Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Bürünc medal haqda fikirləşmirik”

04.04.18, 12:36
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Abşeron” voleybol klubunun baş məşqçisi Eldar Yusubovun apasport.az saytına müsabibəsi
- Super Liqada aprelin 5-də IV dövrəyə start veriləcək. Arxada qalan 9 turu necə dəyərləndirərdiz? Komandanızın çıxışı sizi qane edirmi?
- Deyərdim ki, 80 faiz qane edir. Komandamızda yer alan 2 ukraynalı legionerdən biri zədələndi. 2 həftə öncə dizindən əməliyyat olundu. Bir legionerlə oynayırıq. Həmçinin, Bəyaz Əliyevanı da meydana buraxıram və 2 libero ilə çıxış edirik. Ehtiyat qüvvəmiz yoxdu. Matçın gedişində yalnız bir toppaylayıcını dəyişə bilirəm. Bu səbəbdən çox şey də tələb edə bilmirsən.
- Söhbətə komandanızın çıxışı ilə başlamağım əbəs yerə deyil. Çünki mövsümün startında çempionluğa iddialı 2 komandadan biri idiz. Lakin “Azərreyl” ilin başa çatmasına bir dövrə qalmış artıq qızıl medalları təmin edib.
- İndi, elə deyil. Deyərdim ki, III dövrədən sonra yerlər artıq bəllidi.
- Amma qarşıda hələ 3 tur var. “Lokomotiv”in mükafat qazanmayacağı dəqiqləşsə də, sizlə AVF gümüş medala iddia edirsiz. İkinci yeri tutmağınız çətin olmayacaq ki?
- Qarşıdakı 2 turda “Lokomotiv”lə AVF-ni məğlub edəcəyimizə inanıram və əminəm. Axırıncı turda da “Azərreyl”lə qarşılaşacağıq ki, bu da nə onların, nə də bizim yerimizə təsir etməyəcək.
- Axı, AVF hər 3 görüşü qazanmaqla, gümüş medala yiyələnə bilər. Təbii ki, siz onlarla yanaşı, “Azərreyl”ə də uduzacağınız halda...
- Yox, bu mümkün deyil. İkinci yeri tutacağımıza inanıram və buna görə də rahatam. Mən mövsümün əvvəlində də sizə müsahibəmdə açıqlamışdım ki, ya qızıl, ya da gümüş üçün “döyüşəcəyik”. Bürünc haqda isə fikirləşmirik.
- Nəzərə alın ki, Türkiyə Sultanlar Liqasında çıxışını başa vuran yığmanın kapitanı Odina Bayramova AVF-yə gəldikdən sonra komanda nəzərəçarpacaq dərəcədə güclənib. Bu amil problem yaratmayacaq ki?
- Xeyr. Çünki AVF gərək bizə də, “Azərreyl”ə də qalib gəlsin. Bu da mümkün deyil.
- Sizcə çempionluğun əldə getməsinə hansı oyununuz təsir göstərdi?
- Deyərdim ki, son dövrədə AVF-yə 2:3 hesabı ilə uduzduğumuz matç. Oyunumuz alınmadı. Həmçinin ilk dövrədə “Azərreyl”lə yaxşı oynadıq. Amma yekunda 1:3 hesabı ilə məğlub olduq. Bu görüşdə komandanın çıxışı məni qane etdi. Sonra bir az eniş yaşandı, zədələr oldu. Məşqdə də lazımı qədər oyunçu olmadıqda hazırlıq istədiyin kimi alınmır. Çatışmazlıqları aradan qaldırma mümkün olmur. Düzdü, mövsümün əvvəlində “Azərreyl”ə yoxlama matçında qalib gəlmişdik. Amma lazımı oyunçu dəyişikliyi edə bilməməyimiz əleyhimizə işlədi. Məsələn, kişilərin Yüksək Liqasında “Lokomotiv”lə “Sərhədçi”nin oyununu götürək. Azərbaycan çempionu ilk 2 setdə uduzdu. Ardınca 3 dəyişiklik sayəsində “Lokomotiv” 3:2 hesabı ilə qalib gəldi. Amma məndə elə dönüş etmək mümkün deyil. Həm də hər voleybolçunun stabil oynaması da çətindi. Bir görüşdə yaxşı, digərində ortabab çıxış edir. Bu səbəbdən bir az problemlər yaşadıq.
- Bəs “Abşeron” bu mövsüm Azərbaycan voleyboluna nə verdi?
- Sadəcə, bir klub kimi formalaşdı. Qarşıya nə məqsəd qoyulursa, onunla da işləmək lazımdı.
- Onda demək olarmı ki, rəhbərliyin qarşınıza qoyduğu hədəfə çatdız?
- Bəli. Çempion “Azərreyl” yığma oyunçularından formalaşıb və 4 yaxşı legionerləri var. Voleybolçularımızın fərqi demək olar ki, müqayisəolunmazdı.

Bu xəbər oxundu
- - -