Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Qarabağ xanlığında sənətkarlıq və kustar sənaye

29.03.18, 7:51
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

6-cı yazı

Şuşa şəhəri gön-dəri məmulatları istehsalının mühüm mərkəzlərindən biri idi. Xanlıqda maldarlığın geniş yayılması sənətin bu sahəsini xammalla təmin etməyə imkan verirdi. Öküz, inək, dana dərisindən ayaqqabı, qoyun dərisindən papaq, kürk və s. hazırlamaq üçün istifadə edilirdi. Şuşada 40 nəfərin çalışdığı 19 gön-dəri dabbaqxanası vardı. İldə orta hesabla 2 min ayaqqabıaltı hazırlanır, 1400 keçi, 1600 qoyun dərisi emal olunurdu. Şuşa yəhərqayırma sənəti inkişaf etmiş şəhərlərdən biri idi. Dabbaqlıq emalatxanalarından biri Vərəndə məlikliyində yerləşirdi. İşçisi 3 nəfər olan bu müəssisədə ildə 150 dəri emal olunurdu.
Tarix elmləri doktoru Zemfira Hacıyevanın araşdırmasında vurğulanır ki, şəhərdə 22 nəfərin çalışdığı 2 kərpic zavodu fəaliyyət göstərirdi. Şuşada kustar tipli bir sabunbişirmə zavodu var idi. Xanlıq dövründə Şuşada sabunbişirmə sənətinin inkişaf etdiyini faktlarla göstərmək olar. XIX əsrin birinci yarısmda sabunbişirmə Şimali Azərbaycanın Nuxa, Şamaxı və Gəncə şəhərləri ilə yanaşı, Şuşada da geniş yayılmışdı. Ticarətin inkişafı iri feodalların istehlak tələbatı olan zinət əşyalarınm istehsalının inkişafına və təkmilləşməsinə şərait yaradırdı. Zərgərlərin qızıl və gümüşdən hazırladıqları qolbaqlar, boyunbağılar, sırğalar, kəmərlər, sancaqlar və s. alıcılarıın zövqünü oxşayırdı.
Şəhərdə 74 nəfər xırda ticarətlə məşğul olurdu. 1823-cü ilin məlumatına əsasən, Şuşa şəhərində 13 xırdavatçı, 15 bəzzaz (arşınmalçı), 3 keçəçi, 8 daşyonan bənna, 1 kərpickəsən, 6 dabbaq, 5 bez boyaqçısı, 3 «kitayka» boyaçısı, 5 dəmirçi, 4 allaf, 1 yamaqçı, 1 təkləçi (təkəlduz), 1 rəngsaz, 3 rəngsazlıq malları satıcısı, 9 misgər, 4 dəllal, 5 qəssab, 3 bıçaqçı, 4 soyuq silah (xəncər və qılınc) ustası, 5 odlu silah ustası, 5 kitab üzü köçürən, 10 dülgər, 4 nalbənd, 11 dərzi, 22 çəkməçi, 7 zərgər, 4 xarrat, 10 yəhərqayıran, 15 meyvə alverçisi, 5 aşbaz, 4 çörək satıcısı, 14 dəllək, 1 saatsaz, 17 papaqçı, 3 sərrac, 1 kürk ustası qeydə alınmışdı. Bu məlumatları S.Yeqiazarov verir. Onlar müəllifin özünün də etiraf etdiyi kimi, tam deyil.
Sənətkar-kustar sənayesində texniki istehsal alətləri primitiv olduğundan və əl əməyinə əsaslandığından hər bir sənətkardan yüksək ustalıq tələb olunurdu. Əmək məhsuldarlığının yüksəldilməsi istehsal texnikasının təkmilləşdirilməsi ilə deyil, əməyin intensivləşdirilməsi ilə əldə edilirdi. Buna görə də sənətkarlıqda yalnız əl əməyindən istifadə olunurdu. Şəhər sənayesi texniki-iqtisadi səviyyəsinə görə kənd sənayesindən yüksəkdə dayanırdı. Kənd sənayesi əsasən qapalı, natural, şəhər sənayesi isə əmtəə səciyyəsi daşıyırdı. Bir çox sənətkarlar geridə qalmış kənd sənayesi texnologiyası prinsiplərindən uzaqlaşırdılar.
Şuşa şəhərindəki sənətkar-kustar emalatxanaları kiçik, əmək məhsuldarlığı aşağı, istehsal texnikası cəhətdən bəsit idi. Burada çalışanların sayı 3-5 nəfər olurdu. İpəkəyirən, toxucu emalatxanalarında, dabbaqxanalarda, kərpic, sabunbişirmə zavodlarında muzdlu fəhlələr işləyir, muzdu natura, yaxud pul ilə alırdılar. Şəhər sənayesinin təsiri altında kənd yerlərində, xüsusən Şuşanm ətrafında əmtəə-pul münasibətlərində müəyyən canlanma hiss olunurdu. Kənd təsərrüfatında əmtəə istehsalının artması qismən müəyyən ev sənətkarlığı növlərinin (sərraclıq, yəhərqayırma və s.) ixtisarı hesabına olurdu. Qarabağ xanlığının təsərrüfat xarakteri bütövlüklə natural səciyyə daşıyırdı. Kənd yerlərində sənət əsasən əkinçiliyin yardımçı sahəsi idi.
