Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Qarabağ xanlığında sənətkarlıq və kustar sənaye

28.03.18, 12:14
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

5-ci yazı

Xanlıqlar dövründə Azərbaycan siyasi və iqtisadi parçalanmaya məruz qalsa da, sənətkarlığın bir sıra sahələri öz inkişafını dayandırmamışdı. Bu dövrdə xanlıqların mərkəz şəhərləri həm də sənətkarlıq mərkəzləri idi. Şəhərlərdə xanlar, onların ailələri, saray əyanları, bəylər, ruhanilər və əsasən də sənətkarlar, ticarət adamları yaşayırdılar. Burada sənətkar emalatxanaları və tacir dükanları vardı. Sənaye-kustar istehsalı kənd təsərrüfatı ilə müqayisədə təsərrüfat fəaliyyətində mühüm yer tutmurdu. Həm də Qarabağ xanlığı sənətkarlıq-kustar sənayesi ilə yanaşı, xanlığın kəndlərində ev sənətkarlığı da yayılmışdı. «Ev sənətkarlığı» dedikdə xammalın istehsal olunduğu təsərrüfatın özündə emal edilməsi, peşəkar olmayan fəaliyyət nəzərdə tutulurdu.
Tarix elmləri doktoru Zemfira Hacıyevanın araşdırmasına görə, ticarət mərkəzlərinin uzaqda yerləşməsi, rahat yolların olmaması və əhalinin təsərrüfat həyatınm qapalı səciyyə daşıması, zəhmətkeşlərin asudə vaxtlarmda əldə etdikləri əkinçilik və maldarlıq məhsullarını emal etmək imkanı yaradırdı. Evdə istehsal olunan məhsullar əsasən kəndlilərin tələbatının ödənilməsinə yönəlmişdi. Kəndlilərin əksəriyyəti çörək bişirir, ipək sarıyır, yun boyayır, paltar tikir, dəri aşılayır, müxtəlif məqsədlər üçün nəzərdə tutulmuş binalar inşa edir, bəsit əmək alətləri hazırlayırdılar. Süleymanlı, Qorunzur, Gedişə, Tatev, Qazan, Şinger, Dığ kəndlərində kəndlilər boş vaxtlarında yun iplər, mahud, kilim, ipək parçalar, ipək şalvarlar, xalçalar, kisələr, pambıq parçalar istehsal edirdilər.
Peşəkar sənaye fəaliyyətinin əsas forması sənətkarlıq və kustar sənayesi sayılır. Sənətkarlığın fərqləndirici xüsusiyyəti sifarişlə, kustar sənayesinin fərqləndirici cəhəti isə azad bazar üçün işləmək idi. Sənətkarlıq və kustar sənayesi şəhər məişətinin tərkib hissəsi idi. Buna baxmayaraq, natural təsərrüfatın hökm sürdüyü bir vaxtda kənd əhalisi ilə şəhər əhalisi arasında əmək bölgüsünün yoxluğu, ticarət mərkəzlərinin uzaqda yerləşməsi, əlverişli nəqliyyat yollarınm olmaması, yerlərdə ev, sənətkarlıq-kustar sənayesinin inkişafına təkan verirdi, xanlığın xammal ehtiyatlarının bolluğu da sahələrin inkişafma şərait yaradırdı. Əkinə yararlı torpaqların azlığı, ilin fəsillərindən asılı olaraq əməyin təbii şərtlərinin dəyişməsi də ev və sənaye-kustar sənayesinin inkişafma təsir edən amillərdən idi.
Xanlığın kəndlərində misgər, boyaqçı, silahsaz, bənna, dəmirçi, dabbaq, dulusçu və başqa sənətkarların olması haqqında məlumat var. Xanlıqda toxuculuq geniş yayılmışdı, hər bir ailədə bəsit də olsa, əyirici və toxucu dəzgahı var idi. Toxuculuq məhsulları başlıca olaraq ailənin təsərrüfat-məişət tələbatını ödəyirdi. Xanlığın demək olar ki, bütün kəndlərində xalça, palaz, cecim, məşrəf, yun parçalar, xurcun, çuval və s. toxunur, yun ayaqqabı, palan və s. istehsal edilirdi. Yunu daraqla darayır, cəhrə ilə əyirirdilər. Əyiricilik və toxuculuqla qadmlar məşğul olurdu. 1832-ci ilin məlumatına istinadən demək olar ki, kəndlərdə 500 nəfər ipək parça, 1200 nəfər bez toxumaqla məşğul olurdu. Qadınlar zərbafit tikmələri yaradıcılığına üstünlük verir, məxmər, ipək parçaların üzərində qızıl saplarla müxtəlif kompozisiyalar toxuyurdular. Məhsulların bir hissəsi mübadilə üçün bazara çıxarılırdı.
