Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Aprel döyüşləri xalqla ordu və xalqla hakimiyyətin ən yüksək səviyyədə vəhdətini nümayiş etdirdi”

02.04.18, 11:49
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Elman Nəsirov: “Bu döyüş həm də erməni mifini tamamilə alt-üst etdi”

Rəşad Süleymanov: “Aprel döyüşləri Azərbaycan Ordusunun döyüş qabiliyyətinin yüksək səviyyədə olduğunu göstərdi”

Qabil Hüseynli: “Ermənistan ordusunda məğlubiyyət sindromu formalaşdı”

Aprel döyüşlərindən iki il ötür. 2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad edib. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçib. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə 23 ildən sonra xalqımıza qələbə sevinci yaşadıb.
Silahlı Qüvvələrimizin həyata keçirdiyi əks-həmlə əməliyyatının məqsədi Ermənistan silahlı qüvvələrinin təmas xəttindəki yaşayış məntəqələrinə törətdiyi təhlükəni aradan qaldırmaq idi. Belə ki, 2016-cı ilin martından başlayaraq, Ermənistan silahlı qüvvələrinin birləşmələri cəbhəboyu zonadakı yaşayış məntəqələrini daha sıx atəşə tutmağa başlamışdı. Vəziyyəti gərginləşdirmək məqsədilə erməni hərbi birləşmələri artilleriya qurğularından həm döyüş mövqelərimizi, həm də təmas xəttinə yaxın olan yaşayış məntəqələrini atəşə tuturdu. Düşmən aprelin 2-nə keçən gecə bütün mövqelərimizi, eyni zamanda, mülki əhalini atəşə tutub. Azərbaycan tərəfindən dərhal adekvat tədbirlərin görülməsi ilə bağlı qərar qəbul edilib və qəti cavab zərbələri endirilib. Düşmən müdafiəsinin ön xəttində və dərinliyində yerləşən koordinatlar müəyyənləşdirilib, Ermənistan ordusunun canlı qüvvəsi və hərbi texnikası məhv edilib.
Aprel hadisələrində cəbhənin ən gərgin istiqaməti Ağdərə-Tərtər-Ağdam və Füzuli istiqaməti olub. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri aprelin əvvəlində qısa müddətdə düşmənin ön və dərinlikdə cəmləşən qüvvələrini müəyyənləşdirib və qəti zərbələrlə sıradan çıxarıb. Uğurlu əməliyyatlar nəticəsində Naftalan şəhərinə təhlükə yaradacaq Talış kəndi istiqamətindəki yüksəkliklər işğalçılardan təmizləndi. Həmçinin Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən olduqca strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi də ələ keçirilib.
Ordumuzun qəti zərbələri nəticəsində düşmənin 30-dək tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası məhv edilib, 320 hərbçisi öldürülüb, 500-dən artıq döyüşçüsü yaralanıb. Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılması təmin edilib.
Millət vəkili Elman Nəsirov deyib ki, 2016-cı ilin aprel döyüşləri Azərbaycan Ordusunun dünyanın ən güclü ordularından biri olduğunu beynəlxalq aləmə sübut etdi. O qeyd edib ki, bu döyüşlər Azərbaycan əsgərinin döyüş və vətənpərvərlik ruhunun yüksək səviyyədə olduğunu göstərdi: “Aprel döyüşləri bütün dünyaya sübut etdi ki, Azərbaycan əsgəri Ali Baş Komandanın əmri ilə işğal altındakı torpaqlarımızı hər zaman azad etməyə qadirdir. Aprel döyüşləri xalqla ordu və xalqla hakimiyyətin ən yüksək səviyyədə vəhdətini nümayiş etdirdi. Aprel hadisələrinə qədər Ermənistan ordusunun guya "məğlubedilməz" bir mifi var idi. Amma bu döyüş həmin mifi tamamilə alt-üst etdi və məlum oldu