Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Ermənistanın böyük hissəsi Azərbaycanın tarixi torpağıdır“

19.03.18, 13:49
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

İlham Əliyev: “Onlar diplomatik cəbhədə məğlubiyyətə uğrayıb”

"Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Bu gözəl mənzərə fonunda Ermənistan bütün regional əməkdaşlıq formatlarından tamamilə kənarda qalıbdır. Bu da təbiidir. Çünki bizim siyasətimiz məhz bundan ibarətdir. Ermənistan bütün məsələlərdən təcrid olunmuş vəziyyətdədir, bir dənə də olsun regional əməkdaşlıq formatında iştirak etmir. Təkcə ona görə yox ki, biz buna imkan vermirik, - halbuki, hesab edirəm, bu, əsas amildir, - eyni zamanda, ona görə ki, Ermənistan nə siyasi, nə iqtisadi, nə nəqliyyat baxımından heç bir maraq doğurmur".
Bunu prezident İlham Əliyev Bakıda Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində çıxşında deyib.
Prezident bildirib ki, Ermənistan siyasi baxımdan müstəqil deyil, satellit ölkədir: "Ermənistanın gələcəyi ilə bağlı ölkə daxilində qəbul edilmiş qərarlar böyük məna daşımır. Bu ölkəyə iqtisadi cəhətdən heç bir investisiya qoyulmur, investorlar maraqlı deyillər. Burada bir neçə amil rol oynayır, birinci növbədə, baş alıb gedən rüşvətxorluq, oğurluq, korrupsiya halları, digər tərəfdən vətəndaşların kütləvi surətdə Ermənistandan çıxması, yəni, köç kütləvi xarakter alıbdır. İnvestisiya iqlimi çox bərbaddır və bazar məhdudluğu imkan vermir ki, bu ölkəyə investisiya qoyulsun.
Belə bir mənzərə ilə üzləşən Ermənistan xalqı bir daha çox ciddi fikirləşməlidir və anlamalıdır ki, Ermənistan rəhbərliyinin Azərbaycana qarşı işğalçı siyasətinin gələcəyi yoxdur. Azərbaycan öz ərazi bütövlüyünü onsuz da bərpa edəcək. Ancaq Ermənistan son illər ərzində bölgədə gedən regional əməkdaşlıq proseslərindən tam təcrid olunmuş vəziyyətdədir. Onlar siyasi səhnədə məğlub olublar, bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini dəstəkləyir. BMT, onun Təhlükəsizlik Şurası, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, AŞPA, digər təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını tələb edən çoxsaylı qərar və qətnamələr qəbul etmişlər. Yəni, bu, Ermənistanın siyasi məğlubiyyətidir. Onlar diplomatik cəbhədə məğlubiyyətə uğrayıblar. Dağlıq Qarabağda keçirilmiş qondarma “referendum” heç bir ölkə tərəfindən tanınmayıb, beynəlxalq təşkilatlar da bunu tanımayıblar. Bu, bir daha təsdiqləyir ki, Dağlıq Qarabağ Azərbaycanın torpağıdır, Azərbaycanın əzəli torpağıdır və Azərbaycanın ayrılmaz hissəsidir.
Nəqliyyat siyasəti ilə bağlı Ermənistan dalan ölkədir və açıq deməliyik ki, bunu biz etmişik.
İki il bundan əvvəl Ermənistan döyüş meydanında üzləşdiyi məğlubiyyətdən bu günə qədər də özünə gələ bilmir. Bu gün Azərbaycan bayrağı Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının vaxtilə işğal altında olan torpaqlarında dalğalanır. Gün gələcək ki, bizim bayrağımız Şuşada və Xankəndidə dalğalanacaqdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ancaq və ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər. Bunun başqa yolu yoxdur. Dəfələrlə demişəm, bir daha demək istəyirəm, bunu hamı bilsin ki, Azərbaycan heç vaxt imkan verə bilməz ki, bizim tarixi torpaqlarımızda ikinci erməni dövləti yaradılsın. Dəfələrlə demişəm və bir daha demək istəyirəm ki, bugünkü Ermənistanın ərazisi tarixi Azərbaycan torpaqlarıdır. Bunu təsdiqləyən çoxsaylı kitablar, xəritələr var. O xəritələrdə indiki Ermənistanın ərazisindəki toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir.
