Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Azərbaycanın təbiəti Aleksandr Dümanın “Qafqaz səfəri” əsərində dolğun verilib

30.03.18, 9:12
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

3-cü yazı

Yazıçı Azərbaycanın müxtəlif bögələrinə səfəri müddətində ilk növbədə onun diqqətini ərazinin təbiəti cəlb edib: “Şamaxıdan Ağsuya – Yeni Şamaxıya gedən yol bir az şose yoluna bənzədiyindən o qədər də pis deyildi; yolun hər iki tərəfində yalnız ləzgi mahudunun davam gətirdiyi tikanlı kol-koslar gözə dəyirdi. Bakıdan Şamaxıya gedəndə yolda bir dənə də olsun ağac görmədik. Şamaxı yolunda isə nəinki ağac, hətta ağacların üstündə yarpaqlar da gözə dəymədi.” Görünür, indi olduğu kimi Bakı – Şamaxı yolunun ətrafları boş bozqır olub və A.Dümanın nəzərindən qaçmayıb. Müasir müstəqil Azərbaycanda iqtisadi inkişafın yüksəlişi bu problemin qismən azaldımasına səbəb olub. Belə ki, fransız yazıçısının keçib getdiyi yolun cansıxıcı görünən, kasıb təbiəti bu gün xeyli dəyişib, Abşeron və Qobustan inzibati rayonları ərazilərinə düşən həmin sahələrdə süni meşələr və yaşıl zolaqlar salınıb.
Faydalı qazıntılara da toxunan A.Düma ölkəmizin əhalisinin yaşayışında neft və qaz yataqları və onların istifadəsinin Azərbaycan üçün əhəmiyyətindən danışır. Azərbaycan neftinin dünyanın digər neftindən daha keyfiyyətli və bol olduğuna diqqət yetirir. Burada neft, onun növləri və əmələ gəlməsi ilə bərabər, yüksək keyfiyyətli sementin də çıxarılmasını qeyd edən A.Düma əhəngdaşı, daş kömür, qatran kimi faydalı qazıntıların olduğunu göstərir. O, hətta dünyanın müxtəlif ölkələrinə Azərbaycan neftinin ixracı, Xəzər dənizinin təkində neft ehtiyatlarının mövcudluğu barədə fikir söyləyir: “Odun əbədi yandığı yer – Atəşgah məbədi Bakıdan iyirmi altı verstlik məsafədədir. Bu əbədi məşəl neftin hesabına yanır. Neft – xam neft təmizləndikdən sonra alınan şəffaf rəngli, tez alışan daş kömür yağıdır, hətta təmizləndikdən sonra da yananda qalın, sıx tüstü – duman qalxıb ətrafa xoşagəlməz iy yayır; bu xoşagəlməz iy Lənkərandan tutmuş Dərbəndə qədər hiss olunur. Bu iy neftin məişətdə istifadəsinə mane olmur. Nəhayət, burada Roma sementinin ulu babası sayılan, Babil və Nineviyanın tikintisində istifadə edilən sement istehsal olunur. Neft yeraltı bərk qatran qatları, süxurları ilə odun birləşməsindən əmələ gəlir. Yer kürəsinin bir çox yerində neft istehsal olunur; lakin onun ən çox, ən bol çıxarıldığı istehsal nöqtəsi Bakı və onun ətrafıdır. Şəhərin bütün ətrafında, Xəzər dənizinin sahili boyunca dərinliyi üç metrdən iyirmi metrə qədər olan quyular qazırlar; nefti özünə çəkmiş gil və əhəngdən ibarət çöküntü süxurundan ağ və qara neft ayrılır. Burada ildə təxminən yüz min sentnerə qədər neft istehsal edilir. İstehsal olunmuş neft Həştərxana, Tiflisə və İrana göndərilir. Xəzər dənizinin xəritəsinə nəzər yetirdikdə, sağ tərəfdən Bakıya paralel düz xətt boyunca köçəri türkmən tayfalarının yaşadığı sahilin lap yaxınlığında Çələkən, yaxud Neft adası adlı bir ada görərsiniz. Onunla üzbəüz tərəfdə, həmin o çəkdiyiniz düz xətt istiqamətində Abşeron yarımadası dənizin içərisinə doğru uzanır ki, burada çoxlu neft və qaz mənbələri var. Abşeronun lap qurtaracağında Svyatoy, yəni Müqəddəs ada bərzəx əmələ gətirib; yerli adamlar və farslar buranı ona görə belə adlandırırlar ki, burada da neft və qaz var. Deməli, nəhəng neft qatı Xəzər dənizinin altı ilə Türkmən ölkəsinə qədər gedib çıxır.”
