Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

1918-ci ildə Bakıda mart qırğınları

03.04.18, 11:19
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

2-ci yazı

Məruzədə göstərilir ki, həmin gün Müsəlman Xeyriyyə Cəmiyyətinin binası “İsmailiyyə”də azərbaycanlıların yığıncağı keçirilir. Keçmiş Bakı şəhər rəisi Qaik Ter-Mikaelyants iclasa gələrək erməni Milli Şurası və Daşnaksutyun partiyası adından bildirir ki, əgər azərbaycanlılar bolşeviklərə qarşı çıxış etsələr, ermənilər də onlara qoşulacaq və bolşevikləri Bakıdan qovmağa kömək edəcəklər: "Ertəsi gün, martın 19-da səhər tezdən azərbaycanlılar hələ yuxuda olduqları bir vaxtda, ermənilərin yalan vədlərinə arxayınlaşmış şəhərin azərbaycanlı hissəsinə hücum başlanır. Hücumda yalnız erməni əsgərləri iştirak edir və azərbaycanlılar əvvəlcə şəhərdə nə baş verdiyini müəyyən edə bilmirlər. Xəzərdəki hərbi gəmilər ermənilərin provokasiyası ilə şəhərin azərbaycanlılar yaşayan hissəsini top atəşinə tuturlar. Ermənilər rus matroslarını inandırmışdılar ki, şəhərdə müsəlmanlar rus əhalisini qırırlar. Matroslar əmin olduqda ki, azərbaycanlılar şəhərdəki rus əhalisinə toxunmurlar, onlar top atəşini dayandırmışdılar. Hücum ərəfəsində şəhərdəki bütün ermənilər şəhərin azərbaycanlı hissəsindən erməni hissəsinə keçmişdilər".

