Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Qüvvələr balansı daha çox Azərbaycanın xeyrinə dəyişib

06.04.18, 9:41
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Qarabağda hər iki tərəf öz imkanlarını artırır və eyni zamanda problemin həll perspektivləri müşahidə edilmir.
Bunu “Moskva-Baku” portalına müsahibəsində rusiyalı hərbi ekspert Pavel Felgenhauer deyib.
“Ermənilərin silahlı qüvvələri müasir deyil. Bəzi böyük olmayan yenilənmələr var. Müasir nəsə peyda olub, amma ümumilikdə Ermənistanda sovet ordusunun xüsusiyyətləri qorunub saxlanılır. Yəni bu ordu SSRİ-nin 80-ci illərdə Əfqanıstan müharibəsi dövründəki ordusuna bənzəyir.
Hərbi-texniki baxımdan qüvvələr balansı daha çox Azərbaycanın xeyrinə dəyişib. Yeni əlavə silahlar peyda olub. İki il ərzində mövcud olan şeyi yaxşı mənimsəmək olar. Almaq azdır, həm də bundan istifadə etməyi bacarmaq lazımdır. İki il əvvəl Azərbaycan ordusunun hücumu sürətlə dayandı. Aydındır ki, bu hücumun taktiki hədəfləri var idi. Dördgünlük müharibə göstərdi ki, Azərbaycan təkcə müasir silahlar almayıb, həm də onu yaxşı mənimsəyə bilib. Məsələn, bu ordu İsrailin “Spayk” raketlərindən istifadə edir. Ermənistanda buna bənzər, hətta buna yaxın olan heç nə yoxdur. Bunlar III nəsil tank əleyhinə raketlərdir. Bu nəslə aid raketlər Rusiyada da yoxdur. Onları israillilərdən başqa yalnız amerikalılar buraxa bilirlər. ABŞ-ın “Javelin” raketləri var, amma “Spayk” bir sıra sahələrdə ABŞ raketini üstələyir. Ermənilər üçün iki il əvvəl xoş olmayan “Spayk” kimi raketlər ucbatından itki vermələri idi. Güman etmək olar ki, İrəvan özünün çatışmazlıqlarını daha yaxşı başa düşəcək. Azərbaycanın texniki üstünlüyü qorunub saxlanır. Bakı İrəvana nisbətdə bunun üçün daha çox pul xərcləyir. Görünür, bu pullar hədər yerə xərclənmir, alınan silahlar effektiv olur”, – deyə o bildirib.
Onun sözlərinə görə, ABŞ CAATSA qanununu Azərbaycana təhdid vasitəsi kimi istifadə etməyəcək:
“Amerikada kifayət qədər güclü erməni lobbisi var. Azərbaycan isə çox vacib ölkədir və onun vacibliyi İran ətrafında yaranan vəziyyətə görə daha da artır. Tramp İranla nüvə razılaşmasını ləğv etmək istəyir. Digər tərəfdən isə Vaşinqtonda Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi böyük şərəflə qəbul edilir. İran problemi hər zaman vacib olub, amma indi bu vaciblik artıb. Bakı Tehranla yaxşı münasibətlərini qoruyub saxlayır, amma digər tərəfdən o, İsrail və ABŞ-la da yaxşı münasibətləri dəstəkləyir. Bunun ola bilməyəcəyini demək olmaz. ABŞ bundan sonra Azərbaycanla mübahisəyə girəndə 10 dəfə düşünməli olacaq. Amerikalılar şəxslər qismində nəsə deyə bilərlər, amma inanmıram ki, Bakı ilə açıq mübahisəyə gedəcəklər. Onlar çalışacaqlar ki, Bakının Rusiya ilə imzaladığı silah razılaşmalarına diqqət yetirsinlər”.

Bu xəbər oxundu
- - -