Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Azərbaycanın xoşbəxtliyi onun bütövlüyündədir

04.04.18, 8:43
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Hüseynağa Qəniyev: “Qüdrət Həsənquliyevin siyasi fəlsəfəsində humanizm, maarifçilik, vicdan azadlığı var”

“Onun azadlığında məsuliyyət, liberalizimində sərhəd, fərd və onun şəxsiyyəti var, onun dünyəviliyində Azərbaycan öndədir, onun milli dəyərləri bəşəri dəyərlərin qovşağındadır”

Azərbaycan əhalisinin yarıdan çoxunun siyasətlə məşğul olmasını desək, yanılmarıq. Düzdür, insanların ölkənin ictimai-siyasi həyatına nüfuz etməsi, aktivliklərini artırması, siyasi bilik və davranışlara yiyələnmələrinin əleyhinə deyilik. Amma hər siyasətlə məşğul olan şəxsə siyasətçi demək də düzgün deyil. Özünü siyasi meydanda hansı formada göstərməyindən asılı olmayaraq. Bəs hansı mövqedən siyasət yürütməsindən asılı olmayaraq əsl siyasətçi necə, hansı xüsusiyyətlərə malik olmalıdır sualına cavab tapmaq məqsədilə Azərbaycan ilk Milli Məclisinin üzvü, Azərbaycan Dövlət Müstəqili Haqqında Bəyənnaməyə, Konstitusiya Aktına və Dövlət atributlarına səs verən, Avropa Şurasında Azərbaycan parlamentinin ilk nümayəndə heyətinin başçısı, müstəqil Azərbaycan Respublikasının Konstitusiyasını hazırlayan Dövlət Komissiyasının üzvü, BAXCP İdarə Heyətinin üzvü, ictimai xadim və fikir adamı Hüseynağa Qəniyevin fikirlərinin maraqlı olacağını nəzərə alaraq onunla həmsöhbət olduq.

“Siyasətdə çirkaba bulaşanlardan deyilik”

Hüseynağa Qəniyev söhbətinə siyasət sözünün mənasından başladı. Bildirdi ki, hələ qədim dövrlərdə məşhur filosoflardan Platon, Aristotel, Ksenofant və başqaları siyasətlə bağlı fikirlərini söyləyiblər. Şərqdə “Kəlilə və Diminə”, “Siyasətnamə” kimi kitablarda bu barədə çox yazılıb: “"Siyasət" termini Azərbaycan dilinə ərəb dilindən keçib. Sözün ərəb dilindəki hərfi mənası "at təlimi", semantik mənası isə hiylə və ya kələk deməkdir . Yunan dilində isə “politika” adlanır ki, bu da dövləti idarə etmə mənasını daşıyır. Siyasət - dövlət hakimiyyətinin əldə edilməsi, qorunub saxlanılması və istifadə olunması ilə bağlı fəaliyyət sahəsi. Siyasi fəaliyyət müxtəlif sosial qruplar, siniflər və dövlətlər arası münasibətlər üzərində qurulur. Hakimiyyət problemi ilə bağlı olan hər hansı bir fəaliyyət siyasi xarakter daşıyır. Siyasət cəmiyyətin inkişafının müəyyən mərhələsində yaranır və o xüsusi mülkiyyətə əsaslanan istehsal formalarının, sosial strukturun, mədəni mədəniyyətin formalaşdığı dövrdə təşəkkül tapıb.
- Sizin təmsil olunduğunuz BAXCP hansı siyasi müstəvidə fəaliyyət göstərir?
- Bilirsiniz, politologiya elmində "siyasət" termini siyasi və dövlət hakimiyyəti uğrunda mübarizə kimi qəbul edilir. Siyasətin məqsədi müəyyən sosial təbəqələr və siniflər üçün, habelə bütövlükdə cəmiyyət üçün məqbul hesab edilən hakimiyyəti həyata keçirməyin, şaraiti və üsullarıni yaratmaqdır. Bizim partiya dövlət və hakimiyyət uğrunda sivil, demokratik və dinc qaydada mübarizə aparır. Siyasətdə çirkaba bulaşanlardan deyilik. Yarandığımız gündən ictimaiyyət arasında öz nüfuzumuzu, çəkimizi və hörmətimizi qoruyub saxlamışıq. Bunu da əsaslandıran amillərdən biri də fəaliyyətimizi şəxsi maraqlar yox, milli, dövlət və dövlətçilik maraqları üzərində qurmağımızdır.
Bəzən siyasətçinin hiyləgər və ağıllı olması prinsipi də əsas götürülür. Hətta deyilir ki, siyasətçi çox zaman yalan danışır və s. Hüseynağa Qəniyev isə söhbətimiz zamanı bildirdi ki, belə prinsiplərin özündə də fəlsəfi baxış var: “Sokrata qədərki filosoflar deyirdi ki, ağıl hər şeydir. Sokrat isə dedi ki, yox, ağıl insana həm təhlükə, həm də xoşbəxtlik gətirə bilər. Məsələn, dəmir kəşf olundu, ondan qılınc, xəncər düzəldib qan da tökdülər, insanlara xeyir gətirən oraq, çəkic, müxtəlif alətlər də düzəltdilər. Ona görə də Sokrat deyirdi ki, bütün ağılların yanında əxlaq və mənəviyyat olmalıdır. Əxlaq və mənəviyyat təhlükələrin qarşısını almalıdır. Siyasətdə buna hiylə demək mümkündürsə, müəyyən manevrlər etmək olar, o halda ki, bu manevrlər xalqın, millətin, dövlətin və dövlətçiliyin təhlükələrdən qorunmasına yönəlsin. Burada ağılla yanaşı elmli, yüksək siyasi mədəniyyətə malik olmaq, reallıqdan çıxış edib hadisələri düzgün təhlil etmək bacarığı də əsas götürülməlidir . Siyasətçidə bu keyfiyyətlər varsa, o, cəmiyyəti öz arxasınca apara biləcək iqtidarında olacaq”.

