Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Parisdə Novruz bayramı qeyd olunub

19.03.18, 11:54
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycan səfirliyinin, “Ulduz” Assosiasiyasının və AsmarArt qalereyasının birgə təşkilatçılığı ilə ölkəmizin Parisdəki Mədəniyyət Mərkəzində Novruz bayramı təntənəli şəkildə qeyd olunub. Novruz fəlsəfəsinin əsasında birlik və dialoq yaratmaq, insanlar arasında körpü qurmaq olduğu nəzərə alınaraq, bayram tədbirinə Fransada yaşayan Azərbaycan icmasının üzvləri, bu ölkənin incəsənət və mədəniyyət xadimləri, diplomatları, jurnalistlər də dəvət edilib.
Tədbir çərçivəsində ölkəmiz haqqında müxtəlif nəşrlər, xalçalar, qədimi mis qablar, əl işlərindən ibarət təşkil olunmuş kompozisiyalar Novruz bayramını, eləcə də milli adət-ənənəmizi, mədəniyyətimizi yaxından tanımağa imkan yaradıb. Tədbir iştirakçıları Novruz süfrəsində milli şirniyyata qonaq edilib. Novruz ruhunu, adət-ənənəsini kətana köçürən Əməkdar Rəssam Əsmər Nərimanbəyova, Səmra Axundova, Leyla Əliyeva, Sahib Əsədli və digər gənc rəssamlarımızın əsərləri nümayiş olunub. Tədbir iştirakçıları rəssamlarımızın əsərlərini maraqla qarsalayıblar. Qarşılıqlı anlaşma, hörmət və birlik dəyərlərini əks edən Novruz tədbiri Paris konservatoriyasının məzunu, klarnet ifaçısı Səddam Novruzbəyovun ifasında milli musiqimizin təqdimatı ilə davam edib. Onun ifasında əsil Novruz abu-havası yaradılıb.
Fransanın ölkəmizdə mədəniyyət müşaviri işləmiş Lük Verri tədbirlə bağlı təəssüratlarını AZƏRTAC-la bölüşərək Novruz bayramı haqqında məlumatlı olduğunu qeyd edib. “Bakını salamlayıram. Bir neçə il paytaxtınızda yaşamışam və Fransa səfirliyində mədəniyyət işləri ilə məşğul olmuşam. Müəllimlər və incəsənət nümayəndələri ilə birgə bir çox layihələr həyata keçirmişik. İçərişəhəri çox sevirəm. Novruz deyəndə ilk növbədə İçərişəhəri xatırlayıram. Bakıda Novruz həmişə təntənə ilə qeyd olunurdu və bu bayramı səbirsizliklə gözləyirdik. Parisdə Novruz bayramında iştirak etdiyim üçün çox şadam. Bayramınız mübarək”-deyə L. Verri vurğulayıb.
Business France-ın Beynəlxalq Əməkdaşlıq İdarəsinin müvəkkili Mişel Jelenin ölkəmizdə Fransa səfirliyinin iqtisadi və ticarət müşaviri olduğunu bildirib. O deyib: “Ömrümün altı unudulmaz ilini Bakıda yaşamışam. Ölkə iqtisadiyyatının dirçəliş illəri idi, neftlə bağlı layihələr həyata keçirilirdi. Azərbaycanın bütün rayonlarına, eləcə də Naxçıvana səfərlər etmişəm. İçərişəhərdə yaşayırdım. Qala divarları arasında yaşamağın imtiyazlarından biri də mart ayı ərzində Novruz adət-ənənələrini yaxından tanımağa imkan verirdi. Xüsusilə, axşamlar tonqallar yandırılır, insanlar bir yerə toplaşırdılar. Bakıda yaşadığım illəri xoş təəssüratla xatırlayıram”.
Avropa Robert Şuman İnstitutunun rektor müavini Florans Qabe ölkəmizin mədəniyyətinin zəngin olduğunu və Novruz bayramında iştirakdan zövq aldığını bildirib. Qeyd edib ki, Avropa Şurası nəzdində olan Azərbaycan nümayəndə heyəti, eləcə də Parisdəki səfirliyimizin əməkdaşları ilə daim sıx əlaqə saxlayır. Mədəniyyətin böyük önəm daşıdığını vurğulayaraq, məhz onun vasitəsilə xalqların bir-birinə yaxınlaşdığını diqqətə çatdırıb. “Novruz birlik ruhunu yüksək qiymətləndirirəm”, - deyə F. Qabe vurğulayıb.

Bu xəbər oxundu
- - -