Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Qarabağ xanlığında əhalidən yığılan vergilər

19.03.18, 12:34
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

3-cü yazı
Qarabağ xanlığında kəndlilər torpaqdan və sudan istifadəyə görə xan xəzinəsinə torpaq və arxların sahiblərinin xeyrinə bir sıra vergi və mükəlləfiyyətlər yerinə yetirirdilər. Tarix elmləri doktoru Zemfira Hacıyevanın araşdırmasına görə, kəndlilər torpaqdan və sudan istifadəyə görə xan xəzinəsinə torpaq və arxların sahiblərinin xeyrinə bir sıra vergi və mükəlləfiyyətlər yerinə yetirirdilər.
«Malcəhət» sözünün hərfi mənası «məhsuldan hissə» deməkdir, taxıldan natural qaydada alınırdı. Kəndli pay torpaqlarından istifadə etdiyi üçün məhsulun onda bir hissəsindən otuzda dörd hissəsini torpaq sahibinə, mülkədara, yaxud tiyuldara verməli idi. Bu vergi məhsul toplananda verilir, vergi kimi ödənilən məhsulu kəndli özü sahibkarın göstərdiyi yerə daşımalı idi. Təsvirlərdə olan materiallara istinad edərək deyə bilərik ki, Qarabağ xanlığında olan 521 kənddən malcəhət vergisini buğda məhsulundan 189 kənd, arpadan 163 kənd, baramadan 14 kənd, çəltikdən 4 kənd, darıdan 4 kənd ödəyirdi. Şübhəsiz ki, bu rəqəmlər yarımçıqdır. Çünki kəndlərin çoxu buğda və arpa yetişdirir, barama, çəltik və darı məhsulları yetişdirən kəndlərin sayı çox idi.
Malcəhət vergisini toplayan darğalar taxıl dərzlərini böləndə özbaşınalığa yol verir, çox vaxt kəndlilərdən məhsulun onda bir hissəsindən daha çox hissəsini mənimsəyirdilər. Xanlığın ayrı-ayrı kəndlərində malcəhət vergisi xəzinə ilə torpaq sahibləri arasmda bölünürdü. Belə halda verginin xəzinənin xeyrinə toplanan hissəsi malcəhət, torpaq sahibinin xeyrinə toplanan hissəsi isə «bəhrə» adlanırdı. Buna istinad edərək Vərəndə mahalının Dommi kəndində malcahət vergisinin məhz bu qayda ilə ödəndiyini müşahidə etmiş oluruq. Bir çox tədqiqatlarda yanlış olaraq Qarabağ xanlığında «bəhrə» vergisinin malcəhətin sinonimi olduğu iddia edilir. Əslində malcəhət torpağa, bəhrə isə sudan istifadəyə görə alınırdı. Bəhrə vergisinin həcmi məhsulun beşdə bir hissəsini təşkil edirdi və suvarma arxının sahibinə çatırdı.
Tarix elmləri doktoru Zemfira Hacıyevanın araşdırmasında daha sonra vurğulanır ki, salyana vergisinin hərfi mənası farsca «illik» deməkdir. Bəzi müəlliflər qeyd edir ki, xanlıqlar dövründə xəzinənin xeyrinə toplanan malcəhət vergisi «salyana» adlanırdı. Verginin adına istinad etsək, bu verginin arpa və buğda şəklində illik yığılan vergi olduğunu aydınlaşdırmış olarıq.
Çöpbaşı - qışlaqlardan, yaylaqlardan istifadəyə görə toplanan vergi idi. Kəndlinin 20 başdan artıq qoyun-keçisi, 10 baş qaramalı və 5 başdan artıq atı olduqda yaylaq və qışlaq sahibinə çöpbaşı ödəməli idi. «Cütbaşı-cütpulu» adlanan bu vergini kəndli torpağı becərdiyi zaman el içərisində cüt adlandırılan xış və ya kotandan istifadəyə görə ödəyirdi. Cütbaşı hər xışa görə 10 xan manatı və bəzən bu məbləğdən az (5 manatadək) alınırdı. Müəyyən hallarda cütbaşı məhsulla ödənilirdi.
Saman - kəndlilər öz ağalarına müəyyən miqdarda saman verməli idilər. Mal-bağ və yaxud bağbaşı - bağ sahiblərindən alınan vergi idi. Toplanan meyvə məhsulunun onda birini təşkil edirdi. Karxana xərci-ipək əyirən və başqa emalatxanalardan toplanan vergi idi. Bu vergini bəzən ipəklə ödəyirdilər. Dırnaqlıq - torpaq sahiblərinin mal-qaranı otaran kəndlidən pulla ödənilən vergidir.
