Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Londonda Ədilə Hüseynzadənin əsərlərindən ibarət konsert olacaq

02.04.18, 11:55
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Xalq artisti, mezzo-soprano Fidan Hacıyevanın Londonda Üzeyir Hacıbəylinin son tələbələrindən biri, konservatoriyanı bəstəkarlıq ixtisası üzrə bitirmiş ilk azərbaycanlı qadın Ədilə Hüseynzadənin əsərlərindən ibarət konserti keçiriləcək.
Görkəmli bəstəkar, vokalçı, Azərbaycanın əməkdar incəsənət xadimi Ədilə Hüseynzadənin əsərlərindən ibarət konsertin mayın 16-da “Kings Place” konsert zalında keçirilməsi nəzərdə tutulur. Konsertdə Ədilə xanımın mahnıları 3 dildə - Azərbaycan, rus, ingilis ifa olunacaq. Konsert əməkdar artist, violonçelist Aleksey Miltıx və beynəlxalq müsabiqələr laureatı Səidə Tağızadənin (fortepiano) müşayiəti ilə baş tutacaq. Fidan Hacıyeva bildirib ki, bu konsertin keçirilməsində məqsəd Azərbaycanın zəngin mədəni irsini, ölməz sənətkarımızın əsərlərini dünyaya tanıtmaqdır. İfaçı konsertləri silsilə olaraq Bakıda və dünyanın bir çox ölkələrində davam elətdirmək istəyindədir.
Qeyd edək ki, əvvəlcə konservatoriyanın vokal şöbəsində Bülbülün sinfində təhsil alan Ədilə Hüseynzadə daha sonra Üzeyir Hacıbəylinin sinfinə qəbul olunub. Uzun illər ərzində qələmini musiqinin müxtəlif janrlarında sınayan Ədilə Hüseynzadə simfonik poema, simli kvartet, xor əsərlərin, violonçel və fortepiano üçün sonatinanın müəllifidir. Bəstəkarın yaradıcılığında romans janrı daha çox üstünlük təşkil edir. Milli musiqimizdə romans janrının təşəkkülündə onun özünəməxsus yeri vardır. Ədilə Hüseynzadə Nizaminin sözlərinə yazılmış "Vəslin həvəsi" romansı, habelə Füzuli, Natəvan, Səməd Vurğun, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Rəsul Rza, Nigar Rəfibəylinin şerlərinə bəstələnmiş romansları və "Duyğular" vokal silsiləsi musiqimizin inciləridir. Professional vokalçı olan Ədilə Hüseynzadə Rəsul Rzanın sözlərinə yazdığı “Yaşamaq”, “Kövrək budaq”, “Mənim arzum”, “Yenə, yenə ürək haqqında”, Nigar Rəfibəylinin sözlərinə yazdığı “Günəşdən gənclik istədim”, “Məhəbbətlə doğulmuşam anadan”, “Lirik nəğmə” və digər onlarla gözəl əsərləri vardır. O, həmçinin 1945-ci ildə Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası əsasında çəkilmiş bədii filmdə Asyanın vokal partiyasını səsləndirib.

Bu xəbər oxundu
- - -