Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Suraxanı rayonunun sosial-iqtisadi inkişafı: görülmüş işlər, real vəziyyət və perspektivlər“

04.04.18, 8:50
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Paytaxtımızın ən qədim rayonlarından biri olan Suraxanı vaxtı ilə neft rayonu kimi tanınsa da, bu gün inkişaf etmiş iqtisadiyyatı ilə də məşhurdur. Suraxanı rayonu Azərbaycan Respublikasının inzibati ərazi bölgüsü üzrə 1920-ci ilin may ayından yarandığı gündən bu günə kimi özünü neftçıxartma sənayesi ilə keçmiş İttifaqda məşhur idi. Böyük Vətən Müharibəsi illərində Qələbəmizin əldə edilməsinə böyük müvəffəqiyyətlər vermiş Suraxanı rayonu həm də İttifaqın neft və qaz sənayesinin inkişafına böyük müşdələr vermişdir. Bu rayonun neft və qaz mütəxəssisləri İttifaqda “İkinci Bakı”ların yaranmasında xüsusi xidmətləri olmuşdur. Bu uğurların davamı olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Suraxanı rayonuna diqqəti 2004-cü ildən başlamışdır. Həmin vaxtdan bu günə kimi Prezidentin davamlı səfərləri Suraxanı rayonunun gələcək inkişafına zəmin yaradır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Suraxanı rayonuna 2004-cü ildən başlayaraq davam edən diqqəti nəticəsində rayonda istifadəyə verilmiş istehsal sahələri bu gün sakinlərin işlə təminatını yaxşılaşdırmış, təkcə rayonun yox, ölkəmizin də iqtisadiyyatına böyük töhvələr verməkdə davam edir.
Qısaca olaraq Prezident İlham Əliyevin Suraxanı rayonuna səfərləri nəticəsində yeni açılmış müəssisələrin siyahısına nəzər salsaq görərik ki, bu inkişaf daim ölkə başçısının diqqətindədir. Belə ki, İlham Əliyevin 2007-ci ildə Hövsan qəsəbəsində istifadəyə verilmiş Taxıl terminalının açılışı, 2008-ci ildə Zığ dairəsi-Qala avtomobil yolunun tikilib istifadəyə verilməsi, 2009-cu ildə Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin istifadəyə verilməsi, Suraxanı rayon İcra Hakimiyyətinin yeni inzibati binasının istifadəyə verilməsi, Hövsan qəsəbəsində Olimpiya idman kompleksinin açılışı, əsaslı şəkildə yenidən qurulmuş Hövsan aerasiya stansiyasının açılışı, 2011-ci ildə Ramiq Abidov adına 85 nömrəli tam orta məktəbinin yeni korpusunun təməlinin qoyulması, Bünyadəli Qulamoğlu adına 285 nömrəli tam orta məktəbinin əsaslı təmiri və yenidən qurulmasından sonra açılışı, 2012-ci ildə 313 saylı körpələr evi-uşaq bağçasının əsaslı təmiri və yenidənqurma işlərinin sona çatması, Heydər Əliyev prospektinin Suraxanı rayon ərazisindən keçən hissəsində yeni salınmış istirahət parkının istifadəyə verilməsi, Ramiq Abidov adına 85 nömrəli tam orta məktəbinin yeni korpusunun açılışı, 268 nömrəli körpələr evi-uşaq bağçasının yenidənqurmadan sonra açılışı, Bülbülə qəsəbəsində yeni inşa olunmuş 327 nömrəli tam orta məktəbin açılışı, 2013-cü ildə “Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda aparılan bərpa və yenidənqurma işlərindən sonra açılışı, 2014-cüildə “Suraxanı Günəş Elektrik Stansiyası”-nın açılışı, Aslan Muradov adına 84 nömrəli tam orta məktəbinin yeni binasının açılışı, 2015-ci ildə “Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda “Bakı-2015” I Avropa Oyunlarının məşəlinin alovlandırılması, “Bakı-2015” I Avropa Oyunları üçün inşa olunmuş avtobus deposu və təlim mərkəzinin açılışı, Qolf Klubunun açılışı, N saylı hərbi hissənin şəhərciyinin açılışı, “ATEF Şirkətlər Qrupu”nun iri qabaritli transformatorlar zavodunun açılışı, “ATEF Şirkətlər Qrupu”nun yüksək gərginlikli avadanlıqlar istehsalı zavodunun təməlqoyma mərasimində iştirakı bu rayona olan qayğısının bariz nümunəsidir.