ki, Ermənistan ordusunda ilk növbədə hərbi vətənpərvərlik ruhu yoxdur, Ermənistan ordusu bu sahədə ciddi problemlər yaşayır. Bu döyüş sübut etdi ki, Ermənistan ordusunun zabitləri, hətta generallarının döyüş hazırlığı olduqca aşağı səviyyədədir və ordunun müasir silahlarla təchizatında ciddi problemlər var. Ermənistan əsgəri nəyin uğrunda döyüşdüyünü bilmir. Çünki erməni əsgərləri Ermənistana aid olmayan torpaqlara görə ölümə göndərilir". E.Nəsirov əlavə edib ki, aprel döyüşlərindən sonra Ermənistan ordusu hələ də özünə gələ bilməyib: “Ermənistanda onsuz da genişlənmiş əhali köçü aprel döyüşlərinin təsiri nəticəsində yeni bir mərhələyə yüksəldi. Siyasi hakimiyyət əhaliyə yalan vədlər verirdi ki, guya Ermənistan ordusu güclüdür. Amma bu prosesdə hakimiyyətin yalanları da üzə çıxdı ki, əslində Ermənistan ordusundakı vəziyyət ən acınacaqlı səviyyədədir. Belə olan halda erməni gənclərin ölkəni kütləvi halda tərk etməsi prosesi daha da gücləndi. Azərbaycanda isə bu proses tərsinə oldu. Aprel döyüşləri Azərbaycan gənclərinin vətənpərvərlik hisslərini ortaya qoydu. Həmin günlərdə tələbələr, məktəblilər də əhali ilə birlikdə cəbhə bölgəsinə, döyüşə can atırdılar. Ona görə də hesab edirəmn ki, aprel döyüşləri Azərbaycanın ən şanlı səhifələrindən biridir və bu döyüşlər Azərbaycana Dağlıq Qarabağ münaqişəsində ilk dəfə olaraq əsl qələbəni daddırdı”.
Deputat Bəxtiyar Əliyev bildirib ki, Ermənistanın 2016-cı ilin aprel ayındakı təxribatlarına cavab olaraq Milli Ordumuzun uğurlu əməliyyat keçirməsi bir daha göstərdi ki, Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək imkanına malik güclü ordusu var. B.Əliyevin sözlərinə görə, bu döyüşlər göstərdi ki, Azərbaycan qüdrətli bir dövlətə çevrilib, regionda söz sahibidir, istədiyi an öz torpaqlarını erməni işğalından azad etməyə qadirdir: “Ermənistan uzun illər ərzində öz ordusu haqqında miflər yaradırdı, lakin aprel döyüşləri bu mifləri darmadağın etdi, Ermənistan ordusunun Azərbaycan ordusu qarşısında nə qədər gücsüz olduğunu göstərdi”.
Deputat bildirib ki, bu döyüşlər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesində vəziyyəti Azərbaycanın xeyrinə dəyişdi: “Ermənistan və onun havadarları bir daha anlamış oldu ki, Azərbaycan istənilən an öz torpaqlarını hərbi yolla azad edə bilər”.
B.Əliyev vurğulayıb ki, Azərbaycanın öz torpaqlarını azad edəcəyinə heç kimin şübhəsi olmasın: "Azərbaycan buna nail olacaq. Sadəcə olaraq dövlətimiz istəyir ki, bunu danışıqlar və sülh yolu ilə etsin. Əgər bu mümkün olmazsa, Azərbaycanın qüdrətli ordusu var. Beynəlxalq təşkilatların və ekspertlərin qiymətləndirmələrinə görə də Azərbaycanın kifayət qədər güclü ordusu və texnikası var".
Deputat qeyd edib ki, Azərbaycan öz Konstitusiyasına əsaslanaraq, torpaqlarını işğaldan azad edə bilər: "Buna bizim qətiyyən şübhəmiz yoxdur. Bir məsələni də qeyd etmək lazımdır ki, əgər ATƏT-in Minsk qrupunun həmsədr ölkələri həqiqətən də sülhün tərəfdarıdırlarsa, onlar işğalçıya Azərbaycan ərazisindən çıxması və BMT-nin müvafiq qətnamələrinin yerinə yetirilməsi üçün təzyiq göstərməlidir".
