Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Bakı Marafonu-2018”

19.03.18, 13:04
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Tədbirdə iştirak etmək üçün 4 mindən çox şəxs qeydiyyatdan keçib
Martın 19-da “Bakı Marafonu-2018”in Təşkilat Komitəsinin mətbuat konfransı keçirilib. Mətbuat konfransında mayın 13-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunacaq “Bakı Marafonu-2018”də iştirak etmək üçün qeydiyyat prosesi, təlimlər, yarışa hazırlıq, marşrut və yeniliklər barədə məlumat verilib. Əvvəlcə “Bakı Marafonu-2018”in rəsmi videoçarxı nümayiş olunub.
Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını vurğulayan Heydər Əliyev Fondunun tədbirlərin təşkili şöbəsinin müdiri Abuzər Kazımov bildirib ki, Fond ölkəmizdə idmanın kütləviliyinin təmin olunmasına töhfəsini verir. İstər ölkə daxilində, istərsə də onun hüdudlarından kənarda Fondun təşkilatçısı və dəstəyi ilə bir sıra idman tədbirləri keçirilib. Son illər bu məqsədlə tikilən sosial, mədəni və idman obyektləri gənclərin asudə vaxtının səmərəli təşkilində əhəmiyyətli rol oynayır. Məlumat verilib ki, Fondun təşəbbüsü ilə ardıcıl üçüncü ildir təşkil olunan yarımarafon “Küləyə qalib gəl” şüarı altında keçirilir. Bakı Marafonunun məqsədi idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirməkdir. Dənizkənarı Bulvar İdarəsinin, Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunan layihənin icraçısı isə Sport Marketing Group (SMG) şirkətidir.
Mayın 13-də keçiriləcək yarımarafon Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionunadək 21 kilometr məsafəni əhatə edəcək. Yarışın fan zonası isə Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Burada iştirakçılar, eləcə də uşaqlar üçün xüsusi proqramlar, yarışların keçirilməsi nəzərdə tutulur. “Sport Marketing Group” şirkətinin direktoru Ayaz Əhmədov deyib ki, yarışda iştirak üçün martın 19-dək 4 mindən çox şəxs qeydiyyatdan keçib. Martın 7-dən başlayan qeydiyyat prosesi mayın 5-dək davam edəcək. Marafonda 16 yaşdan yuxarı hər kəs - Azərbaycan və digər ölkələrin vətəndaşları iştirak edə bilərlər.
Qeyd olunub ki, qeydiyyat məntəqələri paytaxtımızın “28 Mall”, “Gənclik Mall”, “Port Baku Mall” ticarət mərkəzlərində fəaliyyət göstərir. Məntəqələr hər gün saat 10:00-dan axşam saat 22:00-a qədər işləyir. Onlayn qeydiyyatdan keçmək istəyənlər “Bakı Marafonu-2018”in saytına (www.baku.marathon.az) müraciət edə bilərlər. Yarışda iştirak etmək istəyən fiziki şəxslər üçün təyin olunmuş ödəniş məbləği 20 manatdır. Korporativ qaydada qoşulanlar isə (hər şirkətdən minimum 5 iştirakçı olmalıdır) hər iştirakçıya görə 100 manat ödəməlidir. Yarımarafonda tələbələrin iştirakı ilə bağlı vəsaitlər isə Heydər Əliyev Fondu tərəfindən ödənilir. Marafona fəxri iştirakçılar da dəvət olunub, onların arasında tanınmış ictimai-siyasi xadimlər, incəsənət nümayəndələri və idmançılar da yer alacaq.
Qeydiyyat daha erkən başladığından builki marafona daha çox iştirakçının qatılacağı gözlənilir. “Bakı Marafonu-2018”in Təşkilat Komitəsi marafona qoşulanlar üçün həftədə iki dəfə pulsuz təlim-məşq təşkil edir. Hər həftənin şənbə günü qapalı (“Gənclik Mall”da yerləşən “Go Sport” idman malları mağazasında), bazar günü isə açıq hava (Dənizkənarı Milli Park və Heydər Əliyev Mərkəzinin qarşısında) təlimlər keçirilir. Marafon iştirakçıları məşqlərdə müxtəlif isinmə-soyuma, dartınma hərəkətləri edir, uzun və qısa məsafəyə templə qaçışa necə hazırlaşmaq lazım gəldiyini öyrənirlər. Yarımarafona qoşulmaq üçün qeydiyyatdan keçənlər məşqlərdə iştirak edə bilərlər.