“Kişilərdə söyüşdür, arvadlarda qarğış...”

- Hüseynağa müəllim, amma etiraf edək ki, Azərbaycanda çox az siyasətçi siyasi mədəniyyət və keyfiyyətə sahibdir...
- “Siyasi mədəniyyət” anlayışını politologiya elminə ilk dəfə Amerika politoloqları Qabriel Almond və Sidney Verba gətirib və onu politologiya elminin mühüm kateqoriyalarından biri kimi şərh ediblər. Qabriel Almond və Sidney Verba “Vətəndaş mədəniyyəti” əsərində siyasi mədəniyyətin cəmiyyətin siyasi sistemində, siyasi rejimlərdəki rolunu yüksək qiymətləndirərək belə bir ümumi nəticəyə gəliblər ki, demokratiyanın inkişafı və demokratik rejimin meydana gəlməsi və formalaşması hər şeydən əvvəl, yüksək siyasi mədəniyyət tələb edir və onun sayəsində mümkündür.
Fikrimcə, siyasi mədəniyyət bütövlükdə siyasi davranış siyasi biliklərə yiyələnmək, siyasi baxışları qiymətləndirmək, nəhayət, siyasi fəaliyyət mədəniyyətidir. Siyasi mədəniyyətin subyekti cəmiyyət, siniflər, sosial qruplar, siyasi partiyalar, təsisatlar, şəxslər və s. ola bilər. Siyasi mədəniyyətə hər bir siyasətçi malik ola bilməz. Mədəniyyət dözüm, səbr, ağıl, təfəkkür tələb edir. 80-90-cı illərin bəzi mitinqləri xatırladaq. O zamanlar mitinqlərə Azərbaycan bayraqları gətirilirdi, sonradan atributumuz, müqəddəs üçrəngli bayraqlarımız onun sapıları, daş, armaturla əvəzləndi. Etik olmayan ifadələr meydanlardan başladı, sonradan mediaya yol açdı... Bu günün özündə də bu hallarla üzləşirik. Son bir ay ərzində, prezident seçkiləri ərəfəsində bu söyüşlər miqyasını genişləndirib, siyasi mənsubiyyətindən asılı olmayaraq artıq Avropadan eşidilir. Söyüş söymək, təhqir etmək mübarizə metodu deyil. Söyüş söymək acizlik, qorxaqlıq əlamətidir, zəiflər bu üsuldan istifadə edir. Kişilərdə söyüşdür, arvadlarda qarğış. Hər ikisinin faydalı əmsalı bərabərdir. Bütün mübarizələrdə bir mədəniyyət olmalıdır. Mübarizələr dövlətin qorunmasına xidmət edilməlidir. Söyüş ona ünvanlanan adama yox, bütövlükdə xalqa ziyandır.

“Qüdrət Həsənquliyev bizə bir nümunədir”