Şuşa şəhərinin yaranması, əlbəttə, o dövr üçün mütərəqqi hadisə idi. Şəhərin yaranması ictimai əmək bölgüsünün inkişaf etməsinə təkan verdi, yeni iqtisadi qüvvə - əmtəə istehsalı meydana çıxdı. Şəhərdə əmtəə istehsalının genişlənməsi əmtəə-pul münasibətlərinin kəndə, xüsusən Şuşanın ətraflarına sirayət etməsinə səbəb oldu. Lakin şəhər sənayesi əmtəə-pul münasibətlərini xanlıqda eninə və dərininə inkişaf etdirə bilmədi. Şuşa Qarabağ xanlığında yeganə sənaye mərkəzi olaraq qalırdı. Şəhərin nisbətən tez inkişafı, şəhərdə sürətlə inkişaf edən sənətkar-kustar sənayesinin və ticarətin genişlənməsi kəndlərdə hökm sürən ətalətlə təzad təşkil edirdi. Şuşada muzdla işləmə, yəni burjua qanunlarının rüşeymləri müşahidə olunurdu.
Qarabağ xanlığında ipək parçaların hazırlanması ilə məşğul olanların sayı 500 nəfərə çatırdı. Ləmbəran və Ağcabədidə ipəkçilik xüsusilə inkişaf etmişdi. İpəkdən yorğan üzü, köynək, şalvar tikmək üçün istifadə edilirdi. Cənubi Azərbaycandan, xüsusən Qaradağdan bura toxucular gəlirdilər. Xanlıqda ipək ilə yanaşı, bez parçalar da toxunurdu. Toxucuların sayı 1200 nəfərə çatırdı. Yundan müxtəlif məmulatlar - xalça, palaz, çul, keçə, adi palaz hazırlanırdı. Orta ölçülü xalçanm biri 10-14 manata, adi palaz 4-5 manata, naxışlı palaz 14 manata, naxışlı çul 6-8 manat, alaçıq keçəsi 20-80 manata satılırdı. Çiləbörd mahalında silahqayırma inkişaf etmişdi. Burada 3-4 fəhləsi olan emalatxanalarda silah lülələri hazırlayırdılar. Vəng və Şeşpara kəndlərində iki usta silah çaxmağı hazırlayırdı.
19 dabbaq emalatxanasında 40 fəhlə çalışırdı. Bu emalatxanalarda ildə 2000 ayaqqabı altı üçün gön, 1600 qoyun, 1400 keçi dərisi aşılanırdı. Xanlıqda tikinti ilə bağlı sənətlər inkişaf etmişdi. Bu, təsadüfi deyildi. Çünki xanlar yalnız müdafiə tikililərinin deyil, ictimai binaların və digər mülki tikililərin də inşasına xüsusi diqqət yetirirdilər. Şuşa, Bayat, Şahbulaq, Əsgəran qalaları ilə yanaşı, məscidlər və günbəzlər tikilmişdi. 1768-1769-cu illərdə Şuşada böyük cümə məscidi inşa olunmuş, XIX əsrdə İbrahimxəlil xanınqızı Gövhər ağa məscidi yenidən zövqlə təmir etdirmişdi. Hələ İbrahimxəlil xanm dövründə düşməndən qorunmaq üçün Xəzinə dərəsində imarət və otaqlar tikilmiş, daş və əhəngdən istifadə edilmişdi. Şuşa qalasının bir ağaclığında Xan bağında möhtəşəm binalar, Ağdamda Pənahəli xanın və övladlarının qəbirləri üstündə üç yüksək gümbəz inşa olunmuşdu. Burada Pənahəli xanm atası İbrahimxəlil ağanın qədim ocaq evi, yonma daş və tağbəndi vardı. Ağa Məhəmməd şah Qacarın hücumu zamanı günbənzlər dağıdılsa da, Mehdiqulu xan onları bərpa etmişdi. Mehdiqulu xan Ehsan bağı saldırmış, hasar və buzxana tikdirmiş, məqbərə vəqf etdirmişdi. Tarixçinin məlumatma görə, buzxanadan yüz min buz ehsan kimi ətrafda yaşayan elatlara və digər əhaliyə verilirdi. İbrahimxəlil xan Şuşanın bir ağac məsafəsində «Xan bağı» admı almış bağ saldırmışdı. Burada bağlar və tövlələr, buzxana və dəyirmanlar var idi.
Rus işğalından sonra ipək, yun və iplik dəri boyamaqla məşğul olan üç boyaqxana qeydə alınmışdı. Bu boyaqxanalarda 6 fəhlə çalışırdı. Boyaqxananın biri İbrahimxəlil xanm oğlu Cəfərqulu ağaya məxsus idi. Xaçın mahalında dəyirman daşları hazırlanırdı. Daş karxanası Qanzasar monastırının mülkiyyətində idi. 1800-cü ilin məlumatına əsasən, Şuşada 219 sənətkar var idi. Onlardan 16-sı dərzi, 17-si papaqçı, 21-i ayaqqabı tikən, 7-si boyaqçı, 6-sı dabbaq, 7-si xamutçu, 9-u misgər, 8-i silah ustası, 15-i daşyonan və evtikən, 10-u xarrat, 7-si zərgər və s. idilər.
