Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Bakıda pianoçuların V Respublika elmi ifaçılıq müsabiqəsinə start verilib

02.04.18, 11:56
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Aprelin 2-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) görkəmli bəstəkar, Xalq Artisti Qara Qarayevin 100 illiyinə həsr olunmuş pianoçuların V Respublika elmi ifaçılıq müsabiqəsinə başlanılıb.
Müsabiqəyə respublikanın şəhər və rayonlarından olan bütün yaş qrupu üzrə 144 iştirakçı qatılıb.
Tədbirdə BMA-nın rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli çıxış edərək müsabiqənin əhəmiyyətindən danışıb. Qeyd edib ki, dahi bəstəkarın 100 illiyinə həsr edilmiş belə bir müsabiqənin təşkili Azərbaycan musiqi sənətinin inkişafına özünəməxsus töhfədir. Böyük bəstəkar Q.Qarayevin milli musiqimizin inkişafındakı xidmətlərindən danışan rektor onun əsərlərinin hər zaman musiqi elmi üçün xəzinə olduğuna diqqət çəkib.
Müsabiqə haqqında məlumat verən natiq iştirakçılara uğurlar arzulayıb.
Akademiyanın rektoru, professor Fərhad Bədəlbəylinin rəhbərlik etdiyi müsabiqə aprelin 9-dək davam edəcək. Müsabiqənin münsiflər heyətində BMA-nın professorları ilə yanaşı, Qara Qarayevin qızı, İstanbul Dövlət Texniki Universitetinin Türk Klassik Musiqisi Dövlət Konservatoriyasının şöbə müdiri Züleyxa Qarayeva-Bağırova da təmsil olunur.
Qeyd edək ki, bu, BMA-nın eksperimental laboratoriyası olan məktəb-studiyanın bazasında professor Tərlan Seyidov tərəfindən işlənilmiş proqram əsasında yeni elmi-ifaçılıq müsabiqəsidir. Müsabiqənin məqsədi təcrübənin ifaçılıq nəzəriyyəsi ilə əlaqələndirilməsi və geniş profilli musiqiçinin kompleksli inkişafının təkmilləşdirilməsidir.
Müsabiqənin şərtinə əsasən hər bir iştirakçı ifa etdiyi proqramın məruzəsi ilə çıxış edəcək.

Bu xəbər oxundu
- - -