Bilirsiniz, müxalifət o demək deyil ki, hakimiyyəti təhqir edəsən, ünvanına söyüşlər yağdırasan. Biz də müxalifətik, amma konstruktiv, mədəni, sivil qaydalara riayət edən bir partiyayıq. BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev də hakimiyyəti, hökuməti tənqid edir. Ammu bu vaxtadək Qüdrət bəydən heç kimi incidəcək, qeyri etik ifadə eşidən olmayıb. Ötən prezident seçkilərində prezidentliyə namizəd olan Qüdrət Həsənquliyev xalq tərəfindən prezident seçilən İlham Əliyevi təbrik etdi. Konstruktiv bir müxalifət partiya sədrinin hakim partiya namizədini qələbə qazanması münasibətilə təbrik etməsi siyasi mədəniyyətin bir göstəricisidir. Qüdrət Həsənquliyev bu təbriki Azərbaycan siyasi arenasında ilk idi. Hakimiyyəti sivil, demokratik, bütün etik qaydaları riayət etməklə tənqid etməyin özü də siyasi mədəniyyətin göstəricisidir. BAXCP-də demokratik mühitin yaradırlması, insanların bir-birinə hörmət, diqqəti, söz və fikir azadlığının təmin edilməsinin özü də siyasi mədəniyyətin qorunmasıdır. Bu vaxta qədər BAXCP-nin ictimaiyyət, cəmiyyət arasında nüfuzu olan heç bir funksionerinin ağzından qeyri-etik ifadə çıxmayıb, yazılmayıb. Siyasi mədəniyyət o yerdə var ki, oranın lideri yüksək insani keyfiyyətlərə malikdir. Bu mənada sədrimiz, millət vəkili Qüdrət Həsənquliyev bizə bir nümunədir.

“Renesansın humanist dəyərlərini öz strategiyamıza salmışıq”

Söhbət BAXCP-dən düşmüşkən, Hüseynağa Qəniyevdən niyə məhz bu partiyanı seçməsini maraqlandıq. Axı vaxtilə kommunist ideologiyasına xidmət edən, müxtəlif vəzifələrdə təmsil olunan bir şəxsin xalq cəbhəsinə gəlişinin səbəbi də maraqlı olar. Hüseynağa Qəniyev dedi ki, tarix boyu bütün cəmiyyətləri elitarlar idarə edib. İcma qurluşunda ağsaqqallar, kahinlər, quldarlıq quruluşunda quldarlar, feodalizmdə feodallar, kapitalizmdə kapitalistlər: “Mən Əbülfəz Elçibəyin rəhbəri olduğu möhtəşəm Xalq Cəbhəsinin parclanadığı dövrünü gördüm. Bu parçalanma onun xəstələnməsi ilə bağlı oldu. Təəssüfləndim ki, bu partiyanın elitar təbəqəsi kontrmüxalifət kimi hakimiyyətə sahib ola bilərdi. O zaman gücüm catana qədər bunun qarşısını almaqa calışdım. Amma istəyimə çata bilmədim”.
Hüseynağa Qəniyev onu da qeyd etdi ki, həmişə bütövlüyün tərəfdarı olub. O zaman Xalq Cəbhəsi islahatçılara, klassiklərə parçalandı. İslahatçılar qurultayı çağırıb bu ayrılmanı təntənə ilə qeyd etdilər: “Qurultayda özlərini birləşmiş hesab edib, bunu alqışladılar. Bu zaman Qüdrət Həsənquliyev söz alıb tribunaya çıxdı. Onlara sual etdi ki, nəyi alqışlayırsız, nəyə sevinirsiz? Parçalanmağınıza? O zaman başa düşdüm ki, mənim ideyalarımla Qüdrət bəyin ideyaları üst-üstə düşür. Həmin gündən seçimimi etdim, Qüdrət bəyin yanında oldum və bu partiyada elitar təbəqənin nümayəndələrinin olması mənə qürur, güc verdi. İnanıram ki, belə bir elitar, yüksək intellektual səviyyəli elektorata malik partiyanın hakimiyyətə gəlmək şansı daha yüksəkdir”.
Bu məqamda da Hüseynağa Qəniyev yenə tarixə qısa ekskursiya etdi. Bildirdi ki, yeni dövr 16-cı əsrdən sonra aiddir: “Əvvəlki - ənənəvi və arxaik dövrün əsas prinsipi o idi ki, cəmiyyət müqəddəs kitablarda, dini qaydalarla yazılanlara əsasən idarə olunmalıdır. Hec nəyə şübhə etmək olmaz. Fransız filosofu Rene Dekart isə dedi ki, hər şey şübhə altına alınmalıdır. Bizə lazımdır ağıl, məntiq, eksperiment, təcrübə və yenə də təcrübə. Bu da inqilabi dəyişikliklərlə nəticələndi. Onun ardınca alimlər siyasətlə bağlı kitablar yazmağa başladılar. İngilis alimi Tomas Hobs “Levifian” əsərində göstərdi ki, əgər köhnə qaydalar ləğv edilsə insan təbiət etibarı ilə canavarlaşacaq və hamı bir-birini didib parcalayacaq. Hamının hamıya qarşı müharibəsi olacaq. Ona görə, ictimai kontrakt lazımdır ki, camaat hansı qaydalarla yaşayacaqlarını müəyyənləşdirsin. O qaydalara rəhbərlik edən bir qüvvə lazımdır. Bu da Levifian olmalıdır. Başqa bir fransız filosof Jak Moden yazır ki, dövlət dindən kənar, tam müstəqil olmalıdır. Ondan sonra Nikola Makviavelli isə məşhur “Hökmdar” əsərini yazdı. O deyirdi ki, qələbə naminə işlədilən bütün silahlar müqəddəsdir. Məqsəd vasitəyə bəraət qazandırır. Burada da əxlaq aradan qaldırılır. Marksizmdə siniflər var, fərd, şəxsi azadlıq və xoşbəxtlik yoxdur, siniflərin qələbəsi önə çəkilir. Faşizm isə sosial darvinizmdır. Yəni təbiətin qanunları cəmiyyətə tətbiq edilir. Prinsip belə idi, güclü yaşamalıdır, zəiflər məhv edilməldir ki, cəmiyyət sağlamlaşsın. Bu filosofların nəzəriyyələridir. BAXCP-nin platformasında isə həm tərbiyə, din, əqidə, əxlaq, millət və fərdi xoşbəxtlik var. Renesansın humanist dəyərlərini öz strategiyamıza salmışıq. Qüdrət Həsənquliyevin siyasi fəlsəfəsində Monstr Levifian yoxdur, humanizm, maarifçilik, vicdan azadlığı var. Onun azadlığında məsuliyyət, liberalizimində sərhəd, fərd və onun şəxsiyyəti var, onun dünyəviliyində Azərbaycan öndədir, onun milli dəyərləri bəşəri dəyərlərin qovşağındadır. Azərbaycanın bütün mənalarda xoşbəxtliyi onun bütövlüyündədir”.