Ev, sənətkar-kustar sənayesinin mühüm sahəsi xalçaçılıq idi. Naxışlarının gözəlliyinə, boyaların çalarlarına görə Qarabağ xalçaları xanlığın hüdudlarından çox-çox uzaqlarda məşhur idi. Xalçanı, adətən işarası fasilələrdə və uzun qış gecələrində toxuyurdular. Şuşada xalçaçılıq ailə sənəti səciyyəsi daşıyırdı və Şuşa xalçaları Cənubi Qafqazda məşhur idi. Böyüklüyünə, forma və təyinatma görə xalçalarm müxtəlif növləri var idi:
1. Xalı (ən irisi). Otağın ortasına salınırdı. Adətən xalının eni 2 xan arşını (1 xan arşını - 1 metrə yaxın idi, bəzən bir qədər kiçik olurdu), uzunluğu 5-6, nadir hallarda 7 arşın olurdu. Xalını əsasən sifarişlə toxuyurdular.
2. Yan (kənarə) - uzun xalılar, onları orta xalının yanına salırdılar. Eni 1 xan arşını və yaxud iki verşok olur, uzunu isə yanına salınacaq xalının uzunluğuna uyğun olurdu. Yanları cüt satıb alırdılar. Bir cüt yan xalının qiyməti ona uyğun orta xalının qiyməti qədər olurdu.
3. Gəbə - iriliyinə görə orta xalıdan kiçik və yan xalıdan enli olur.
4. Taxt üstü - uzunu 3 xan arşını, eni 1 xan arşını olurdu. Adından göründüyü kimi, bu növ xalçaları taxt və çarpayının yanmdakı divardan asırdılar.
5. Xalı balası - adətən uzunu 4, eni 1 xan arşını olurdu.
6. Canamaz - namaz qılmaq üçün istifadə olunurdu.
Xalçanın qiyməti ölçüsü ilə yanaşı, naxışından da asılı idi. Balıq, Bulud, Muncuq və Zərməxmər çeşniləri ilə toxunmuş xalçalar başqalarına nisbətin baha olurdu. Keyfiyyətli xalçalar nazik, möhkəm və xovları qısa olan xalçalar sayılırdı. Palazlar növlərinə görə iki cür olurdu: yer palazı (sadə, zolaqlı) və kilim (naxışlı, xalı kimi).
Tarix elmləri doktoru Zemfira Hacıyevanın araşdırmasında vurğulanır ki, xanlığın ayrı-ayrı kəndlərində misgərlər, daşyonanlar fəaliyyət göstərir, hərbi sursat - odlu və soyuq silahlar hazırlanırdı. Məsələn, tüfəng və tapança lülələrinin hazırlanması ilə Çiləbörddə bir usta, tüfəng üçün xəzinə hazırlamaqla Vəng və İşimkirt kəndlərinin hər birində bir usta məşğul olurdu. Kəndlərdə də təsərrüfat alətləri - dəryaz, oraq, balta, bıçaq, nal, mıx və s. hazırlanırdı.
Dulusçuluq ən qədim zamanlardan yayılmış sənət növü idi. Süd, yağ, şərab, su və başqa məhsulları saxlamaq üçün sakinlər gildən bardaqlar və evləri işıqlandırmaq üçün çıraqlar hazırlayırdılar. Saxsı məmulatlar pis bişirildiyindən primitiv görünüşə malik idi. Ehtiyat edərək üzümü vaxtından əvvəl toplayır, nəticədə xanlıqda hazırlanan şərabın keyfiyyəti adətən yüksək olmurdu, onu nadir hallarda bir ildən çox saxlamaq mümkün olurdu. Digər tərəfdən, Xanlıqda ağac emalı sənəti geniş yayılmışdı. Çanaxçı kəndi öz adını müxtəlif növ taxta çanaqların hazırlanmasına görə almışdı. Meşələrin bolluğu bu sənətin inkişafına şərait yaradırdı. Ağacdan məişət və təsərrüfat ehtiyacları üçün zəruri olan vəllər, cəhrə, bel, kürək və s. hazırlanırdı. Qadınların əksəriyyəti toxuculuqla məşğul olduqları halda, kişilər həsir zənbillərin, hasarların, şəbəkələrin, samanlıqların hörülməsi ilə məşğul olurdular. Ağacdan başlıca olaraq mənzillərin qızdırılması üçün istifadə olunurdu. Kəndlilər öz ehtiyaclarını ödəmək üçün xüsusi çalalarda kömür hazırlayaraq qışa ehtiyat tədarük edir, qalan hissəni isə satışa çıxarırdılar.