“Bakı Marafonu-2018” yarışında qaliblərin mükafatlandırma mərasimi iki kateqoriyada – kişi və qadınlar arasında ilk 3 yer üzrə aparılacaq. Hər iki kateqoriyada birinci yer üçün 3 min manat, ikinci yer üçün 2 min manat, üçüncü yer üçün isə 1000 manat məbləğində mükafat nəzərə tutulur. Həmçinin qaliblərə hədiyyələr, medal və sertifikatlar veriləcək. Bundan əlavə, kişi və qadın kateqoriyası üzrə yarışda dördüncü- onuncu yerləri tutanlara “Bakı Marafonu-2018”in sponsorları tərəfindən müxtəlif qiymətli hədiyyələr, habelə bütün marafon iştirakçılarına və yarışın təşkilində dəstək göstərən könüllülərə sertifikatlar təqdim olunacaq.
“Bakı Marafonu-2018”in tərəfdaş və sponsorları Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, SOCAR, IDEA İctimai Birliyi, “Regional İnkişaf” İctimai Birliyi, “Azər Türk Bank”, “Türk Hava Yolları”, “GreenCar”, “Coca Cola”, “Huawei”, “Alfa Romeo” şirkətləri, “GoSport” idman malları mağazasıdır. Layihənin eksklüziv tərəfdaşı “Azercell Telekom” şirkətidir. “Azercell Telecom” MMC-nin korporativ kommunikasiyalar departamentinin müdiri Nigar Şıxlinskaya çıxışında bildirib ki, təmsil etdiyi şirkət idmanın, sağlamlığın, dostluğun və birliyin təbliğinə xidmət edən marafonun tərəfdaşı olmaqdan məmnunluq duyur.
Daha sonra Bakı Marafon Klubunun təsisçisi, beynəlxalq marafonlarda 24 dəfə iştirak etmiş Firdovsi Kərimov yarış barədə təəssüratlarını bölüşüb. Təsisçisi olduğu klub barədə ətraflı məlumat verərək deyib ki, onların məqsədi Azərbaycanda peşəkar, qeyri-peşəkar və uzun məsafəli yarışları və sağlam həyat tərzini təbliğ etmək, qaçış idman növünün kütləviliyinə nail olmaqdır. Klub bu məqsədlə müxtəlif treninqlər və seminarlar təşkil edir. Sayı ilbəil artan marafonçular xaricdə keçirilən böyük yarışlarda ölkəmizi layiqincə təmsil edirlər.
Xatırladaq ki, Bakıda 2016-cı və 2017-ci illərdə təşkil olunan yarımarafonlarda 20 mindən çox iştirakçı qeydiyyatdan keçmişdi. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirak etdiyi bu yarışlara Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayan və işləyən əcnəbilər - İspaniya, Fransa, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Ukrayna, Səudiyyə Ərəbistanı, İran, Hindistan, Çexiya, Meksika və digər ölkələrin Azərbaycandakı səfirliklərinin, “BP Azərbaycan” şirkətinin, Böyük Britaniyanın Azərbaycana Birgə Yardım (UAFA) təşkilatının nümayəndələri də qoşulmuşdular.
Yarımarafonlarda, eyni zamanda, ABŞ, Avstriya, Almaniya, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, İspaniya, Fransa, Rusiya, Polşa, İran, Ukrayna, Gürcüstan, Keniya və digər ölkələrdən olan turistlər də iştirak etmişdilər. Layihə region sakinləri tərəfindən böyük maraqla qarşılandığından 2017-ci il sentyabrın 17-də Gəncədə də yarımarafon təşkil olunmuşdu. Qeyd edək ki, “Bakı Marafonu 2018”dən toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı həyata keçirdiyi layihəsinə yönəldiləcək. “Bakı Marafonu-2018” ilə bağlı yeniliklər, yarış ərəfəsində keçiriləcək məşqlər barədə ətraflı məlumatlar layihənin rəsmi feysbuk səhifəsi - www.facebook.com/bakumarathon və www.baku.marathon.az saytında təqdim edilir. İndiyədək Bakıda keçirilən yarımarafonda ən yüksək nəticəni Türkiyə vətəndaşı Veysi Aslan göstərib. O, 2017-ci ildə finişə bir saat yeddi dəqiqəyə çatıb. “Bakı Marafonu-2016”nın qalibi Namiq Əsədov isə məsafəni bir saat on yeddi dəqiqəyə başa vurub.

Bu xəbər oxundu
- - -