Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Afrin əməliyyatında 3600-dən çox terrorçu zərərsizləşdirilib

19.03.18, 11:01
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Mülki itkilər isə sıfra bərabər olub


Türkiyə Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusunun (ASO) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi ”Zeytun budağı” əməliyyatının 58-ci günündə səhər saatlarında şəhərin mərkəzi və daha 29 kəndi terrorçulardan təmizlənib. TSQ və ASO Afrinin şimal, şərq və qərb bölgələrində nəzarəti tamamilə ələ alıb. Afrin şəhər mərkəzinə türk bayrağı sancılıb. TSQ Baş Qərargahı 58 gündür davam edən əməliyyatda 46 türk əsgərinin şəhid olduğunu açıqlayıb. Türkiyə Silahlı Qüvvələrinin 225 əsgəri isə əməliyyat zamanı yaralanıb.
Yerli sakinlər türk ordusunun Afrinə daxil olmasını böyük sevinclə qarşılayıblar.
Dünən isə Afrin bölgəsində partlayış baş verib. Partlayış 4 mərtəbəli yaşayış evində meydana gəlib. Olay zamanı 7-si dinc sakin, 4-ü Azad Suriya Ordusu döyüşçüsü olmaqla 11 nəfər həlak olub.
Məlumatlara görə, hadisəyə PKK terrorçularının binada quraşdırdığı partlayıcı qurğu səbəb olub.
Böyük Britaniyanın "Qardiyan" nəşrinin Yaxın Şərq üzrə müxbiri Martin Çulov iddia edib ki, Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusuna (ASO) Suriyanın Afrin bölgəsində məğlub olan YPG terror təşkilatı partizan savaşı ilə cavab verməyə hazırlaşır. Afrinin şəhər mərkəzinin 48 saatdan qısa müddətdə ələ keçirilməsinə diqqət çəkilən xəbərdə qeyd edilir ki, şəhərin uzunmüddətli və çətin mühasirədən sonra alına biləcəyi barədə proqnozlar da özünü doğrultmadı.
Terror təşkilatının müdafiə üçün Rusiyadan kömək istədiyi, ancaq bu istəyin rədd olunduğu xatırlanır: "Rusiya və ABŞ daha əvvəllər fərqli səbəblərlə YPG-ni dəstəkləsələr də, ancaq daha sonra Ankara ilə əlaqələri qorumaq məqsədi ilə qarşıdurmadan kənarda qalmağı seçdilər. Rusiya və Türkiyə Suriya üzərindən özləri üçün yeni bir meydan açdılar, Ankara və Vaşinqton arasında isə YPG problemi davam edir".
Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Afrinin mərkəzinin ələ keçməsi ilə bağlı sosial şəbəkədə paylaşım edib. Türk nazir Tvitterdə "Sizdən maşa kimi istifadə edənlərə inandınız, nəticəsi nə oldu?" yazaraq həm PKK-ya, həm də onun havadarlarına ismarış göndərib. Çavuşoğlu həmçinin Afrinə Türkiyə bayrağının sancılması ilə bağlı görüntüləri də paylaşıb.
Türkiyəli köşə yazarı Əbdülqədir Səlvin “Hürriyət”dəki yazısında deyib ki, Türkiyə Afrin əməliyyatını Rusiya ilə anlaşaraq həyata keçirdi. Beynəlxalq ictimiyyətdən güclü bir dəstək aldığımızı söyləmək olmaz. Ancaq ABŞ və AB-nin açıqlamaları xaricində beynəlxalq ictimaiyyətdən elə bir təsirli əngəlləmə də yaşanmadı. Buna səbəb isə Türkiyənin şəhidlər vermək bahasına olsa da, mülki itkilərə diqqət yetirməsi idi. Nəticədə PKK və beynəlxalq ictimaiyyətin əlinə təzyiq vasitəsi keçmədi.
Müəllif bildirib ki, Afrin əməliyyatında 3600-dən çox terrorçu zərərsizləşdirilib, ancaq mülki itkilər sıfra bərabər olub. ABŞ-ın Mosul əməliyyatı, rejimin Şərqi Qutadakı qətliamı və viran qoyulan Hələbi xatırlasaq, Türkiyənin Afrin əməliyyatında dağıntı və mülki itkiləri minimuma endirməsinin nə dərəcədə vacib olduğunu anlamaq olar:
“Zeytun budağı” əməliyyatının strateji əhəmiyyətinə bir neçə başlıq altında nəzər salmaq lazımdır:
1. “Fərat qalxanı” və Afrin əməliyyatı ilə ABŞ-ın Türkiyə sərhədlərində yaratmağa çalışdığı terror koridoru qırıldı.
2. “Fərat qalxanı” ilə İŞİD Cerablus və Əl-Babdan, Afrin əməliyyatı ilə PKK-YPG Fərat çayının qərbindən təmizlənib. Beləliklə, Türkiyə-Suriya sərhədinin bir hissəsi terrordan təmizlənib.