Qoşun və dövlət aparatını saxlamaq üçün toplanan vergilər də var. Məsələn, darğalıq - bu vergi kəndlilərdən vergi toplayanların - kəndxudalarm və darğaların xeyrinə toplanırdı. Darğalığı xan mirzəsi toplayanda o, «qulluği» adlanır və toplanan verginin 4%-ni təşkil edirdi. Vergini darğa yığanda isə o, «darğalıq» adlanırdı. At arpası - xan qoşununun atları üçün toplanan arpadır. Vəzirlik - xan vəzirinin xeyrinə toplanan bu vergi həm məhsulla, həm də pulla ödənilirdi. Bu vergiyə çox vaxt «mirzəyana» deyirdilər. Ələfə - feodal qoşun dəstəsinin həm minik, həm də yük heyvanları üçün toplanan yem belə adlanırdı. İxracat - bu fövqəladə hallarda toplanan vergi idi. Kələntərlik - ali inzibati məmurları, naibləri və s. saxlamaq üçün toplanan vergi belə adlanırdı.
Gözətçi pulu - xan gözətçiləri xeyrinə toplanırdı. Mirzəyana - xan idarələrinin dəftərxana və mirzəsinin xeyrinə toplanan vergi belə adlanırdı. Rüsum - xan məmurlarının xeyrinə məhsul və pulla yığılan vergi idi. Rüsum hər hansı bir gəlir mənbəyini, məsələn, vergi toplamağı iltizama götürən iltizamçı, yüzbaşı və darğaların xeyrinə toplanan vergi idi. Xan aşbazları və çörəkçiləri üçün hər evdən bir manat miqdarında vergi alınırdı. Şərbətçi pulu - xan sarayında şərbət və s. içkilər hazırlamaq işinə nəzarət edən məmurun xeyrinə yığılan vergi idi. Poçt vergisi - hər evdən 3-5 manat miqdarında toplanırdı.
Feodallara və məmurlara gətirdilən məcburi bəxşişlər: Qırxxana xərci. Xanın yemək süfrəsi üçün məhsulla yığılan vergi idi. Toy pulu, yaxud toy payı - ağa, yaxud onun övladları evlənəndə gətirilən bəxşiş belə adlanırdı. Məbləği 6 manat 40 qəpikdən 10 manata çatırdı. Kəndli öz ailəsində olan toya görə də 10 manat ödəməli idi. Bayramlıq - bayramlarda, xüsusən qurban bayramında aparılan hədiyyə belə adlanırdı. Peşkəş - xana, bəylərə, digər feodallara verilirdi.
Ruhanilərin xeyrinə toplanan ödəmələr: Xüms - hərfi mənası «beşdə bir»dir və xüms hər bir müsəlmanın öz gəlirinin beşdə birindən ruhanilərə və seyidlərə verdiyi vergi idi. Zəkat - müsəlmanların yoxsulların xeyrinə xəzinəyə ödədikləri vergi belə adlanırdı. Əslində zəkatın çox hissəsi ruhanilərə və seyidlərə çatırdı. Fitrə -yoxsulların xeyrinə, adətən Fitr bayramı axşamı niyyətlə çıxarılan və hər bir müsəlmanın ödədiyi vergi idi.
Adambaşı və evbaşı vergilər: Otaq xərci - Xanın xeyrinə hər evdən toplanan vergi belə adlanırdı. Otaq xərci mənzil və otaq vermək mükəlləfiyyətini əvəz edən vergi idi. Başpulu 15 yaşına çatmış bütün kişilərdən toplanırdı. Mənbələrdə bu verginin hər nəfərdən hansı məbləğdə alınması haqqında məlumat yoxdur. Gətirilən rəqəmlər bütün yaşayış məntəqələrindən toplanan başpulu vergisinin ümumi miqdarını əks etdirirdi. Elə bununla da ayrı-ayrı fərdlərdən toplanan başpulu vergisinin miqdarını müəyyənləşdirmək olar. Tatev mahalının Tatev kəndi ildə xəzinəyə 200 xan manatı məbləğində başpulu ödəyirdi (1 manat 20 qəpik həcmində olurdu).
İşləyib ödəmə mükəlləfiyyətləri: Biyar - hər bir ailə ağanın tələbi ilə öz əmək alətləri və qoşqu heyvanı daxil olmaqla bir nəfər ayırmalı idi ki, üç gün ağanın tarlasında işləsin. Əkin, biçin, taxıl döymək və daşımaqla məşğul olsun, iki gün ağa heyvanlarını bir yerdən başqa yerə köçürdükdə və yaxud köçəndə, iki gün ot biçmək, odun daşımaq və başqa işlərdə, bir gün ev və başqa təsərrüfat tikililərində işləməli idi. Ağa kəndlini hər dəfə çağıranda onu öz razılığı olmadan bir gündən artıq saxlaya bilməzdi. Ona işçi lazım olmadıqda, o hər bir iş günü üçün kəndlidən 10 qəpik ala bilərdi.