Xanlıqda 470-dən çox su dəyirmanı var idi. Yay və qış aylarında su olmadığından dəyirmanlar işləmirdi, məhz buna görə də yaz və payız aylarında un tədarük etmək vacib idi. Taxılı üyütdüyü üçün dəyirman sahibi unun 1/20 hissəsini alırdı. Dəyirman daşı və qəbirüstü daşların işlənməsi ilə Xaçın mahalında Doşanlı, Vəng və Bazarkənd kəndlərində 30 nəfərdən çox adam məşğul olurdu. Daş karxanaları kilsəyə məxsus olduğu üçün hazır daşların beşdə bir hissəsini kilsəyə verirdilər. 10 bəzirxana fəaliyyət göstərirdi və bəzirxana sahibləri çıxarılan yağın 1/20 hissəsini alırdılar.
Xanlığın iqtisadiyyatında şərabçılıq özünəməxsus yer tuturdu. Şərabçılıqla yalnız xristianlar məşğul olurdu. Müsəlmanlar isə üzümdən bəhməz hazırlayırdılar. 1832-ci ildə Qarabağda 70000 vedrə şərab, 3400 vedrə araq, 4800 pud bəhməz istehsal olunmuşdu. Xristianlar tutdan və başqa meyvələrdən də araq hazırlayırdılar. Toplanmış müxtəlif növ üzümü quyuya töküb ayaqla tapdalayır, hasil olunmuş şərabı bardaqlarda və tuluqlarda saxlayırdılar. Şərabçılıq məhsullarını və bəhməzi qismən Şuşada satışa çıxarırdılar.
Xanlıqda sənətkarlıq-kustar sənayesinin ən böyük mərkəzi Şuşa şəhəri idi. Şuşanın ətrafında kənd təsərrüfatı ilə məşğul olmaq üçün əlverişli şərait olmadığından şəhər təsərrüfatında kənd təsərrüfatının payı cüzi yer tuturdu. Şəhər əhalisi sənətkarlar, kustarlar, tacirlər və kənddən köçən kəndlilər hesabına artırdı. 1823-cü ildə Şuşada 1532 ailə yaşayırdı. S.A.Yeqiazarovun tam olmayan məlumatma əsasən, 1823-cü ildə Şuşada 500 sənətkar işləyirdi. Son tədqiqatlar isə dinc dövrlərdə Şuşada 2 min nəfərdən çox sənətkarın çalışdığını sübut edir. Güman ki, Ağa Məhəmməd şah Qacarın hücumlarından və rus-İran müharibələrindən əvvəl sənətkarların sayı daha çox olmuşdur.
Şuşada ipəkçilik inkişaf etmişdi. XIX əsrin əvvəllərinə aid mənbələrin birində Şuşada ipək toxumaq üçün 42, pambıq parça toxumaq üçün 28 toxuculuq müəssisəsinin yerləşdiyi qeyd olunur. 1832-ci ildə Şuşada cəmi 132 dəzgahı olan 42 ipək parça toxuyan müəssisə vardı, həmin müəssisələrdə 324 toxucu işləyirdi. Bu müəssisələrdə şallar, dama-dama çadralar, kassana toxunurdu. Kassanadan köynək, şalvar tikirdilər. 1829-cu ildə şəhərdə 740 şal, 6100 kassana və 360 kəski parça istehsal olunmuşdu. İpəyin açılması və sarınması üçün Şuşada 15 nəfərin işlədiyi 7 kələfaçan emalatxana fəaliyyət göstərirdi. İpəksarıyan və digər emalatxanalardan «karxana xərci» adlı vergi toplanırdı.
Şəhərdə yun saplardan corablar toxunur və bu məhsulların bir hissəsi Tiflisə ixrac olunurdu. Şuşada papaqçılıq da inkişaf etmişdi. Qoyun dərisindən hazırlanmış Buxara və Şiraz papaqlara üstünlük verilirdi. XVIII əsrin sonu — XIX əsrin əvvəllərində Şuşada və ətraf kəndlərdə pambıq toxumaq üçün 1000, ipək toxumaq üçün 500 dəzgahın olduğu haqda məlumat var. Lakin sonrakı 20-30 il ərzində həmin müəssisələrin sayı kəskin surətdə azalaraq 80-ə enmişdi.
Müharibələr pambıq parça istehsalının kəmiyyətilə yanaşı, keyfiyyətinə də mənfi təsir göstərmişdi. Şəhərdə bez parça istehsal edilirdi, 80 dəzgaha malik 28 bez toxuyan müəssisə fəaliyyət göstərirdi. İldə 80 000 xan arşını uzunluğunda bez toxunurdu. Bu da uzunluğu 10 xan arşını və eni 7 verşok olan 8 min kəsik demək idi. İpək, yun və pambıq parçaları boyamaq üçün Şuşada 6 nəfərin çalışdığı 3 boyaqxana fəaliyyət göstərirdi.

Elçin Qaliboğlu

Bu xəbər oxundu
- - -