Yazıçı səfər etdiyi Dərbənd, Bakı, Şamaxı, Quba və Şəkinin timsalında Azərbaycanın zəngin təbiətə malik olduğunu, burada çoxlu ov heyvanları yaşadığını, hətta özü də kəklik, qırqovul, turac kimi ov quşları ovladığını qeyd edir. O, ov edərkən tazı və şahin kimi köməkçi heyvanlardan istifadə edildiyini də yazır: “Elə yüz addım getməmişdik ki, hərəmiz bir dovşan vurduq. Bundan əlavə, bir dəstə qırqovul düz qabağımda havaya qalxdı və mən dəstəni izlədim. Atıma qalxıb qollarında şahin tutan adamları səslədim. Onlar itləri də gətirib tez gəldilər. Mən onlara qırqovulların düşdüyü yeri nişan verdim… İtləri qabağa buraxıb özümüz də onların arxasınca həmin yerə getdik. Tezliklə dörd yanımızda qırqovullar uçuşan həmin yerə çatdıq; şahinlərin hər ikisini buraxdıq. Mən birinin, Moyne isə o birinin ardına düşdük. İki yüz addım getmişdik ki, izlədiyim qırqovul artıq şahinin caynağında idi. Özümü vaxtında çatdırıb qırqovulu diriykən şahinin çəngindən qurtardım, bu yaraşıqlı xoruz qırqovul başından yüngülcə yaralanmışdı”. A.Düma ov prosesində şahinə hücum edən digər bir yırtıcı quşun onu necə təqib etməsini də maraqla izləmiş və təəssüratını təbii formada qələmə alıb: “Birdən bir kəklik pırıldayıb qalxdı, şahinlərdən biri də onun ardına düşdü, ancaq kəklik aradan çıxmışdı; ikinci bir kəklik uçdu, onun ardınca o biri şahin şığıdı. Kəklik düz bizim üstümüzə gəlirdi, şahin iki-üç dəfə qanad çalsaydı, ovunu haqlayacaqdı, ancaq şahin elə təzəcə kolluğa girən kəkliyin ardınca cumurdu ki, birdən güllə dəymiş kimi hər iki qanadı yanına düşdü və kolluğun ortasında görünməz oldu. Bu qəfil enişin səbəbini öyrənmək üçün gözlərimi qaldırıb ətrafı diqqətlə nəzərdən keçirdim. Başımın üstündən yüz metr yüksəklikdə iri bir qartal uçurdu. Şahin onu görmüş, belə bir güclü rəqibin qarşısında tab gətirə bilməyəcəyini duyub, özünü kolluğa vurmuşdu. Qartal ona məhəl qoymadan uçub gözdən itdi. Mən şahinin düşdüyü yerə qaçdım və çox çətinliklə onu axtarıb tapdım; şahin bir ağacın koğuşuna girmişdi və qorxudan bütün bədəni tir-tir titrəyirdi. Onu gizləndiyi yerdən dartıb çıxartdım, ancaq yazıq quş ayaqlarını elə sıxmışdı ki, qolumun üstündə dayana bilmirdi. Birtəhər onu qolumun üstündə saxlamağa çalışdım. Quş özünü elə itirmişdi ki, qorxa-qorxa ətrafına baxırdı. Ancaq qartal artıq uçub getmişdi, səmada heç nə görünmürdü. Elə bu vaxt ovçu özünü yetirdi; o, quşu məndən aldı və onu tumarlayıb sakitləşdirməyə başladı, yalnız yarım saatdan sonra quş özünə gəldi və yenidən əldən qaçırdığı kəkliyin ardınca getməyə başladı. Mənəvi cəhətdən mənə ən çox zövq verən bu gözlənilməz macərayla bərabər, biz iki saat ərzində üç kəklik vura bildik.”
Dümanın səfər qeydlərində Şamaxının kifayət qədər həssas seysmik zonada yerləşməsi, üstəlik burada vaxtaşırı “qızdırma xəstəliyi”nidən əhalinin əziyyət çəkdiyi faktlar da var. O, mənəvi cəhətdən yoxsul, lakin, qorxulu adamların da bölgənin əhalisi üçün əsas bəlalardan hesab edir: “Çox az şəhər Şamaxı qədər fəlakətə məruz qalır. Şəhərin aşağı hissəsində ilin üç ayı qızdırma xəstəliyi baş alıb gedir, camaat qızdırmadan qırılır. Yuxarıya, dağa tərəf qalxdıqca xəstəlik azalır. Ancaq burada da əhali zəlzələlərdən yaxasını qurtara bilmir. Şamaxı əhalisi hər gün sabahından naguman oyanır. Qızdırma ilə zəlzələ arasındakı fərq ondan ibarətdir ki, qızdırma hərdənbir ara verir, zəlzələnin isə demək olar ki, ardı-arası kəsilmir. Şamaxının əsas düşməni yalnız qızdırma və zəlzələ deyil, burada bu iki bəladan da qorxulu adamlar var.”
