Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Novruzda İrandan gələnlər azaldı, ərəb ölkələrindən gələnlər çoxaldı

27.03.18, 13:12
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

İlkin məlumatlara əsasən, builki Novruz bayramı günlərində Azərbaycana gələn turistlərin sayı təxminən ötən ilki qədər olub. Bunu Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib. N.Bağırovun sözlərinə görə, İran iqtisadiyyatında baş verən dəyişikliklərlə əlaqədar builki Novruz bayramında Azərbaycana İrandan gələn turistlərin sayı ötən ilki bayrama nisbətən az olub. Buna baxmayaraq, Novruz bayramı günlərində ölkəmizə gələn turistlərin siyahısında İran turistləri yenə də ilk yeri tutub. Assosiasiya sədri qeyd edib ki, İran turristlərindən fərqli olaraq, bu il bayram günlərində ərəb ölkələrindən gələn turistlərin sayında daha çox artım olub.
N.Bağırov əlavə edib ki, ümumilikdə bu il Novruzda Azərbaycana turistlər İrandan, ərəb ölkələrindən, Özbəkistandan, Qazaxıstandan və digər MDB ölkələrindən gəlib: “Hansı ölkələrdə ki, Novruz qeyd edilir, o ölkələrdən Azərbaycana daha çox turist gəlib. Hazırda hotellərimiz doludur. Ötən bayramda martın 21, 22 və 23-ü üçün hotellərdə yerlər daha çox bronlaşdırılsa da, bu il martın 28-dən 30-na qədər olan müddət üçün yerlər daha çox bronlaşdırılıb”.
N.Bağırov qeyd edib ki, martın 28-dən 30-na qədər olan müddət üçün yerləri daha çox bronlaşdıranlar İran və ərəb ölkələrinin turistləridir: “İranlılar daha çox Bakıya səfər edirlər. Ərəb ölkələrinin turistləri isə bölgələrə də gedirlər. Bu il Novruz bayramından əvvəl hotellərdə qiymətlərin 20-30 faiz endirilməsi də Azərbaycanı turistlər üçün cəlbedici edib”. Assosiasiya sədrinin sözlərinə görə, ötən ilki bayramda bir neçə İran turisti hoteldə yaranan problemə görə şikayət etsə də, bu il hələlik heç bir turistdən şikayət daxil olmayıb.

Bu xəbər oxundu
- - -