Qulluqçu - ağaların ev və çöl işlərində çalışmaq üçün hər on ailə növbə ilə bir nəfər ayırmalı idi. Nökərin yaşı 20-dən az olmamalı, azı bir il öz ağasına qulluq etməli, ağa isə əvəzində nökərin həmin müddətdə bütün ehtiyaclarını təmin etməli idi. Nökər vermiş ailə əlavə heç bir mükəlləfiyyət daşımır, əksinə, sahibkar həmin ailənin əvəzinə xəzinəyə 5 manat vergi ödəyirdi. Kişi nökərlərindən başqa sahibkarın tələbi ilə hər ailə bir nəfər qadın qulluqçu verməli idi. Adətən qulluqçuluğa öz təsərrüfatı olmayan qadınlar cəlb edilirdi. Qulluqçu öz işini davam etdirmək arzusunda olmadıqda, bir ildən sonra onu başqa birisi əvəz etməli, ağa qulluqçuların da ehtiyaclarını təmin etməli idi.
İlxıçı - rəiyyətlər xanın ilxısına baxmaq üçün işçi ayırmalı idilər. Lakin çox vaxt kəndlilər bu mükəlləfiyyətin əvəzinə pul ödəyirdilər. Xalça ilə vergi də vardı. Mənbələrdə xalça toxuyan ustalardan xalça ilə vergi alınması da qeyd olunur. Xanlıqda olan mahalların təkcə dördündən bir ildə vergi kimi 95 xalça alınmışdı. Bəzi kəndlər bu vergidən azad olduğu halda, digərləri 2-3 və daha çox xalça verirdilər.
Vergi və mükəlləfiyyətlər kifayət qədər ağır idi. Xırdapara Dizaq kəndində yaşayan cəmi 8 vergi ödəyicisi salyana 3 çetvert buğda, otaq xərci - 1/2 çetvert, odun - 14 yük, qırxxana xərci - 1/2 çuval arpa, 5 xan manatı və 1 çetvert buğda mirzəyana, xalça əvəzinə - 4, xışlara görə - 40, xan aşpazı və çörəkçisi üçün - 10 və qaravulçu üçün 5 manat pul ödəmiºdi. 1822-ci ildə bu kənddə malcəhət hesabma 12 çetvert buğda, 6 çuval arpa, 23 stil ipək, darğalıq hesabma 4 çetvert buğda, 2 çuval arpa və 7 stil ipək də toplanmışdı. Bütün bunlarla yanaşı, kənddən 11 əşrəfi Rusiyaya xərac üçün alınmışdı. Kəndlilər ildə 2 gün 4 xışla xəzinəyə məxsus torpaqda şum etməli idi. Bu kiçik kəndin ödədiyi pul və natural ödənişlərinin hamısının dəyərini pula çevirəndə kifayət qədər ciddi məbləğ alınırdı: 14 əşrəfi və 863 manat 72 qəpik (137 rubl 13 qəpik). 19-cu əsrin əvvəllərində qışdan 13,5 çetvert buğda və 13 çuval arpa bəhrə yığılmışdı.
Mirzə Camal yazırdı: «Hər il Novruz bayramı günündə mərhum xan qoşunun bütün adlı-sanlı sərkərdələrinə və minbaşılarına xələt, ənam, at və qılınc bağışlayırdı. Azərbaycan vilayətləri, mahallar, habelə məliklər - hər kəs öz rütbəsinə görə peşkəş gətirərdi. Mərhum İbrahimxəlil xan səfərdə olduğu və ya ordu qurduğu zaman xidmətində olan minbaşılar, Azərbaycan bəyləri, ağaları və xanlarının səhər, günorta, axşam yeməyi və atlarının arpası, habelə qoşun əhlinin bir parasının, mirzələrin, eşikağalarının, keşikçilərin və yasovulların bütün məxarici mərhum xanın xəzinəsindən verilirdi. Minbaşılara və başqalarına buraxılan diri qoyunlardan başqa, qırx puda yaxm düyü və otuz qoyun sərf olunardı». Xanlıqda natural təsərrüfatın üstünlük təşkil etməsinə baxmayaraq vergi ödənişlərinin xeyli hissəsi pulla toplanırdı. Bunlar başpulu, otaq xərci, bayramlıq, toypulu, mirzəyana və darğalıq vergiləri idi. Kürəkçay müqaviləsindən sonra əhali üzərinə «Rusiyaya bac» adlı yeni, ağır bir vergi qoyuldu. Xanlıq üzrə onun ümumi məbləği 8 min əşrəfi idi.

Elçin Qaliboğlu

Bu xəbər oxundu
- - -