Rayonda ötən müddət ərzində digər sahələrlə yanaşı, abadlıq-quruculuq işləri də geniş vüsət almış, küçələr, parklar, məhəllələr gözəlliyə qərq olmuş, insanların asudə vaxtlarının səmərəli keçməsi üçün hər cür şərait yaradılmışdır. Bu yüksəlişə paytaxtın Suraxanı rayonu da öz layiqli töhfələrini verməkdədir. Rayon rəhbərliyi dövlət başçısı cənab İlham Əliyevin tapşırıq və tövsiyələrini fəaliyyət proqramı kimi götürmüş, qarşıya qoyulmuş sosial-iqtisadi vəzifələri, o cümlədən quruculuq-abadlıq layihələrini həyata keçirmək istiqamətində böyük addımlar atmışdır. Görülən işlərin fonunda inamla demək olar ki, Suraxanı rayonu, sözün əsl mənasında, işıqlı yoldadır və rayonun gələcək uğurlu inkişaf perspektivlərinə nikbinlik yaradır. Dövlət başçısının birbaşa təşəbbüsü və himayəsi sayəsində son illər rayonda mühüm obyektlərin inşası uğurla başa çatdırılmış, bəzilərində isə işlər davam etdirilir.
Bu gün Suraxanı rayonu inkişafın yüksək mərhələsindədir. Ən əsas cəhət odur ki, bu rayonda sağlam mənəvi-psixoloji mühit mövcuddur.
Suraxanıda son illər ərzində bir sıra sistemli, kompleks xarakterli layihələr hazırlanaraq uğurla reallaşdırılıb. Yaşayış məntəqələrinin təbii qaza, suya, elektrik enerjisinə olan tələbatının ödənilməsi, küçə və məhəllədaxili işıqlandırma sistemlərinin qurulması, ictimai nəqliyyatın fasiləsiz işləməsi, sosial təyinatlı obyektlərin tikintisi və bərpası, müasir avadanlıqla təchiz edilməsi ilə bağlı xeyli işlər görülüb. Son illərdə ölkə başçısı tərəfindən ardıcıl və sistemli şəkildə aparılan məqsədyönlü islahatlar Azərbaycanın bütün regionlarında, o cümlədən Suraxanı rayonunda da iqtisadiyyatın dinamik surətdə inkişafı, insanların rifahının yaxşılaşması, sabitliyin möhkəmlənməsi, yoxsulluğun azaldılması, işsizliyin aradan qaldırılması ilə müşayiət olunub. Suraxanı rayonunda da yeni daimi iş yerlərinin açılması istiqamətində işlər uğurla davam etdirilir. Son 15 il ərzində rayonda 32015-dən çox yeni daimi iş yerləri açılmışdır.
Rayon tikinti-quruculuq işlərinin intensiv getdiyi, iri sənaye potensialının mərkəzləşdiyi məkandır. Sürətlə abadlaşan Suraxanı bu gün sanki yenidən qurulur.
2017-ci ilin yanvar-sentyabr aylarında Suraxanı rayonunda sənaye məhsulunun istehsalı 229,9 milyon manat, tikinti-quraşdırma işləri 24,5 milyon manat, nəqliyyat xidmətləri 11,8 milyon manat, əsas kapitala yönəldilən investisiyalar 26,7 milyon manat, kənd təsərrüfatı 7,0 milyon manat, pərakəndə ticarət dövriyyəsi 591,9 milyon manat, orta aylıq əməkhaqqı 574,1 manat təşkil etmiş, əhaliyə 163,2 milyon manat məbləğində pullu xidmətlər göstərilmiş, 3775 yeni iş yeri açılmışdır və bu inkişaf davam edir. 2017-ci ildə rayon infrastrukturunun yenidənqurulması davam etdirilmiş, 18,3 km yeni qaz kəməri çəkilmiş və ya əsaslı təmir olunmuş, müxtəlif diametrli borularla 9888,0 poqonmetr su və 832,0 poqonmetr kanalizasiya xətləri çəkilmiş, 4720,0 poqonmetr qəzalı su xətti dəyişdirilmiş, yüksəkgərginlikli elektrik yarımstansiyası tikilmiş, biri təmir olunmuş, Hövsan qəsəbəsində yüksəkgərginlikli elektrik yarımstansiyasının tikintisi davam etdirilmiş, 1743,0 poqonmetr. istilik xətləri dəyişdirilmişdir.
“Bakı şəhərində yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar işçi qrupunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının icrası ilə əlaqədar Suraxanı RİH-də işçi qrup yaradılmış, rayonda yağış, ərimiş qar sularının yığılması təhlükəsi olan avtomobil yolları müəyyənləşdirilmiş və səth
sularının kənarlaşdırılması üçün kompleks tədbirlərin görülməsinə dair təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim edilmiş, bu işin təşkilinə köməklik göstərilməsi məqsədi ilə müvafiq avadanlıq alınmışdır.