Afrinin mərkəzini ələ keçirən Türkiyənin qarşısında indi də Menbiç dayanır. Menbiç əməliyyatı başlamadan qabaq isə Afrində edilməsi nəzərdə tutulanlara baxmaq lazımdır. Afrin əməliyyatının 4 mərhələli şəkildə keçirilməsi nəzərdə tutulub:
1. Afrinin düzənlik hissəsinin təmizlənməsi Afrinin şəhər mərkəzində nəzarətin ələ keçirilməsi
2. Yerli ünsürlərdən ibarət “Şəhər şurası”nın yaradılması
3. Afrin şəhər mərkəzinin terrorçulardan təmizlənməsi əməliyyatı hələ bir müddət davam edəcək. Burada şəhərin dağıntı və şəhər döyüşləri olmadan ələ keçirilməsi türk ordusunun imkanlarını artırır. Qısa müddət ərzində təhlükəsizliyi təmin edib, bələdiyyə xidmətləri təklif olunacaq.
4. Afrinin Menbiç və İdliblə birləşdirilməsi. Bu mərhələnin həyata keçirilməsi ilə birlikdə terror qruplaşmaları Fəratın qərbindən təmizlənmiş olacaq”.
Türkiyənin Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun (SETA) rəhbəri Burhanəddin Duran deyib ki, 2019-cu ilə gedərkən Türkiyə Afrin əməliyyatı ilə kifayətlənməyərək yeni əməliyyatlar keçirəcək. Bunun açdığı siyasi meydan isə Türkiyənin güclənməsini təmin edəcək. O, Türkiyənin bundan sonra Yaxın Şərqdəki proseslərdə daha fəal olacağını ifadə edib. Ekspert hesab edir ki, qarşıdakı 1,5 illik kritik dövr Türkiyənin gələcək 50 ilini şəkilləndirəcək.
Yaxın Şərqin müharibələr meydanına çevrildiyini deyən SETA-nın rəhbəri ABŞ və Rusiya ilə yanaşı, “Körfəzin 2 sultanı” olaraq xarakterizə edilən Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanının da bölgəyə ciddi müdaxilələrinin olduğunu bildirib: “Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri bölgəni yenidən dizayn etmək istəyir. Bütün bölgəni İranın əleyhinə toplamaq istəyirlər. Ancaq Türkiyə bu oyunları pozur. Çünki Türkiyə, bölgədə belə bir qütbləşməni istəmir. Bunun ancaq İsrailin maraqlarına xidmət edəcəyini düşünür, belə bir qütbləşmənin həm İranı, həm də Səudiyyə Ərəbistanını zəfilədəcəyi və bunun da bütün bölgə üçün təhlükəli olacağı qənaətindədir. Buna görə də Türkiyənin özü bir qütb yaratmağa çalışır”.
Onun sözlərinə görə, Türkiyənin bölgə ilə əlaqədar mövqeyi Türkiyənin İranın qarşısında yer almasını istəyən Səudiyyə Ərəbistanı, İsrail, ABŞ və Birləşmiş Ərəb Əmirliklərindən ibarət cəbhənin maraqlarına uyğun gəlmir. “Türkiyə yeni bir tarazlığı yaratmağa çalışır. Türkiyə Afrin əməliyyatında gözləniləndən daha sürətli bir müvəffəqiyyət əldə etdi. Bunun Suriyadakı tənliyi dəyişdirdiyi ortadadır. Türkiyə ABŞ və Rusiyanın iştirakı ilə Suriyanın gələcəyinin formalaşmasına “xeyr” dedi. Afrindəki müvəffəqiyyətlə əslində YPG-nin Şimali Suriyadakı işğalının aradan qaldıracağına ilk siqnal verildi. Suriya və İraqda bunun davamı gələcək. İdlib, Münbiç, Fəratın şərqi və Sincar Suriya və İraqın bölünməsini maneə törədir”.
Millət vəkili Fazil Mustafanın sözlərinə görə, Afrində zəfərin ən dəyərli tərəfi budur ki, hücumda Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu ilə yanaşı müsəlman kürdlərdən təşkil olunmuş “Həmzə” qruplaşması da iştirak edib. Millət vəkili vurğulayıb ki, həmin müsəlman kürdlər PKK/YPG-yə kürd xalqının adından sui-istifadə edən erməni-marksist bandası kimi baxırlar: “Bu, türk-ərəb-kürd qardaşlığının bir həmrəylik tablosu və gələcəkdə Türkiyənin bölgəyə gətirəcəyi barışın işarəsidir. Çünki Suriya elə bir coğrafiyadır ki, bu amili heç cür diqqətdən qaçırmaq olmaz. Türk ordusunun burada uzun müddət qalmaq niyyətində olmadığı bəllidir. Bölgənin gələcək sabitliyinin təminatı üçün mütləq dini və etnik zəmində uzlaşmaya ehtiyac var. Bütün hallarda Çanaqqala zəfəri ilə Afrin zəfərinin üst-üstə düşməsi sevindiricidir. Azərbaycanda bu zəfəri sevinclə qarşılayanlara, türk ordusu üçün dualarını, sevgilərini əsirgəməyənlərə salam olsun!”
