Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Dubayda Ticarət Evinin yaradılması istiqamətində işlərə başlanılıb

05.04.18, 13:51
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

İqtisadiyyat naziri, Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hökumətlərii arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayev Bakıda keçirilən Qoşulmama Hərəkatının Nazirlər Konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər üzrə dövlət naziri Ənvər Qarqaş ilə görüşüb. İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, Ş.Mustafayev bildirib ki, Azərbaycan və BƏƏ arasında yüksək səviyyəli siyasi münasibətlər və qarşılıqlı səfərlər iki ölkə arasında iqtisadi əməkdaşlığın uğurlu inkişafına əlverişli zəmin yaradır. Diqqətə çatdırılıb ki, ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələri inkişaf edir, Dubay Ticarət və Sənaye Palatasının xaricdə ilk nümayəndəliyi Bakıda açılıb, Azərbaycanın BƏƏ-də ticarət nümayəndəsi təyin edilib, ölkəmiz Dubaya ixrac missiyaları göndərib və keçirilən sərgilərdə vahid ölkə stendi ilə təmsil olunub. Azərbaycan-BƏƏ iqtisadi əlaqələrinin genişləndirilməsi üçün geniş potensialın olduğunu vurğulayan Ş.Mustafayev investisiya qoyuluşu, sənaye, alternativ enerji, neft-qaz, əczaçılıq, nəqliyyat və tranzit yükdaşımaları sahələrində əməkdaşlıq perspektivlərinə dair fikirlərini bölüşüb. Vurğulanıb ki, BƏƏ Azərbaycanın tranzit potensialından, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarından istifadə edə, BƏƏ iş adamları Ələt Azad Ticarət Zonasında və Azərbaycanda fəaliyyət göstərən sənaye parklarında investor qismində iştirak edə bilərlər. Ölkələrimiz arasında birbaşa aviareyslərin olması, BƏƏ vətəndaşlarına hava limanlarında vizanın verilməsi turizm sahəsində əlaqələrin inkişafında əhəmiyyətlidir. Bundan başqa, ölkəmiz Azərbaycanlı tələbələrin BƏƏ universitetlərində təqaüd proqramlarına qəbul edilməsi, tələbə mübadiləsi sahəsində də əməkdaşlıqda maraqlıdır. Nazir qeyd edib ki, Azərbaycan məhsullarının BƏƏ-də geniş təşviqi üçün Dubayda Ticarət Evinin yaradılması istiqamətində işlərə başlanılıb.
BƏƏ-nin Xarici İşlər üzrə dövlət naziri Ənvər Qarqaş ölkəmizə səfər çərçivəsində Azərbaycan Prezidentinin BƏƏ nümayəndə heyətini qəbulundan və aparılan müzakirələrdən məmnunluğunu vurğulayıb. Bildirilib ki, Azərbaycan-BƏƏ əlaqələrinin daha da inkişafı üçün ölkələrimizin qarşılıqlı istəyi və müvafiq potensialı var. Diqqətə çatdırılıb ki, viza rejiminin sadələşdirilməsi sahəsində görülən işlər BƏƏ-dən Azərbaycana gələn turistlərin sayının artmasına səbəb olub. Ölkəsinin yükdaşımalar, turizm, təhsil, neft-qaz və s. sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu qeyd edib. Ə.Qarqaş həmçinin, BƏƏ-yə ixrac missiyalarının təşkilinin Azərbaycanın kənd təsərrüfatı və sənaye məhsullarının ölkəsində tanıdılmasında əhəmiyyətini vurğulayıb.

Bu xəbər oxundu
- - -