“2017-ci ildə Suraxanı rayonunda görüləcək işlərin Tədbirlər Planı”na, onun tərkib hissəsi olan “2017-ci ildə Suraxanı rayonunda həyata keçirilməsi nəzərdə tutulmuş yerli Proqramların iş qrafiki”nə uyğun olaraq “Nümunəvi abad məhəllələrin salınması”, “Mövcud parkların yenidən qurulması və yeni parkların salınması”, “Nümunəvi idman meydançalarının salınması”, “Əhalinin bəzi sosial problemlərinin həll olunması”, “İctimai xeyir-şər evlərinin əsaslı təmiri və yenilərinin tikintisi”, “Şəhid xatirə komplekslərinin əsaslı təmiri və yenilərinin tikintisi” və “Xüsusi layihələr” proqramlarına uyğun olaraq 2017-ci ildə bir sıra işlər həyata keçirilmişdir. 3,4 hektara yaxın (33800 kv.metr) sahəni əhatə edən “Neftçilər” parkının əsaslı təmiri “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulmuşdur. “Neftçilər” parkının 2018-ci ilin ikinci rübündə rayon sakinlərinin istifadəsinə verilməsi nəzərdə tutulmuşdur.
Ümumilikdə, rayonun qəsəbələrində bu dövr ərzində 20 “Nümunəvi abad məhəllə” salınmış, 8-ci “Veteranlar guşə”si Hövsan qəsəbəsi, Elman Qasımov küçəsində istifadəyə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən əhalinin məşğulluq səviyyəsinin artırılması məqsədilə işsiz vətəndaşların ödənişli ictimai faydalı işlərə cəlb edilməsi proqramı davam etdirilir.
Fəaliyyətə başladığı gündən rayonun ideoloji mərkəzinə çevrilmiş Suraxanı Rayonu Heydər Əliyev Mərkəzinin əsas funksiyası Azərbaycan xalqının ümummilli lideri, Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin və Azərbaycançılıq ideologiyasının, zəngin irsinin dərindən öyrənilməsi, tədqiqi, geniş təbliği, qorunub saxlanılması, hərtərəfli inkişaf etdirilməsi və tətbiqini təmin etməkdir. Rayon sakinləri, rayona gələn yerli və xarici qonaqlar, mərkəzi icra hakimiyyəti orqanlarının nümayəndələri, Milli Məclisin deputatları böyük maraqla Mərkəzin fəaliyyəti ilə tanış olurlar. İndiyədək Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə 76 mindən çox yerli və xarici ziyarətçi tanış olmuş, Mərkəzin Elektron kitabxanasının xidmətindən 16 mindən artıq istifadəçi faydalanmışdır. Mərkəzdə 2017-ci in ötən dövrü ərzində 18 ümumrayon tədbiri, ümumilikdə isə müxtəlif mərkəzi icra hakimiyyəti orqanları, ali təhsil müəssisələri, elmi institutlar ilə birgə 2009-cu ildən bəri 224 tədbir keçirilmişdir. Suraxanı Rayonu Heydər Əliyev Mərkəzi ilə digər ziyarətçilərlə yanaşı, rayon məktəbliləri də davamlı tanış olur, Mərkəzin imkanlarından faydalanırlar. 2017-2018-ci tədris ilində yenidən açıq dərslərin tədrisinə başlanılmışdır. Açıq dərslər tədris ilinin sonuna qədər davam etdiriləcək və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi ərəfəsində keçirilən açıq dərslərə yekun vurulacaq, fərqlənən müəllimlər və şagirdlər mükafatlandırılacaqlar.
Bütün bu uğurlar Prezident İlham Əliyevin “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq olunması barədə Sərəncamından irəli gəlir.
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda dövlət başçısı qeyd etmişdir ki, “Hər il biz bu Proqramın icrasını müzakirə edirik. Gələcək fəaliyyət üçün istiqamətlər müəyyən edilir. Bir sözlə, bu Proqramın icrası çox uğurlu addımımızdır və 2004-cü ildə birinci Proqram qəbul olunanda məsələ elə qoyulmuşdur ki, Azərbaycanın regionları sürətlə inkişaf etməlidir. Regionlarda infrastruktur layihələri, iş yerləri, sosial müəssisələr yaradılmalıdır ki, ölkəmizin inkişafı hərtərəfli və dayanıqlı olsun”.

Xəyalə Süleymanqızı

"Suraxanı Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün”

Bu xəbər oxundu
- - -