Analitik Vüqar Zifəroğlu isə bildirib ki, Çanaqqalada türk ordusuna qarşı duranlar kimlər idisə, bu gün Afrində də onlardır: “103 il bundan əvvəl 18 mart tarixində Çanaqqalada dastan yazan türk əsgəri 103 il sonra elə həmin gün Afrinə ay-ulduzlu bayrağını sancaraq, Qızıl Alma ülküsünə doğru bir addım da yaxınlaşdı”.
Millət vəkili Zahid Oruc diqqətə çatdırıb ki, Rusiyada 18 mart seçkiləri günündə çoxlarının açıq-gizli cəbhələrdən dəstək verdiyi PKK, YPG və PYD terror birləşmələrini yenən türk ordusu qarşısına qoyduğu məqsədə nail olaraq, şanlı ay-ulduzlu bayrağını yüksək qala divarlarına sancmağı bacardı.
Millət vəkili bildirib ki, əməliyyatın 58-ci günündə yaxın sərhədlərində separatizm ocağına qarşı qəti qərar alan Ərdoğan yanvarın 19-da hər iki cəbhədə müharibəyə girdiyinin fərqindəydi:
“Birincisi, Birləşmiş Ştatların açıq-aşkar İŞİD əleyhinə döyüşdürüb, sonra vuruşan ordu halına gətirdiyi kürd yaraqlıları ilə savaşan Türkiyəni yenidən böyük bir bataqlığa çəkməliydilər. Plan bundan ibarət idi. Təxminən Sovetləri batırdıqları Hindiquş dağlarının ətəyində olduğu kimi. İkincisi, hər bir uğursuzluq təkcə Suriyanı bölüb yağmalayan dövlətlərin qarşısında Ankaranı zəiflətmirdi, eləcə də AKP liderinin bir il sonrakı seçkilərinə öldürücü zərbə vura bilərdi. Bir rus misalında deyildiyi, Ərdoğan hansı suya ayaqlarını basdığını yaxşı başa düşürdü. İndi Türkiyə ordusu mənsub olduğu dövlətin regional gücünə böyük töhfələr verdi. Biz məhv edilən terroçuları və dağıdılan istehkamları saymaq istəmirik. Əməliyyatın ən böyük nəticəsi məhz siyasi və təhlükəsizlik baxımından misilsizdir”.
Millət vəkili vurğulayıb ki, Ərdoğan Rusiyanın yeni prezidentini qələbə münasibətilə təbrik edəndən sonra Moskvadan eyni atəşfəşanlığı öz ünvanına gözləyəcək: “Çünki Rusiya və Türkiyə hərbi müttəfiqliyi təkcə Suriyanın gələcəyi üçün deyil, bütövlükdə regional geopolitikanın əsas məhək daşına çevrilməlidir. Bizsə, şanlı türk ordusunun qalibiyyətini həm də Azərbaycanın uğuru kimi qəbul edə bilərik. Çünki qərar verilincə onu ilk müdafiə edən bizlər olduq. Məhmədciklərin hava hücumu, artilleriya qüvvələrini çox çətin relyefdə necə uğurla hərəkət etdirmələri, yerli xalqın dəstəyini qazanmaq üçün həyata keçirilən humanitar missiyalar həqiqətən də hərb sənətinin unudulmaz səlnamələridir və bizlər üçün örnəkdir”.
Z.Oruc qeyd edib ki, Azərbaycan Ordusu üçün Afrin əməliyyatı əyani dərslikdir, təkcə mənəvi fəxarət ünvanı deyil, həm də türk igidləri ilə birgə qarşıdakı zamanda hər sətri öyrəniləcək döyüş tarixidir: “Nədənsə, Afrin mərkəzi adama Cıdır düzünü xatırladır. Şəhidlərin ruhunu anmaq üçün əsgərlərin ifadə etdiyi əzəmətli raporu yaylım atəşi altında dinləmək hər kəsi qürurlandırır, güc və qüvvət verir. Azərbaycan Afrin uğurunu işğal altında olan hər bir evi, kəndi, qəsəbəsi üçün təkrarlamağı bacarmalıdır. Müasir dövrün müharibələri klassik savaşlardan çox fərqlidir. Ona görə də Türkiyə dövlətini təbrik edərkən hər kəsin beyni və ürəyi Cıdır düzünə doğru yol almalıdır. “Bir millət, bir ordu” olana qədər…Çanaqqaladan Cıdır düzünə çatanadək!”.


Əli

Bu xəbər oxundu
- - -