vurğulayıb ki, Bakı Limanı Avropa İttifaqının Asiya ilə ticarət zəncirində mühüm yer tutur. “Sevindirici haldır ki, bu ildən etibarən Avropa yükdaşıyıcıları Bakı Limanının müasir informasiya-kommunikasiya sistemləri vasitəsilə onlayn rejimdə yüklərin yerini, üzərlərində aparılan əməliyyat və liman ərazisini tərketmə və qonşu limanlara çatma vaxtını müşahidə edə biləcəklər. Biz Bakı Limanının ən müasir təcrübə və biliklərə yiyələnməsində maraqlıyıq və bu dəstəyimizi davam etdirəcəyik”, - deyə K.Yankauskas vurğulayıb.
Tədbirdə çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə və Dövlət Gömrük Komitəsinin sədr müavini Şahin Bağırov Bakı Limanının fəaliyyətindəki uğurlardan, yükdaşımaların həcminin artmasından və Avropa İttifaqının ölkə iqtisadiyyatının inkişafında göstərdiyi dəstəkdən bəhs edib.

Tədbirdə Aİ tərəfindən layihə rəhbəri Edvin Lok və nəqliyyat və logistika üzrə ekspert Daniel Linot təqdimatla çıxış edib. Eyni zamanda iştirakçılara bu il mayın 8-11-də Bakı şəhərində keçiriləcək Dünya Limanlarının Konfransı haqqında təqdimat videosu nümayiş edilib. Açılış mərasimində, həmçinin İqtisadiyyat Nazirliyi, Bakıda yerləşən bir sıra səfirliklərin nümayəndələri, Azərbaycanda fəaliyyət göstərən donor təşkilatlar, təhsil müəssisələri, dövlət və özəl şirkətlərin təmsilçiləri iştirak edib.
Qeyd edək ki, 2018-2019-cu illəri əhatə edən proqram çərçivəsində Bakı Limanının əməliyyat, menecment, biznes, insan resursları, əməyin və ətraf mühitin qorunması, ictimaiyyətlə əlaqələr sahəsi üzrə təcrübə mübadiləsi keçiriləcək. Ümumilikdə 5 komponentdən ibarət layihədə liman əməkdaşlarının təlimə və səfər təcrübələrinə cəlb olunması nəzərdə tutulub.

Bu xəbər oxundu
- - -