Tarix elmləri doktoru Ataxan Paşayevin araşdırmasında yazılır: "Yaxşı silahlanmış və təlim görmüş erməni əsgərləri pulemyotların atəşi altında əhalisi tamamilə azərbaycanlılardan ibarət “Məmmədli” və “Zibilli dərə” deyilən yerlərdə azərbaycanlıların evlərinə soxulur, sakinləri xəncər və süngü ilə doğrayır, uşaqları yanan evlərin içinə atır, üç-dörd günlük körpələri süngülərin ucuna keçirirdilər. Qaçmış valideynlərin bütün südəmər körpələri vəhşiliklə öldürülürdü. Valideynlərin özlərini isə küçələrdə qovub qətlə yetirdilər. Şəhərin bu hissəsində çox az adama qaçıb öz canını qurtarmaq nəsib olmuşdur. Məruzədə göstərilirdi ki, bu vəhşiliklərin şahidi olmuş adamlar danışanda özlərini ağlamaqdan saxlaya bilmir, həyəcanlanır, ona görə də hadisələri yerli-yerində nəql edə bilmirlər. Azərbaycanlıları qətl edərkən onların evlərini qarət edir, sonra isə od vurub yandırırdılar. Azərbaycanlı qadınlarını öldürür, çalalara dolduraraq üzərilərini torpaqlayırdılar. Sonralar təkcə bir çaladan burun və qulaqları kəsilmiş, qarınları yırtılmış, cinsi orqanları doğranmış 57 müsəlman qadınının meyiti tapılmışdı. Şahidlər deyirdilər ki, ermənilər öldürə bilmədikləri qadınların hörüklərini bir-birinə bağlayır, başaçıq, ayaqyalın qabaqlarına qatıb küçələrlə qovur, yolda tüfəngin qundağı ilə döyürdülər".
Məruzədə göstərilirdi ki, öldürülmüş azərbaycanlıların sayını müəyyənləşdirməkdə komissiya çətinlik çəkir. Çünki evlərin çoxunda ermənilər bütün ailəni qırmış və indi elə bir adam yoxdur ki, ondan öldürənlərin adını öyrənmək mümkün olsun. Şəhərdə bir qədər sakitlik yaranandan sonra meyitləri basdırmaq üçün şəhərin bu hissəsinə gələnlər böyük dəhşətlərlə üzləşmişlər. Eybəcər hala salınmış meyitlər içərisində cinsi orqanlarına payalar soxulmuş qadın meyitləri də tapılmışdı: "Şəhərin başqa azərbaycanlı hissəsində də erməni əsgərləri pulemyot atəşləri altında sürətlə hücuma keçir, azərbaycanlıları sıxışdırıb öz məhəllələrindən çıxarır, evlərə soxularaq azərbaycanlıları qəddarlıqla öldürür, evlərini qarət edir, sonra isə yandırırdılar. Qətllər zamanı ermənilər nə cinsə, nə yaşa əhəmiyyət vermirdilər. Məsələn, Hacı Əmir Əliyevin evinə soxulan ermənilər onu – 80 yaşlı qocanı, 60 və 70 yaşlı arvadlarını öldürüb, 3 az yaşlı uşağı doğramış və 25 yaşlı gəlinini diri-diri divara mıxlamışdılar. Nikolay (indiki İstiqlal) küçəsi ilə hücuma keçən erməni əsgərlərinə əsasən erməni ziyalıları rəhbərlik etmişdilər. Belə dəstələrdən biri bir evə girib 8 qadın və uşağı güllələmişdi. Başqa dəstə Fars küçəsində Bala Əhməd Muxtarovun evinə girərək 9 ziyalı azərbaycanlını küçəyə çıxarmış və kilsə meydanında güllələmişdilər.
Meyitlərdən 2-si ermənilər tərəfindən “Dağıstan” mehmanxanasının alovları içərisinə atılaraq yandırılmışdı. Bu evdə doktor Tağıyev bolşeviklərin hakimiyyətini tanımasını təsdiq edən sənədi erməni əsgərlərinə göstərdikdə, onlar buna əhəmiyyət verməyərək bildirmişlər ki, onlar daşnaklardır və bolşevikləri tanımırlar…
Müdafiəsiz azərbaycanlıları məhv edərkən ermənilər dənizçiləri və qırmızı qvardiyaçıları da onların üstünə salışdırmaq istəyirdilər. Məsələn, martın 19-da səhər İran konsulu və dənizçi Natonson qalaya gələrək azərbaycanlı nümayəndələrinə bildirmişlər ki, azərbaycanlılar qalada olan rusları və erməniləri öldürmüşdülər. Buna cavab olaraq azərbaycanlılar onların hər ikisini arasında ermənilərin də olduğu 240 xristian kişi, qadın və uşağın saxlandığı Mir Əli Nağı Hüseynovun evinə gətirirlər. Onlar xristianlara bu münasibəti görüb qaladan gedəndən 3 saat sonra yenə də qalaya qayıdırlar ki, 2 erməni icması xadimi bizə yenidən xəbər verib, guya İran konsulu və dənizçi Natonson qaladan gedəndən sonra azərbaycanlılar qaladakı bütün xristianları doğrayıblar. Onların yenidən aldadıldığını görən Natonson ermənilərin qalaya hücumunu dəf etmək üçün qalada 20 matros qoyub özü gedir".