Tarixi kitablarda göstərilir ki, XIX əsrin əvvəllərində İrəvan xanlığının əhalisinin mütləq əksəriyyəti, daha doğrusu 80 faizi azərbaycanlılar olub. Bu, tarixdir, tarixi həqiqətdir. Bunu bilməyənlər də bilsinlər və ən önəmlisi Azərbaycan gəncləri bunu bilsinlər. Bilsinlər ki, indiki Ermənistanın böyük hissəsi Azərbaycanın tarixi torpağıdır. Biz bunu heç vaxt unutmuruq və unutmayacağıq".
“Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib. Bakıya gələn hər bir qonaq bunu qeyd edir”-deyən dövlət başçısı bildirib ki, bu gün Bakı gözəlliyi, tarixi, insanların qonaqpərvərliyi baxımından turistlər üçün ən cəlbedici istiqamətlərdən birinə çevrilib: “Ölkəmizə gələn turistlərin artan sayı bunun gözəl sübutudur. Gələn qonaqların sayı 2016-cı ildə 24 faiz, 2017-ci ildə 20 faiz, bu ilin iki ayında isə 12 faiz artıb. Hər bir gələn qonaq əlbəttə ki, Bakının gözəlliyini etiraf edir, bunu görür, sonra sosial şəbəkələrdə öz çəkdiyi kadrları paylaşır. Bakı bizim qürur mənbəyimizdir, bizim tarixi şəhərimizdir, qədimliyi ilə müasirliyi özündə birləşdirən nadir şəhərlərdən biridir. Bakının inkişafı, gözəlləşdirilməsi, müasir infrastrukturunun yaradılması üçün bundan sonra da əlavə tədbirlər görüləcək.
Biz indi qədim Qız qalasının önündə bu bayramı qeyd edirik. Qız qalası Bakının qədim rəmzidir və bizim böyük tarixi abidəmizdir. Ancaq, eyni zamanda, bu gün Bakının müasir rəmzləri də vardır. Onların arasında Heydər Əliyev Mərkəzi dünyanın ən gözəl binalarından biridir və bunu müxtəlif sorğular, reytinqlər təsdiqləyir. Alov Qüllələri həm Bakının rəmzini - alovu əks etdirir, eyni zamanda, göylərə ucalan binalar Azərbaycanın inkişafını göstərir və Bakıya əlavə gözəllik verir. Vaxtilə 3,5 kilometr olan bizim tarixi bulvarımızın uzunluğu indi 16 kilometrə çatıbdır və hər yer abadlaşıb, gözəlləşib. Hesab edirəm ki, bu, dünya miqyasında nadir istirahət və gəzinti zonasıdır. Yeni yollar, parklar, xiyabanlar salınır. Bakı bu gün parklar, bağlar şəhəridir.
Bakının ekoloji vəziyyəti yaxşılaşır. Vaxtilə şəhərimizin havasını çirkləndirən Balaxanı zibilxanası tamamilə aradan götürülübdür, indi park salınıbdır. Böyükşor gölü. Onun bir hissəsi, birinci mərhələsi tamamlanıb və təmizlənib. Bibiheybət buruqları ekoloji fəlakət mənzərəsi idi. Bu gün orada park, idman şəhərciyi salınıb. Bakının o hissəsi ilə bağlı bizim əlavə planlarımız var. Yeni yollar salınıb. Vaxtilə tikilmiş və yararsız vəziyyətə düşmüş binalar sökülür, vətəndaşlara kompensasiya ödənilir və həmin binaların yerində yeni ictimai zonalar yaradılır. Yəni, Bakının gələcək inkişafı ilə bağlı bizim böyük planlarımız var. Bakının nəqliyyat problemləri də həll olunur. Bakıda onlarla körpü, yol qovşağı tikilmişdir. Əgər vaxtilə tikilməsəydi, biz indi tıxacdan hərəkət edə bilməzdik. Şəhərimizin gələcək hərtərəfli inkişaf planı da diqqət mərkəzindədir. Şəhərimizin hər bir yerində abadlıq işləri getməlidir və əminəm ki, gedəcək.
Biz bu gözəl bayramı gözəl nəticələrlə, yaxşı əhval-ruhiyyə ilə qarşılayırıq. Əminəm ki, 2018-ci il də, ondan sonrakı illər də ölkəmiz üçün uğurlu olacaq. Azərbaycan uğurla inkişaf edəcək, qarşıda duran bütün vəzifələr icra ediləcək və ölkəmiz bundan sonra da bir çox ölkələr üçün nümunə olacaq.
Sizi və bütün Azərbaycan xalqını qarşıdan gələn gözəl bayram münasibətilə bir daha təbrik edirəm, bütün Azərbaycan xalqına uğurlar, cansağlığı, əmin-amanlıq və sülh arzulayıram”.

Bu xəbər oxundu
- - -