Fikrimizcə, Azərbaycanın təbiəti A.Dümanın “Qafqaz” və ya “Qafqaz səfəri” əsərində dolğun verilib. Belə ki, yazıçı səfər çərçivəsində görüb - eşitdiklərini həvəslə qələmə alıb, ərazidə yayılmış bitki və heyvanların həyatı, davranışı, faydalı və zərərli cəhətləri barədə məlumat verib. Məsələn, quşlardan qırqovul, kəklik, turac, şahin, qartal, məməli heyvanlardan pələng, bəbir, çaqqal, sürünənlərdən ilan, onurğasızlardan böv, əqrəb, ağcaqanad, çəyirtkə və s.; bitkilərdən, fıstıq, palıd, çinar, tut, ağcaqovaq, çobanyastığı, kəklikotu, daş sarmaşığı və başqalarını misal görsətmək olar.
A.Dümanın “Qafqaz” əsərinin “Pələnglər, bəbirlər, çaqqallar, ilanlar, böyələr, əqrəblər, ağcaqanadlar, çəyirtkələr” adlanan 24-cü fəsli bütünlüklə Azərbaycan təbiətini əks etdirir: "Adının mənası “küləklər məskəni” olan Bakı şəhəri əbəs yerə Avropa şəhərləri sırasına qoşulmağa can atırdı: o, torpağı, dənizi, tikililəri, istehsal etdiyi məhsulları, çaylarındakı balıqları, meşələrində nərə çəkən heyvanları, səhralarında, düzənliklərindəki sürünənləri, atmosferindəki atomları ilə bir yerdə Asiya şəhəridir. Məsəl var, deyərlər, “hər yerin öz ağası var”, odur ki, biz də söhbətimizə pələngdən başlayaq. Pələng olan yerə şir gəlməz, çox nadir hallarda bir ölkənin iki hökmdarı olar. Görünür ki, qədimdə pələng Kür çayını özünə sərhəd təyin edib. Mənbəyini Axalçik dağlarından götürən, Tiflisdən, Aksabardan keçib Muğan düzünün şimalında Arazla birləşən və üç qola ayrılıb Qızılağac körfəzində Xəzər dənizinə tökülən Kürün sol sahilində pələng nadir heyvanlardan olub. Kürün dördüncü qolu Salyanda ayrılır və ayrıca gedib dənizə tökülür. Tez-tez Lənkərana yaxın meşələrdə görünən pələng Arazı keçib Qarabağa gedir, bəzən isə öz macəralarını Gürcüstana qədər davam etdirir; ancaq yenə də deyirəm ki, o, çox nadir hallarda Kür çayını keçir. Bununla belə, pələngi Qafqazda da görən olub, onlardan iki-üçünü Avariyada vurublar. Beş-altı il bundan qabaq Lənkəranda peyda olan bir pələng yoldan keçənləri “soymaqla” çox məşhurlaşıbmış. Adətən, o, Lənkəranla Astara arasındakı yolda dayanarmış. Bu yol Gilan dağlarının ətəyində, dəniz sahili boyunca uzanıb gedir. Günlərin birində bir kazak həmin yolla gedirmiş və birdən yolun üstündə bir heyvanın uzanıb yatdığını görür. O, əvvəlcə bunun hansı heyvan olduğunu bilmir və yaxına gəlir. Heyvan başını qaldırıb nərildəyir və dişlərini qıcırdanda artıq kazakın bütün şübhələri dağılır – bu, pələng idi. Kazakın əlində çörək varmış. O, çörəyi pələngə atır, pələng də pəncəsini uzadıb çörəyi özünə tərəf çəkir və yeyir. Beləcə, kazak yolu keçir. Astaraya çatanda yoldaşlarını xəbərdar edib tapşırır ki, işdir, birdən Lənkəran yolunu keçsələr və təsadüfən bu yolun “ağasına” rast gəlsələr, əllərində mütləq nəsə götürsünlər. Səhəri gün pələng yenə həmin yolda bir erməni tacirinin qabağını kəsir. Lakin, pələng əvvəlcə onun özünün yox, itinin üstünə atıldığından tacir qaçıb canını qurtara bilir. Həmin vaxtdan etibarən nə Lənkərana, nə də Astaraya gedən yolçular əllərinə bir daş götürməmiş yola çıxmazlarmış; bu eynilə cəhənnəmə düşəndə yoldakı gözətçiyə bir şey atan Eneyin əhvalatına bənzəyir. Əvvəlcə hamı özü ilə çörək götürür. Ancaq çox keçmir ki, pələng artıq çörəklə kifayətlənmir. O, donquldanmaqla, nə bilim, mırıldanmaqla yoldan keçənlərə açıq-aydın narazılığını bildirir və çörəyin yanında nəsə istədiyini başa salır. Bu “nəsə” ət idi. O vaxtdan yolçular bu insaflı şahzadəyə çolpa, hind toyuğu, bir parça çiy ət atarmışlar, pələng də bu məcburi vergini alandan sonra onları salamat buraxarmış. Nəhayət, bu əhvalatın sorağı gedib hökumətin qulağına çatır. Hansı hökumət olursa-olsun, əlində ədliyyə nazirinin möhürlü sənədi, vəsiqəsi olmayan vergiyığana icazə verməz ki, böyük bir yolu kəsib, gələn-gedəndən xərac alsın.

Yusif Dirili

Bu xəbər oxundu
- - -