Martın 20-də “Kaspi” redaksiyası ilə “İsmailiyyə” Müsəlman Xeyriyyə Cəmiyyəti arasındakı döngəyə 3 əsgərin müşayiəti ilə erməni zabiti gəlir və “İsmailiyyə”nin binasına girir. Bir müddətdən sonra binanın pəncərələrindən tüstü, alov görünür və təkcə Bakı azərbaycanlılarının deyil, bütün şəhərin bəzəyi olan bu möhtəşəm bina yanğından məhv olur. Bəs bu hadisələrə onun bilavasitə təşkilatçısı olduğu S.Şaumyan necə qiymət vermişdi: "1918-ci il aprelin 13-də o, Moskvaya, Xalq Komissarları Sovetinə yazdığı məktubda həmin ilin martında Bakıda ermənilərin azərbaycanlıların başına açdıqları müsibətlərə siyasi don geydirməyə çalışır. Guya ki, bu hərəkətlər azərbaycanlılara qarşı ermənilərin milli ədavətindən yox, Sovet hakimiyyətinə sədaqətindən doğmuşdu. Məlumdur ki, 3 gün, martın 30, 31 və aprelin 1-də Bakı şəhərində şiddətli qırğın olmuşdu. Bu qırğına siyasi vuruşma donu geyindirən Şaumyan yazırdı: “Bir tərəfdən, Sovet Qırmızı Qvardiyası, bizim təşkil etdiyimiz beynəlmiləl qızıl ordu, qısa müddətdə yenidən qura bildiyimiz qırmızı donanma və erməni milli hissələri, digər tərəfdən “Müsavat” partiyasına başçılıq etdiyi və içərisində çoxlu rus zabiti olan müsəlman "dikaya diviziyası" və silahlı müsəlman quldur dəstələri vuruşurdular”.
Bu qısa məlumatdan da görünür ki, S.Şaumyan bu işdə nə qədər rəzil rol oynamış, əsl daşnak xislətini bolşevik mundiri altında məharətlə gizlədərək bu hadisələrə Sovet hakimiyyəti uğrunda mübarizə donu geyindirmişdi. Onun məktubuna diqqət yetirdikdə görürük ki, guya onun tərəfində olanların hamısı, o cümlədən başkəsən daşnak cəlladları da “əsl sülh göyərçinləri”, əks tərəf isə qaniçən cəlladlar imişlər. Özü də Moskvanın dilini bağlamaq üçün müsəlman dikaya diviziyasında çoxlu rus zabiti olduğunu xüsusi vurğulayır. Əsl erməni ikiüzlülüyü və erməni hiyləgərliyi.
Həqiqət isə necə idi? Müsəlmanların həqiqətdə elə bir qüvvəli silahlı dəstələri və silahı yox idi. Onun təsvir etdiyi bütün Sovet hərbi hissələrində vuruşanlar isə əslində erməni daşnakları və bolşevik cildinə girmiş erməni şovinistləri idi: "Görün azərbaycanlılar üzərində erməni daşnaklarının bu vəhşiliklərinə görə o, necə də öyünür, lovğalanır: “Biz döyüşlərdə parlaq nəticələr əldə etmişik. Düşmən tamamilə darmadağın edilib. Biz onların qarşısında şərtlər qoyduq və onlar bu şərtləri danışıqsız imzaladılar.
Müsəlman millətçi partiyalarının müqaviməti üzündən Bakıda Sovet hakimiyyəti daim tükdən asılı idi. Yelizavetpolda və Tiflisdə yerlərini möhkəmləndirmiş olan feodal (bəy və xan) ziyalıları başda olmaqla bu partiyalar, menşeviklərin açıq və qorxaq siyasəti nəticəsində özlərini son zamanlarda Bakıda da çox təcavüzkarcasına aparırdılar… Zaqafqaziyanın müqəddəratı həll olunurdu. Əgər onlar Bakıda üstün gəlsəydilər, şəhər Azərbaycanın paytaxtı elan edilərdi, bütün qeyri-müsəlman ünsürləri tərksilah edib qırardılar”.
Təəssüflər olsun ki, komissiya Bakıda ermənilərin xalqımıza vurduğu maddi zərərin miqdarı qətlə yetirdikləri və yaraladıqları əhalinin sayını dəqiq müəyyənləşdirmək işini başa çatdıra bilməyib. S.Şaumyan isə Moskvaya yazdığı məktubda bilərəkdən bu rəqəmi azaldaraq guya hər iki tərəfdən cəmi 3 min nəfər olduğunu yazmışdı. Lakin saxlanılan sənədlərdəki məlumatlarla tanışlıq, o dövrdə bu hadisənin bilavasitə iştirakçılarının xatirə və məqalələri, Bakıda dağılıb, xarabazara çevrilmiş küçə və evlərin əlimizdə olan foto şəkilləri sübut edir ki, şəksiz bu hadisələrdə 10 minlərlə adam qətlə yetirilmiş, xalqımıza yüzlərlə milyon manatlıq maddi zərər vurulmuşdu. 1933-cü il aprel aynın 1-də Almaniyanın Münhen şəhərində M.Ə.Rəsulzadənin redaktorluğu ilə nəşr olunan “İstiqlal” qəzetinin 31-ci nömrəsində həmin hadisənin 15 illiyi münasibəti ilə çap olunmuş məqalədə oxuyuruq: “1918-ci il 22 martda Bakının “İsmailiyyə” binasının möhtəşəm salonunu milli musiqi, tans, qəhqəhə sevinc və gülüş titrədirdi. “Novruz” bayramı qarşılanmaqda idi. Bir həftə sonra 31 martda isə, bu tarixi bina, Azərbaycanın bütün siyasi, elmi, ədəbi, bədii, iqtisadi və ictimai cəmiyyət və təşkilatları ilə, kitabxana, qiraətxana, yetimlər yurdunun yerləşmiş olduğu bu qoca saray quru bir kabus halında matəm içərisində idi. Yandırılmışdı. Yandırılan bir tək “İsmailiyyə” deyildi. Türklərə məxsus bütün mətbəələr, mətbuat idarəxanaları, milli teatro binaları, məktəblər, xəstəxanalar, camilər, milli mədəni müəssisələr yerlə yeksan edilmişdi. Bir həftə içərisində Bakı bütün simasını dəyişmişdi. 31 martda 15 min günahsız türk kəsilmişdi... Günün qəhrəmanları: Şaumyan, Avakyan, Arakelyan, Ter-Mikaelyan, Saakyan, Lalayan, Hamazasp, Əmiryan və b. idi. Əlində Lenin və Stalinin 13 nömrəli dekreti olan Stepan Şaumyan həmin dekretə görə “Böyük Hayıstan”a müqabil Azərbaycanı “Sovetsizə” edərək burada Moskva hakimiyyətini quracaqdı. Bunun üçün silahlı erməni qüvvələrinə dayanaraq türkləri kəsirdi".

Elçin Qaliboğlu

Bu xəbər oxundu
- - -