“Azeri Defence” jurnalının baş redaktoru Rəşad Süleymanov deyib ki, aprel döyüşləri Azərbaycan Ordusunun döyüş qabiliyyətini sözdə deyil, əməldə də yüksək səviyyədə olduğunu göstərdi. Onun sözlərinə görə, Ermənistanın 20 ildən çoxdur az qala Majino xəttindən güclü müdafiə mövqeyi kimi təqdim etdiyi “Ohanyan xətti” dəqiqələr ərzində yarıldı: “Talış kəndi istiqamətində ordumuzun bölmələri ermənilərin möhkəmləndirilmiş müdafiə rayonuna daxil olaraq əraziyə nəzarət etməyə imkan verən yüksəklikləri düşməndən azad edərək möhkəmlənməyə nail oldu. Eyni zamanda döyüşlərin gedişatı Ermənistanda xalq-hakimiyyət uçurumunu dərinləşdirdiyi halda, Azərbaycanda milli birlik yaratdı.
Aprel döyüşlərində Azərbaycan Ordusu ehtiyat qüvvələrindən deyil, cəbhə xəttindəki briqadaların imkanlarından istifadə edildi. Eləcə də ordumuz son illərdə sahib olduğu yeni silahların bir neçəsini bu əməliyyatlarda tətbiq edərək qarşı tərəfi ağır tələfata uğratdı. Başqa sözlə ifadə edərsək, ordumuz düşmənin ikinci, üçüncü nəsil silahlarına qarşı istifadəsində olan 4 və 5-ci nəsil silahlardan peşəkarlıqla istifadə etdi. Döyüş itkilərinə nəzər saldıqda ordumuzun komandir heyətinin əməliyyatı savadlı və peşəkar şəkildə hazırlamasının şahidi oluruq. Hansı ki hücum edən tərəfin daha çox itki verməsi dünya təcrübəsində qəbul edilir. Azərbaycan Ordusunun itkilərinin düşmənlə müqayisədə dəfələrlə az olması peşəkarlığın sübutudur.
Məndə olan məlumata görə, döyüşlərin gedişində iki tankımız zərər çəksə də ekipajı sağ-salamat qalıb. Bir helikopterimiz isə əməliyyat zamanı vurulub. Xırda texniki zərərlər istisna olunmaqla Azərbaycan Ordusu demək olar hərbi texnika itirməyib. Erməni tərəfinin isə 3-dək tank və PDM, 25-dən çox artilleriya vasitəsi məhv edilib. Canlı qüvvə itkimiz isə ¼ səviyyəsindən də azdır.
Aprel döyüşləri erməni cəmiyyətində parçalanmanın, demoralizasiyanın təməlini qoydu. Sərkisyan-Ohanyan cütlüyünün erməni ordusu haqqında uydurduğu “məğlubedilməzik” mifi alt üst oldu”.
Politoloq Qabil Hüseynli vurğulayıb ki, 2016-cı ilin aprel döyüşləri Azərbaycan ordusunun gücünü və qüdrətini göstərdi. Politoloq bildirib ki, aprel döyüşləri indiyə qədər ciddi məğlubiyyətə uğramamış Ermənistan ordusunda məğlubiyyət sindromunu formalaşdırdı: “Üstəlik Azərbaycanın işğal edilmiş ərazilərinin 2000 kvadrat kilometrdən çox hissəsi, 12-dək strateji yüksəlik azad edildi. Hesab edirəm ki, Azərbaycan ordusu çox ciddi döyüş təcrübəsi əldə etdi”.
Politoloq əlavə edib ki, ordu yenidən qurulma mərhələsinə daxil oldu.
O deyib ki, bu gün Azərbaycan ordusu böyük uğurlara imza atmağa hazırdır.
Politoloq Zaur Məmmədov diqqətə çatdırıb ki, əgər birinci Qarabağ döyüşündən sonra bizdə ruh düşkünlüyü vardısa, 2016-cı ilin aprel döyüşləri ruh yüksəkliyi yaratdı. Politoloq bildirib ki, aprel döyüşləri xalqımızın torpaqlarımızı geri qaytarmaq əzmində olduğunu, gənclərin döyüşə getməyə hazır olduğunu göstərdi: “Güclü ordumuzun köməyi ilə biz torpaqlarımızı işğaldan azad edəcəyik. Aprel hadisələri bunu bir daha göstərmiş oldu”. Z. Məmmədov əlavə edib ki, müəyyən xarici qüvvələr olmasa biz bunu çoxdan etmişdik: “Lakin geosiyasi vəziyyət, beynəlxalq proseslər dəyişir. Hesab edirəm ki, zaman Azərbaycanın xeyrinədir”.
Əli

Bu xəbər oxundu
- - -