Tarix elmləri doktoru Zemfira Hacıyevanın araşdırmasında vurğulanır ki, xanlıqda tətbiq olunan iltizam sistemi sənətkarlıq və ticarətin inkişafına ciddi mane olurdu. Xan vergi yığmaq hüququnu, verginin ümumi məbləğini əvvəlcədən ödəyən iltizamçılara satırdı. İltizamçılar iltizam müddəti qurtaranadək tacirlər və sənətkarlardan xana verdikləri məbləğdən xeyli artıq pul toplamağa səy göstərirdilər. İpəkdən toplanan mizan vergisi də iltizama verilirdi. İpək, yun, pambıq parçaların, sapın tünd yaşıl və mavi rəngdə boyanmasına iltizamçı icazə verməli idi. İltizamçıdan başqa heç kimin sabun, dəri, qızıl boya satmaq hüququ yox idi. Təbii qızıl boya da iltizamçının nəzarəti altmda idi.
C.Mustafayev sənətkarlardan yığılan vergiləri iki qrupa bölür: bütün sənətkarlardan toplanan ümumi vergilər və istehsalın yalnız müəyyən sahələrindən toplanan vergilər. Xanlıqda natural təsərrüfat hökm sürdüyündən daxili ticarət nisbətən zəif inkişaf etmiş, mübadilə hələ bütövlükdə müntəzəm ictimai təzahürə çevrilməmişdi. Yalnız istehsalın müəyyən hissəsi, nadir hallarda satışa çıxarılırdı. Xanlığın dağlıq relyefi, əlverişli yolların və nəqliyyat vasitələrinin olmaması daxili ticarətin genişlənməsinə əngəl törədirdi. İqtisadi əlaqələrin zəifliyi öz növbəsində təsərrüfatın özü-özünü təmin etməyə yönəlmiş xarakterini konservasiya edir, kəndlinin yeniliyə həvəsini, təsərrüfatı genişləndirməyə, əmək məhsuldarlığmı artırmağa marağını azaldırdı. O, nəsildən-nəslə köhnə adətlər üzrə yaşayır və işləyir, tərəqqiyə meyl göstərmirdi. Əhalinin sosial-iqtisadi həyat tərzinin bu nəticəsini rus zadəgan-burjua tarixçiləri haqsız olaraq “xalqın təbii xüsusiyyətləri” kimi qələmə verərək xalqı “Şərq tənbəlliyi”ndə günahlandırırdılar.
Xanlığın yeganə daxili və xarici ticarət mərkəzi Şuşa şəhəri idi. Cümə günləri Şuşanm ətraf kəndlərindən şəhərə gələn sakinlər burada öz məhsullarını satır və lazımi malları alırdılar. Həm qala daxilində, həm də Şuşa darvazalarının önündə bazarlar təşkil edilirdi. Sənətkarlar, kustarlar, tacirlər, kəndlilər, feodallar, həmçinin digər xanlıqlardan və xarici ölkələrdən gələn tacirlər ticarətdə iştirak edirdilər. Struktur və vüsətinə görə şəhər ticarəti sənətkarlıq səciyyəsi daşıyırdı. Şəhərdə kənd təsərrüfatı məhsulları, sənətkar-kustar istehsalı məhsulları, mal-qara satılırdı. Kəndlilər və sənətkarlar feodal vergiləri və rüsumlarını ödəmək, özlərinə lazım olan ən zəruri malları almaq üçün istehsal məhsullarını bazara çıxarırdılar.
Şuşada çoxsaylı peşəkar tacirlər fəaliyyət göstərirdi. Çox vaxt kəndlinin mal almağa nəqd pulu olmadığından aldığı malın əvəzini natura ilə (buğda, arpa, yun, ipək, yağ, toyuq, yumurta və s.) ödəməli olurdu. Bu zaman tacirlər satdıqları malın dəyərini yüksəldir, kəndlinin verdiyi məhsulun dəyərini isə aşağı salırdılar. Qarabağ xanlığında xarici ticarət daha yüksək səviyyədə inkişaf etmiş, Şuşa Cənubi Qafqazm ən mühüm ticarət mərkəzlərindən birinə çevrilmişdi. Şuşadan digər Azərbaycan xanlıqlarına, habelə Gürcüstana, İrana, Türkiyəyə və Rusiyaya karvanlar gedirdi. Adətən kənardan gətirilən malların üzərinə 15%-ə qədər əlavə qiymət qoyulurdu. Daxili ticarətdən fərqli olaraq xarici ticarət demək olar ki. bütünlüklə peşəkar tacirlərin əlində cəmlənmişdi.

Elçin Qaliboğlu

Bu xəbər oxundu
- - -