“Bütövlük qələbəyə aparan bir yoldur”

- BAXCP-nin adında “bütöv” sözünün daha çox Şimali Azərbaycanla Cənubi Azərbaycanın birləşməsi ideyasının gerçəkləşməsinə yönəldiyi iddia olunur...
- Əsas ideya budur. Fikrimcə, ölkəmizin adının qarşısına bir “Şimal” sözünü də əlavə etməliyik. O zaman Azərbaycanımızın bir parçasının Cənubda qaldığı daha aydın görünər. Amma ümumilikdə, “bütöv” sözü güc, birlik, həmrəylik deməkdir. Biz istəyirik ki, hər bir azərbaycanlı şəxsiyyət kimi bütöv olsun, kamil olsun, azad olsun. Bütövlük hər bir cəhətdən qələbəyə aparan bir yoldur. Biz bütün dünya azərbaycanlılarının həmrəyliyini, bütövlüyünü istəyirik. Yəni, bu söz təkcə iki yerə parçalanan Azərbaycanın bütövlüyü ideyasının gerçəkləşməsinə xidmət etmir, ümumilikdə bütövləşmədən gedir. Hər bir sahədə bütöv olsaq onda hədəfimizə, istəyimizə asanlıqla çata bilərik.
BAXCP rəsmisindən Qüsdrət Həsənquliyevin Azərbaycanın parlametli respublikaya keçməsinin zəruriliyini əsaslandıran amillərin nələrdən ibarət olduğunu soruşduq. Hüseynağa Qəniyev parlament idarə üsulunun özəlliklərindən danışıb. Yenə də tarixə ekskurs edən Hüseynağa Qəniyev bildirib ki, demokratiyanın tarixi Yunanıstanda başladı, parlamentizmin vətəni isə İngiltərədir: “Parlament idarə üsulunu seçən ölkələrdə hakimiyyət bölgüsü olsa da, ən güclü orqan parlamentdir. Belə sistemdə hakimiyyət bölgüsü yumşaq formadadır. Parlament Nazirlər Kabinetini formalaşdıra və onu istefaya göndərə, dövlət başçısı isə yeni seçki təyin edə bilir. Bu sistemdə müxalifət də yetərli söz haqqına sahibdir, güclər bir qüvvənin əlində cəmlənmir”.
- Fəlsəfə və tarixlə məşqul olan bir şəxs kimi müxalifət qüvvələrinin qarşılıqlı münasibətini necə görürsünüz?
- Fəlsəfədə əksliklərin vəhdəti və mübarizəsi, fizikada müvazinət qanunu var. Cəmiyyəti, dövləti ayaqda saxlayan, sabitliyi qoruyan həmin iki qüvvənin təbii və tarazlığıdır. Müxalifətçilikdə də o təbiilik və tarazlıq olmasa, onun ziyanının dövlət və xalq çəkəcək. Nizami Gəncəvinin şeirindən bir misranı xatırladım: “Bir inci saflığı varsa da suda, artıq işiləndə dərd verir o da”.
-Hazırda həmin təbiilik, tarazlıq potensialını hansa partiyada görürüsünüz?
- BAXCP-də görürəm.

Cavid

Bu xəbər oxundu
- - -